Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının Azərbaycanda yerli telekanal vasitəsilə nümayişinə başlanılıb. Serial Azərbaycan dilində dublyaj olunaraq dünəndən efirə verilir.
Modern.az saytı xəvər verir ki, Azərbaycan dilinə tərcümə olunan “Kurtlar Vadisi Pusu” filmi “Azad Azərbaycan Televiziyası”nda (ATV) nümayiiş etdirilir.
Artıq bir neçə ildir ki, türk telekanallarında yüzlərlə bölümü yayımlanan serial bizim ATV-də həftədə üç dəfə efirə gedəcək.
Maraqlıdır ki, 2012-ci il may ayının 1-dən etibarən Azərbaycan telekanallarında xarici serialların yayımı dayandırılacaq. Milli Televiziya və Radio Şurası (MTRŞ) artıq belə bir qərar qəbul edib. Bu qərar Azərbaycan telekanallarında yayımlanan türk seriallarına da aiddir.
Deməli sözügedən qadağa qüvvəyə minənədək - may ayına kimi ATV “Kurtlar Vadisi Pusu” serialının uzağı 15-20 seriyasını nümayiş etdirə bilər. Onda “Azad Azərbaycan Televiziyası” nə üçün əlavə xərc və vaxt itirərək bu serialın dublyajı ilə məşğuldur?
ATV-nin “Xəbərlər” redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu Azərbaycan dilində yenicə yayımına başladıqları “Kurtlar Vadisi Pusu” serialının nümayişi barədə Modern.az-a açıqlama verib. O, bildirib ki, ATV kanalı çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq “Kurtlar Vadisi Pusu”nun yayımına başlayıb:
“Bizdə bu seriala həddindən artıq istək, tələb olduğuna görə onun dublyaj olunub efirə verilməsinə başladıq. Serial qrafik əsasında həftədə üç dəfə yayımlanacaq. May ayına qədər davamlı olaraq göstəriləcək. Artıq may ayında serialın sonrakı aqibəti ilə bağlı qərar veriləcək”.
Azərbaycanda “Kurtlar Vadisi Pusu”ya böyük marağın olduğunu vurğulayan V.Aydınoğlu serialın may ayından sonra da yayımlanmasını istyədiklərini qeyd edib.
“Biz də bu serialın davamlı yayımlanmasını istəyirik. Ölkəmizdə bu seriala həqiqətən böyük maraq var. Biz də təbii ki, əhalinin istəyinə əsaslanaraq baxımlı serialların yayımına maraq göstəririk”.
V.Aydınoğlu “Kurtlar Vadisi Pusu” serialının dublyaj olunan variantının sonrakı aiqibəti barədə bir söz deyə bilməyib.
Modern.az saytının əldə etdiyi məlumata görə, may ayında Azərbaycan telekanallarında xarici serialların yayımı dayandırılarkən, bu qadağa türk seriallarına tətbiq olunmayacaq.
Göstərişin ölkə rəhbərliyindən gəldiyi bildirilir. Elə ATV-nin də hətta Türkiyədə neçə ildir nümayişi davam etdirilən “Kurtlar Vadisi Pusu”nun dublyajına başlaması da bununla əlaqəlandirilir.
Xəbərin nə dərəcədə əsaslı olduğunu dədiqləşdirmək üçün Milli Teleradio Şurası (MTRŞ) ilə əlaqə saxladıq.
MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov xarici seriallara qoyulan qadağanın türk seriallarına şamil olunmayacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib. O qeyd edib ki, MTRŞ-nin verdiyi qərara əsasən, may ayından etibarən yerli telekanallarda türk serialları daxil olmaqla əcnəbi istehsalı olan bütün serialların yayımı dayandırılacaq.
“Milli Teleradio Şurasının 22 dekabr 2011-ci ildə qəbul etdiyi qərara əsasən, yerli televiziza kanallarında əcnəbi istehsalı olan bütün serialların yayımına qadağan qoyulacaq. Ənəbi dedikdə Azərbaycanda istehsaı olunmayan bütün seriallar nəzərdə tutulur. Bura türk serialları da daxildir”.
Hər halda, od olmasa tüstü çıxmaz. May ayını da gözləyək...
Yeri gəlmişkən, Azərbaycan telekanallarında Türkiyə türkcəsində film və serialların yayımı Milli Teleradio Şurasının qərarı ilə 2009-cu il yanvarın 1-dən qadağan olunub. Həmin qərara görə, türk serialları və filmləri də Azərbaycan dilinə tərcümə olunduqdan sonra efirə verilə bilər.
Anar Rüstəmov