Bir-iki gündən sonra çərşənbələrin sonuncusunu - torpaq çərşənbəsini qeyd edəcəyik. El arasında ilaxır çərşənbə sınanmış olduğundan xalq tərəfindən təntənə ilə qeyd edilir. Həmin gün plov dəmləyib, əsl bayram süfrəsi açırıq. Camaatın çoxu ilaxır çərşənbədən bir-iki gün əvvəl hazırlıq edir, bayrama tədarük görür. İlaxır çərşənbədə və qarşıdan gələn Novruz bayramında zəngin süfrə açıb, ailəliklə təzə ili qarşılamaq demək olar ki, hər kəsin arzusudur. Amma bu arzunu gerçəkləşdirmək hər ailəyə asan başa gəlməyəcək.
Çünki bayramın yaxınlaşmasından sui-istifadə edən bəzi “işbazlar” “ənənələrinə” sadiq qalaraq qiymətləri kəllə-çarxa qaldırıblar. Paytaxt bazarlarında apardığımız müşahidələr zamanı məlum olub ki, bayramqabağı əksər malların qiymətləri 20-40 qəpik civarında bahalaşıb.
Yasamal bazarında meyvələrin bahalığı diqqətimizi daha çox cəlb etdiyindən öncə alma, armud, portağal və digər məhsulların qiymətlərini diqqətinizə çatdırırıq. Adi günlərdə 1 manat 30 qəpiyə satılan almanın kiloqramı 1 manat 50 qəpiyə qalxıb. Armudun qiymətisə 2 manat 50 qəpik olub. Əsl bayram süfrəsinə layiq naringi 1 manat 50 qəpiyə satılır. Bananın qiymətisə 2 manat 30 qəpikdir. Üzümün 1 kiloqramı 3 manatadır. Ən ucuz portağal 1 manata təklif olunur. Kivinin bir ədədi 30 qəpikdir, xurmasa 5 manatadır. Narın bir kiloqramı 5 manat olub. Yerkökünün də qiyməti manat 50 qəpikdən aşağı satılmır.
Tərəvəz məhsullarının da qiyməti kifayət qədər bahadır. Zirə pomidoru 5 manat, adi günlərdə 2 manat 20 qəpiyə satılan xiyar isə indi 2 manat 50 qəpiyə satışa çıxarılır.
Bayram süfrəsinin yaraşığı olan plovu bişirmək istəyənlər də bir miqdar artıq pullarında keçməli olacaqlar. Plovun dadı sayılan düyünün bir kiloqramı 2 manata təkif olunur. “Dana” düyüsü ilə plov dəmləmək istəyənlər 2 manat 10 qəpiklərindən keçməli olacaqlar. Satışa çıxarılan digər düyülərin qiyməti də 2 manat 20 qəpik-2 manat 50 qəpik arasında dəyişir. Kişmişin qiyməti də 4 manatdan başlayır. Bir kiloqram ağ plov kişmişi 4 manat 20 qəpiyə satılır. Gavalı qurusu isə 5 manata təklif olunur. Plovun qarası üçün vacib element sayılan şabalıd isə ötən aylara nisbətən 50 qəpik bahalaşıb. Ən yaxşı şabalıdın bir kiloqramı 5 manata satılır.
Bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq. “Yağsız plovun nə ləzzəti ” deyənlər isə bilsinlər ki, “Ankor” kərə yağının qiyməti 30 qəpik bahalaşaraq 7 manat 80 qəpik olub. Məlum məsələdir ki, bayram günlərində alıcıların ət və ət məhsullarına tələbatı birə-beş artır. Hazırda qoyun ətinin kiloqramı 7-10 manat, mal ətinin qiymətisə 6 manatadır. 2 manat 60 qəpikdən aşağı qiymətə quş əti tapmaq mümkün deyil.
Novruz süfrəsini şəkərbura, paxlavasız təsəvvür etmək çətindir. Bu şirniyyatları bişirmək üçünsə təbii ki, ən çox çərəzlərdən istifadə olunur. Elə buna görə də çərəzlərin qiymətində də müəyyən qədər bahalaşma var. Bir müddət öncə bazara 3 manat 50 qəpiyə çıxarılan qoz hazırda 4 manata satılır. Canlarını əziyyətdən qurtarmaq istəyənlər isə daha çox ləpəyə üstünlük verirlər. Seçimlərini ləpənin üzərində saxlayanlar isə bilsinlər ki, qoz və fındıq ləpəsi 7-8 manatadır.
Yasamal bazarına nisbətən “8-ci km bazarı” şükürlüdür. Paytaxtın ən ucuz bazarı “8-ci km bazarı” sayıldığından ordakı qiymətlərlə də maraqlandıq. Bazarın satıcıları deyirlər ki, bayramla bağlı qiymətləri qaldırmayıblar: “Qiymətlər əvvəlki kimidir. Heç bir artım yoxdur”. Bazarda təklif olunan məhsulların qiyməti belədir.
Qoz - 3-4 manat
Fındıq - 3-4 manat
Şabalıd - 3-5 manat
Naringi – 80 qəpik
Üzüm - 1manat
Portağal - 1manat 20 qəpik
Pomidor - 1 manat
Banan - 1 manat 50 qəpik
Kişmiş - 4 manat
Ərik qurusu - 4 manat
Gavalı qurusu - 5 manat
Satıcıların mütləq əksəriyyəti qiymətlərdə heç bir dəyişiklik etmədiklərini desələr də, alıcılıq qabiliyyətinin aşağı düşdüyündən şikayətləndilər:
“Deyəsən camaat bazarlığını bir ay bundan qabaq eləyib. Ona görə də indi bazarda alıcı tapmaq olmur”.
Bayrama tədarük görən alıcılar buradakı qiymətlərin paytaxtın başqa bazarlarına nisbətən ucuz olduğunu desələr də, satıcıların tərəzidə onları aldatdıqlarından şikayətləndilər:
“Bu bazarı ucuz bilib bura gəlirik. Amma deyəsən heç əziyyətimizə dəyməz. Satıcıların bizi tərəzidə aldatmaları yenə də cibimizə ziyandır. Hesablayanda elə digər bazarlardakı qiymətə gəlib çıxır ”.
Bayramın gəlişi şirniyyat məhsullarının satışına da təsirsiz ötüşməyib.
Belə ki, paxlavanın bir kiloqramının qiyməti 9 manat, şəkərburanın bir ədədisə 30-40 qəpiyədir.
Gültəkin Ələsgər