İyirimi ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Qarabağ və ona bitişik yeddi rayon erməni işğalı altındadır. Çox uzun vaxtdır... Bu müddət ərzində “şuşalıyam, ağdamlıyam” deyib Şuşa, Ağdam barədə təəssüratı yalnız valideynlərinin nağılabənzər söhbətlərindən əldə edən nəsil formalaşıb. Baba, nənə doğulduqları Şuşada, Laçında, Kəlbəcərdə ölmək istəyir, 5-6 yaşlı nəvə isə “oralarda erməni var, ora getməyək” deyir.
Dəhşətli fərqdir...
Modern.az saytı işğal olunmuş bölgələrin üç nəslinin nümayəndələrindən (baba, nənə, övlad və ya nəvə) işğal olunmuş bölgə barədə münasibət öyrənir.
İndi müsahiblərimiz laçınlılardır, onlardan eyni sorğuya cavab istədik...
“Özüm yaşda bir laçınlı tapa bilmirəm ki, o günlərin xəyalını yaşayım”
Düzünü desəm, Neapol dairəsində 2 saylı yataqxanada məskunlaşmış laçınlıar arsında yaşlı nəslin nümayəndəsini tapmaq mənim üçün çox çətin oldu.
80 yaşlı Laçın sakini Alməmməd baba bu yataqxanada yaşlı nəslin yeganə nümayəndəsi idi. Elə Alməmməd kişi də məramımızı bildikdə, özü yaşda laçınlının qalmamasından ürək ağrısı ilə danışdı: “Ay bala, siz nəyi qoyub, nəyi deyirsiniz, heç mənim yaşda adam qalıb ki, hələ bir Laçından da danışaq.
Hərdən heç olmasa xəyalımla getmək istəyirəm o yerlərə. Amma keçmişini bölüşmək üçün özün yaşfa bir nəfər tapmırsan. Qırılıb getdi hamısı, dözə bilmədilər Laçın dərdinə...”.
(Bu zaman müsahibimiz özünü sağ qaldığını görə qınayır. “Onlar öldülər, canlarını qurtardılar”-deyir.).
Alməmməd kişi Laçının Pirçənis kəndindəndir. Doğma kəndini sonuncu tərk edənlərdəndir:
“Ailəmi oradan çıxartmışdım. Son günlərə qədər hətta həyat yoldaşım da mənimlə idi. Onu da axırlarda kənddən çıxartdım. Amma özüm tərk eləmək istəmirdim kəndi. Hərbiçilərlə birlikdə Xanəhməd adında bir nəfərin evində gizlənirdik. Nə işıq, nə qaz var idi...
Biz kənddə olarkən Xocalının başına gələnləri eşitmişdik. Amma bizə demişdilər ki, cəmi-cümlətanı Xocalıda iki nəfər ölüb. Hətta bizim kənddə onlara ehsan verilmişdi.
Bizi aldadıb torpaqlarımızdan çıxardılar. Deyirdilər ki, Laçın şəhərinə gedirsiniz, qayıdacaqsınız. Yoxsa mən oraları qoyub gələrdimmi heç. Ballıqayada ermənilər 24 nəfəri qətlə yetirmişdilər. Onların 5 nəfəri mənim ən yaxın adamlarım idi. Ailəmi isə 3 aydan sonra tapmışam”.
Alməmməd babanın ömür-gün yoldaşı yaddaşını itirib. Özünü sanki Laçındadır kimi aparır: “Həyat yoldaşım tez-tez deyir ki, ay Alməmməd, dur gedək evimizə. Kəlbəcəri piyada aşıb Laçına çatacağıq. Laçındakı ağaclarımızı suladığını, güllərin dibini təmizlədiyini deyir. Onu bu cür xəyallarla yaşadığını görmək çətindir mənə. Heç bilmirəm nə deyim.
Hərdən özüm –özümə deyirəm ki, ay Allah o yerləri alaq, heç olmasa bir dəfə at minib oralarda çapım, o bulaqlardan su içim”.
“Ay Allah, burda yaşamaqdansa, ölüb qalardım orada”
Fəxrəndə xala Laçının Güləbird kəndindəndir. Hazırda 49 yaşı var. Deyir ki, 3 dəfə qaçqınlıq həyatı yaşayıb: “Biz ilk dəfə 1992- ci ildə Sumqayıta gəldik. Amma qala bilmədim orada.
Yenidən kəndimizə qayıtdıq. Ara yenidən qızışmışdı. Məcbur olub bir də Sumqayıta qaynımgilə gəldik. Yoldaşım və qardaşım Laçında ermənilər tərəfindən öldürülmüşdü.
Yenidən rayonumuza qayıtdıq. Amma Şuşa alınandan sonra məcbur olub mən də 4 uşaqla Bakıya gəldim. Atam bizi bu yataqxanaya gətirdi. Yadımdadır rayonumuzdan Sumqayıta ağlaya-ağlaya gəlmişəm”.
Fəxrəndə xala deyir ki, o cür çətinliklə haralardan köçüb gələsən, sonunda da ömrün-günün belə yerdə məhv olsun: “Biz elə bir zülmətlərdən keçib gəlmişik ki, ona bir tək tanrı şahiddir. Ermənilər uşaq demirdi, gecə-gündüz fərqinə varmırdı, yağış tək başımızın üstündən güllə yağdırrıdılar. Biz isə qaçırdıq, gizlənirdik ki, təki Allahın bizə verdiyi bu quru canı qurtaraq. Kaş ölüb o yerləddə qalaydıq”.
Laçınlı ananın ürəyi ən çox yay aylarında qəfəsə salınmış quş tək çabalıyır: “Yay aylarında dözə bilmirəm. Bu fəsildə evə sığa bilmirdik. Bağ-bostan, ağaclarımız, meyvələrimiz, bir sözlə, əkib becərməklə keçirdi günümüz.
Quş südü də axtarsaydın tapardın biz tərəflərdə. Turşsuyun ətrafında qohumlarla yığışıb oturduğumuz günləri heç unuda bilərikmi..? Köhnə günlərin xatirələriylə birtəhər yaşadırıq özümüzü”.
Hər sözündə səmimiyyət duyulan, övladları üçün narahatlıq, həyacan keçirən ana artıq illərdir ki, ümid eləməkdən, toylara ürəklə getməməsindən, ağlamaq üçün yas yerlərinə getməkdən yorulduğunu deyir: “Burada insan yaşamaz ki, biz yaşayırıq. Laçında ölün öləndə heç olmasa qapında yasını tutub, oturub ağlayırdın, indi harda oturum ağlayım? Hərdən deyirəm ki, ay Allah, burada yaşamaqdansa,ölüb elə Laçında qalaydım, kaş”.
Laçınlılar yalnız orada özlərini qüdrətli sayırdılar
Laçını Qartal yuvası adlandıran Tahir dayı isə orada keçən günlərini unuda bilmir: “Laçının gözəlliyini, əsrarəngizliyin unutmaq olmaz. Laçın qabaqlar təsəvvür edin ki, ölkəyə 150 min ton ət, bal, süd verirdi.
Dağ rayonu idi. Laçının hər bir daşı, meşəsi, ağacı üçün darıxıram. Havası, suyu üçün darıxıram. Laçının hər bir şeyi təbii idi. Mən özüm arı saxlayırdım. Balın, bulaqdan tökülən su, meşəsinin cır meyvələri, qozu, fındığı, əzgili yaddan çıxmaz. Xüsusən də yaz aylarında lalə, bənövşəli dağlar... Dəli dağın Hacıxəlil hissəsi hələ də gözümün qabağındadır. İnsanlar orda özün daha qüdrətli sayırdı. Necə dözürük Laçınsızlığa, Allah! Elə bilirəm ki, Laçından sonra biz yaşamırıq. Ölmüşük....
Novruz bayramı xüsusi ilə seçlirdi. Hər bir adamın qapısında heyvan kəsilməliydi. 1 Mayda meşələrdə camaat bulaq üstündə toplaşırdılar.
Qırmızı palıd var idi ki, yalnız Laçında olurdu. Onu indi ermənilər Fransaya daşıyır. Camaatın böyük ümidi var ki, qayıdacağıq. Laçına dərdinə görə yaşlı nəsil qırıldı, dəli oldu. Narzan bulaqlarına camaat gedəndə elə bil ki, həkimə gedirdi. Böyrək daşı, dəri xəstəliklərini müalicə edirdi o sular. Minkəndin isti suyu yaddan çıxmaz. Şəhər həyatı ilə oranın çox böyük fərqi var. Bu gündə müharibə olsa, gedərik müharibəyə ora bizim vətənimizdir. Amerika jurnalistləri 1995-ci illərdə çox gəlirdilər. Atmacalı sözlər atırdılar. Avropa istəyir ki, biz unudaq, gərək bizim gənclər üçün əsgərlikdən əlavə şərait yaradalar ki, silah atmağı öyrənələr, içlərindəki qorxunu atalar”.
Hazırda 51 yaşı olan və coğrafiya müəllimi işləyən Tahir dayı ermənilərin xəyanətini ilk vaxtlar Laçının Qoşasu kəndindəki daşlarda, qayalarda çəkdikləri xaç işarələrdən başa düşdüyünü deyir: “Mənim özüm geoloq çəkicimlə onları dəyişib ay-ulduz halına salırdım.
Adi vaxtlar bizim ermənilərlə əlaqəmiz var idi. Gəlirdilər kəndə. Bizi müdafiə edən ermənləri Xankəndində öldürdülər. Bizim Qoşasu kəndindən ilk dəfə Cəlal adında bir nəfəri öldürdülər, ən pisi isə o idi ki, 70 yaşında qoca ermənilər gəlib tüpürürdülər meyidlərimizin üstünə. Bizə təbliğ eləyirdilər ki, buralar ac yeridir, kasıbçılıqdır, köçün gedin. Siftə başa düşmürdük. Sonradan bildik. Elə bilirdilər ki, bunlar deməklə köçüb gedəciyik. Əvvəllər ermənilər gəlib kəşfiyyat edirdilər. Xaçlar çəkirdilər, xarici jurnalistlərə Laçının onların olması haqqında təbliğat aparırdılar. Onlar uşaqlarına kiçik yaşlarından deyirdilər ki, Qarabağ onların olub, Soltan bəy pis adam olub, ermənilərə divan tutub. Erməni uşaqlarında türkə qarşı nifrət və düşmənçilik bu cür formalaşırdı.
Hətta onlar bu fitnəkarlıqlarını xəstələrimiz üzərində də edirdilər. Belə ki, Xankəndində əməliyyat olunan xəstələrimizin qarnından saat, qayçı çıxırdı. Sən demə onlar həm də bu yolla qətllər törədirmişlər”.
“Anamdan, atamdan öyrəndiklərimlə, oxuduqlarımla Laçını təsəvvür edirəm”
23 yaşlı İmran o gənclərdəndir ki, vaxtı ilə Laçından çıxarkən avtobus aşır, anası öldü deyə onu bir kənara qoyur. O zamanlar onun 2 yaşı var imiş: “Düzünü desəm, heç nə xatırlamıram.
Anamdan, atamdan öyrəndiklərimlə, oxuduqlarımla Laçını təsəvvür edirəm. Məndə hətta nənəmim Laçınla bağlı audiosəs yazısı da var, onu qoruyub saxlayıram ki, nə vaxtsa bizə lazım olacaq. Xocalının kadrlarını, Zori Balayanın kitabında yazdıqlarını görəndə deyirəm ki, bu haqsızlıq yerdə qalmamlıdır.
Gənclərdə xof, qorxu məsələsinə gəlincə isə Mübariz İbrahimov bu stereotipi qırdı. İnanmıram kimdəsə bundan sonra qorxu qalsın”.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olan İmran hətta universiteti bitirdikdən sonra Qaçqınların Hüquqlarının Müdafiə Cəmiyyəti yaratmaq fikrində olduğunu dedi.
“Ermənilərə təkcə döyüşdə yox, hər yerdə qalib gəlmək lazımdır”
Yataqxananın dəhlizində qarşımıza çıxan 5–ci sinif şagirdi Qismət də Laçının Güləbird kəndindəndir. Balaca müsahibimizin Laçın haqqında dediklərini necə var eləcə də təqdim edirəm:
“Laçın anamla atamın doğulduğu yer, vətənimdir. İndi oralar erməni əclaflarının əlindədir. Onlar pis, qəddar adamlardır. Onlardan qorxmaq lazım deil, zəif insan və zəif dövlətdirlər”.
- Laçın haqqında inşa yazanda nə yazırsan?
- Ermənilərin bizi qovduğunu, vətənimizin necə gözəl olduğunu.
- Laçında hansı çayı tanıyırsan ?
- Həkəri çayını deyiblər atamgil. Laçının bizim olması üçün güclü ordumuz lazımdır ki, erməniləri öldürək, torpaqlarımızı geri qaytaraq.
- Səncə, bir erməni uşağı Laçını daha çox istəyər, yoxsa sən?
- Əlbəttə mən. Çünki ora bizimdir. Onlar özlərindən uydurublar.
- Laçın haçan bizim olacaq?
- Haçan geri qaytarsaq. Zamanı yetişib, yavaş-yavaş istəyimizə çatacağıq. Böyüyəndə Mübariz kimi cəsur olub geri qaytaracam torpaqlarımızı. Əlimə erməni uşağı düşsə, mən də öldürərəm. Onlar Xocalıda nətər eliyiblər, mən də elə eliyərəm. Ürəyimdə onlara qarşı nifrət var.
- Düşmənlə yalnız səngərdə vuruşmalıyıq?
- Ermənilərlə hər yerdə, idmanda da qalib gəlməliyik. Erməni uşaqları həmişə deyiblər ki, Soltan bəy pis adam olub. Bizi Laçından qovub. Onlar bizim qəhrəmanlarımızı düşmən kimi tanıyıb nifrət ediblər.
- Bəs sən ermənilərin hansı dırnaqarası qəhrəmanlarını tanıyıb nifrət edirsən?
- Tanımıram....
“Əsgərlər düşmənləri öldürüb torpaqları alacaq”
Laçınlı gələcək nəslin ən balaca nümayəndələrindən isə Aysel və Ayxan da müsahibimiz oldu.
Aysel 3-cü sinifdə oxuyur:
“Bizim düşmənlərimiz ermənilərdir. Onlar pis adamlardır. Adamları öldürürlər.Torpaqlarımızı əlimizdən alamaq istəyirlər. Onlar camaatı, uşaqları öldürmək istəyirlər. Anamgil görüb mənə deyiblər”.
- Milli qəhrəmanlarımızdan kimi tanıyırsan?
- Mübarizi tanıyıram. Laçında indi ermənilər yaşayır. Erməni uşağı görsəm, onu öldürərəm.
Ayseldən fərqli olaraq hələ məktəbə getməyən Ayxan isə deyir ki,erməni uşağı öldürməyə ürək etməsə də, onu döyüb intiqam alar.
Beləcə, Laçınla bağlı üç Laçınlı nəslin fikirlərini sizlərə çatdırdıq. Fərqi özünüz görün və nəticə çıxarın.
Şahanə RƏHİMLİ
Fotomüxbir: Elçin Ağayev