Modern.az-ın məlumatına görə, mayın 28-də Bakıda Böyükşor yol qovşağının üçüncü mərhələsi – Heydər Əliyev Beynəlxalq Aeroportundan 8-ci kilometr qəsəbəsi istiqamətinə aparan asma körpü istifadəyə verildi.
Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksinin açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı yol qovşağının texniki göstəricilərini, paytaxtda təmir olunacaq yollar və prospektləri əks etdirən stendlərə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov prezidentə yol qovşağının tikintisi və texniki göstəriciləri barədə ətraflı məlumat verib. Bildirib ki, üç kompleksdən ibarət olan bu yol qovşağının ümumi uzunluğu 3 min 680 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir. Qovşağın uzunluğu 1286 metr olan birinci kompleksi 2008-ci ilin sentyabrın 23-də istismara verilib. Yol ötürücüsünün bu hissəsində üç körpü, yol yanaşmaları və avtomobil yolu yerləşir.
Qovşağın ikinci kompleksi isə 2010-cu ilin iyulun 2-də açılıb. Uzunluğu 1194 metr olan ikinci kompleks beş körpü və körpü yanaşmalarını özündə birləşdirir.
İstifadəyə hazır olan qovşağın üçüncü – son kompleksinin ümumi uzunluğu isə 1200 metrdir. Burada uzunluğu 360 metr olan asma konstruksiyalı ikiaşırımlı yolötürücüsü inşa olunub.
Qeyd edilib ki, hava limanı istiqamətindən gələn nəqliyyat vasitələrinin 8-ci km, Əhmədli, “Günəşli” yaşayış massivləri və Zığ dairəsi - hava limanı magistral avtomobil yoluna birbaşa hərəkətini təmin etmək üçün inşa olunan üçüncü kompleksin asma dayağının hündürlüyü 93 metr, körpüdəki yolun hərəkət hissəsinin eni isə 9 metrdir. Aşırım qurğusunda 52 kanatdan istifadə olunub. Yolun hərəkət hissəsində 4 min 565 kvadratmetr sahədə hidroizolə işləri görülüb. Yerdən hündürlüyü altı metr olan ikizolaqlı yol birtərəflidir. Bu kompleksin ətrafında 2 min 500 kvadratmetr sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Sonra Prezident İlham Əliyevə Bakı şəhərində təmir olunacaq yollar və prospektlər barədə məlumat verilib. Qeyd olunub ki, bu ilin iyun-sentyabr aylarında paytaxt ərazisində ümumilikdə 75,8 kilometr yolda təmir-bərpa işləri aparılacaq.
Prezident İlham Əliyev üçüncü kompleksin açılışını bildirən rəmzi lenti kəsib.
İnşası tam başa çatdırılan üçkompleksli bu qovşaq hava limanı, Qara Qarayev, 20 Yanvar prospektləri, 8-ci Kilometr yaşayış massivi, Bakıxanov qəsəbəsi, paytaxtın mərkəzi istiqamətlərində avtomobillərin sərbəst və təhlükəsiz hərəkətini təmin etməklə, ərazidə tıxac probleminin həllinə imkan yaradacaq.
Bu, Azərbaycanın və Qafqaz regionunun ən böyük yol-nəqliyyat qovşağı hesab olunur.
Modern.az