Modern.az

“Sadə peşəkar” - Prezidentin saatsaz dostu Hacı: “Bir dəfə prezidentə dedim ki...” - PROJE

“Sadə peşəkar” - Prezidentin saatsaz dostu Hacı: “Bir dəfə prezidentə dedim ki...” - PROJE

11 İyun 2012, 13:15

“O vaxtlar bu sənətin qulu idim, indi də şahıyam...”

“Adə, mən bu sahədə oyun çıxarıram e...”                                                         

“Biri var, insan rəhmətə gedəndə deyirlər, evdən getdi, biri də var ki, deyirlər, eldən getdi. Vallah başıma bir iş gələrsə, mən mütləq eldən gedənlərdən olacam. Əşi, mən bu sənəti dəhşət sevirəm e. Adə, mən bu sahədə oyun çıxarıram e... Hərdən fikirləşirəm ki, bu gün-sabah ölüb gedəcəm. “Ay Allah, mənim yarımçıq işlərim necə olacaq?” – deyə elə hey fikirləşirəm”. 

Düzünü desəm, oyun çıxaran, sənətini dəhşət sevən bu uca boylu, enli kürəkli, pəhləvan qamətli kişini görəndə onun bu peşənin sahibi olduğuna inanmadım. Bu inamsızlığın üzərinə üstəlik emalatxanadakı qalereyanı gəlsəm, məni qınamarsınız. Ona görə ki, ora bir saatsaz emalatxanasından çox foto sərgisini xatırladırdı. Saatsaz Hacı dayı isə saatları kimi şəkillərini də üfürə-üfürə qoruyan arxivariusa bənzəyirdi.


“Bəli, saatsaz Hacı dayı o ustalardandır ki, deyir: “Bağdadda kor xəlifə, Bakıda da mən”. Kimin hünəri var ki, onunla yarışa çıxa. “Dünyada elə saat yoxdur ki, düzəltməyəm. Mənim düzəltdiyim saatlar xarab olmur.

Mən hərdən belə danışanda deyirlər ki, sən özündən çox razısan. Məndə deyirəm ki, insan sənətini biləndə, sevəndə özünə arxayın danışır. 17 ildir ki, bu işlə məşğulam. Əgər pis usta olsaydım bax, şəkillərdə gördüyünüz bu adamlar mənim yanıma heç gələrdilər?!”.  


Maşallah, şəkillərdə Hacı dayı ilə kimləri görmək olmazdı ki: aktyor Fuad Poladov, Fəxrəddin Manafov, politoloq Vəfa Quluzadə, xanəndə Mələkxanım Eyyubova, Arif  Babayev, Prezident Aparatında şöbə müdiri Novruz Məmmədov, bir sözlə, ən gənc müğənnisindən tutmuş siyasətçisinə, vəkilinə, dövlət adamlarına, aktyoruna, teleaparıcılara kimi hamı saatını Hacı dayıya düzəltdirir.


Usta deyir ki, hələ tanınmış adamlardan 10-15 nəfər olub ki, şəkil çəkdirməyə imkanı olmayıb. Bunların sırasında da Afaq Bəşirqızının, Gülüstan Əliyevanın, diktor Rafiq Haşimovun da adlarını çəkdi. Ustanın şəkil sərgisinin içərisində diqqətimi cəlb edən məqamlardan biri də o idi ki, rəhmətə getmiş tanınmışlar ilə olan şəkilini də vurmuşdu divara. Soruşdum ki, ay Hacı dayı, bəs sizə necə təsir edir rəhmətə getmiş insanların şəklini hər gün görmək? “Bunların hamısı mənim üçün bir xatirədir. Onların hər biri həyatımın bir anını xatırladır. Mən necə ola bilər ki, Baba Pünhanın, Vasif Adıgözəlovun, Telman Adıgözəlovun, Sabir Mirzəyevin şəkillərini buradan çıxardım?”.


Hacının kəşf elədiyi saniyələr və əqrəblər 

Bu yolu seçməkdə ona dayaq olan dayısına Usta həmişə rəhmət oxuyur. “Hələ 16 yaşım var idi. Dayım mənə seçmək üçün müxtəlif peşələr təklif etdi. Amma mən Nuh dedim, peyğəmbər demədim. Dedim ki, saatsaz olacam, vəssalam! Beləliklə dayım məni saat ustasının yanına şagird düzəltdi. 6 ay oxudum. Artıq sərbəst işləyə bilərdim. Amma dayım şagirdliyimi altı ay da uzatdı. Üzünə heç nə deyə bilməsəm də ürəyimdə dedim: “Ə, bu dayım niyə belə elədi?” O da mənim narazılığımı qəşəng başa düşmüşdü. Mənə yaxınlaşıb dedi: “Ay bala, pulu həmişə qazanacaqsan, amma əvvəlcə sənəti yaxşı öyrən”. Necə deyərlər o vaxtlar bu sənətin qulu oldum, indi də şahıyam. Təzə olanda heç fikirləşmirdim ki, buradan pul qazanmaq olar. Deyirdim, təki hər gün nəsə öyrənim. Amma bir dəfə şagirdlərimdən birinin bir sözü mənim çox xətrimə dəydi. Dedi ki, Hacı, gördüm burada çoxlu pul var, ona görə bu sənətə gəldim. Amma vaxt keçdikcə başa düşdü ki, təkcə pul qazanmaq xətrinə peşəni son həddə qədər öyrənmək olmur. Ala, o dediyim oğlan səbr eləmədi, yarımçıq öyrənib çıxıb getdi”.

Hazırda Sumqayıtda yaşayan usta bizə təsadüf nəticəsində elədiyi kəşfindən də danışdı : “Bir dəfə “budilnik”i söküb yığmışdım, gördüm ki, əqrəblər geriyə işləyir, amma saatı doğru göstərir. Beləliklə bunu başqa saatlar üstündə də tətbiq elədim. Hətta o biri ustalar paxıllığımı çəkirdilər ki, buna bir bax Sumqayıtdan gəlib, Bakıda ad çıxartdı. Dedim, qoy lap partlasınlar paxıllıqlarından. Bir yenilik daha elədim, əqrəb irəli getdi, saniyə dala. Dedim, bu meydan, bu da Hacı! Sonra istədim ki, eliyim bir dəqiqə saniyə qabağa gəlsin, bir dəqiqə getsin dala. 12-yə çatanda birdə qayıtsın qabağa. Sonra fikirləşdim ki, çətindir. Artıq yaşlanmışam, 57 yaşlı usta üçün həm vaxt yoxdur, həmdə gözümün nuru”.


Ustaya bu yaxınlarda “İlin saatsazı qızıl əllər” mükafatı da veriblər. “Jurnalistlər Birliyinin sədr müavini özü mənə verib. Tövbə, tanımıram bu adamı. Mən heç kimdən heç nə istəmirəm, arzum odur ki, uşaqlarımız üçün bir tikə çörək pulu qazanaq. Yeganə saatsazam ki, İctimai Televiziya tərəfindən “Vaxta bağlı sənətkar” adlı adıma sənədli filim çəkilib. Keçən ilin fevral ayında Sumqayıtda bizim evdə çəkirdilər, necə yatıram , necə işə gəlirəm, necə nəvələrlə oynayıram və s. Hətta özüm də “Bəylik dərsi” adlı bir filmə jandarm rolunda çəkilməyə dəvət etdilər, lakin vaxt azlığından rolu bir epizodik rol ilə əvəz edib çəkilmişəm.


Cahangir Novruzov, Naibə Allahverdiyeva, hamının “Toppuş bacı” kimi tanıdığı Tünzalə Ağayeva da o filmdə oynayıblar. Xalq məni küçədə, bayırda hər yerdə tanıyır”.

“Bir dəfə prezidentə dedim ki...”

“Azərbaycanda saat azarkeşləri, xəstələri doludur. Onlar öz saatları ilə fəxr eləyirlər, 40-80 minlik saatlar taxırlar. Onları düzəltmək hər ustanın başının işi deyil. Hətta vaxtilə Azərbaycanın birinci katibi olmuş Kamran Bağırov saatını mənə düzəltdirəndə ona demişdim ki, Kamran müəllim, dünyada saat düzəltmə yarışı keçirilsə, Harri Kasparov kimi, mən də qızıl medalla qayıdaram.


Çünki elə fəndlər bilirəm ki, heç onları şagirdlərimə də öyrətməmişəm. Çörəkdir axı! Gərək sirri hər adama deməyəsən.

Hətta prezident İlham Əliyev bir dəfə mənə dedi ki, ay Hacı, sənin səsinin sorağı Prezident Aparatından gəlir. Növbəti dəfə görüşəndə isə mən ona dedim: “Cənab prezident, sizin prezident, nazir, səfir dostunuz var, qoy bir dənə də saatsaz dostunuz olsun. O da mənim təklifimi çox yaxşı qarşıladı”.

Hacı dayı deyir ki, 46-47 ildir ki, bu işin içindədir, amma yenə də öyrənir. “Birdə görürsən ki, elə şeylər çıxır ki, mən heç onu həyatı boyu görməmişəm. Ona görə də hər ilin kataloqunu alıram ki, təzə çıxan saatların sökmə qaydalarını öyrənim. Yoxsa bilmərəm vurub xalqın bahalı malın korlayaram. Sonra gəl cavab ver...

Amma saatsazlar var ki, illərdir adların saatsaz qoyublar kataloqdan zaddan başları çıxmır. Bu peşə dərin peşədir, nə qədər gedirsən bir yerə vara bilmirsən, dura bilmirsən. Hərdən özüm üçün deyirəm mən – mənəm də! Hətta İrandan da qonaqlar gəlir, deyirlər ki, ay Usta, səni dəhşət tərifləyirlər. İstanbulda saat dükanın müdiri məni Türkiyəyə də dəvət etmişdi ki, gəl bir 10 gün qonağımız ol görüşək, bu peşənin sirlərin bölüş bizimlə, həm də özün İstanbulda dincəl”. 

Hər şeyi öyrəndim, bircə noutbukdan başqa

Saatsaz Hacı dayı çox adamın bacarmadığı bir işi bacarsa da amma çox adamın bildiyi noutbuku öyrənə bilmədiyini deyir. “Maşın sürürəm, saat düzəldirəm, amma bu mərətə interneti, noutbuku öyrənə bilmədim. Mən də bezib axırda noutbukumu dostlarımdan birinə pay verdim”.

Pay verməkdən söz düşmüşkən soruşdum ki, ay usta, elə olubmu ki, kiməsə saat bağışlayasınız, amma xoşuna gəlməyə? “Niyə olmayıb. Belə adamlar da var. Bir dəfə müğənni Əli Mirəliyevə saat hədiyyə verdim. Sonra eşitdim ki, bəyənməyib, deyib ki, usta mənə ucuz saat verdi. O da ki, heç nədən razı qalmır”.

Maraqlı məqamlardan biri də o idi ki, ustanın özünün də qolunda saat yox idi. Sən demə, Hacı dayı saatsaz olsa da, saat taxmağı sevmir. Bu işin sənətini sevir, özünü yox. “Ancaq müştərilərin saatlarını taxıram. Qoluma taxdığım ən bahalı saat üstündə qızılı, brilyantı olan 47 min dollarlıq saat olub. Bu da bəstəkar Cavanşir Quliyevə məxsus olub. Xarab olmuşdu, sorağımı alıb gətirdi, mən də düzəltdim”.

Usta deyir ki, bu cür bahalı saatları 100-200, bəzən də 250 manata düzəldir. “Çünki bahalı saatların detalı da bahalı olur. Onun elə 100 manatını da detallarına veririk. 50 manatını cibimə qoyuram. Detallar əsasən Dubaydan, Amerikadan gətirilir”.


Dedim, ay usta, nə fərqi var ki, ya 5 manatlıq saat, ya da 47 min dollarlıq saat. İkisi də eyni vaxtı göstərmir ki? “Ay qızım, bu, bilirsən nəyə bənzəyir? Biri var, “Zaporojets” ilə yol gedəsən, biri də var ki, “Prado” ilə çıxasan yola. Hansı rahat olar? Bahalı saatda belədir ki, bahalısı keyfiyyətli olur. Avtomatik işləyir, rəngi bozarmır, su keçirmir və s.”.

Şəhərdə onu hamı saatsaz kimi tanısa da hərdən usta Hacının yanına  ayaqqabı da gətirirlər.

“Qapını bağlayıb, evə gedirdim. Bir qadın gəldi. Dedim ki, get, sabah gələrsən, indi gecdir. Dedi, yox e, oradan bura sənin adına gəlmişəm, nə isə əl çəkmədi. Qapını açdım, gördüm ki, bağlamanın içərisindən ayaqqabı çıxartdı. Mən də lupanı götürdüm hirsimdən başladım ayaqqabının altını naqqaş ilə qurdalamağa. Deyirəm, ay xala, bu ayaqqabının altı çox gedib e. Deyir, ay bala, ayaqqabı dağılar da. Dedim, ay xala, düzəldərəm, amma ki, 10 manata başa gələcək. Arvad ayaqqabını əlimdən elə dartdı ki, az qala əlim qırılmışdı. “Bunun özünü 6 manata almışdım. Təmirə 10 manat verim?” Hirslə qapıdan çıxanda dedim, qurban olum, ay xala, sən Allahın dayan, mən pinəçi deyiləm e, saatsazam.

Bir dəfə də yenə bir qadın saatın kəfgirini gətirib ki, saat xarab olub. Deyirəm, bəs saatın özü hanı, dirəşib ki, elə bunu düzəlt saat işləyəcək. Bax belə zəhlə tökən müştərilər də olur hərdən.

Bir dəfə isə bir qız gətirib saat düzəltdirirdi. Ad və soyadını soruşanda dedi ki, Əsgərova Təyyarə, mən də yazdım ki, Saldatova Somolyot. Qız qışqırdı ki, ay dayı, sən nə yazırsan? Dedim, vallah rusca tərcümə eləmişəm, başqa şey yazmıram”.

Zarafatcıl usta hətta saat düzəltdirməyə gələn zənci balasının şəklini hərdən insanlara göstərib deyir ki, bu Barak Obamanın qızıdır. Saat düzəltdirməyə gəlmişdilər, mən də şəklini çəkdim.

“Zamanı geri çevirə bilsəydim...”

Usta, maşallah, pis dolanmadığını deyir. “Bu peşə ilə ailəmi necə lazımdır saxlamışam. Hətta qızıma da burdan gələn gəlirlə dəfələrlə maşın almışam, özüm üçün Coratda ev tikdirmişəm. Bir sözlə, zəhmətimin bəhrəsini yeyirəm.


Amma bir şey var ki, saniyələri geri çevirsəm də zamanı geri çevirə bilmirəm. Əgər bacarsaydım, səhvlərimi düzəldərdim, itirdiyim pulları bir də əldən verməzdim. Ona görə də deyirəm, ay insanlar işinizdə-gücünüzdə, danışığınızda, hərəkətinizdə saat kimi dəqiq olun. Amma təəssüf ki, elə deyillər”.

Bax, beləcə bizim universal ustamızla söhbətimiz elə bu yerdə bitir.








Şəhanə RƏHİMLİ
Elçn AĞAYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi