“Cığatel kimdir, bilmirik, Elza Seyidcahan Emin Sabitoğlunun yanında sıfırdır. Görəsən niyə İlhamə xanım bunları nəzərə almadı?“
Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin ailəsi, xüsusilə də oğlu Arzu Babayev sənətçiləri atasına qarşı hörmətsiz hərəkət etməkdə qınayıb. Modern.az saytına açıqlamasında Arzu Babayev bildirib ki, bəzi sənət adamları Nəbi Xəzrinin sözlərinə bəstələnmiş “Ağ çiçəyim” mahnısından plagiatlıq ediblər. Onun sözlərinə görə uzun illər sevə-sevə dinlənilən və dillər əzbəri olan “Ağ çiçəyim” mahnısından sonra eyni adla yenidən mahnı yazılması artıq plagiatlıqdır.
“ Bu yaxınlarda efirdə “Ağ çiçəyim” mahnısını eşitdik. İlhamə Quliyeva ifa edirdi. Heç olmasa, mahnı müəllifləri adını dəyişdirib “Ağ çiçək” yazardılar. Atam vaxtilə “Ağ çiçəyim” adlı şeir yazıb və ona musiqi də bəstələnib.Yadımdadır, 1967-ci ildə Emin Sabitoğlu evimizə gəlib ilk dəfə bu mahnını pianoda çaldı və atama oxudu. Bir çox sənətkarlarımız bu mahnını ifa ediblər və həmin “Ağ çiçəyim” mahnısı xalqın sevgisini qazanıb”.
Şairin oğlu bildirib ki, bu yaxınlarda eşidib ki, bəstəkar-müğənni Elza Seyidcahan Cığatel adlı bir xanımın sözlərinə eyni adlı mahnı bəstələyib.
”Cığatel kimdir, bilmirik. Yəqin ki, burda mənəvi dəyərlər unudulub, ancaq maddi tərəf düşünülüb. Onu deyə bilərəm ki, Cığatel xanım Nəbi Xəzrinin yanından yel olub ötə bilməz. Elza Seyidcahan isə Emin Sabitoğlunun yanında sıfırdır. “Ağ çiçəyim” mahnısını bununla unutdurmaq istəyirlər. İlhamə xanıma və onun sənətinə böyük hörmətim var. Görəsən niyə İlhamə xanım bunları nəzərə almadı?“.
Arzu Babayev bundan əvvəl Bakıdakı “Ağ çiçəyim” mağazalar şəbəkəsinin öz adını məhz bu mahnıdan götürdüyü bildirib.
“Ağ çiçəyim” mağazalar şəbəkəsi öz adını bu mahnıdan götürdü. Onlara bir heç bir iddiada olmadıq ki, niyə bu adı atamın şeirindən götürüb. Ancaq eyni adlı ikinci mahnının oxunmasını qəbul etmirəm.”-deyə Arzu Babayev vurğulayıb.
Qeyd edək ki, ikinci “Ağ çiçəyim” mahnısının bəstəsi əməkdar artist Elza Seyidcahan, sözləri Cığatel Qasımovaya məxsusdur. Mahnı xalq artisti İlhamə Qasımovaya ithaf edilib.
Əfsanə Ələsgərli