Şairin övladları onun şeirlərini dərsliklərdən çıxarılmasına etiraz edirlər
“Atam şeirlərin mürəkkəbi qurumamış birinci bizə oxuyurdu ”
O, Bakının dənizini, Abşeronun qumlu sahilini çox sevirdi, bağ evləri Corat bağlarında dənizə yaxın idi. Otağının pəncərələrini açıq qoyurdu ki, əsən sərin meh və xəzri dənizin əsrarəngiz ətrini içəri yaysın. Keşməkeşli ömür yaşamış tanınmış şairin sonralar 1958-ci ildə Xəzri təxəllüsü götürməsi görünür, onun bu sevgisindən yaranıb.
Modern.az saytı Xalq şairi, “İstiqlal” ordenli və uzun müddət müxtəlif vəzifələrdə çalışmış Nəbi Xəzrinin iş otağından reportajı təqdim edir.
Şairin övladları - Arzu Babayev, Pərixanım Əliyeva və Gülümsər Abbasovayla söhbətimiz Nəbi Xəzrinin otağında baş tutdu.
Otağa daxil olar-olmaz şairin portretini əks etdirən xalça diqqəti cəlb edirdi. Divarboyu şkaflarda
kitablar, sevdiyi əşyalar, ona verilən xatirə hədiyyələri, büstü, yazı masasının üstündə isə eynəyi, qələm qabı, saatı qoyulmuşdu. Divardan asılmış tüfəngi görüncə qeyri-ixtiyari “atanız ovu sevirmiş?” soruşanda eşitdiklərim məni təəccübləndirdi.
“Atam ovu sevməyib. Heç əlinə silah alıb güllə də atmayıb. Sadəcə silah onun üçün kişilik, igidlik rəmzi idi. Bir neçə dəfə boş qalmasın deyə, gənc olanda o vaxtlar havaya atmışam” - deyə şairin oğlu Arzu Babayev söhbətə başlayır.
“Səməd Vurğun atama dedi ki, gəl, səni Yazıçılar ittifaqına üzv edirəm...”
1924-cü il dekabrın 10-da Xırdalanda tacir ailəsində anadan olan Nəbi Babayev doqquz yaşında ikən üç qardaşını itirmiş, bir müddət sonra isə atası Kərbəlayı Ələkbər yaşananlara dözə bilməyərək rəhmətə getmişdi. Ailənin ağır yükünü çiyinlərinə almış anası Pərixanım Cəfərqızı xalça toxuyaraq, min bir əziyyətlə Nəbi və bacısı Şirinbacını böyütmüşdü. Ailənin digər övladları artıq ailə sahibi idilər. Məktəbdə “Böyüyəndə kim olacaqsan?” inşa yazısında kənd uşaqlarının çoxu sürücü olacağını yazmışdı. Onlardan fərqli olaraq, balaca Nəbi “mən şair olacağam”-deyə qeyd etmişdi.
Oğlu Arzunun sözlərinə görə atasının bu fikri sinifdə gülüşlə qarşılansa da, sonralar bu istək özünü doğrultdu.
“O hadisə onun prinsipial olaraq bu sahədə irəliləməsinə yol açdı. Sonralar gənclik illərində Səməd Vurğun atama Azərbaycan poeziyasına gəlməsinə “pasport”, xeyir-dua verdi. 1944-cü ildə “O cavanın yaylığı”, “Söz” şeirlərini oxuyandan sonra tapşırır ki, o gənc şairi tapın. Atamın onda 20 yaşı vardı. Səməd Vurğun deyib ki, “səni Yazıçılar İttifaqına üzv keçirirəm”. Atam isə hələ heç kitabının çıxmadığını deyib. Səməd Vurğun isə “sən istedadlısan. Əgər üzərində işləsən, yaxşı şair olacaqsan” cavabını vermişdi. Bu onun istedadına verilən qiymət və stimul idi”- deyə Arzu Babayev bildirdi.
“O hadisədən sonra daha balıq tutmadı”
Nəbi Xəzri zahirən nə qədər ciddi və zəhmli görünsə də, bir o qədər də kövrək şair ürəyi vardı.
Qızı Pərixanım Əliyeva deyir ki, dənizdə balıq tutmaq onun sevimli məşğuliyyətlərindən biri idi. Ancaq o balıqları yeməz, tutub həyətdəki hovuza atar, onların üzməyinə tamaşa edərmiş.
“Bir dəfə səhər gördük ki, iri bir balıq özünü hovuzun kənarına çırpıb, orda da ölmüşdü. Bu səhnə atama pis təsir etdi, təsirlənib şeir də yazdı. Ondan sonra daha balıq tutmadı” - deyə qızı Pərixanım Əliyeva əlavə edir.
Öyrənirəm ki, Nəbi Xəzri külqabı və saat həvəskarı olub. Onun kolleksiyasında müxtəlif külqabılar bu gün də qorunub saxlanılır.
“Harda xoşuna gələn külqabı görürdüsə, alırdı. Xoşuna gəlirdi. Qol saatı həvəskarı idi. Atam ürəyiaçıq insan idi. Kim desə ki, məsələn nə qəşəng saatın var, onu çıxarıb həmin adama bağışlayardı. Çox olub ki, qol saatını başqalarına bağışlayıb”- deyə Pərixanım xanım o günləri xatırlayır.
“Ona müraciət edən insanları tanımasa belə, çalışırdı əl tutsun. Hətta bir dəfə bir qadın məktubunda onu bir şair kimi sevdiyini yazmış, nəvələrinin birinin adını Nəbi, digərinin adını Xəzri qoymuşdu.
Ona müraciət edənlərə kömək edər, işə düzəldərdi. O vaxt oğlum işsiz idi. Başqa bir nəfəri də işə düzəltdi. Atam başqalarının işinə görə müraciət edər, ancaq öz şəxsi işinə görə heç vaxt ağız açmazdı. Qürurlu idi”- deyə Gülümsər xanım bildirir.
“Uşaqların səs-küyü mənə ilham verir”
Nəbi Xəzrinin iş masasında daim əlyazmaları, qeydləri olardı. İlham gəldikcə masa arxasına keçib yazmaq digər şairlər kimi vərdiş idi.
“Əlyazmalara toxuna bilməzdik. Masanın tozunu alanda qaldırar, sonra eyni yerə qoyardıq. Bir də görürdün ki, qəfil yuxudan durub yazır” - qızı Pərixanım gülümsünərək söyləyir.
Şənbə-bazar günləri ailə Xırdalandakı evə gedərmiş. Şairin həyat yoldaşı Gülarə xanım onun sakit bir məkanda yaradıcılıqla məşğul olmasına diqqət edərmiş.
“Şənbə-bazar günü Xırdalandakı evimizə gedirdik. Anam deyirdi ki, get sakitlikdə işlə. Ancaq atam deyirdi ki, yox, uşaqların səsi gəlməsə, mən işləyə bilmirəm. Uşaqların səs-küyü mənə ilham verir”.
“Atam elə gündə idi ki, bacısı onu tanımadı...”
İkinci Dünya müharibəsində 1942-43-cü illərdə tikinti batalyonunda arxa cəbhədə xidmət edən Nəbi Xəzri xəstələndiyinə görə tərxis edilir. Yüksək hərarətlə və ağır vəziyyətdə evlərinə qayıdır. Kəndə daxil olanda böyük bacısı Xanımana xanımgilə gedir. Lakin doğma bacısı da onu tanıya bilmir.
“O dövrdə əsgərlərin vəziyyəti yaxşı deyildi. Tez-tez qapı döyüb, imkansız olduğunu deyirdilər. Atamı görən bibim onu tanımamış, kobud danışmışdı.
«Bayaq gəldim, verdim də yemək. Uşaqlarımın boğazından kəsməyəcəm ki...” -deyib. Görür ki, əsgər dayanıb getmir və gözündən yaş gəlir. Birdən-birə bacısı onun gözlərinə diqqətlə baxır və “atamın balası”-deyərək boynunu qucaqlayır. Sonra onu Mir Mövsün ağanın evinə aparıblar. Bir ay ancaq su içirmiş, yediyini qaytarırmış. Arıqlayıbmış. Ağa yeməyə bir tikə çörək batırıb atama verib “al, bunu ye” deyib. Ondan da atamın qızdırması düşüb, sağalıb. Xəstəliyin səbəbini bilən olmayıb”- şairin oğlu danışır.
“Atam gecəni parkda keçirdi...”
Nəbi Xəzrinin tələbəlik illəri Leninqrad Dövlət Universitetində və Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda keçib. Həmsöhbətim Arzu bəy atası ilə bağlı maraqlı bir tələbəlik
xatirəsini və bir erməni tələbəsini necə döyməsini danışdı:
”Atam evdə çox şeyi danışmazdı. Bu hadisəni televiziyada tələbə yoldaşlarından biri danışmışdı. 1947-ci ildə Leninqrad Universitetində oxuyarkən birinci kursda onların potokunda oxuyan rus qızlara sataşdığı üçün erməni ilə mübahisə etmiş və onu döymüşdü. Qrupda 19 qız vardı, atam qrupda yeganə oğlan idi. Bu söhbətdən sonra yataqxanaya gedəndə komendant atamı içəri buraxmayıb. Deyib ki, artıq İnstitutdan qovulub. Sən demə dekan erməni imiş. Atam əşyaları ilə gecəni parkda skamyada keçirməli olub. Səhəri gün isə qızlar atama görə rektora müraciət etmiş, atamı yenidən bərpa etmişdilər. Qızlar rektora demişdilər ki, o, rus qızının şərəfini qoruyub, xahiş olunur, onu bərpa edəsiniz. Bununla da atamı instituta bərpa edirlər”.
“Atam müğənnilərə iradını deyirdi...”
1944-cü ildə Azərbaycan Dövlət Radiosuna elan edilmiş diktor müsabiqəsindən keçən Nəbi Xəzri çox keçmir ki, öz məlahətli səsi ilə dinləyicilərin sevgisini qazanır. 1965-71-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Dövlət Komitəsinin televiziya işləri üzrə sədr müavini işləyir. Efirdə yayımlanan verilişlərin keyfiyyətinə diqqətlə yanaşır, hətta nəzarət üçün evdə yemək yeyəndə də saatlarla ekran qarşısında otururmuş. O dövrdə bütün verilişlər canlı yayımlanırdı, hətta Yeni il verilişləri də.
Sovet dövründə efirə olan ciddi tələblər və qaydalar, hətta müğənnilərin və aparıcıların geyimi və xarici görünüşü bir az “açıq-saçıq” və” bər-bəzəkli” olanda dərhal iradını bildirirmiş.
“Hansısa qüsur olanda dərhal zəng edir, tapşırığını verirdi, işçilər ondan çəkinirdilər. 1970-ci il idi. Sevimli müğənnimiz (hal hazırda Xalq artistidir) efirdə bir az dizdən yuxarı geyinmişdi. Atam dedi ki, hamı uzun paltara keçir, niyə belə geyinirsiz? Növbəti mahnıda həmin xanım paltarını dəyişdi. Digər xanım müğənni də o vaxt biraz qısa geyinmişdi. Atam dedi ki, bir az uzun geyinməlisən. Əslində indi isə açıq-saçıqlıq şou-biznesdə adi haldır. Həmin dövrdə efir başqa cür idi” - deyə şair oğlu həmin anları bölüşür.
“Dedik, ata, nə olar, yaz da...”
Nəbi Xəzrinin bir çox sözlərinə mahnılar bəstələnib, bu mahnılar Şövkət Ələkbərova, Zeynəb Xanlarova və “Qaya” qrupu, Gülağa Məmmədov, Müslüm Maqomayev, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova və digər sənətkarların ifalarında sevilə-sevilə dinlənilib. Müslüm Maqomayevin bəstələdiyi və oxuduğu məşhur “Azərbaycan” mahnısının sözlərini də məhz Nəbi Xəzri qızlarının təkidi ilə yazıb.
“Ailəlikcə bağda idik. Müslüm Maqomayev atama məktub göndərmişdi, xahiş edirdi ki, onun hazır musiqisinə atam şeir yazsın. Atam cavabında dedi ki, “mən hazır musiqiyə şeir yazmıram. İstəsə, mənim şeirlərimdən seçsin”. İki bacı xahiş etdik ki, ata, nə olar, yaz da. On beş dəqiqədən sonra atam yanımıza gəldi, dedi ki, qızlar, yazmışam, gəlin oxuyum. Bununla da məşhur “Azərbaycan” mahnısı yarandı“ - deyə Pərixanım gülümsünür.
“Atam mənə qulaq asıb şeirə düzəliş etdi”
Yazıçı dostları daim Nəbi Xəzrinin evinə gəlib-getmişlər. Qabil, Cabir Novruz, Söhrab Tahir, Hüseyn Arif, Rəsul Həmzətov və digərləri şairin dostları sırasında olub.
“Şair Şükür Xanlarov vardı, atamın ən yaxın dostu idi. Qardaş kimi idilər. Ona və Cabir Novruza “əmi” deyə müraciət edirdik. Atamıza deyə bilmədiyimizi Şükür əmiyə deyirdik” - deyə bacılar bildirdilər. Öyrənirəm ki, Rəsul Həmzətov Nəbi Xəzrigillə ailəvi dost olub. Hətta Səməd Vurğun da şairə məsləhət görüb ki, onunla dostluq etsin.
Əliağa Vahidə “ustad” deyə müraciət edərmiş. Hətta bir dəfə qışda şairlə həyat yoldaşı bazarda qəzəlxanla qarşılaşıblar. Nəbi Xəzri görüb ki, bazarda Vahid bir küncdə nazik bir köynəkdə oturub meyxana deyir, ətrafında çoxlu adam çırtma çalır. Birdən qəzəlxan şairi görüb ona əl edib salamlaşır.
“Anam deyir ki, Vahid şaxtada bir köynək-pencəkdə əsirdi. “Paprusun var”-deyə Nəbidən soruşub. Atam ona bir qutu papiros verib. Sonra görüb ki, soyuqdan əsir, aldığı təzə paltonu da ona verib. Sonra onun meyxanasına qulaq asanlardan biri gəlib atama Bakı ləhcəsi ilə təşəkkür edib.
“Qədeş, sən bilirsən necə kişilik elədin. Siqaret istədi, paçkanı verdün, gördün soyuqdur paltonu. Allah səndən razı olsun”. Atam belə yaxşılıqları edər, ancaq deməzdi. Bu hadisəni anam danışıb bizə” - həmsöhbətim Arzu bəy əlavə edir.
Nəbi Xəzri yazdığı şeirlərini ilk növbədə evdə həyat yoldaşı Gülarə xanıma və uşaqlara oxuyarmış. Ailə onun ilk dinləyiciləri olub.
“Şeirlərin mürəkkəbi qurumamış, bizi çağırır, şeirləri gözəl aktyor istedadı və diksiyası ilə oxuyurdu. Sonra irad və fikirlərimizə qulaq asırdı. Deyirdi ki, oxucu fikri mənim üçün əsasdır. Hətta bir dəfə mənə qulaq asıb şeirdə düzəliş etmişdi” - həmsöhbətim Arzu Babayev bildirir.
Oğlunun sözlərinə görə atası hətta elə olub ki, bəzi şairlərə iki misra da bağışlayıb.
Ancaq indi orta məktəb dəsrliklərindən Nəbi Xəzrinin yaradıcılığının çıxarılmasından övladları narahatdır.
“Ömür boyu ədəbiyyat dərsliyində onun yaradıcılığı hələ sağlığında tədris edilib. İndi isə proqramdan çıxarılıb. Bu bizi narahat edir. Ədəbiyyat dərsliklərində verilən bəzi şeirləri oxuyuram. Görəndə ki, orda kimlər tədris edilir, ancaq atamın yaradıcılığı çıxarılıb, bu bizə pis təsir edir” -deyə qızları Pərixanım və Gülümsər xanım söylədilər.
Övladları deyir ki, Nəbi Xəzri öz yaradıcılığında iki əsərini daha çox bəyənib. Bunlardan biri 10 ilə yazdığı və Məhəmməd Peyğəmbərə həsr etdiyi “Peyğəmbər”, digəri isə böyük Hun sərkərdəsi Atillaya yazdığı “Atillanın atlıları” poemaları olub.
“Heydər Əliyev atamı müdafiə etdi”
Şairin ailə üzvləri deyirlər ki, Nəbi Xəzri təkcə şair yox, həm də dövlət xadimi idi. Çox vaxt mötəbər dövlət tədbirlərində, xarici ölkələrdə səfərlərdə olurdu. Ancaq ailədə heç vaxt xarici ölkələr barədə heyranedici sözlər danışmazdı.
Mərhum prezident Heydər Əliyevin hələ Sovet dövründən Nəbi Xəzriyə göstərdiyi diqqət və yaşanan maraqlı məqamlardan söhbət düşür. Arzu Babayevin sözlərinə görə, 1983-cü ildə Nəbi Xəzrinin adı Ümumittifaq Lenin Mükafatına təqdim ediləndə Heydər Əliyev çox çalışıb ki, bu mükafatı azərbaycanlı şair Nəbi Xəzri alsın, amma mərkəzdəki üzdəniraq ermənilər və ermənipərəstlər min bir bəhanə ilə bu mükafatın azərbaycanlının almasına mane olurmuşlar.
“Atam Heydər Əliyevin diqqətindən çox razı idi. 1973-cü il idi. Yadıma gəlir ki, ona SSRİ Dövlət Mükafatına layiq görülməsi xəbərinin ilk müjdəçisi məhz Heydər Əliyev olub. O, atama zəng edərək bu münasibətlə təbrik edib”.
Bir dəfə mötəbər tədbirlərdən birində çıxış edərkən İran təəssüratlarından danışmış, orda yaşayan soydaşlarımızın ana dilində məktəblərinin olmadığını vurğulamışdı. Bu çıxışdan sonra rəsmi Tehran nota göndərmişdi.
“Atam çıxışında demişdi ki, mən də görməsəm, siz də görməsəniz, bizim övladlarımız orda azərbaycanlıların ana dilində təhsil hüquqlarının bərpasını görəcəklər. Bu çıxışından sonra atama İrandan nota göndərdilər. Atam Heydər Əliyevlə görüşdü. O dedi ki, “Nəbi, düz eləmisən. Narahat olma” deyə atamı dəstəkləmişdi” - şairin qızı Pərixanım Əliyeva bildirir.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bu diqqət və qayğı yenə davam etmiş,
Heydər Əliyev şairin evinə hökümət telefonu da çəkdirmişdi, ad günlərində, yubileylərində daim zəng edirmiş.
“Ölümün buz əli gəzir üzündə”
Həyat yoldaşı Gülarə xanımla tanışlıqları yazıçı və Maksim Qorki adına Ədəbiyyat İnstitutundan tələbəlik dostu İsa Hüseynovgilə (Muğanna) gedərkən olub. Belə ki, Gülarə xanımın bacısı İsa Hüseynovun həyat yoldaşıdır. Elə ilk görüşdən yaranan ülvi duyğular 1954-cü ildə yeni bir ailənin təməlini qoyub.
1989-cu ildə həyat yoldaşı Gülarə xanımın vəfatı ilə şairin həyatında və yaradıcılığında kədər meydana gətirib. Həddindən artıq sevdiyi ömür-gün yoldaşı Gülarəyə olan sevgi duyğularını misralara köçürməklə ürəyini boşaldıb. Nə yazıbsa, onda bir nisgil duyulurub.
Ata qəlbi o qədər həssas və böyük idi ki, ömür-gün yoldaşının sağalmaz lənətə gəlmiş xəstəliyə düçar olmasını son anacan övladlarından gizlədib və bu ağır yükü öz çiyinlərində tək çəkib.
O günlərdə Pərixanım müəllimənin atasının masasında gördüyü şeir onu şübhələndiribmiş.
“Anamın diaqnozunu o, bizə demədi. İstəmirdi ki, biz dərd çəkək. Təsadüfən stolda şeir gördüm. “Ölümün buz əli gəzir üzündə, Gəzir axşamdan sabaha kimi”. Mətbəxə keçdim, dedim ay ata, bu nədir, yazmısan? Anam öləcək? Dedi, “yox”, ancaq başını bulayıb ağladı...” - göz yaşları onu sözünü tamamlamağa imkan vermir.
Həmişə söhbət düşəndə deyirmiş ki, Allahdan 60 il ömür istəmişəm, ancaq 82 il yaşadı. 2002-ci ildə şairin insult keçirməsi ayaqlarına da təsir etdi. Ömrünün son illərində ayaqlarından əziyyət çəkirdi. Bu ona mənəvi-psixoloji təsir edirdi. Hətta son şeirlərindən biri kimi “Ayaqlarım” şeirini yazmışdı.
Mən dünyanı addım-addım dolaşmışam.
İndi baxmır sözlərimə ayaqlarım.
Çay keçmişəm, göl üzmüşəm, dağ aşmışam,
Həsrət qalıb izlərimə ayaqlarım
Əldə əsa əsə-əsə yeriyirəm,
Yıxılıram, qan içində ayaqlarım.
Dostlar görür, xəcalətdən əriyirəm,
Hardasınız, siz ey mənim dayaqlarım, ayaqlarım
Duyuram ki, çəmənlərim çiçək-çiçək,
Gəl-gəl deyir, oylaqlarım, yaylaqlarım.
Yəqin məzar evindəcə cütləşəcək
Bu dünyaya qoşa gələn ayaqlarım.
Qızları Pərixanım və Gülümsər xanım deyir ki, ataları imanlı idi, o dünyaya çox inanırdı.
“O, ölümə hazır idi. Deyirdi ki, Gülarəylə görüşəcəm”.
Ölümündən bir neçə il əvvəl övladlarına həmişəki kimi şeirlərindən oxuyurmuş. Ancaq bu şeirlərin əksəriyyəti ölümə aid imiş. Övladları soruşanda ki, “niyə ölümdən yazmısan?”, o cavab verib ki, “bütün mövzuları yazmışam. Bir dənə ölüm qalıb. Xoşunuza gəlmədi?”.
“Əslində isə o ölümə hazırlaşırdı. Deyirdi ki, “ölümü mükafat kimi qəbul edirəm, Gülarə üçün darıxmışam”” - qızı Pərixanım deyir.
Ömrünü başa vurmasına 10-15 gün qalmış övladlarını başına toplayıb uşaqlıqda olduğu kimi şeir oxumağa başlayıb. Həmişə mürəkkəbi qurumamış şeir eşitməyə adət etmiş övladları bu dəfə köhnə şeirləri dinləyiblər.
İki il sonra xalq şairi, “Şöhrət” və “İstiqlal” ordenli Nəbi Xəzrinin 90 illik yubileyi olacaq. Şair övladlarının bircə istəyi var.
“Çox istərdik ki, atamızın vaxtilə yaşadığı binada bir xatirə lövhəsi və barelyefi olsun. Düzdür, atamın 75 illik yubileyində hələ sağlığında dövlət Xırdalanda böyüdüyü küçəyə onun adını verdi. Bakı şəhərində isə onun adıyla bağlı heç nə yoxdur”.
Ümidvarıq ki, Azərbaycan prospekti 29 ünvanında yerləşən və Nəbi Xəzrinin vaxtilə yaşadığı ünvana yolu düşənlər tezliklə onun barelyefinin qarşısına gül dəstəsi qoya biləcəklər.
Əfsanə Bayramqızı