Modern.az

Elçibəy və Mütəllibovun da adı əbədiləşdiriləcək

Elçibəy və Mütəllibovun da adı əbədiləşdiriləcək

2 İyul 2012, 18:18

Heydər Əliyevlə yanaşı, Əbülfəz Elçibəy və Ayaz Mütəllibov adına da  mərkəz, fond yaradıla və ya küçə salına bilər

Azərbaycanda sabiq prezidentlər və onların ailə üzvlərinin təminatını nəzərdə tutan Konstitusiya qanunu təsdiqləndikdən sonra bu sənədə müvafiq olaraq, digər bir sıra məsələlər də aktuallaşıb.

Məsələn, Azərbaycanın eks-prezidentlərinin adı əbədiləşdirilə bilərmi?

Modern.az saytının bu istiqamətdə apardığı araşdırma nəticəsində məlum olub ki, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” qanun icraya yönəldiləndən sonra sabiq dövlət başçılarının adının əbədiləşdirilməsi mümkün olacaq. Bunu saytımıza Milli Məclisin Hüquq siyasəti və  dövlət quruculuğu komitəsinin bir üzvü də təsdiqləyib. Bildirilib ki, sözügedən qanuna görə, keçmiş prezidentə, habelə onun vəfatından sonra ailəsinə müxtəlif təminatlar verildiyi kimi, eks-dövlət başçılarının adının əbədiləşdirilməsi istiqamətində də müvafiq addımlar atıla bilər.

Qeyd eədk ki, bu təcrübə əksər demokratik dövlərlərdə mövcuddur. Belə ki, bu dövlətlərdə eks-prezidentlərin adlarına mərkəz və ya fondlar yaradılır, universitetlər açılır, küçə və meydanlara onların adları verilir.

Elə götürək qardaş Türkiyəni. Türkiyədə ən yaxın dövrün eks-prezidentləri Turqut Özalın, Süleyman Dəmirəlin adına universitetlər, dərnəklər, küçələr, elmi mərkəzlər, xəstəxanalar yaradılıb. Bunu dövlət rəsmi qaydada edib.

Amerikada da belədir. ABŞ-da nəinki seçki vasitəsilə hakimiyyəti uduzan, hətta impiçmentə məruz qalmış eks-prezidentin də - Ricard Niksonun adına mərkəzlər, küçələr var.

Qeyd edək ki, müstəqillik dövründə Azərbaycanın 3 keçmiş prezidenti olub: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev. “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” qanun onların hər üçünə şamil edilib.

Ancaq birinci iki keçmiş dövlət rəhbərindən fərqli olaraq, Heydər Əliyevin adı əbədiləşdirilib, onun adına mərkəz, küçə və prospekt, parklar, saray, hava limanı var.

Beləliklə, yaxın gələcəkdə Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin də adının küçə, park və ya hansısa mərkəzə veriləcəyi istisna olunmur.

Bunu Milli Məclisin deputatı Asim Molazadə də inkar etmir.

”Səhv etmirəmsə, Əbülfəz bəyin adının əbədiləşməyi ilə bağlı o rəhmətə gedən dövrdə prezident sərəncamı olmuşdu. Deyəsən onun adı küçəyə də verilmişdi”.

Asim Mollazadə deyib ki, Azərbaycanda eks-prezidentlərinin adının əbədiləşdirilməsi üçün artıq qanunvericilik də var. Bu yuxarıda bəhs etdiyimiz Konstitusiya qanunundur.  

”Düşünrəm ki, bu qəbul olunmuş qanun müsbət bir sənəddir və Azərbaycanın eks-prezidentlərinin ailəsi üçün, müvafiq sosial məsələlərin həlli üçün çox zəruri bir qərar oldu. Biz bu istiqamətdə çalışırdıq və çox məmunuq ki, nəhayət ədalət, haqq öz yerini tapdı.
Artıq müvafiq qərarlar qəbul olunur, bu qərarların əksəriyyəti siyasi xarakter daşıdığına görə, hər bir ölkəınin bu məsələlərə bağlı xüsusi mövqeyi olur.
Məsələn ABŞ-da hər bir prezidentin adına müvafiq dövlətin fondu ilə kitabxanalar açılır və bu ənənə orada mövcuddur. Fransada 5-ci Respublikanın prezidenti Şarl de Qolun adı əbədiləşdirilmək üçün  aeroporta verilib, heykəli qoyulub və digər istiqamətlərdə xüsusi qərarlar verilib. Mənə elə gəlir ki, bu məsələyə yaxşı olardı ki, bir də qayıdaq. Çünki Əbülfəz Elçibəy milli azadlıq hərəkatının lideri və Azərbaycanın müstəqilliyinin bərpası istiqamətində dövlətçilik üçün çox şey edib. Mənə elə gəlir ki, onun şəxsiyyətinə daha yüksək qiymət verilməlidir”.

Modern.az-ın əməkdaşı araşdırma apararkən, Elçibəy ailəsindən öyrənib ki, vaxtilə mərhum Əbülfəz bəy dünyasını dəyişəndən sonra onun adına hansısa mərkəz və ya fondun yaradılması üçün rəsmi quruma müraciət olunub. Konkret olaraq bununla bağlı təkliflər paketi Nazirlər Kabinetinə təqdim olunubmuş. Amma həmin müraciətə o zaman reaksiya verilməyib.


Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI