İranlı biznesmen qadın paytaxtımızdakı yiyəsiz it və pişiklərə sahib durub
Bakı küçələrində və ətraf rayonlarda sahibsiz heyvanların sayı günbəgün çoxalmaqda davam edir. Sahibsiz itlər arasında quduzluğa tutulmuşlar daha çox üstünlük təşkil edir. Sahibsiz it-pişiklərlə bağlı problemin həlli üçün müxtəlif yollar var ki, onlardan ən əsası bu yiyəsiz dördayaqlılar üçün xüsusi sığınacaq-bəsləmə məntəqələridir. Belə məntəqələr dünyanın bir çox ölkələrində fəaliyyət göstərir.
Qonşu Türkiyədə küçələrdə yaşayan və ya sahibləri tərəfindən atılmış heyvanlar üçün sığınacaqlar var. Avropanın bir çox ölkələrində isə heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Almaniya Konstitusiyasına görə, əgər heyvanlara çəkilişlər əziyyət verərsə, onların kinoya çəkilməsi qəti qadağandır. Avstriyada itlərin quyruğunu yaxud da qulağını kəsmək, zəncirləmək qanun pozuntusu hesab edilir. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir.
Azərbaycanda isə sahibsiz heyvanlarla bağlı məsələ aktual problemlərdən biri olaraq qalır. 2009-cu ildən etibarən isə ölkəmizdə “Vəfalı Dostlar” Baytar Klinikası fəaliyyət göstərir. Bu ilin may ayından etibarən klinika daha geniş bir əraziyə köçüb. Bu yerdə it və pişiklər üçün hər cür şərait yaradılıb.
Klinikanın ərazisinə daxil olanda, sanki hər hansı bir böyük bir bağa gəldiyini düşünürsən.
Sahibsiz heyvanların sahibi
Bizi “Vəfalı dostlar” Baytar Klinika mərkəzinin media-meneceri Daşqın Paşayev qarşıladı. Menecer bizi sahibsiz heyvanların saxladığı yerlərlə tanış edərək, buranın dünya standartların uyğun tikildiyini dedi. Sahibsiz itlərin qaldığı kabinələr xüsusi rəngli şüşələrlə əhatə olunmuşdu. Buna səbəb odur ki, heyvanlar çöldən onlara baxan insanları görməsinlər. Onlar tanımadığı insanları gördükdə, həyəcan keçirə bilərlər. İtlərin hansı formada bir kabinəyə salınması ilə maraqlandıq. D. Paşayev bir yerdə olan itlərin ya qardaş-bacı, ya da ki dost olduqlarını bildirdi.
“Bir kabinədə qalanlar bir-biri ilə münasibəti yaxın olanlar olur. Bundan başqa əməkdaşlarımız itləri həftədə bir dəfə onlar üçün ayrılmış duşlarda çimizdirirlər. Hər gün altları yuyulur və təmizlənir. Gün ərzində 3-4 dəfə qida verilir. Bundan başqa peyvənd olunur və qurd dərmanları verilir”.
Mərkəzin sahibi – mesenat xanım
Mərkəz şəxsi təşəbbüslə yaradılıb. Azərbaycanda yaşayan iş adamı Hədiyyə xanım Rovşanzamirin təşəbbüsü ilə. İdeya xanımın özü tərəfindən irəli sürülüb və maliyyə dəstəyini də o, təmin edir. İş adamı olan xanım Tehran şəhərində doğulub və 20 ildən artıqdır ki, Azərbaycanda yaşayır.
Sahibsiz heyvanlar üçün ideal şərait
Mərkəz ərazisində aparılan bir sıra tikintilər diqqətimizi cəlb etdi. Öyrəndik ki, ikinci mərtəbədə yüksək səviyyəli klinika olacaq. Artıq həmin yer üçün lazımi avadanlıqlar sifariş olunub. Bundan başqa, Mərkəz rəhbərliyi yolda xəsarət alaraq yaralanan sahibsiz heyvanları gətirmək üçün yeni ambulans-avtomobil sifariş verib. Ambulans hər bir avadanlıqla təmin olunacaq.
Daha sonra ərazidə yeni bir yerin tikilməsi ilə rastlaşdıq. Mərkəzin sözçüsü D. Paşayev bu yerin itlərin daha rahat gəzdirilməsi üçün tikildiyini dedi. Belə ki, sahibsiz itlər qış fəslində yeni tikilən yerdə gəzdiriləcək. “İtlər gün ərzində iki və ya bir dəfə 3 saat gəzdirilməlidir. Bununla onlar enerjisini çıxarmış olur”.
D. Paşayev bildirdi ki, Avropada belə bir mərkəz yoxdur. “Belə bağı, hovuzu, lazımi otaqları, xəstə itlər üçün karantin otaqları olan bu mərkəzin analoqu yoxdur”. Sonra əlavə etdi ki, xəstə itlər digər itlərin yanına buraxılmır. “Həmin it müəyyən müddət karantin keçib, müalicə almalıdır”.
Mərkəzə gələnlər daha çox “ovçarka” istəyir
D. Paşayev sahibsiz heyvanların mərkəzə edilən müraciətlər və reydlər əsasında tutulub gətirildiyini deyir. Burada itlər müalicə olunduqdan sonra istənilən şəxs onları ödənişsiz götürə bilər. Lakin onun it saxlamaq üçün şəraiti olub-olmadığı öncədən öyrəniləcək. Verildikdən sonra bir müddət keçdikdən sonra ona baxış da keçirilə bilər.
Menecer burada itlərin bir qayda olaraq sterilizasiya olunaraq təbiətə buraxıldığını dedi: “Məqsəd odur ki, Azərbaycandakı sahibsiz heyvanları tutub sterilizasiya edək və onların sayı artmasın. Avropada bu üsuldan istifadə olunur. Kim isə bazardan pul verib it alana qədər, buradan pulsuz it götürə bilər. Dünyanın heç bir yerində bütün heyvanları bir mərkəzdə cəmləmək mümkün deyil. Onlar üçün ayrıca kabinələr olmalıdır. Bütün itlər bir yerdə qala bilməz. Ancaq bir-birinə yaxın olanlar bir kabinədə yaşaya bilərlər. Dünyada belə bir yer yoxdur. Elə isə Azərbaycanın yarısında belə mərkəz tikmək lazımdır.
Elə itlər var ki, onlar lap körpəlikdən burada böyüyüblər. Onlar sonra xoş əllərə verilir. Müəyyən qədər it aparanlar olub. Lakin bura gələnlərin çoxu “ovçarka” istəyir. Belə ki, bu cins itə hər bir filmdə rasta gəlinir. Onun reklamı daha çox olduğundan, insanlar həmin cins it istəyirlər. Əslində burada çoban itləri var ki, onlar “ovçarka”dan daha güclüdürlər. İnsanlar buna o qədər də maraq göstərmirlər”.
“İtləri öldürməklə onların sayı azalmayacaq...”
D. Paşayev bildirib ki, dövlətin dəstəyi olsa, işimizi daha da gücləndirərdik: “Öldürməklə onların saylarını azaltmaq mümkün deyil. İtlər bir neçə vaxtdan sonra balalayır və sayı daha da artır. Odur ki, öldürmə taktikasının mənası yoxdur. Bunun qarşısını almaq üçün yalnız sahibsiz itləri axtalamaq lazımdır. Dövlət dəstəyi olsa, bunu proqram çərçivəsində həll edərik. Hazırda Mərkəzdə baytar-həkim günə 5 iti əməliyyat edə bilir. Bura 20 baytar cəm olunsa, o zaman daha çox it axtalanar. Lakin baytarların maaşını vermək üçün maliyyə lazımdır. Bundan başqa, əməliyyat zamanı lazım olan dərmanlar, xüsusən keyidicilər də müəyyən məbləğ tələb edir”.
Mərkəzin media-meneceri bildirdi ki, dövlət dəstəyi olarsa, bu üsulla şəhərində sahibsiz heyvanların azalmasını təmin etmək mümkündür: “Bu üsulla itlər arasında quduzluq da olmayacaq. Belə ki, onlar birdəfəlik peyvənd olunurlar”.
Klinikada sahibsiz pişiklər üçün də müəyyən yer ayrılıb. İnsana o qədər də zərəri dəyməyən bu zərif heyvanda ya reydlər zamanı toplanıb, ya da insanlar tərəfindən mərkəzə təhvil verilib. Onların saxlandığı otaqlara baş çəkdikdə digərlərindən fərqlənən iki pişik gördük. Birinin bir ayağı, digərinin isə hər iki gözü anadangəlmə şikəst idi. Lakin burada onlar hər cür qayğı ilə əhatə olunmuşdu. Otaqlarında qurulan kondisioner də onların rahat olmasını təmin edirdi...
Bəlkə də bu reportajdan sonra müəyyən dövlətin qurumları da sözügedən mərkəzə maraq göstərəcək. Mövcud iş daha səmərəli təşkil etməsi üçün maliyyə yardımı da edəcək. Biz buna ümid edirik. Elə heyvanlar da...
Anar Kəlbiyev
Foto: Elçin Ağayev