Ötən həftə anamın Astanadan olan rəfiqəsi Kuralay Bayandina qızı Maya ilə bizdə qonaq idilər. Yayın bu cırhacırında Daşkəndə gəzməyə gəlmişdilər. Qeyd edim ki, iyun ayının 25-dən avqustun 5-nə kimi Özbəkistanda 45-60 dərəcəyə kimi istilər olur. Bu qırx günü yerli adamlar “yay çilləsi” adlandırırlar. Səhər saat 9:00-dan axşam saat 19:00-a kimi evdən bayıra çıxmaq qeyri-mümkündür. Ancaq yerli sakinlər buna öyrəncəlidirlər. Elə bu isti günlərin birində Maya ilə Səmərqəndə gedib, bu qədim şəhəri ziyarət etmək fikrinə düşdük. Daşkəndin mərkəzi dəmir yolu kassasından bilet almaq istəyəndə, mənə irad tutdular ki, Daşkənd qeydiyyatın yoxdur. Mən isə onlara səfirliyin konsulluq qeydiyyatında olduğumu söylədim. Ümumiyyətlə, özbək məmurları, adi kassirlər belə, aeroportdan tutmuş adi idarələrinə qədər vətəndaşlara problem yaradırlar. Bakıdan və ya Astanadan Daşkəndə uçanda Daşkənd aeroportunda gömrükdən keçmək üçün 2-3 saat gözləyirsən. Çünki gömrükçülər əl çantasından tutmuş, yüklərin içərisinə qədər hamısını bir-bir yoxlayır, bəzən gətirdiyin pulları da bir-bir sayırlar. Vay o günə ki, səhvən gedəndə və ya gələndə üstündəki pulun miqdarını deklorasiya vərəqində 5-10 dollar az və ya çox göstərəsən, bu səhv pulun miqdarından asılı olaraq, sərnişin üçün həbsə düşməyə səbəb ola bilər. Ən yaxşı halda üzərində olan artıq dolları konfiksasiya edirlər.
Bəli, qeydiyyatıma görə adamı ütən istinin altında səfirliyə gedib arayış gətirməyə məcbur oldum. Növbəti dəfə başqa kassaya yaxınlaşdım. Bu kassir isə heç pasportuma fikir vermədən, mənə də bilet yazdı. Gəl indi burda yanıb tökülmə də.... Biri deyir elə, biri deyir belə.... Bax belə anlaşılmazlıqlar da bu şəhərdə çox olur.
Bazar günü səhər saat 08:00-da “Afrosiyab” adlı sürət qatarına minib, Səmərqəndə yola düşdük. Belə sürətli qatardan Taylandda olanda tez-tez istifadə edirdim. İnanmağım gəlmirdi ki, yəni Özbəkistanda da belə komfort?!... Ümümiyyətlə, Azərbaycan Özbəkistadan bir çox şeylərdə qabaqda olsa da, deyəsən Dəmir Yolu xidmətində geri qalır. Bizdə heç vaxt görə bilməyəcəyiniz gülərüzlü ekipaj üzvləri qayğımıza çox səmimi qalırdılar. Xidmət türklər demişkən “10 numara”. Amma onu da vurğulayım ki, nə qədər gözəl xidmət də göstərsələr, bizim çaydan dünyanın heç bir ölkəsində süfrəyə gətirə bilmirlər. Adama elə çay verirlər ki, anam demişkən “söysələr daha yaxşıdı”. Öz aramızda özbəklərin dəmlədikləri çaya “ağ çay” deyirik.
Maya təhsilini türkcə aldığı üçün türk dilində danışmağı çox sevir, bundan əlavə ən azı hər söhbətinin sonunda fikirə gedir və “ben İstanbulda yaşamak istiyorum yaaaaa” nidalarıyla az qalır ağlaya. İstanbulla bağlı o qədər xəyalları var ki, adamın ürəyi ağrayır ona qulaq asanda. Əlimdə olsa, onun üçün İstanbulda şərait yaradardım.
Maşınla 5-6 saata gedəcəyimiz yolu sürət qatarı ilə 2 saat yarıma gəldik. Gecə gec yatıb, səhər də tez durduğumuzdan çox yorğun idik... Bütün yolu demək olar ki, mürgüləmişdik. Səmərqəndə çatandan sonra vağzaldan birbaşa yol aldıq bunların guya, ən prestijli restoranı olan “KarimBek” restoranına... İnanın ki, bizim rayonlara gedən yollarda olan ən geridə qalmış kafelər bundan min dəfə samballıdırlar. Baxmayaraq ki, turist şəhəridi və hər turizm fəslində 300 min turisti qəbul edir... Xidmət sıfır, natəmizlik... hətta Mayanın şorbasının içindən taxta qırıntısı da çıxdı. Güc-bəla ilə onu sakitləşdirdim ki, heç kimlə dalaşmasın, yoxsa çılğınlığı tutmuşdu.
Mən 7 il öncə Səmərqənddə “Şərq təranələri” festivalında olmuşdum, ola bilsin ki, yaşım az olduğundan o vaxt bu mədəni və tarixi abidələr diqqətimi elə də cəlb etməmişdi. İndi isə “Şərqin incisi” adlandırılan, 2750-dən çox yaşı olan, 2001-ci ildən UNESCO-nun maddi sərvətləti siyahisina qəbul edilən bu şəhər tarixi ilə məni hetyrətə gətirdi. İstər-istəməz Məhəmmd Füzulinin “Heyrət ey büt, surətin gördükdə lal eylər məni” beyti yadıma düşdü. Muzey bələdçiləri ilə söhbət etdikcə, elə bilirdim ki, “Muhteşem yüzyıl” serialındakı sultanların həyatını canlı izləyirəm. Onu da qeyd edim ki, Səmərqənddə yaşayan özbək və taciklərin demək olar ki 75%-i poliqlotdurlar. Bəziləri kurslara gedib öyrənir, bəziləri isə elə tursitlərlə danışa-danışa uşaqlıqdan dili bilirlər. Uşaqdan tutmuş böyüyünə kimi ingilis, ispan, rus, türk, ərəb, fars, italyan, koreya, yapon, çin və başqa dillərdə elə səlist, gözəl danışırlar ki, adamın ürəyi açılır. Mən ümumiyyətlə çox dil bilən və hansısa musiqi alətlərində ifa edə bilən insanlara qibtə edirəm.
Bələdçi ilə öncə Reqsitan ansamblna gəldik. XVII əsrdə tikilib başa çatan bu ansambl orta əsrlərin 3 möhtəşəm Şərq memarlıq abidəsini özündə əks etdirir:
Uluqbek mədrəsəsi, Şer-Dor mədrəsəsi, Tilla-Kari mədrəsəsi. Bu 3 mədrəsə bir-birindən ölçülərinə və dekorasiyasına görə fərqlənirlər. Yerli camaatın “Şirli bina” adlandırdıqları Şer-Dor mədrəsəsi Uluqbek mədrəsəsinin güzgüdəki əksi formasında tikilib. Tarixdən bildiyimiz kimi, Ulugbek böyük sərkərdə Əmir Teymurun sevimli nəvəsi olub. Bu mədrəsə XVII əsrdə Səmərqəndin əmiri olmuş Yalanqtuşa Bahadurun əmri ilə 17 ilə tikilib. Onun tikintisindən 10 il sonra isə Tillə-Kari mədrəsəsi tikilib. Tillə kari “qızıldan düzəldilmiş” kimi tərcümə olunur. Əvvələr bura baş məsçid olub. Onun içində “Qızıl məscid” adlandırılan ziyarətgah da var.
Hələ Əmir Teymurun dövründə yəni 14-cü əsrdə Reqistan meydanında böyük sərkərdənin və onun ardıcılları olan dövlət başçılarıının apardığı müharibələrin başlamasını və uğurla bitməsini qeyd ediblər. Çox qəribədir ki, cəzaya layiq olan insanların edamları da məhz bu meydanda yerinə yetirilib. Demək özlüyündə Registan həm bayramların, həm də göz-yaşları və qan-qadanın meydanı olub. Tarixi mənbələrdə onu da qeyd edirlər ki, böyük sərkərdə Əmir Teymur dövlətləri və şəhərləri işğal edib gəldikən sonra bu meydanda marş paradı keçirərmiş, Səmərqəndin əhalisinə yağmalayıb gətirdiyi nemət və qənimətlərdən paylayarmış. Registan həm də Mirzə Uluqbeyin tələbələrinə dərs öyrətdiyi elm ocağı olub. Tarixin bu daş yaddaşı görün nələrin şahididir!!!
Reqistanda turistlər üçün, milli və əntiq əşyaların satıldığı saysız-hesabsız dükanlar var: ipək örtüklər, əl işləmələri, milli özbək geyimləri və s. şoppinqi sevən hər bir qadını bura bağlaya bilər. Onu da deyim ki, bu cəhətdən Buxara və Səmərqənddə manufaktura sənətkarlığı çox inkişaf edib. Yerli əhali öz ailəsini əl əməyi ilə dolandırır. Amma onu da qeyd edim ki, “Mango”nun endirimləri burda olmur. Hər satılan əşyanın konrket qiyməti var. Çox israr edəndə bir az endirim edirlər. Maya özünə ipək şarf, əntiq şamdan və özü ilə aparmaq üçün bir neçə hədiyyələr aldı. Bu dükandan çıxanda, bir milis nəfəri (Özbəkistanda polis hələ milis adlanır) yaxınlaşaraq, Reqistanda gəzmək üçün bilet alıb-almadığımızı soruşdu. Hər yerdə olduğu kimi, burda da turistlər belə yerləri gəzmək üçün müəyyən məbləğ ödəyirlər. Milis (əslində bu mühafizə milisidir) üzərində 13000 som yazılan muzey biletini uzadıb, “hərəniz 10000 versəniz bəsdir” dedi. (1 dollarin ekvivalenti bazar kursu ilə 2800, dövlət kursu ilə təqribən 1900 somdur). Başa düşdüm ki, altdan-altdan pul qazanır.
Bir-iki dükan da gəzdikdən sonra, milis yenə bizə yaxınlaşaraq, indi də dedi ki, yalnız həftədə bir dəfə Uluqbəy mədrəsəsinin minarəsinə sərbəst çıxıb ordan şəhərin panoramasını izləmək olar. Və başladı qiymət oxumağa “hərəniz 30000 som verin, açarı verim sizə çıxın izləyin, heç vaxt yadınızdan çıxmayacaq”. (30000 min som bazar qiyməti ilə hardasa 12 dollar, bank qiyməti ilə 19 dollar). Mən “bəyəm biz ora hansısa bir ziyan vurmağa çıxırıq ki, bu qədər pul verək sizə?” - deyə soruşanda, milis nəfəri birdən-birə qiyməti endirib, “yaxşı hərəniz 10000 verin” deyib açarı bizə uzatdı.
Heç fikirləşməyə də macal vermədi. Kaprizləri ilə hər kəsi canından bezdirməyə qadir olan Maya, bu dəfə də milisə deməyə söz tapdı:
“Biz nə bilək orda nə var, indidən sizə o qədər pul verək, yarsını indi veririk, yarsını da düşəndən sonra”.
Milis cavabında “yaxşı çıxın, düşün pulu sonra ödəyərsiniz” dedi. Uzun sözün qısası, başladıq minarəyə çıxmağa... Öncə asan gəldi, 2-ci mərtəbəsinə qalxdıq və gördük ki, tikinti işləri gedir. Tikinti deyərkən, yəni bizdəki kimi tarixi abidələri söküb, yeni tikililər yox, sadəcə içində olan nasazlıqları aradan götürərək, bərpa işləri aparırlar.
2-ci mərtəbədən minarəyə çıxmağa pilləkəni tapmaq üçün dolanıb durduq və nəhayət balaca və qaranlıq bir giriş tapdıq. Onu qeyd edim ki, 50 dərəcə istidən qovrulmağımız bir yana, susuzluq bir yana, buranın da tozu adamın nəfəsini kəsirdi. Başladıq yıxıla-dura hər pilləkəni 70-80 santimetr olan olan 33 metrlik Minarənin başına çıxmağa...
Özü də ziyarətə getdiyimiz üçün, uzun ətək geyinmək qərarına gəlmişdik. Ağ ətəklərimizlə pilləkənlərin tozunu “süpürdük”. Artıq ayaqlarımız getmirdi, amma elə bil ki, orda Allah adama güc verir. Həm də bir ümidlə çıxırıq ki, şəhərə baxacağıq... Min-bir əzabla təpəyə çatanda gördük ki, bir az günəşin işığı düşür və dəmir örtüklə örtülmüş minarənin ağzında balaca dairə var, hansı ki, bir nəfər başını çölə güclə çıxardır... Xeyli güldük düşdüyümüz bu vəziyyətə. Növbə ilə şəhərin panoramasını izlədik, doğurdan da gözəl idi bu hündürlükdən Səmərqəndi izləmək. Və, indi isə düşmək vaxtıdır... Sən demə enmək daha çətin imiş: işıq yox, ətəklər ayağımıza dolaşır, istidən qan-tər içində, bir tərəfdən də o qədər gülmüşük ki, əməllicə taqətdən düşmüşük. Bir də eşidirik ki, həmin milis yenə kiminsə başını bişirib, pulun alıb minarəyə buraxıb. 2 sevgili minarəyə dırmanır.
Çətinliklə də olsa minarə səyahətimizi sona vurduq.
Minarədən endikdən sonra, elə qan-tər içində Tilla-Kari mədrəsəsinə “Qızıl məscidə” baxmağa getdik. Buranın da divarlara hopmuş tarixi gözəllik, naxışlar adamı heyran edir. Səmərqənddəki tarixi abidələrin üzərində olan naxışlar Nəqşibəndi məktəbinin ən gözəl nümunələridir. Hər daşında, hər naxışında bir tarix, bir nəqqaşın yadigar qoyub getdiyi iz yaşayır. Buranın tarixindən günlərcə danışmaq olar, amma internetdə axtarıb baxsanız və yaxud gəlib gəzsəniz, daha yaxşıdı, mən tarixi elə dərindən bilmədiyim üçün ancaq yadımda qalanları yazıram.
Bu muzeylərdə Əmir Teymurun dövründən tapılan pul sikkələri, boşqablar və başqa məişət əşyaları da gələn turistlərin marağına səbəb olur. Muzeylə urək dolusu tanış olduqdan sonra, su axtarışına çıxdıq. Axtara-axtara gəlib yenə Uluqbek mədrəsəsinin əhatəsində olan bulaq başına çatdıq. Bulağın başında dayanan 3-4 yaşlı oğlan uşağı bizi görən kimi “Assalom aleykum” deyərək salamlaşıb yol verdi. Özbəkistanda yaşından və kimliyindən asılı olmayaraq, hər kəs üzbəüz gəldiyi, tanıyıb-tanımadığı adamla beləcə salamlaşır. Bu günə kimi böyüklərə hörmət və ümumiyyətlə bütün milli adət-ənənələr qorunub saxlanılır. Əl-üzümüzü yuduq, ayaqlarımızı da soyuq suda saxladıq bir xeyli. İndi də ayaqlarımız necə donmuşudusa, getmirdi. Bir sözlə həmin gün ayaqlarımıza vermədiyimiz əzablar qalmadı, bir gündə nələrlə üzləşdi yazıq ayaqlar. Və bu yerdə xalq şairi Nəbi Xəzrinin bu yaxınlarda Modern.az saytında dərc olunan “Ayaqlarım” şerini xatırladım:
“Mən dünyanı addım-addım dolaşmışam.
İndi baxmır sözlərimə ayaqlarım”
Reqistandan çıxmaq istəyəndə balaca bir qəfəsə gözüm sataşdı... İçində sarı bülbülə oxşayan bir quş cəh-cəh vurub keçənlərə baxıb, bu isti günəşin altında çırpınırdı. Çox pis oldum, bəs-bəlli azadlıq istəyirdi.
2 saat Reqistanı gəzdikdən sonra yol aldıq Qur-Əmir türbəsinə. Bu türbəni Əmir Teymur erkən ölən və ən çox sevdiyi nəvəsi Məhəmməd Sultan üçün tikdirib. Əmir Teymurun özü Şəhrisəbzdən olsa da, hətta özünün orda dəfn edilməsi üçün məqbərə tikdirsə də, son məqamda ən sevimli nəvəsinin yanında basdırılmasını vəsiyyət edib. Bundan əlavə Teymurun oğlanları Şahrux və Miranşah, nəvəsi Uluqbəy, müəllimi Sultan Abu Səidin oğlu Mir Səid Baraka və Uluqbəyin övladları “Qur Əmir” məqbərəsində dəfn edilib. Məqbərənin baş tərəfində “naməlum qəbir” isə deyilənlərə görə Səid Ömərin qəbridir.
1941-ci ildə Əmir Teymurun qəbrini açmaq istəyiblər. Halbuki, Əmir Teymur ölərkən vəsiyyət edibmiş ki, qəbrinə toxunulmasın, ziyan taparlar. Həqiqətən 1941-ci il 22 iyun günü səhər saat 4-5 arası Əmir Teymurun qəbri açılarkən, almanlar da dünyanın sahibi olmaları üçün hazırladıqları Barbarossa planını həyata keçirərək, Sovetlər birliyinə hücuma keçdilər. Bələdçi onu da dedi ki, Böyük sərkərdənin qəbri açılanda, oradan gözəl bir ətir yayılıb, büküldüyü ipəklər isə əsrlər keçsə belə, öz keyfiyyətini itirməyibmiş. 7 dünya hökmdarının qəbri memorialın alt qatındadır, üst qatda isə qəbirlərin maketidir. Alt qata, düşmək hər adama nəsib olmur, anamın Daşkənddən etdiyi bir zəng ilə bizi böyük sərkərdə Əmir Teymurun məzarı üstünə buraxdılar. Böyük sərkərdənin adına Yasin oxuyub, dualar xətm elədikdən sonra namaz qılıb vidalaşdıq.
Hər adama Böyük Əmir Teymur babanı ziyarət etmək qismət olmur, mən artıq ikinci dəfə idi buranı ziyarət edirdim və bu mənə böyük şərəf idi. Anama minnətdaram ki, məni uşaqlıqdan belə şəxsiyyətlərə dəyər verməyi, sevməyi öyrədib.
Daha sonra Daniyel (Davud, Danil, Danilla) Peyğəmbərin məqbərəsinə baxmaq üçün Əfrasiyab şəhərçiyinə yollandıq. Məqbərəyə girəndə maral başına oxşayan və dağın içindən bitən ağac diqqətimizi çəkdi və dedilər ki, bu ağacın şəkili dəfələrlə fotomüsabiqələrdə qalib olub. Mənbəyi Düşənbədən gələn Siab çayının üst qatında yerləşən bu məqbərəyə tək müsəlmanlar deyil, hətta xristianlar və yəhudilər də gəlib səcdə və dua edirlər. Daniyel Peyğəmbərin qəbrinin uzunluğu 18 metrdir. Əfsanəyə görə, onun bir qolu Əmir Teymur tərəfindən Səmərqəndə gətizdirilib burda basdırılıb ki, torpaq bərəkətli olsun. Çünki ona həm də “Bərəkət Peyğəmbər” deyirlərmiş. Digər bir tarixi mənbə və əfsanədə qeyd olunur ki, guya Həzrəti Ömər Daniyel Peyğəmbəri belə dəfn etdirir ki, yəhudilər onun meyitini tapıb, oğurlamasınlar. Bir başqa mənbədə isə boyu çox uzun olduğu üçün qəbrini uzun ediblər və s. kimi fərziyələr irəli sürülüb. Meyitinin əsas hissəsi isə Türkiyədə olduğu iddia edilir... Müxtəlif mənbələrdə müxtəlif rəylər var bu barədə, dəqiq tarix heç kimə bəlli deyil. Bundan əlavə Daniyel Peyğəmbərin məqbərəsində yaşı 650-dən çox olan bir fıstıq ağacı var. Davud Peyğəmbərin keşiyini çəkən yaşı 650-dən çox olan bu ağac, deyilənlərə görə uzun illər idi ki, çiçəkləmirdi. 1996-ci ildə Səmərqəndə qonaq gələn Moskvanın və bütün Rusiyanın patriarxı müqəddəs II Aleksey ağaca Davud Peyğəmbərin məzarının yaxınlığında olan dirilik bulağından müqəddəs su çiləyir. Və möcüzə baş verir: bundan sonra ağac çiçəkləyir və bar verir. Hətta ağac çiçəkləyəndən sonra burada xatirə şəkilləri çəkdirənlər də var. Yəni bu möcüzəyə yerli camaat da öz gözü ilə şahid olub. Bu fistıq ağacına dilək ağacı da deyirlər. Dünyanın dörd bir yanından müsəlman, xristian və yəhudilər Davud Peyğəmbərin ziyarətinə gəlib dua edir, deyilənlərə görə diləkləri qəbul olunur.
İndi isə yolumuz Uluqbəyin tikdirdiyi rəsədxanaya idi. Əmir Teymurun sevimli nəvəsi olan, böyük mütəfəkkir, filosof, fizik və astronom Uluqbəyin əmri ilə Səmərqənddə 1428-29-cu illərdə ilk rəsədxananın tikintisinə başlanılır. Rəsədxana tikilib qurtarandan sonra diametri 46,40 metr, hündürlüyü isə 30 metrdən artıq olur. Dünyanın bütün astronomları Uluqbəyin astronomim ölçü vahidləri ilə işləyirlər. Uluqbəyin ölçü vahidinə görə 1 ulduz ilinin ölçüsü 365 gün, 6 saat, 10 dəqiqə, 8 saniyədir. 1900-cü ildə astronom Nyukomba isə bu ölçünü 365 gün, 6 saat, 9 dəqiqə, 6 saniyə hesablasa da, yenə də alimlər daha çox Uluqbəyin ölçü vahidinə üstünlük verirlər. Əfsuslar olsun ki, ötüb keçən müharibələr, illərin zərbəsi bu rəsədxanadan heç nə saxlamayıb. Təkçə tarixi mənbələrdə olan çertyojlar və tarixi əsərlər rəsədxana haqqında dəqiq bilgilər verir. Bir də ki, rəsədxananın alt hissəsindəki 3 metrlik dərinlikdə saxlanılan tarixi abidə həmin rəsədxananın şahidi və yadigarıdır. Bu da Şərqin böyüklüyünun bir təsdiqi.
İndi sə Bibi Xanım məscidinə yol aldıq. Hindistanı zəbt etməyə gedərkən bu məscidi Əmir Teymurun sevimli xanımı Bibi Xanım onun qələbəsinin şərəfinə inşa etdirib. Bibi Xanım məscidində kitabı xatırladan bir abidə var. Deyilənə görə övladı olmayan qadınlar bu abidənin altındaki dairələri niyyət edib keçəndə istəyinə yetişir, ana olur.
Dəmir yolu vağzalında tanış olduğumuz taksi sürücüsü tacik Mannan əkə bizi canla-başla şəhərdə gəzdirdikdən sonra Səmərqənd vağzalına gətirdi. Vağzaldan Səmərqənd çörəyi aldıq. Necə deyərlər Parisdən ətirsiz, Romadan şoppinqsiz, Dubaydan texnologiyasız, Lənkərandan çaysız və Səmərqənddən də çörəksiz qayıtmaq ağılsızlıqdır. Hətta qatara minəndən sonra baxdım ki, hamının əlində Səmərqənd çörəyi var. Buranın çörəyinin dadı, ətri dünyanın heç bir yerində yoxdur və aylarla saxlasan da, nə ətrini itirir, nə də keyfiyyətini.
Saat 12:30-dan 17:00-a kimi vaxtımız beləcə keçdi. Qatarda yenə həminki gülərüz ekipajla Daşkəndə qayıtdıq. Minarəyə dırmanmağımızın bədəlini isə 3 gün əzələ ağrısı ilə ödədik. Maya ilə yaşadığımız bu 10 gün içində bir-birimizə o qədər öyrəşdik ki, indi onların getməyinə üzülürəm.
Mən də onu Azərbaycana dəvət etmişəm, gələcəyinə söz verib... Görək bizdə başımıza nələr gələcək...
Ləman Ağayeva
***
Həmçinin oxu:
Taylandda yaşadıqlarım... - Banqkok gündəliyim - FOTOLAR
//modern.az/articles/11636/1/