Bazar günü olmasına baxmayaraq, istirahət etməkdən imtina etdim. Çünki Milli Mətbuat Günü qüsurlu uşaqlarla görüşümüz var idi. Bu internatdakı uşaqlar evimizdə, qonşuluğumuzda gördüyümüz balacalara bənzəmir. Onlar kimi yaxamızı tutub bizi dondurma, kanki almağa darta-darta aparmır. Çünki bizi dartmağa ya fiziki gücləri, ya da əqli şüuru çatmır...
Budur, artıq 7 saylı internat evinə çatmışıq. Millət vəkili Fuad Muradov milli mətbuat və özünün doğum günündə fiziki və əqli qüsurlu uşaqlarla görüşüb, onlara öz hədiyyələrini verəcək. Amma görüşə, qonaqların gəlişinə hələ bir saat var idi. Fürsətdən istifadə edib özüm-özümə dedim ki, 7 saylı internat evinin balaca sakinləri ilə söhbət edim.
Hələ ki gözə dəymirlər. Amma maraqlı bir mənzərəni görməmək də mümkün deyil. Qüsurlu uşaqların müxtəlif vasitələrdən düzəltdikləri əl işləri insanın gözünü oxşayırdı. Ona görə yox ki, bu əl işlərindən daha heç bir yerdə görməmişdim. Göz oxşayan o idi ki, bu uşaqlar ətrini vurub qabını zibil qabına atdığım sadə ətir qabını elə gözəl dəyərləndirib əl işi düzəltmişdilər ki, heyranlığımı, zibil qabına atdığım ətir qabları üçün peşmanlığımı dilimə gətirməsəm də, ürəyimə gətirməyə məcbur buraxdı. Və ya adi bir çay dəsmalı üzərində elə sərrast, insan ruhuna sakitlik gətirən naxışlar düzülmüşdür ki, vallah 100 ildə yaşasam heç ağlıma da gətirməzdim ki, çay dəsmalından nəsə bu cür gözəl əl işi düzəltmək olar. Bəlkə də düz deyiblər allah insandan birini alanda birini verir. Çünki bu uşaqlar adi bir kağız yerə düşəndə onu götürüb ondan nəsə bir şey ixtira edib ortalığa çıxardırlar. Çünki onlar qüsurlu olmalarına baxmayaraq bir şeyi dərk etməkdə çətinlik çəkmirlər ki, həyatda yerə düşən kağız kimi heç nə lazımsız deyil. .....
Vaxt-vədə yetişdi, biz hətta 7 saylı uşaq evinin direktoru ilə müsahibə də almışıq, qonaqlar da gəlib. Millət vəkili, parlament jurnalistləri yığışıb bir yerə. Fuad Muradov uşaqlara hədiyyəsini verir, parlament jurnalistlərinin sədri Elşad Eyvazlı isə mətbuat günündə də uşaqlarla birlikdə olmağa üstünlük verən jurnalistlərə hədiyyələr təqdim edir. Deputatın “Bəs sizdən kimin ürək sözü var?” deməsinə Turanə adlı fiziki qüsurlu qız “Şuşanın dağları” mahnısı ilə cavab verir...
Nahar yeməyi yeməyə hazırlaşan uşaqlar hisslərini müxtəlif cür büruzə verirdilər. Ən çox diqqəti cəlb edən isə millət vəkilinin doğum günü tortunun kəsilməsi anı idi. Uşaqların əksəriyyəti elə ürəkdən ad günün mübarək oxuyurdular ki, elə bil ki, ən əziz bayramları idi. Bəlkə də uşaqlardan çoxunun heç anlayışı yox idi ki, dərk etmirdilər ki, kimin doğum günü idi. Əsas o idi ki, onlar üçün sevinmək, oxumaq üçün mövzu və məkan var idi. Oğlan saçlı, adını bilmədiyim bir qızın ürəkdən dəfələrlə doğum günü mahnısını oxuması da bunu sübut edirdi. Sadəcə insana xoş gələn o idi ki, nəyinsə xətrinə oxuyub şənlənmirdilər, ürəkləri istədikləri üçün belə sevinirdilər. Bu dəfə də səmimiyyətdə üstünlüyü onlar əldə etdi....
Artıq uşaqlar yeyib qurtardı, indi onlarla söhbət etmək olar. Düzü, 20 yaşlı Nəzakətin nə üçün hələ də orada qalmasını deyə bilmərəm, amma millət vəkili üçün düzəltdiyi Azərbaycanın gerbindən görünürdü ki, çox bacarıqlı qızdır. Ona yaxınlaşaraq soruşdum ki, Nəzakət, bu əl işi üçün nə qədər vaxt sərf etmisən və nə əcəb sərgilərə çıxardıb satmırsan. Deyir ki, onun əl işlərini hətta Brilyant Dadaşova ilə Ədalət Şükürov da konsert zamanı alıblar. Ən bahalı əl işi isə 100 manat olub. Məlum olur ki, bunlar Nəzakətin birinci əl işləri deyil, bu yaxınlarda “Eurovision” mahnı müsabiqəsində Nəzakət Heydər Əliyev fonduna gül butaları tikib. Üstündə Azərbaycanın bayrağını və gerbini əks etdirib. Elə təzəcə söhbətimizi Nəzakətlə qurtarmışdıq ki, sarışın balaca bir qız foto müxbirimizə yaxınlaşıb oğlan məni də çək dedi. Çevrilib baxanda gördük ki, bu hamının sevimlisi balaca Dianadır. Əqli qüsurlu Diana ilə söhbət etmək istəsəm də, məni anlamaqda çətinlik çəkirdi. Soruşdum ki, neçə yaşın var cavabı belə oldu: 2-5. Qırıq-qırıq danışıqlarla suallarıma cavab verirdi. Deyirdi ki, dostlarım yoxdur. Aş xoşlayıram. Soruşdum ki, ən sevimli oyunun hansıdır, cavab verdi ki, şəkərbura oyunu. Milliyyətcə rus olan Diana lap balacalıqdan bura gətirilənlərdəndir. Nə ana görüb nə də ata. Ümumiyyətlə, valideyn haqqında təsəvvürü olmayanlardandır. Diana bir kəlmədən bir ürəkdən gülürdü. Gülüşü qüsurluluq əlaməti olsa da, onun xoş simalı üzünə bir az da sevimlilik qatırdı. Diana ilə söhbət etdiyimizi görən Könüldə bizə yaxınlaşdı. O da foto çəkdirmək istəyirdi.
Diana ilə müqayisədə bir az dili söz tutan Könül də sevimli yeməyinin dolma olduğunu, ümumiyyətlə isə yaşının olmadığını dedi. Tərbiyəçisindən öyrəndik ki, doğurdan da Könülü bura polis gətiribmiş. Çünki körpəlikdən küçəyə atılan uşaqlardan imiş və dəqiq yaşı bilinmir. Hətta balaca qızlar mənimlə də foto çəkdirdilər. Gözləmədiyim anda isə məni hər ikisinin öpmələrinin xoş təəssüratı bəlkə də bir neçə gün getməyəcək. Amma onu da öyrəndim ki, burada heç də yaşı 18 olmuş uşaqlar qalmır. Hətta yaşı 24-ü keçmiş bəzi qüsurlu insanlarda hələ də getməyib. Bu uşaq evinin keçmiş sakini Vityanın ailəsidir. Özü işdə olduğundan yoldaşı Vəfa ilə söhbət etdik.
“Artıq 4 il olar ki, Vitya ilə evlənmişik. Mənim heç bir qüsurum yoxdur. Vityanın əqli qüsuru var. Hazırda o, təmizlik idarəsində işləyir. 180 manat maaş alır. Getməyə yerimiz yoxdur. Əslində onu göndərirlər böyük qüsurlu insanlar üçün yerlərə sadəcə istəmirik ki, qapı-qapı internatları gəzək. Qətibə xanım deyirdi ki, Saray qəsəbə bələdiyyəsi bizə 3 sot torpaq verəcək. Yoldaşım zəng etdi dedilər ki, nə torpaq, heç nə yoxdur. Ona görə də hələ də buradayam”.
Digər uşaqlı ana Aynur isə Ramana əlillər evindən gəlib. “İki uşaq anasıyam .1-ci qrup əliləm. Ora təmirə bağlandığına görə gəlmişəm. Sosial təminat naziri ev tikdirib, bir həftəyə, 10 günə evimə gedirəm. Anam da burada yanımda qalır bir təhər uşaqlarımı böyüdürük. Soruşdum ki, sənin üçün çətin deyil ki, qüsurlu uşaqlar içində uşaq böyütmək. Niyə çətin olmur, çətindir. Amma hərəni öz diliylə başa salırsan. Yoldaşım da var. Sadəcə onun qüsuru yoxdur”.
Beləcə söhbətimizi bitirib uşaqların tərbiyəçilərlə birlikdə un məmulatları bişirdikləri yerlərə və onların kollektiv əkib-becərdikləri bostana jurnalistlər və millət vəkili ilə birgə baş çəkdik.
Şahanə Rəhimli
Elçin Ağayev