Sabir Çoporoğlu: “İlk çəkdiyim rəsm də elə neft buruqları olub”
Hər birimiz xəyal dünyamızda arxasınca rənglər qatarını apara bilən rəssama çevrilirik. Amma əsl rəssam isə ayrı bir dünyanın qonağı, bəzən isə sakinidir. Mən də bu dəfə göylərdə özünə məkan və zaman ayıran rəssamın, Sabir Çopuroğlunun qonağı oldum. Onun emalatxanası bir az dağınıq və səliqəsiz, amma dərin məna qatı ilə əhatə olunan rəsmə bənzəyirdi. Bu rəsmdə hər şey var idi. Uşaqlıq, gənclik, tələbəlik və rəssam kimi formalaşdığı məqamlardan tutmuş hər şey.... Beləcə bir rəngdən min rəng çalarını yarada bilən söhbətə başladıq.
Uşaqlığım yeni tapıntılara yol açdı...
Yaddaşımın bir küncündə uşaqlığımın bəzi xatirələri qalıb. Əsas da heç vaxt unuda bilməyəcəyim, bu sənətə gəlməyimə bir təkan kimi yol açan evin küncündə şüşə bankanın içində olan Naftalandan gətirilən müalicəvi neft idi. Nənəmin ağrısı olanda ondan istifadə edirdi. Mən uşaq olduğum üçün onun tam olaraq nə olduğunu bilmirdim. O qara maye məni nədənsə özünə doğru çəkirdi və bir gün o qara mayeni əlimə tökdüm, sonra da gözüm ağ divara sataşdı. Başladım divarda şəkil çəkməyə. Hər yeri qaralayandan sonra nənəm məni döydü. Mən uşaq vaxtı çox dəcəl olmuşam. Amma dörd, ya beş yaşım olanda xəstələnmişdim və heç yeriyə də bilmirdim, iməkləyirdim. Sürünürdüm və divarlara yapışırdım. Amma bu da mənə nənəmin neftini axtarıb tapmağa mane olmurdu. Həm də bu qara maye mənim o qədər xoşuma gəlmişdi ki, harda görsəydim götürürdüm və fəaliyyətə keçirdim.
Bir neçə illər sonra digər bir məqam da məni rəsm çəkməyə doğru apardı. Rayon yerində yayda qış sobalarını dəyişib həyətə qoyuruq. Nənəm mənə dedi ki, o sobanı çıxart. Mən də çıxardam, amma o zaman gördüm ki, əllərim qaraldı. Başladım əlimi yeni ağardılmış divara sürtməyə. Elə o vaxt nənəm süpürgə ilə belimdən vurdu.
Uşaqlığımız daima rənglərin içində keçir, çünki uşaqlar hər kəsdən daha rəngli və təmiz görür bu dünyanı. Uşaq vaxtı hər birimiz bu rənglər dünyasında rəsm çəkmişik və hamımızın da rəngli boya, qələmləri olub. O demək , deyil ki, hamı gələcəkdə rəssam olacaq. Amma məndə rəsm çəkməyə olan bu maraq ölmədi. İçimdə bir alov var idi ki, mən bu işi davam etdirməliydim. Get-gedə də bu həvəs artdı.
Orta məktəbdə oxuduğum illərdə ilk rəsm sərgim keçirildi....
Bu duyğular məktəb illərində daha da artdı. Harda ağ parça, ya kətan görürdümsə, o dəqiqə kəsib üstündə şəkil çəkirdim. Sonra nənəmin klyonka süfrələrinin arxasında rəsm çəkirdim və sonra da hamısını balaca-balaca kəsib yığırdım. Buna görə də evdə məni həmişə döyürdülər. Bir gün gördüm ki, nənəm onlardan çox alıb, amma sonra harasa gizlətdi ki, mən tapa bilməyim. Mən də nə gizli olurdusa elə bil əlimlə qoymuş kimi tapırdım. Rayon yerində yorğan döşəyi üst-üstə yığırlar. Mən də onların içindən tapırdım. Döyülsəm də öz işimdən əl çəkmirdim. Orta məktəbdə müəllimlərin də mənim bacarığımı görüb dəstək olmağa çalışırdılar. İsa Allahverdiyev, ədəbiyyat müəllimim Süleyman Süleymanov, rus dili Mehman müəllim və başqalarının adını çəkə bilərəm. Amma mənim paxıllığımı çəkənlər də var idi. Bu sahədə mənim uşaqlığım belə keçdi. Amma elə ilk sərgim də orta məktəbdə olub. Ədəbi kəsimin bəzi nümayəndələrinin, Nizami, Füzuli və Nəsimi və başqalarının rəsmlərini elə ədəbiyyat kitabına baxıb yaratmışdım.
Bəxtim bircə valideynlərimin ayrılmağında məni sınağa çəkdi...
Mənim uşaq vaxtı bəxtim bircə şeydə gətirmədi. O da mənim bir yaşım olanda valideynlərimin boşanması idi. Məni də anamın anası öz himayəsinə götürdü. Həm anam, həm də atam özünə ailə qurdu, amma mən nənəmlə qaldım. Uşaqlığım orta məktəbi bitirənə kimi rayonda keçib. Özüm öz üzərimdə çalışırdım və mənə kömək edən olmurdu. Bu istedad mənə bir vergi kimi verilmişdi və yorulmadan rəsm çəkirdim.
Zəhmətkeş insanları daima rəsmlərimdə yaratmışam....
Əmək adamları, zəhmətkeş insanlar daima məni çox maraqlandırırdı. Bəzən saatlarla oturub onları müşahidə etmişəm. İş prosesi mənim rəsm çəkməyimə bir kömək olub. O zaman insanlar camışla iş görəndə onların rəsmlərini çəkirdim. Daha sonra oyunçuluqla, maldarlıqla bağlı silsilə rəsmlərim var. Sonra xalça üçün iplərin düzəldilməsi prosesini izləyirdim. İndi də bunların hamısı mənim gözümün önündədir.
Atlara qəribə bir bağlılığım var...
Uşaqlığımda olan bəzi məqamlar hələ də mənim yaddaşımda unudulmaz bir an kimi həkk olub. Bu xatirələrimdən biri də mənim rəhmətlik babamla bağlıdır. Mənim babamın yaxşı bir qara atı var idi. Həmişə kəndə odun qırmağa, ya ot biçməyə gedəndə məni də atın tərkinə mindirib aparardı. Bəlkə də atlara olan marağım və həvəsim də ordan yaranıb. At mənim sevdiyim heyvanlardan biri idi. Babam məni ata mindirəndə əlimdə bir taxta da götürürdüm və arada atı vururdum ki, tez getsin. Babam da deyirdi ki, “bala, atı vurma bizi yıxar”. At da çox sürətli qaçan at idi. Uşaqlıq illərimin ən yaxşı anları bunlar idi.
Rəssamlıq Məktəbinə sənəd qəbuluna gecikdim...
Məktəb illəri bitdi və hər kəs fikirləşirdi ki, özünə bir sənət seçsin. Mənim də rəsm çəkməkdən qeyri bir yolum yox idi. Gecə-gündüz ancaq rəssam olmağı düşünürdüm. Mən Gürcüstanda yaşasam da, Azərbaycan rəssamları haqqında çox şeyləri bilirdim. Azərbaycana gəlib Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmaq istəyirdim. İmtahanlara gecikdiyim üçün indiki Bakıxanov qəsəbəsində olan peşə məktəbinə qəbul olundum və üç il orda təhsil aldım. Burda heykəltəraşlıq və ağac üzərində oyma işlərini öyrəndim. Orda təhsilim bitəndən sonra Gürcüstana qayıtdım və Tiflis Rəssamlıq Akademiyasının hazırlıq kursuna daxil oldum. Burda da bu sənət sirlərini öyrəndim. Orda məşhur heykəltəraş Merab Delvenişvili ilə tanış oldum və məni öz emalatxanasına götürdü. O vaxt çətinliyim var idi və arxamda da duranım yox idi. Mən o zamanlar çox ağır işlərdə, hətta bütün günü ağır fəhlə işində də çalışırdım. Amma axşamlar evə yorğun gələndə yenə də rəsm çəkə bilirdim. O saat bütün yorğunluğum gedirdi. Merab Delvenişvili kimsəni öz yanına götürməzdi, amma məndə nəsə onu cəlb etdi və o hər zaman mənə qarşı bir ata münasibəti göstərdi.
Neftlə ilk tanışlığım və uşaqlığımdan xatirələr....
SSRİ-nin dağılmağa başladığı illərdə bizi də Gürcüstanda incitməyə başladılar və biz də bir azərbaycanlı kimi öz ölkəmizə pənah gətirməli olduq. Burda da mən öz peşəmdən əl çəkmirdim və daima nəsə bir yenilik axtarırdım. Bakı neft şəhəri olduğu üçün mən neft buruqlarına baxmaq istəyirdim. Ona görə də mənə Bayılda olan neft buruqlarına getdim. Amma əvvəl oranı bəyənmədim, çünki hər yan zibilli və töküntülü idi. Sonra o köhnə taxtadan olan neft buruqlarını gördüm və uşaqlığımdan bəzi məqamları, Naftalan nefti ilə ağ divarlarımızı rənglədiyimizi xatırladım. Günün altında yerdə parıldayan o qara mayeni gördüm. Əlimə götürəndə baxdım ki, bu neftdən mən gözəl rəsmlər yarada bilərəm. Xülasə o neftdən gətirib rəsmlər çəkdim , amma şəkil axırdı qarışırdı bir-birinə. Ona görə də neftlə əsər yaratmaq üçün xüsusi texnologiya ixtira etmək lazım idi. Mən neftə xüsusi qatqılar, tez quruması üçün laklar əlavə edərək xüsusi bir maddə aldım. İlk çəkdiyim rəsm də elə neft buruqları olub.
İlk üç əsərimi 1000 $-a bir almana satmışam.....
Bəlkə də çoxları “Passaj” deyilən yerdə rəssamların yığıldığını xatırlayar. Amma sonralar oranı bağladılar və rəssamlar pərən-pərən düşdü. Mən də ilk dəfə əsərlərimi sarışa elə bu “Passaj”da çıxartdım. Əsərlərim daha çox xaricilərin marağına səbəb olurdu. Gəlib yaxından baxırdılar və nə olduğunu soruşurdular. Mən də “oil” deyirdim. O zaman çox böyük təəccüblə mənə baxırdılar. Amma mən hardasa 5-6 il olardı ki, neftlə rəsmlər çəkirdim. Sadəcə gizlədirdim və heç kimə də göstərmirdim. İlk dəfə məndən 3 rəsmimi bir alman ailə aldı. Onlar neft şirkətində çalışırdılar və axşam şəhərə gəzintiyə çıxmışdılar. Sonra neft şirkətində olan müqaviləsi bitdi və onlar öz ölkələrinə döndülər. Amma gedəndə mənə öz telefon nömrəsini saxladı və mənim də əlaqə nömrəmi aldı. Sonra günlərin birində almaniyalı qonaq məni öz ölkəsinə dəvət etdi və orada böyük maraqla qarşılandım. 2006-cı ildə isə Almaniyada keçirilən II beynəlxalq simpoziumda iştirak etdim. Simpoziumda 16 dövlətdən 32 rəssamın əsərləri nümayiş olunurdu. Ancaq onların arasında neftlə işlənmiş əsərlərim daha böyük marağa səbəb olmuşdu. Alman mətbuatı bununla bağlı geniş təqdimat keçirdi, reklam kampaniyaları təşkil olundu. 2007-ci ildə isə bu ölkədə keçirilən fərdi boyakarlıq sərgisində I yer və I dərəcəli diploma layiq görüldüm. Hazırda Almaniyada, xüsusilə də Köln şəhərində çoxlu sayda əl işim saxlanılır. Beləcə, rəsmlərim böyük tamaşaçı auditoriyası toplamağa başladı.
Milli ruh və milli düşüncə tərzinə yansıyan rəsmlər
Rəssam ümumiyyətlə milli olmalıdır və xalqının həyatı ilə yaşamalıdır. Rəssamın damarlarımda öz xalqının qanı axmalıdır. Rəssam hər şeydən öncə unikal bir insan olmalıdır və öz xalqının mədəniyyətini, tarixini və musiqisini insanlara çatdırmağı bacarmalıdır. Keçmişi və müasir zamanı da öz boyaları ilə yansıtmalıdır. Bildiyimiz kimi Azərbaycan çox qədim tarixə malikdir və onun qədim xalça, abidə və tarixi məkanları var. Mən daha çox bu incəlikləri çatdırmağa çalışmışam. Rəssam öz özəl fikirlərini də bu rəsmlərə qoymağı bacaramalıdır, onlar şəkil kimi yox tam olaraq reallıq kimi görsənsin. Buna görə də rəssamla fotoqraf arasında fərq olmalıdır. Dahi rəssamlar öz əsərlərində ən incə məqamları belə göstəriblər. Elə bizim dahi rəssamımız olan Səttar Bəhlulzadə öz əsərlərində Azərbaycan xalqının ən incə məqamlarını da çatdıra bilib.
Mənim də çox yadda qalan əsərlərim “Qarabağ şikəstəsi”, “Borçalı harayı” və xalçalarla bağlı olan rəsmlərimdi. Amma çox heyfslənirəm ki, bu əsərləri satmışam. Pul yeyildi getdi, amma ikinci dəfə o əsərləri yarada bilməyəcəm.
Rəqibim ancaq oğlum sayıla bilər...
Mənim sənətimi davam etdirən və rəqibim sayılan oğlum Rəhim var. Ona neftlə rəsm işləməyin texnikasını və sirlərini də öyrətmişəm. Rəhimin özünün də çox gözəl əl qabiliyyəti var. Bu sahədə bəzi tələbələrim olub, amma onlarda bu bir maraq olduğu üçün sonra sönüb gedib. Amma rəssam gərək heç vaxt daxilindəki yanğını sönməyə qoymamalıdır. Mən bu sahənin patent sənədini də almışam. Hamı bilir ki, bu yenilik mənim adımla bağlıdır. Mən bütün dünyada hələ neftlə rəsm çəkən belə birinə də rast gəlməmişəm və ilk dəfə mənim ixtiram olub.
Son dövrlər Qarabağla bağlı silsilə rəsmlər çəkirəm...
Axır vaxtlar silsilə yazılar üzərində çalışıram və Qarabağla bağlı böyük bir seriyanı tamamlamaq istəyirəm. Borçalı və Abşeron mövzularında silsilə rəsmlər çəkmək barədə fikirlərim var. Daima çalışıram ki, rəsmlərimdə Azərbaycan xalqının tarixini, mədəniyyətini əks etdirə bilim.
Könül Səid
Foto: Elçin Ağayev