Modern.az

Məmur alimlər - Kimin hansı elmi adı var? - I

Məmur alimlər - Kimin hansı elmi adı var? - I

Reportaj

28 İyul 2012, 08:00

Alim olmaq hər bir ali təhsilli üçün əlçatan olub. Elmi dərəcə alanların elmə hansısa bir yenilik gətirib-gətirmədikləri başqa yazının mövzusudur.
Bu yazıda isə biz yüksək vəzifələr tutan məmurların hansı elmi adlara malik olduğunu araşdırmağa çalışacağıq. Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin marağını cəlb edib. Yüksək post tutan məmurlar arasında alimlik dərəcələrinə sahib olan xeyli şəxs var. Maraqlıdır, kim hansı elmi dərəcə daşıyır?

Beləliklə, ...
 
2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışan Yaqub Eyyubov ixtisasca inşaat mühəndisidir. 1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki seçilən Yaqub müəllim texnika elmləri doktoru, professordur.

Baş nazirin digər müavini Elçin Əfəndiyev də elmi dərəcəyə malikdir. Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi titularına malik olan Elçin Əfəndiyev filologiya elmləri doktoru, professordur.

Təhsil naziri Misir Mərdanov riyaziyyatçıdır. Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, 2006-cı ildə isə "Şöhrət" ordeninə
layiq görülən Misir müəllim fizika-riyaziyyat elmləri doktoru, professordur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da elmi dərəcəsi olan məmurlar sırasında yer alır. Əli Abbasov 1981-ci ildə mikroelektronika sahəsində disertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb.
1993-cü ildə "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə disertasiya müdafiə edib və texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Nazir 1996-cı ildə İnformatika sahəsində professor elmi adını alıb.

1997-ci ildən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsində çalışan Qərib Məmmədov biologiya elmləri doktorudur. O, əvvəlcə 1978-ci ildə namizədlik dissertasiyası müdafiə edərək torpaqşünaslıq ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb. Sonra 1991-ci ildə Dnepropetrovsk Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək ekologiya ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Q.Məmmədov həmin ixtisas üzrə professordur.
400-dən çox elmi əsərin, o cümlədən 21 monoqrafiya və kitabın, 20 metodik tövsiyyə və kitabçanın, Azərbaycan torpaq və torpaqların ekoloji qiymətləndirilməsi xəritələrinin müəllifidir. Onun rəhbərliyi altında 35 nəfərdən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb. Bir sıra beynəlxalq elmi qurumların üzvüdür.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də elmi titullu məmurlardandır. O, 1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb.

Uzun illərdir ölkədə keçirilən bütün seçkiləri yola verən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fizika-riyaziyyat elmləri doktoru, professordur.

Ali məktəblərə qəbul imtahanları ilə əlaqədar hazırda mətbuatın və ictimaiyyətin diqqətində olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
M.Abbaszadənin rəhbərliyi altında bu gün ən kütləvi tirajla dərc olunan nəşrlərdən biri - “Abituriyent” jurnalı yaradılıb. Redaksiya şurasının üzvü olduğu jurnalda dərc edilən elmi-metodiki materialların çoxu M.Abbaszadənin bilavasitə iştirakı ilə hazırlanır. O, 1994-cü ildən başlayaraq qəbul imtahanlarının nəticələrinin elmi-metodiki təhlilinə həsr olunan “Abitiriyent” jurnalının yekun 12-ci buraxılışında dərc edilən silsilə məqalələrin müəllifi, jurnala əlavələr kimi nəşr edilən 100 yaxın adda müxtəlif dərs və metodiki vəsaitlərin həmmüəllifidir. M.Abbaszadə 60-dək elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov da elmi dərəcəyə malikdir. 1975-ci ildən 1978-ci ilədək aspiranturada oxuyan Elman müəllim 1986-cı ildə iqtisad elmləri namizədi olub.
1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil alıb.
2011-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə iqtisad elmləri doktoru dərəcəsinə layiq görülüb.

Ardı olacaq…

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI