Qalayçı: “Güllə düzəltmək, samovar təmir etməkdən sərfəlidir”
Dünyada olduğu kimi, bizdə də “ölü peşələr”in sayı heç də az deyil. Artıq bütün zəmanə ilə ayaqlaşmaq lazımdır deyə, çoxluq bu peşələrdən imtina edib.
Can verməkdə olan peşələrdən biri də qalayçılıqdır. Buna görə də qərara aldım ki, bu dəfə həmsöhbətimiz qalayçı olsun. Düzünü desəm, şəhərin ortasında qalayçı tapa biləcəyimə çoxda əmin deyildim. Çünki qalayçı adı gələn kimi hamımızın ağlına ilk olaraq Lahıc gəlir. Amma “Nizami”də yerləşən qalayçı emalatxanası dadıma çatdı.
Emalatxanaya yaxınlaşarkən qapının ağzında bir oğlanın ürəklə samovar sürtdüyünü gördük. Soruşdum ki, qalayçı sənsən? Dedi ki, usta deyiləm, amma 4 ildir ki, ustamın şagirdi kimi işləyirəm. Oğlan özü də nə oğlan! Əsl qalayçıya bənzəyirdi. Üst-başında tozdan, kirdən bir dənə sağ-salamat yer yox idi. Elə bil ki, usta elə özü idi.
Bir qədər gözlədikdən sonra qalayçı şagirdi Pərvizlə birlikdə emalatxanaya girdik. Emalatxana da heç əntiq əşyalar üçün muzeydən fərqlənmirdi. Burada nələr yox idi, İlahi! Cürbəcür samovarlardan tutmuş, qazanlara, satıllara, sərpuşlara kimi hər şey var idi. Soruşdum ki, ay Pərviz, yolun necə düşüb buralara? Dedi ki, bəs əvvəllər ev təmiri ilə məşğul idim. Gördüm yox e əl vermir, insanlar məni çox incidir, keçdim qalayçılığa. Özü də ustamın ən yaxşı, dözümlü şagirdiyəm”
Dedim, qoy usta nahardan qayıdanacan Pərvizlə bir az söhbət edək.
İlk söhbətimiz elə otaqda çoxluq təşkil edən samovarlardan düşdü. Pərviz bildirdi ki, insanların çoxu elə bilir ki, samovarın tarixi ruslardan başlayır. Sən demə əslində belə deyilmiş. “Samovarın yaradıcıları türklərin özüdür. Mən bunu elə-belə demirəm. Hətta Tulada olan muzeylərdən birində də ayrıca bir rəfdə bir samovar haqqında belə biz yazı var ki, “samovar turkov-koçevnikov” (köçəri türk samovarı – red.) adlanırdı.
Samovarın bizim olmamağına baxmayaraq, bizdə olan samovar qədər bəlkə ruslarda yoxdur. Həm də yadigardır, çünki bəylərimiz xanlarımız onları Azərbaycana at arabası ilə gətiriblər”.
Otaqda qəşəng görünüşlü, iri bir samovarı göstərib dedi ki, heç bilirsiniz bunun yaşı neçədir. “Bu samovar 1960-cı illərdən qalıb. Bunu ustam “metallonşik”dən alıb. Satmırıq, özümüz qoymuşuq emalatxanamıza ki, heç olmasa tariximizi biz qalayçılar yaşadaq”.
Bu samovar o qədər göz oxşayırdı ki, adam istəyirdi elə özü alıb aparıb evində saxlasın.
Pərviz onu da vurğuladı ki, bir çox insanlar elə bilir ki, samovarları misdəndir. əslində belə deyil. “Mis istiliyi tez alıb, tez ötürdüyünə görə samovarı misdən deyil, latundan hazırlayırlar. O da ki, qurğuşunla misin qarışığı olan əlvan metaldır. Samovarların qiyməti isə onun quruluşundan, tarixindən asılı olur. Hazırda samovar istehsalı dayandırılıb. Hətta Rusiyada olan Tula samovar zavodu da 1993-cü ildən bağlanıb. Yalnız İranda istehsal olunur, salfet kimi nazik samovarlardır. Onlar o qədər də keyfiyyətli deyil. İndiki dövrdə samovar istehsal etməkdənsə, güllə istehsal etmək daha əlverişlidir. Ondan daha çox pul qazanmaq olar nəinki samovardan. Hərdən elə samovar gətirirlər ki, elə bil zili qoyub üstündən o tərəfə-bu tərəfə keçmisən. Onu düzəldənə kimi bir həftədən çox vaxt gedir. Ona görə də onların bərpa qiymətləri arasındakı fərq də müxtəlifdir. Məsələn, bir samovarımız var ki, onun təmirini 250 manata edirik. Bilirsiniz niyə? Çünki onun detallarını tapmaq üçün haraları gəzməmişik. Pulun elə 200 manatı onun materiallarına gedəcək, özümüzə qalan isə 50 manat olacaq”.
Söhbət etdiyimiz yerdə diqqətimi cəlb edən bir şey var idisə, o da yuxarı rəfdə qoyulmuş döyüşçü papağına bənzər bir əşya idi. Əslində isə elə deyilmiş bu xingal bişiriləndə qapaq rolunu oynayan mətbəx əşyası imiş. “Onu nimçənin üstünə qoyursan ki, xingal bişirəndə buxarı qalxır onun yuxarısına, sonra oradan süzülür tökülür xingalin qıraqlarına, amma xingalın üstünə tökülmür. Kişi evə gəlib girənə, əllərini yuyana qədər soyumur”.
Pərvizlə elə söhbətimizi bitirik. “Usta gəlmədi” deyə getməyə hazırlaşırdıq ki, birdən Usta Yusif emalatxanaya girdi. Söhbətimizi bu səfərdə elə ustanın özü ilə davam etdirdik. Usta deyir ki, elə uşaqlıqdan həvəsi varmış qalayçılığa. “Sadəcə, bizim küçədə belə işlər çox olurdu. Soyuq olanda ustanın yanına gedirdim, bir az söhbət, oyan bu yan maraq yarandı. Bir az deyərdilər ordan tut, bunu düzəlt, elə-elə öyrəndim”.
Dedim, ay usta, şagirdin deyir ki, emalatxananın havası ağır filan deyil, hələ üstəlik, onun sağlamlığı üçün çox yaxşıdır. Amma bayaqdan heç normal nəfəsdə ala bilmirəm, bu nə işdir? “Şagirdimdən fərqli olaraq mənim üçün emalatxanada hava ağırdır. Ziyan olduğunu bilirəm. Amma neyləyəsən, çörəyimiz buradan çıxır. Xeyrə gələndə isə məndə eşitmişəm ki, mislə işləməyin xeyri var. Mislə işləyəndə o dəmir birləşmələrini verir. Qalaylanmış misllərdə yemək bişirməyin də xeyri çoxdur. Qalay filtr rolunu oynayır. İnsanın bədəninə xeyirli olan şeyləri ötürür, paxırlar, yaşıl şeyləri, cəngi özündə saxlayır. İndiki qablar alüminiumdur, paslanmaya tənəkədir, o da ki, o qədər də xeyirli deyil, neytral materialdır, alüminium zərərlidir. Onun tərkibində qurğuşun var, sink var. Alüminium qabda yemək saxlamaq olmaz. Çünki o qablar çöküntülər əmələ gətirir. Acı su əmələ gəlir. Bizim babalarımız həmişə mis qab-qacaqda yeyiblər. Onlar xeyirli metalların bədənlərində birləşməsinə üstünlük veriblər. Amma indiki metalları bilmək olmur nə metaldır. Ucuzluğa görə insanlar onlara üstünlük verirlər. Mis qablar çox ağırdırlar. Gəlinlər, xanımlar onu qaldıra bilmirlər. Amma vaxt olub ki, 20 litr su tutan səhəngin özünün 6-7 kq ağırlığı ola-ola yol gedib, bulaqdan su gətirib çiyinlərinə atıb gətirərdilər. İndiki kişiyə o güyümü versən ki, get su gətir çiynini əzəcək. Çünki insanlarda cılızlaşma gedir. Şükür Allah ki, indiki vaxtda bizim camaat təzədən qayıdıb mis qab-qacağa, samovarın tarixinə baxırlar. İstifadə etməsələr də, evlərində bir güşə tapıb qoyurlar. Bir ara satmağa öyrəşmişdilər. Buradan nə qədər belə mallar İrana , Pakistana aparılıb. Tarixi olmayan millətlər olub ki, bizim qab-qacaqlar ilə özlərinə tarix yaradıblar. Bizim hər qabımız bir tarixdir. Məsəl üçün bizdə bir çil-çıraq var ki, 200 ilə yaxın yaşı var. Bərpa eləsəm dükanın havasından, turşudan qaralacaq. Ona görə təmizləmirəm. Çünki qatı gedəcək, nazikləşəcək. Bu çil-çıraqlar heç elektrik olmayan dövrlərdə neftlə işləyiblər”.
Söhbətin bu yerində usta şagirdi Pərviz onu da dedi ki, qoy bir muzey kimi yer açsınlar bizim bura yığdığımız əşyaları ora qoyaq, eyni zamanda həm sərgi olsun, həm də biz işləyək, gəlib gedən bizi görsün, beləcə tariximiz unudulmasın...
Soruşdum ki ay usta, sən özün necə, evdə emalatxananda nümunə kimi saxladığın mis qablardan istifadə edirsən, yoxsa təzə çıxan “Tefal” qazanlardan? Elə bil ustanın yaralı yerinə toxundun. Dedi, dad elədiyim bir şey varsa, o da “Tefal” qazandır. “Tefal”lar tullantıdan hazırlanır. Həm də “Tefal” adı ilə satılan Çin malları. “Yeməklərin dadı olmur. Alüminium insanın bədəninə düşməndir. İllah da tərkibində sink olan düralüminium. O ağır metaldır. Orqanizm onu həzm edə bilmir. Böyrəkdə , ağ ciyərdə, mədədə qalır, orqanları deşir. Həmçinin insanlar soyuducuda dəmir qazan qoymasalar, yaxşı olar”.
Sən demə, qalayçıların bir problemi material qıtlığı imiş. “Material tapmaq çətindir. Misin 1 kq-mı yayda 8 manat olursa, qışda 122 manata qalxır”.
Usta onu da dedi ki, bu yaşa gəlib hələ tez ölən qalayçı görməyib.
“Tez ölən qalayçı görməmişəm”. Daha sonra onu da öyrəndim ki, hətta tanınmış insanlar da qalayçımıza samovarlarını düzəltirib. “Qarmon çalan Aftandil İsrafilov, Şeyx həzrətləri üçün də samovar təmir etmişdik. Evinə getdik yoxladıq, çay içdik. 118 litrlik samovar idi, onu biz 25 dəqiqəyə qaynatdıq. Rusların patriarxı II Aleksiy qonaq gələndə Şeyx samovarı göstərib demişdi ki, bizim ustalar sizin düzəltdiyiniz keçmiş əşyaları bərpa edib elə vəziyyətə salırlar ki, əvvəlki görünüşündən də yaxşı olur. Onu da deyim ki, odun samovarında su qaynayarkən suyun molekulyar quruluşu başqa formada olur. Çünki bütün hissələrinə istilik bərabər paylanır. İkinci səbəb hisdir”.
Şahanə Rəhimli
Elçin Ağayev