Modern.az

Tibb Universitetinin yeni yataqxanası - FOTOLAR

Tibb Universitetinin yeni yataqxanası - FOTOLAR

Reportaj

6 Sentyabr 2012, 13:18

Yataqxana problemi universitetlərimizin əksəriyyətində hələ də problem olaraq qalmaqdadır. Son dönəmdə isə bu problemlər yavaş-yavaş həllini tapır. Belə ki, bir sıra universitetlərdə bu sahədə islahatlar gedir. Bu islahatlara universitet yataqxanalarından məcburi köçkünlərin köçürülməsi, istifadəyə yararsız binaların yenidən təmiri daxildir.

 

Tibb Universitetinin nəzdində olan 6 saylı yataqxana da bu qəbildən idi. 1989-cu ildən istifadəyə verilməsinə baxmayaraq, 8 mərtəbəli bina istismara yarasız hala düşdüyündən son bir ildə fəaliyyətini dayandırdı. Bu müddətdə bina müasir standartlara cavab verəcək şəkildə tam təmir olunub. Yataqxanada tələbələrin yaşayışı üçün 123 otaq var ki, onlardan 122-i 3 nəfərlik, biri isə iki nəfərlikdir. Hər bir otaq sanitar qovşaqla təmin olunub. Yataqxananın yalnız ikinci mərtəbəsi istisna olmaqla, qalan mərtəbələrində azərbaycanlı tələbələr qalacaq. İkinci mərtəbədə isə əcnəbi tələbələr yaşaya biləcəklər.

Universitetin Həmkar İttifaqının sədri Cahangir Qasımov Modern.az-a bildirdi ki, əcnəbi tələbələr Türkiyə, İran, Pakistan, İraq kimi ölkələrdən olan vətəndaşlardır. “Yemək pulu istisna olmaqla, tələbələrin burada heç bir xərci çıxmayacaq. Burada əsasən məcburi köçkün, şəhid, əlil ailələrin övladlarının qalması nəzərdə tutulur. Əcnəbi tələbələr yataqxanada qalmaq üçün ayda 50 manat ödəyəcəklər. Ümumilikdə, 368 tələbə qalacaq. Yataqxana yalnız oğlanlar üçündür. İkinci kursdan 6-cı kursda daxil olmaqla, təhsil alanlar yataqxanada qala biləcəklər. Birinci kursdan yalnız iki tələbə qəbul etmişik. Tələbələrin axşam saat 10-dan sonra yataqxanaya daxil olması qadağandır. İstirahət otağında isə saat 12-yə kimi televizora baxa bilərlər. Oxu zalında yalnız internet var, tələbələr oxu zalında internetdən istifadə edə bilərlər”. HİK sədri bildirdi ki, universitet yataqxanalarından hər il biri təmir olunacaqdır, təmir işləri davam etdirilir.

Yataqxanada yataq otaqları ilə yanaşı, oxu zalı, istirahət otağı, yeməkxana, mətbəx olsa da, camaşırxana gözümüzə dəymədi. Aydın oldu ki, otaqların təmizliyinə xadimələr nəzarət etsə də, tələbələr yataq dəstlərini və geyimlərini özləri yumalıdırlar. Yataqxananın komendantı Elmar İsmayılov bildirdi, burada yeməkxanada yemək pulu digər yeməkxanalrdan fərqli, çox ucuz olacaq: “Gündə 3 dəfə yemək veriləcək. Yeməyin pulunu tələbələr özləri ödəyəcək. Digər binada ümumi  yeməkxanamız var, oradan yeməklər bura gətiriləcək, və burada qızdırılıb tələbələrə veriləcək”.

 

 

 

 

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI