Avropadan fərqli olaraq, ölkəmizdə bu tibbi əməliyyyat ucuz başa gəlirmiş
Estetik-plastik əməliyyatların bir növü də cinsiyyətin dəyişdirməsidir. Daha çox kişilərin qadın olmaq istəyi üzərinə həyata keçirilən bu cür əməliyyatlar bir neçə il öncəyə qədər bizim ölkəmizin hüdudlarından kənarda baş verirdi. Amma bu gün bizim vətəndaşların da istifadə etdiyi cinsiyyət dəyişmə əməliyyatları nədən artır?
Kimisində anadangəlmə, kimisində sonradan əmələ gəlmiş cins dəyişmək istəyi vaxt keçdikcə, özünü büruzə verir. Dövrümüzdə belə hallar artıq adi hadisəyə çevrilib. Azərbaycanda bu proses adi hala çevrilərək, ildən-ilə artır.
9 nəfər cinsindən imtina edib
Yerli mütəxəssislər deyirlər ki, ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə cinsini dəyişmək istəyənlər bizim həkimlərə daha çox müraciət edirlər.
Azərbaycanda cinsin dəyişdirilməsi əməliyyatlarını həyata keçirən yeganə həkim Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadədir. O, bu əməliyyatları ölkədə 2002-ci ildən reallaşdırır.
C.Əzimzadənin bildirdiyinə görə, cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur.
“Mənim statistikam göstərir ki, müraciət edənlər arasında 4 kişiyə 1 qadın düşür. 2002-ci ildən indiyədək cinsin dəyişdirilməsi üçün təxminən 30-35 nəfər müraciət edib.
Cinslərini dəyişmək istəyənlər 22-30 yaşarası gənclər olur. İndiyədək müraciət edənlərdən yalnız 9-u əməliyyat olunaraq, cinsini dəyişib.
Həmin şəxslərin 1-i qadın, qalan 8 nəfər isə kişi olub. Cinsini dəyişmiş şəxslər əməliyyatdan sonra çevrildikləri cinsin heç bir funksiyasını yerinə yetirə bilmirlər. Məsələn, qadına çevrilmiş kişi ana, kişiyə çevrilmiş qadın ata ola bilməz”.
İran cins dəyişdirmək üzrə birincidir
İran hökumətinin apardığı rəy sorğusuna əsasən, bu ölkədə hər il 300-400 nəfər cinsini dəyişmək üçün əməliyyat olunur. Bunu İranın gey hərəkatının fəalı Ərşam Parsi deyib. O bildirib ki, hər il cinsini dəyişdirən şəxslərin çoxu transseksual deyil:
“Bizim 2004-cü ildə apardığımız rəy sorğusuna əsasən, cinsini dəyişmək üçün əməliyyat olunanların 45%-i homoseksuallardır. Onlar İranda təhlükəsizliklərini təmin etmək və sağ qalmaq üçün əməliyyat olunduqlarını bildiriblər”.
Qeyd edək ki, İran cinsini dəyişmək üçün ən çox əməliyyat edilən ölkələrdən biridir. Bu ölkənin şəriət qanunlara görə, geylər barəsində ölüm hökmü çıxarıla bilər. İndiyədək İranda cinsini dəyişmək üçün edilən əməliyyatların xərcinin bir qismini dövlət ödəyib. Lakin bundan sonra bu cür əməliyyatların xərcini sığorta şirkətləri qarşılayacaq.
Kişilər niyə qadın olmaq istəyir?
Fiziki baxımdan qadına xas özəlliklərə sahib, lakin cinsiyyətinə görə kişi olan insanlar transseksual adlanır. Bu əksinə də ola bilər, qadın olub özünü kişi kimi hiss edənlər də var. Tibb elminə görə, əməliyyatla cinsini dəyişdirmiş transseksuallar artıq bu cür adlandırılmamalıdırlar, çünki artıq o, olmaq istədiyi və özünü hiss etdiyi kimi olur.
Dünyada ilk cinsiyyət dəyişdirmə əməliyyatını amerikalı transseksual kişi Kristin Kongensen keçirib. Dini cəmiyyət bu əməliyyatı yaxşı qarşılamadığından, xəstəxanalara təzyiq edildiyindən transseksuallar cərrahi əməliyyatlar üçün xaricə getmək məcburiyyətində qalıblar. Vaxtilə Amerikada bu cür insanlara ruhi xəstə kimi baxırdılar, belə adamları elektroşokla müalicə edirdilər.
Bəs insanlar nədən bu yolu seçirlər? Niyə bəzi qadınlar kişi, bəzi kişilər qadın olmaq istəyir? Amerikalı alim Cozef Nikolos sübut etdi ki, transseksuallıq nə azğınlıq, nə şəxsi istək, nə də ruhi xəstəlikdir. Alim elmi işində sübut edib ki, bu, bir xəstəlikdir və bu cür insanlar anadan doğulanda bu xəstəliklə doğulur. Xəstəlik özünü gec və ya tez büruzə verə bilər.
Cinsini dəyişdirən məşhurlar
Maraqlıdır ki, bu cür hadisələr Türkiyədə artıq adiləşib. Məhşur türk sənətçisi Bülent Ərsoy da əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı.
1982-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məhşur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəmişdi. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Bülənt ərsoy hətta ərə də getmişdi. İndi də sevgilisi var.
Tanınmış müğənni Zəki Müren də öncə kişi olub, amma daha sonra cinsiyyətini əməliyyatla dəyişdirərək qadın olmağı seçib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Maraqlıdır ki, bu qadağa Zəki Murenə aid edilmədi, o səhnəyə qayıtdı. Amma eyni münasibət Bülənt Ersoya göstərilmədi. Zəki Mürenlə eyni taleyi paylaşan, yəni onun kimi öncə kişi, daha sonra qadın olan Bülent Ersoy uzun müddət səhnədən uzaqlaşdırıldı.
Cinsini dəyişdirmə neçəyə başa gəlir?
Qeyd etdiyimiz kimi cinsiyyət dəyişmə əməliyyatı ölkəmizdə də həyata keçirilir. Azərbaycanda cinsin dəyişdirilməsi 15-30 min dollara başa gəlir. Eyni əməliyyat Türkiyədə 140 min dollardır. Yerli mütəxəssislər deyir ki, ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə cinsini dəyişmək istəyənlər bizim həkimə daha çox müraciət edirlər.
Cinsiyyətini dəyişənlərə dinin münasibəti
Cinsiyyətini dəyişənlərlə bağlı dinin də mövqeyi birmənalı deyil. Dindarların dediyinə görə, Allah insan övladını yaradanda kişi və ya qadın olacağına özü qərar verir. Əgər insan öz orqanizminə gərəksiz müdaxilələr edirsə, gərəksiz əməliyyatlar keçirirsə, o zaman o, Yaradana qarşı çıxmış olur. Yox, əgər cinsiyyəti dəyişmək həyatda qalmaq deməksə, buna din bir söz demir. Yəni, qadın əməliyyatla kişi olmasa və ya əksinə, kişi qadına çevrilməsə həyati təhlükə yaranacaqsa, islam dini buna qarşı çıxmaz. Çünki söz mövzusu insan həyatıdır və insan zamansız Yaradana qovuşacaqsa, bunu önləmək üçün cinsiyyətini dəyişmək çarədirsə, o zaman bu prosses gerçəkləşdirilə bilər.
Gültəkin ƏLƏSGƏR