Qonaq qaldığımız binəni dörd bir tərəfdən dövrəyə almış erməni kəndlərindən birinə getmək istədiyimi deyəndə, fermer dostum Rəhim Omarov telefonunun yaddaşındakı ilk nömrəni yığdı: “Suren, Bakıdan qonağım gəlib. Jurnalistdir. Sizin kənddən reportaj hazırlamaq istəyir”.
Onların dialoqu çox qısa çəkdi. Rəhim Surenlə sağollaşandan sonra üzünü mənə tutdu: “Deyir ki, “nə vaxt gəlsəniz, gözümüz üstdə yeriniz var””.
Nahar yeməyindən sonra Rəhim kəsdiyi quzunu səliqə ilə ağ mələfəyə büküb maşının arxasına qoydu. Bizimlə yoldaşlıq etməyə həvəslə razı olan Salman Hacıyev dərhal izahat verdi: “Qaraçöplülər qonaq gedəndə mütləq özləri ilə quzu kəsib aparırlar”. Rəhim qohumunun sözlərini başı ilə təsdiqləyəndən sonra mühərriki işə saldı...
Kələ-kötür yollar, nimdaş geyimli uşaqlar...
Ağ “Niva” dağlıq ərazidə çətinliklə hərəkət etdiyi üçün şosse yoluna çıxmağımız təxminən yarım saat çəkdi. Rəhim dəftər-qələm çıxardığımı görüb, keçdiyimiz yerlər haqda məlumat verməyə başladı: “Cavaxetiya ermənilərin kompakt yaşadığı bölgədir. Amma yayda bu dağlara Qaraçöp camaatı köçür. Bu yerləri dədə-babalarımız özlərinə yaylaq seçiblər, biz də onların yolu ilə gedirik”.
Ninotsminda rayonuna çatanda Rəhim maşını böyük bir mağazanın qarşısında saxladı. O, mağazaya girib Surenin 2 yaşlı oğlu üçün bir dəst kostyum və bir qutu şokolad aldı. Rəhimdən xahiş etdim ki, çörək də alsın. Dostum təəccüblə üzümə baxdı. Bu dəfə mən izahat verməli oldum: “Ermənilər həmişə bizim çörəyimizi yeyiblər. İstəyirəm ki, bu gün də belə olsun”. Rəhim etiraz etmədi. O, 4 ədəd təndir çörəyi alandan sonra biz yolumuza davam etdik.
Azərbaycanın “Akkord” şirkəti tərəfindən çəkilmiş asfalt yolla bir qədər də gedəndən sonra sola burulub, kələ-kötür yolla irəliləməyə başlayırıq. Məlum olur ki, mənzil başına çatmaq üçün daha 10 kilometr məsafə qət etməliyik. Yol uzandıqca ermənilərin yaşadığı kəndlər bir-bir arxada qalırdı. Diqqətlə ətrafdakı evlərə baxıram. Evlərin hamısının görkəmindən yoxsulluq yağır. Yolun kənarında dayanmış uşaqlar bizə əl edirlər. Onların geyimləri köhnə, üst-başları səliqəsizdir. Hava soyuq olsa da, bu uşaqların çoxu ayaqyalındır. Bir dəstə uşaq arxamızca qaçır. Onların ən yaxşı halda 3-5 ayda bir dəfə maşın gördüyünə heç bir şübhəm qalmır. Ağ “Niva” irəlilədikcə, biz daha acınacaqlı mənzərə ilə qarşılaşırıq. Ermənilərin necə miskin həyat yaşadıqlarını hətta maşının qalın şüşələrinin arxasından da görmək mümkündür.
Ermənilərin oğul sevgisi
Rəhim darısqal bir həyətdə maşını saxladı. Aşağı enməyə macal tapmamış yaşlı bir qadın başımızın üstünü kəsdirdi. O, əvvəlcə Rəhimin, sonra isə Salmanın boynunu qucaqlayıb üzündən öpdü. Rəhim bizi tanış edir. Məlum olur ki, bizi qarşılayan bu qadın Surenin anasıdır. O, bizi Azərbaycan dilində salamladı. Sonra Surenin həyat yoldaşı, qızları bizimlə görüşdülər. Rəhim 2 yaşlı Nikarı qucağına alıb, onunla oynamağa başladı. Surenin anası bizi evə dəvət etdi. Gözlərim Sureni axtarsa da, onu görə bilmədim. Həyat yoldaşı Surenin işdə olduğunu dedi. Qeyri-ixtiyari olaraq Qurbanəli bəyi xatırlayıb, gülümsədim...
Evdəki köhnə əşyalar Surenin kasıb adam olduğundan xəbər verirdi. İki qız, bir oğul atası olan Suren traktorçudur. Böyük qızının 17, ikinci qızının 15, oğlu Nikarın isə cəmi 2 yaşı var. Uşaqların arasında niyə bu qədər yaş fərqi olduğunu soruşanda, Salman belə dedi: “Elə erməni kəndləri var ki, orda oğlu olmayan kişini sonsuz sayırlar”.
Surenin böyük qızı qonaq otağına daxil olub, bizdən nə içmək istədiyimizi soruşdu. Rəhimlə Salman kofe, mən isə su istədim. Beş dəqiqə sonra hər üçümüzü kofeyə qonaq etdilər. Surenin anası mətbəxdə yemək tədarükü görsə də, həyat yoldaşı və qızları qonaq otağına gəlib, bizimlə söhbət etdilər. Bir qədər söhbətdən sonra Rəhimdən xahiş etdim ki, məni kənd camaatı ilə görüşdürsün. Biz evdən çıxanda, Surenin anası qarşımızı kəsib, belə dedi: “Tez qayıdın. Bir az sonra yeməyimiz hazır olacaq”.
Ermənilər 30 dərəcə şaxtada təzək yandırırlar
Dilif Gürcüstanın dağlıq ərazisində yerləşən erməni kəndidir. 250 evdən ibarət olan bu kənddə 1350 nəfər yaşayır. Kənd camaatının əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Dövlət tərəfindən hər ailəyə 3 hektar torpaq sahəsi ayrılıb. Diliflilər əsasən kartof və qarğıdalı əkirlər. Həyətlərin böyük əksəriyyətində meyvə ağacı yoxdur. İnsanlar hətta tualetin ətrafında da kartof əkirlər. Kartof bu zonadakı erməni kəndlərində əsas qida növü sayılır. Nədənsə, diliflilər toyuq-cücə saxlamağa bir o qədər də meyl göstərmirlər. Bu yerlərdə qış çox sərt keçir. Sakinlər deyirlər ki, oktyabrın əvvəllərində yağan qar bir də aprel ayının axırında əriyir. Qışda bəzən bu yerlərdə 30 dərəcə şaxta olur. Qışın soyuq keçməsinə baxmayaraq, diliflilər evlərini təzəklə isidirlər. Buna görə də bütün həyətlərdə üst-üstə qalaqlanmış təzək tayalarına rast gəlmək mümkündür.
Kəndə qaz xətti çəkilsə də, mavi yanacaq hələ verilmir...
Kəndi dolaşarkən Rəhim məni yaşlı bir kişi ilə tanış etdi: “Timur dayı Surenin qıyınatasıdır”. İlk dəfə gördüyüm bu qoca şəstlə mənə əl uzatdı. Əlini könülsüz sıxmağım Timur kişinin diqqətindən yayınmadı. O, köks ötürüb, belə dedi: “Allah Qorbaçovun evini yıxsın. Qorbaçov bizi sizinlə düşmən etdi”.
Timur kişidən Azərbaycan dilini harada öyrəndiyini soruşanda, belə cavab verdi: “Cavan olanda sürücü işləyirdim. Toxum gətirmək üçün tez-tez Azərbaycana gedirdim. Gəncədə, Kürdəmirdə, Göyçayda, Qazaxda yaxşı dostlarım vardı. Göyçayda yediyim narın dadı hələ də damağımdan getməyib. Azərbaycanın hansı rayonuna gedirdimsə, məni payla yola salırdılar. Ermənilərdən görmədiyim hörməti azərbaycanlılardan görmüşəm”.
Timur Barseqyandan necə dolandığını soruşdum. Dedi ki, sovet hökuməti dağılandan sonra xoş gün üzünə həsrət qalıblar: “Ayda 110 lari pensiya alıram. Bir aylıq pensiyam qışda 10 günlük odunumuza çatır. Qatığın-südün hesabına baş girələyirik”.
Söhbət əsnasında məlum olur ki, Dilifdə heç bir iaşə obyekti fəaliyyət göstərmir. Petros Muradyan adlı erməni dedi ki, kənd məktəbi 20 il əvvəl təmir olunduğu üçün qəzalı vəziyyətdədir: “Nəinki bizim kənddə, hətta qonşu kəndlərdə də xəstəxana yoxdur. Ağır xəstəmiz olanda onu min bir əziyyətlə rayon mərkəzinə aparırıq. Bəzən elə olur ki, xəstə yolda canını tapşırır”.
Dilif sakinlərindən üzləşdikləri problemlərlə bağlı niyə Gürcüstan hökumətinə müraciət etmədiklərini soruşanda, hamısı bir ağızdan belə cavab verdi: “Gürcülər erməniləri it yerinə də qoymurlar”.
Petros Muradyan dedi ki, Rusiya-Gürcüstan müharibəsindən sonra ermənilərin vəziyyəti daha da ağırlaşıb: “Əvvəllər Rusiyaya meyvə-tərəvəz aparırdıq. Müharibədən sonra Rusiya öz sərhədlərini bizim üzümüzə bağladı. Kənddə də fabrik yox, zavod yox. Beş-altı inəyin arxasınca nə qədər qaçmaq olar?”.
Bizi dövrəyə almış adamlardan Ermənistana niyə köçmədiklərini soruşdum. Qvidan Saruxanyan adlı erməni üz-gözünü turşudub, belə cavab verdi: “Ermənistan əhalisi acından ölür. Onlara baxanda, biz öz günümüzə şükür edirik. Sərhəddin o tayında camaat yeməyə quru çörək də tapmır”.
Suren məndən nə xahiş etdi?
Rəhimin telefonuna gələn zəng söhbətimizi yarımçıq qoydu. Rəhim dedi ki, Suren bizi evdə gözləyir. Timur kişi ilə birlikdə Surenin evinə qayıtdıq.
Suren həyətin ortasında dayanıb bizi gözləyirdi. Nimdaş geyimli bu erməninin təxminən 45 yaşı olardı. Köynəyinin bir neçə yerində mazut ləkəsi vardı. İlk dəfə qarşılaşmağımıza baxmayaraq, mən Surenin zəhmətkeş adam olduğunu dərhal anladım. O, əvvəlcə Rəhimlə, sonra isə Salmanla köhnə dostlar kimi görüşüb, onların hər ikisinin yanağından öpdü. Sonra mənə yaxınlaşdı. Əlini boynuma dolamaq istəyəndə, geri çəkildim. Suren pərt olsa da, bunu büruzə verməməyə çalışdı. Özünü ələ alıb, belə dedi: “Müəllim, mən heç vaxt Azərbaycan xalqına güllə atmamışam. Biz gözümüzü açandan azərbaycanlılarla dostluq etmişik. Allah azərbaycanlılara güllə atan ermənilərin evini yıxsın. Xahiş edirəm, məni və qohumlarımı həmin adamlarla qarşıdırmayın”.
Suren evə keçməyi təklif etsə də, biz həyətdə söhbət etməyə üstünlük verdik. Rəhim Surenin işləri ilə maraqlandı. Suren həvəslə artıq bizə bəlli olan problemlər barədə danışmağa başladı. Surenin böyük qızı bizə yenə kofe gətirdi. Bir fincan kofe içib Surenin evini, təzək tayasını, kartof tarlalarını fotoaparatın yaddaşına köçürdüm. Sonra fotoaparatı Salmana verib, Surenin evinin qabağında şəklimi çəkməsini xahiş etdim. Suren mənimlə şəkil çəkdirmək istəyəndə isə fotoaparatı söndürüb, maşının arxa oturacağının üstünə tulladım. O, ikinci dəfə pərt oldu. Mən, bu sadə erməninin necə haldan-hala düşdüyünü görəndə özümə söz verdim ki, onu bir daha pərt etməyim. Bir qədər sonra Surenin qıyınatası Timur da gəlib çıxdı. Ermənilərlə söhbətimiz uzun çəkmədi... Bu müddətdə əsasən dolanışıqlarından, azərbaycanlılarla keçmişdəki münasibətlərdən, danışdılar, müharibəni salanları lənətlədilər...
Son söz əvəzi
Göyün üzünü qara buludlar almışdı. Rəhim bu yerlərin təbiətinə yaxşı bələd olduğu üçün bir az sonra yağış yağacağını dedi. Biz dərhal Surenlə və onun ailə üzvləri ilə sağollaşıb, maşına oturduq. Ağ “Niva” yerindən tərpənəndə Timur kişi arxamızca bir stəkan su atdı. Qeyri-ixtiyari olaraq, çevrilib arxaya baxdım. Timur kişinin səsi aydın eşidilirdi: “Yolunuz açıq olsun!”
Yağışa düşməmək üçün Rəhim sürəti bir az da artırdı. Qarşıda bizi uca dağlar gözləyirdi. Bu dağlardan baxanda ətrafdakı erməni kəndləri daha miskin görünürdü...
Seymur Verdizadə
Bakı-Cavaxetiya-Bakı