Modern.az

“Bu kəndə çox şey yox, 10 kilometr gediş-gəliş yolu lazımdır” - ŞİKAYƏT

“Bu kəndə çox şey yox, 10 kilometr gediş-gəliş yolu lazımdır” - ŞİKAYƏT

27 Sentyabr 2012, 16:27

“Şamaxı yollardan başlayır” - bu fikir görkəmli Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin “Aləmdə səsim var kitabı”ndandır.  Əsər elə bu cümlələrlə başlayır. Yol mədəniyyətdir, yol inkişafdır. Bü gün respublikamızın büdcəsi və iqtisadi inkişafı imkan verir ki, bütün yollarımız abad olsun. Hər bir vətəndaşın yolu olsun, yolu olsun ki, bu yoldan da öz yolunu tapsın.

Şamaxının çox ucqarında bir kənd var. Xeybəri kəndi. Bu kənd və kəndin sakinləri  sovetlər birliyi dağılandan sonra yol üzünə həsrət qalıb. Uca dağların qoynunda yerləşən 50-60 evdən ibarət Xeybəri kəndində 10-15 il bundan əvvələ qədər 600-dən artıq adam yaşayıb. Kəndin yolu bərbad hala düşəndən sonra, cavanlar yolu ayaqları altında qoyub, yolu olan qəsəbələrə, şəhərlərə çəkiliblər. İndi kənddə qalanların əksəriyyəti 60-70 yaşdan yuxarı olan qocalardır.

Həmin qocalardan biri Mələksüma Azayevanın dediklərinə heç bir əlavə etmədən, öz dilində yazıram:

“Bu yerlər çox qədimdir. Qorxuram, kənd boşala. Qazan xanın oylağı-yaylağı deyirdilər nənə-babalarımız bu yerlərə. Hətta burda bir bulaq var. “Billə” bulağı. Deyirlər ki, Qazan xan qızı doğulanda onun adına “Billurə” qoyub bu bulağın adını. Biz bu kənddə can qoymuşuq. Tarix yaşatmışıq. 1941-45-ci illərdə Vətən yolunda qurbanlar vermişik, kolxoz-sovxozda işləmişik. Qarabağ müharibəsində canını qurban verən şəhidlərimiz var, iştirakçılarımız var. Bu kənd çox səfalıdır, yaylaqları, dərəsi var, qonaqpərvər insanları var. Mən aidiyyatı orqanlardan, prezidentimizdən xahiş edirəm , Azərbaycanın tam hüquqlu vətəndaşı olan bizim kəndin əhalisi üçün yol çəkilişinə kömək etsin. Biz onun siyasətini dəstəkləyirik.  Dəmirçi kəndindən Xeybəriyə olan yolun uzunluğu 10 kilometrdir. İnanırıq ki, 10 kilometr yolu çəkməyə dövlətimizin gücü çatacaq”.

Xeybəri kəndinin problemləri təkcə bundan ibarət deyil. Kənddəki məktəb binası sonuncu dəfə 80-ci illərdə təmir olunub. Bilgisayarı bu kəndin uşaqları ancaq televiziyada görürlər. Hətta  telefon əlaqəsi saxlamaq üçün rabitə ötürücüsü də yoxdur. Bir telefon ötürücüsü qülləsi olmadığından, mobil telefonla əlaqə saxlamaq üçün kəndin sakinləri ətrafdakı dağlara çıxırlar.  Hər tərəfi uca dağlarla əhatə olunduğundan, qışda bu yollardan maşınlar istifadə etməkdə çətinlik çəkirlər. Ən yaxşı halda, qar yolları tutmayanda, “UAZ” markalı avtomobil  kənd sakinlərinin köməyinə çatır.
 Allah göstərməsin ki, qışın sərt vaxtında dunyasını dəyişən ola. Belə olanda kənddən  uzaqda öləni gətirib doğma kənd qəbristanlığında basdıra bilmirlər. Dəfələrlə qışın sərtliyi ucbatından kəndin sakinlərini yad qəbristanlıqda basdırıblar.  Urəkləri istədiyi vaxt doğmalarının məzarını belə, ziyarətə gedə bilmirlər. Çünki qış vaxtı yollar çox pis və təhlükəli olur.  Mən inanıram ki, aidiyyatı orqanlar, təşkilatlar, habelə Şamaxı şəhəri İcra Hakimiyyəti, Milli Məclisin bu ərazidən səs toplayan deputatı Elxan Süleymanov da öz seçicilərinin problemi ilə maraqlanacaq.  Bu kəndə çox şey yox, 10 kilometr gediş-gəliş yolu lazımdır.





Xeybəri kəndinin şikayətçilərinin arzularını qələmə aldı:

Aida Eyvazova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI