Modern.az

72 yaşlı zərgər: “Adamın üzünə baxıb qızılın oğurluq olub-olmadığını bilirəm” - REPORTAJ

72 yaşlı zərgər: “Adamın üzünə baxıb qızılın oğurluq olub-olmadığını bilirəm” - REPORTAJ

Reportaj

2 Oktyabr 2012, 11:32

Adətən, sevdiyimiz, “gözüm üstə yerin var” dediyimiz insanlar haqqında çox zaman işlətdiyimiz sözlərdən biri də “filankəs qızıl kimi adamdır” kəlməsi olur. Maraqlıdır, bəs qızılla işləyən zərgərlərimizə necə, qızıl kimi adam demək olarmı? Və ya illərlə qızılla işləyən bu ustalarımız heç olubmu ki, qızılın özündən doyub, bezsinlər. Elə bu peşənin nümayəndələrindən biri ilə söhbət etmək məqsədi ilə yollandım Mərkəzi Univermağın yaxınlığında yerləşən qızıl sexinə. Zərgərlər arasında ən yaşlı usta olan Hacı Davudu xeyli çək-çevirdən sonra mənimlə söhbətə razı saldım.

Hacı Davudun 72 yaşı var. 24 yaşından zərgər işləyir. Öz təbirincə desək, xalis abşeronludur, Zirə kəndindəndir. Mənim təəccüblə “nə əcəb abşeronlu zərgər olub” sualıma “elə bizlər zərgər oluruq da” cavabını verdi.

“Əvvəllər mədəndə işləmişəm. Sonra gördüm ki, bu sənətdən xoşum gəlir. Xalam oğlu da tanınmış zərgər idi, hamı ona İbreyim deyirdi. Onun işini görəndə mənə ləzzət verirdi ki, kaş ki mən də zərgər işləyərdim. Elə o zamandan müəllimim İbreyim olub. 24 yaşımdan bu işlə məşğul oluram. Müəllimimi qətiyyən incitməmişəm, çünki bu işə həvəsim olub. Şagird var ki, müəllimini incidir, şagird də var ki, gördüyünü bir dəfəyə götürür. Adətən zərgərlikdə 6 ay şagird olurlar, amma mən 3 ay şagird olmuşam. Mən başqa şagirdlər kimi gümüşdən yox, bir başa qızıldan başlamışam.
Mən bu peşəyə başlayanda Bakıdakı zərgərlər arasında ermənilər, ruslar da çox idi. Məsələn, İbreyimin də ustası bir rus idi. Azərbaycanlı zərgərləri fərqləndirən o olub ki, həmişə işləri şəbəkə ilə bağlı olub. Başqa ölkələrin ustaları şəbəkəni o qədər də bilmirlər. Zərgərlikdə kim şəbəkəni bilirsə, demək o hər bir işi edə bilər. Bu sənətdə ən incə, ən sadə iş nişan üzüyündən başlayır. Şagird gələn kimi nişan üzüyünün hazırlanması tapşırığı verilir. Çünki o, hazırlanan zaman naxışdan istifadə olunmur”.

“Eşitmişəm ki, qızıl kişilərdə qadın hormonlarını inkişaf etdirir”, – deyə soruşuram. Müsahibim isə belə cavab verdi:

“Peyğəmbərimiz buyurub ki, gümüş kişilər üçün savabdır, qızıl qadınlar üçündür. Çünki gümüşün kişi orqanizminə çox xeyri var. Ümumiyyətlə, mənim həyatda zinət əşyalarının heç birindən xoşum gəlmir. Amma iş baxımından ürəyimcə olub ki, düzəltmişəm. Zərgər bir şeyi özü bəyənirsə o, müştərinin də xoşuna gələcək. Eyni zamanda müştəri hər ilin kataloquna görə bəyənir, usta da ona uyğun hazırlayır. Amma ustanın özünün də fantaziyası olmalıdır. Mənim zövqümə qalanda mən heç birini istəmirəm. Gözüm daha alışıb, doyub. Qızıla bir millət kimi çox meylli olmağımız dədə-babadandır. Bizim millət qızıla çox meyllidir”.

Söhbət zamanı Hacı Davud dayının da qızıl dişinin olduğunu gördüm. Düşündüm ki, zərgər dişi də qızıldan olmayıb, nədən olacaq.

“Bu qızıl dişin mənası var. Atamdan yadigar qalmış bir zinət əşyasını satıb qardaşımla özümə qızıl diş qoydurdum. 18 yaşımdan bu qızıl dişlər ağzımdadır”.

İllərdir zərgər işləyən Hacı Davud artıq qadınların psixologiyasını da öyrəndiyini deyir.


“Birdən görürsən ki, kişilər qadınları üçün qızıl əşyası düzəltdirmək istəyir, mən deyirəm ki, o zaman sen get xanımını da gətir. Çünki sən onu taxmayacaqsan. Qadın səni iki ildən sonra məcbur edib deyəcək ki, “mənim elə əvvəldən xoşum gəlmirdi bundan, dəyişdir”. İllərin zərgəriyəm və qızıl məsələsində qadınların zövqünü bilirəm ki, iki il bir qızıldan taxdılar, dəyişdirmək istəyirlər. Qadınlar var ki, “deyir ölürəm bu formadan ötrü”. Vaxt keçir, deyirlər, “əvvəldən elə gözüm tutmamışdı onu”. O zaman deyirəm ki, “özündən söz çıxartma, iki il bundan qabaq bu qızıldan ötrü ürəyin gedirdi””.

“Ay usta, yaman ürəklə dediniz qadınların bu adətini deyəsən evdə başınıza gətiriblər”, – deyirəm.

“Xeyr, xanımım, deməz onu istəyirəm, bunu istəyirəm. Amma nəvəm var ki, orijinal qızıl tələb edir məndən. “Ay baba, elə bir şey düzəlt ki, ondan heç yerdə olmasın”, – deyir”.

Hacı Davud kişi deyir ki, indi xaricdən gətirilən qızıl məmulatlarda forma var, keyfiyyət yoxdur.
“Xaricdən gətirilən məmulatları o qədər də bəyənmirik. Çünki xaricdən gətirilənlərin hamısı ştampdır. Bizdə ancaq əl işləridir. Rusiya qızılının tərkibində isə mis var, gümüş var. Amma xarici qızılın tərkibində sink, xrom, nikel, bir sözlə, tərkibində ucuz metallar olur. Onu alanların  tələbatına səbəb modellərinin qəşəng olmasıdır”.

Yaşlı zərgər qeyd edir ki, artıq kifayət qədər təcrübəsi var ki, satılmağa gətirilən qızılların oğurluq olub-olmadığını bilsin.

“Oğurluq qızıl diş gətirən çox olub. Gətirən adamın elə görünüşünə baxan kimi bilinir ki, bu adam bu qızılın sahibi ola bilməz. Və ya görürsən ki, qızılı dəyər-dəyməzə, ucuz verməyə çalışır, o zaman da başa düşürük məsələni. Çünki mal onun olsa, canı yanar, dəyər-dəyməzə satmaz. Bir dəfə başımıza belə bir hadisə gəlmişdi: bir qadın üzük gətirdi ki, bəs onun brilyant qaşını yerindən çıxart, sadə qaş qoy. Mən şübhələndim, bildim ki, kimdənsə girov götürüb, indi fırıldaq işlətmək istəyir...”.

Hacı Davud deyir ki, qızılla işləyən zərgərlərə heç də “qızıl adam” demək olmaz.


“Bəs zərgərlər qızıl hazırlayarkən müştəriləri çoxmu aldadır” sualıma isə müsahibim “bu barədə danışmaq istəmirəm”, – deyə cavab verdi. Sonra da “onsuz da hamı bilir ki, nə var, nə yox” - əlavəsini etdi.

Zərgərlərimizin qızılı xammal kimi Dubaydan gətirdiyini deyən Hacı Davud 1kq qızıl plitkasının bir neçə nəfər arasında bölüşdürüldüyünü deyir. Qiymətli daşlara gəlincə, usta “onları Hindistanda və başqa xarici ölkələrdə yaxşı tanıyırlar. Bizdə daşlara o qədərdə maraq göstərilmir” dedi.

Qiymətli daşların sarı, qırmızı, yaşıl, ağ rəngləri olduğunu deyən usta ən bahalı daşlardan birinin də yaqut olduğunu vurğuladı.

Sonda ustadan məşhur insanlardan kimin zinət əşyası üçün sexə müraciət etdiyini soruşduqda dedi ki, müğənni Cavanşir Məmmədovdan tutmuş millət vəkillərinə kimi bir çoxlarına zinət əşyaları hazırlayıb.

Şəhanə Rəhimli

FOTO: Elçin AĞAYEV

                                                                                                                                                                              

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi