Ayna və Həmid Sultanovların yaşadığı binada daha kimlər yaşayıb?
Modern.az “Köhnə ev ”adlı yeni layihəyə start verir. Layihənin məqsədi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında rol oynamış şəxslərin vaxtı ilə yaşadığı binalara baş çəkərək, onlara indi həmin evlərdə yaşayanların gözü ilə baxmaqdır.
“Köhnə ev” inqilabçı Ayna və Həmid Sultanovlarla təqdimata başlayır.
Ayna Sulltanova "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan SSR-nin maarif və ədliyyə komissarı və Ali Məhkəmə sədri olub. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda sovet hakimiyyətinin bərqərar edilməsi ilə bağlı olub.
«Kommunist» qəzetinin 1986-cı il 19 aprel tarixli sayında dərc olunan məqaləyə görə, Ayna Sultanova Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış, leninçi bolşeviklər nəslinin şanlı dəstəsinə aid idi. Ona Kommunist Partiyasının və Sovet dövlətinin görkəmli xadimləri M.Əzizbəyov, N.Nərimanov, Stepan Şaumyan və Alyoşa Caparidze ilə birlikdə işləmək nəsib olmuşdu. Ayna Sultanova 1918–ci ildə Zaqafqaziyada hətta bütün Şərqdə Lenin partiyası sıralarına daxil olan ilk qadınlardan biri idi. 1919-cu ilin iyununda Moskvada təhsil almağa göndərilib. Sverdlov adına Kommunist Universitetinə daxil olur. RSFSR Xarici İşlər Komissarlığında işləyir. Həmin illərdə o şəxsən V.İ.Leninlə görüşür.
Sonralar Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya gedən A.Sultanova elə vağzaldaca həbs edilib və 1938-ci il 3 iyul tarixli hökmlə ən ağır cəzaya – güllələnməyə məhkum olunub.
Onun həyat yoldaşı Həmid Sultanov isə Şaumyanın rəhbərlik etdiyi Bakkomuna dövründə Bakı şəhər və rayonları Hərbi İnqilab Komitəsinin üzvü, Bakı Xalq Komissarları Şurasının qəza müvəkkillərindən biri olub. 1919-da Azərbaycan Xalq Cümhuriyyətinə qarşı fəal gizli mübarizə aparıb, silahlı üsyan təşkilatçılarından olub. Xalqımızın işğalçı kommunistlərə qarşı Gəncə üsyanını xüsusi qəddarlıqla qan içində boğub. Minlərlə günahsız yurddaşımızın məhvinə səbəb olub, ancaq sonda kommunistlər onu da “Vətən xaini” adlandıraraq xüsusi qəddarlıqla 1938-ci ildə məhv ediblər.
Budur, artıq qonaq getdiyimiz “Köhnə ev”ə çatmışam. Amma içəri daxil ola bilmirəm. Çünki “Bu evdə Ayna Sultanova və Həmid Sultanov yaşamışdır” barelyefi vurulmuş bina artıq İran səfirliyinin iqamətgahıdır...
Təzada bax!.. Bir zamanlar çadranı atan qadının yaşadığı yer indi qadınları hicaba məcbur edən bir ölkənin - İranın səfirliyinin “evi”dir. Görünür, “kiminin əvvəli – kiminin axırı kəlamı” elə-belə deyilməmiş və doğurdan da tarixin süzgəcindən keçib. .
Elə bu səbəbdən də səfirliyə qonşu olan və üzərində ikinci barelyefdən biri vurulmuş binanın sakinlərinin ovqatını bölüşmək qərarına gəldim.
- Salam. Mən müxbirəm...
Elə təzəcə layihəmizin və gəlişimin məqsədini demişdim ki, evin çöl qapısında dayanmış Səkinə xala sözümü yarıda kəsdi:
- Boy, ay qızım, heç elə olarmı ki, Ayna Sultanovanı mən tanımayam. Şərq ölkələri içərisində birinci diplomat qadın idi. Həm də inqilabçı xanım. Əri ilə bərabər repressiya qurbanlarından olub. Ayna Sultanova, bildiyimə görə, Mircəfər Bağırovun otağında döyülüb, təhqirlərə məruz qalıb. Uşaqlarımız və gənclərimiz Ayna Sultanovanı tanımırlar. Amma onları tanımaq lazımdır, çünki onlar tarixdir və bu yolda həyatlarını qoyublar. Onlara münasibət birmənalı deyil. Bəlkə, Nərimanov, yaxud Əzizbəyov AXC-yə qarşı çıxmırdı? Onlar inqilaba təmiz ürəklə qoşulmuşdular. Ayna Sultanova və yoldaşı bolşeviklərlə başlanğıcda bir idilər, müəyyən məqama gələndə isə şaxələnib ayrılırdılar. Azadlıq uğrunda savaşan bu qəhrəmanlar rus imperiyasının qurbanları olublar.
Səkinə xalanın sözləri ən azı çox mübahisəlidir. Çünki... söhbəti yarıda qoymuram. Ürəyi xatirələrlə o qədər dolu idi ki, fikir dalınca fikir calayırdı:
- 61 yaşım var, amma hər gün bu binanın qarşısından keçəndə elə bilirəm ki, yenə də bağçaya gedən uşağam. Çünki Ayna Sultanovanın yaşadığı bu bina onun ölümündən bir müddət sonra bağça olub. Yadımdadır ki, 1953-54-cü illərdə anam məni ora bağçaya aparırdı. İndi isə mənə pis təsir edən odur ki, həmin bağçanı köçürüblər 134 nömrəli məktəbin zirzəmisinə. Yadımdadır ki, bağçanın pilləkənləri qırmızı xalça ilə döşənmişdi. Eynən teatrı xatırladırdı. Bir də 4 yaşındakı uşaq təəssüratımda binanın içərisindən Leninin yolka ətrafında uşaqların əlindən tutan tablosu qalıb. Yeməyi, içməyi, gəzintisi hər şeyi yüksək səviyyədə olan bağça idi. Sonradan isə Ayna Sultanovanın yaşadığı bina qısa müddətə Azərbaycanın birinci katibi olmuş Teymur Quliyevin iqamətgahı oldu. 1968-69-cu illər də isə orta məktəb şagirdi idim və artıq bina İran konsulluğuna verilmişdi. O zamandan bəri uşaqlığımın şahidi olan bu binaya girə bilməmişəm.
Beləcə, təzəcə söhbətimizi bitirib üst mərtəbəyə qalxırdım ki, nəşriyyatçı Sevda xanımla qarşılaşdım. Çöldə başlayan söhbətimizi onun ofisində davam etdirdik.
- Mən indiyə qədər də bu barədə fikirləşirəm ki, axı Ayna xanım, onun yoldaşı Həmid Sultanov Leninə necə inana bilərdilər...?
Hər gün bu binanın qarşısından keçən Sevda Əlibəyli isə adaşı olan nəşriyyatçıdan fərli olaraq inqilabçılara bir qədər fərqli yanaşanlardandır:
“Onlar o zaman inqilaba inanıblar. Amma təəssüf ki, bu gün qəhrəman sayılmırlar. Qiyməti zaman verir. Mənə elə gəlir ki, Ayna və Həmid Sultanovları günahkar saymaq olmaz. Çox təəssüf ki, zaman onları günahkar saydı. Bu da mənə elə gəlir ki, o quruluşun günahı idi”.
Beləcənə insanlar arasında birmənalı qarşılanmayan bu inqilabçılar haqqında söhbətimizi bitirib binadan ayrılıram.
Hər şeylə bərabər, “Köhnə ev”dən gəldiyim nəticə budur: biz tarixdən ibrət götürə bilmirik və... hətta cəlladlarımıza mərhəmətlə yanaşıb onları əfv edirik.
Şahanə Rəhimli