Modern.az

Sumqayıtdakı partlayışın təsadüfi qurbanı... Həlak olmuş mühəndis-şairin ailəsindən - REPORTAJ

Sumqayıtdakı partlayışın təsadüfi qurbanı... Həlak olmuş mühəndis-şairin ailəsindən - REPORTAJ

24 Oktyabr 2012, 10:22

Mərhumun xanımı: “Nəvələr hələ də elə bilir ki, babaları İrana müalicəyə gedib, tezliklə qayıdacaq”


Hər bir insan nə zamansa öləcəyini bilir, amma bu ölümün rahat olmasını istəyir. Haqqında yazacağımız bu şəxsin ölümü faciəvi olub. Söhbəti ölümdən başlamağımızın səbəbi də bundan irəli gəlir. 1956-cı il təvəllüdlü Babayev Sabir Kərim oğlundan bəhs edəcəyik. Həmin Sabir Babayev ki, sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Məişət malları” ASC-də yanacaq və xammal saxlanılan çənlərdə baş vermiş partlayış nəticəsində faciəvi şəkildə həlak olub.

Modern.az-ın əməkdaşları mərhumun 40 mərasiminin bu ayın 27-si keçiriləcəyini nəzərə alaraq, onun ailəsinə baş çəkib. Düzü, bizi qəbul edəcəklərinə inanmırdıq. Çünki bu haqda danışmaq ailə üçün heç də asan deyil. Amma mərhumun həyat yoldaşı Kübra Babayeva bizi evə dəvət etdi... Söhbətə başladığını andan kövrəldi. Mərhum əri S. Babayevin Qubadlı rayonunun Xocahan kəndindən məcburi köçkün olduğunu deyən Kübra xanım onun çox yaxşı ailə başçısı, üç qız atası olduğunu deyir.
“O, tanınmış mühəndis, şair və çox hörmətli bir insan idi. Kitabı da nəşr edilib. Mərhumun bir xeyli əlyazması indi də durur və gələcəkdə onları çap elətdirmək fikrindəyəm”.

 

Kübra xanım həyat yoldaşının cavan vaxtlarından səyyar tikintilərdə işlədiyini deyir: “Çox ağır təbiətli insan idi. Hamı öz toyunun tamadası kimi Sabir müəllimi görmək istəyirdi. Yas mərasiminə də elə insanlar gəlmişdi ki, heç onları tanımıram. Fikirləşirəm onların borcundan necə çıxacağam. Həyat yoldaşım olduğu üçün demirəm, amma Allah onu başqa cür yaratmışdı. Əlindən hər iş gəlirdi. Evdə nə görürsünüzsə, hamısını özü düzəldib”.

Mərhumun həyat yoldaşı qızlarının üçünün də ailə həyatı qurduğunu deyir. Onun sözlərinə görə, mərhum S.Babayev hər zaman deyərmiş: “Üç qızı böyütmək və onlara elm vermək savabdır”.

“Qızlarımız qonşulara ərə gedib. Rəhmətlik Sabir o qədər yaxşı insan idi ki, hər kəs onunla qohum olmağı fəxr edir. Yemək bişirəndə də qızlar deyir ki, ata indi gələcək. Sonra yada düşür ki, haradan gələcək... Onun ölümünə hələ də inanmırıq”.

Faciə gününü Kübra xanım belə xatırlayır: “Sabir iki il idi ki, işsiz idi. Amma özüm indi də zavodda işləyirəm və normal da dolanırdıq. Qonşu oğlan gəldi ki, Sabir dayı, siz ölçü işlərini daha yaxşı bacarırsınız və həmin zavodda belə bir iş var. Dedi, Şamaxıdan çən gətiriblər, siz onu ölçün, hər bir şeyin təyin edin, biz də qaynaq edək. Deyəsən, həmin çənə mazut dolduracaqdılar... Özü qaynaqçı deyil, amma mühəndis kimi bu işləri bacarırdı. Orada bir çən quraşdırmışdı, işindən də çox razı qalmışdılar”.

Kübra xanım faciə zamanı ölmüş digər şəxsin – qaynaqçı Əbülfət Şəkərəliyevin Sabir Babayevlə 30 ilin dostu olduğunu deyir. “Onunla subaylıq dövründən yaxın idi”.


“Hadisə olan günü mətbəxdə çörək yeyirdik, – deyə Kübra xanım xatırlayır. – Elə bu zaman zavod tərəfdən partlayış səsi gəldi, qara tüstü havaya qalxdı. Əvvəlcə partlayışın şüşə zavodunda olduğunu eşitdim. Elə kürəkənimiz də öz maşını ilə öncə oraya getdi. Özüm də Sabirin telefon nömrəsini nə qədər yığsam da, ona zəng çatmadı. Kürəkənimiz hadisə yerinə çatanda ona deyiblər ki, faciə zamanı 3 nəfər həlak olub”.

Faciədən xeyli sonra Kübra xanım hadisə yerinə gedib. Ərinin həlak olduğundan da burda agah olub. “Ailə üzvlərindən heç kimi meyitlərə yaxın buraxmırdılar. Rəhmətlik Sabirin cəsədi tanınmaz halda idi. Demək olar ki, tam yanmışdı. Onu ağzındakı dişlərindən tanıdım”.

Mərhumun həyat yoldaşı hüzr mərasimində Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovun və Qubadlı rayonunun icra başçısı Malik İsaqovun ailəyə baş çəkdiyini deyir. Amma Kübra xanım rəsmi şəxslərdən heç kimi görmək istəmədiyini deyərək onlarla təmasa girməyib. Faciənin baş verdiyi “Məişət malları” ASC-nin sahibi isə hüzr yerinə gəlməyib, amma təmsilçiləri onun adından başsağlığını çatdırıblar.


Ailəyə kompensasiya verilib-verilmədiyi və məbləği haqda K.Babayeva danışmaq istəmədi. “Rəsmi şəxslər qaynımla söhbət edib. Mən o məsələlərdə yaxın durmamışam. Bu yaşımda kompensasiyaya ehtiyacım da yoxdur. Onu qəbul edə bilmirəm. Lazım olsa, evimi satacağam, o barədə heç nə deməyin, başım havalanır. Sabirin ölümündən sonra mənə heç nə lazım deyil”.

“Sıravi fəhlədən soruşun ki, dolu çənlər olan yerdə qaynaq işi aparmaq olarmı?!” – deyə mərhumun xanımı zavod rəhbərliyinə etirazını bildirir. Kübra xanımın narazılığı tam əsaslı səslənir. Amma bu etirazın ünvanına çatacağına, təqsirkarların cəzalandırılması ilə nəticələnəcəyinə o inanırmı?..

Deyəsən, yox...

Kübra xanımla bərabər, mərhumun dörd nəvəsi onun üçün darıxır. Söhbətimizi bitirəndən sonra mərhumun nəvəsi şair babasının bir şeirini bizim üçün söylədi. Nənə böyük nəvəsinin tez-tez ondan babasını soruşduğunu deyir. O isə hər dəfə belə cavab verilir: “Baba İrana gedib, gələcək”. Bir dəfə xəstəliyi ilə bağlı ora getdiyi üçün, uşaqlar elə düşünür ki, S.Babayev həqiqətən İrana gedib. Amma böyüyəndə həiqəti biləcəklər...

Anar KƏLBİYEV

Foto: Elçin AĞAYEV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI