Axirətin əlamətləri - Həzrəti Mehdi zühur edəcək, sur çalınacaq, Günəş Qərbdən doğacaq...
“Haqq olan qiyamət!
Nədir qiyamət?!
Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
Sur bircə dəfə üfürüləcəyi;
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
Məhz o gün (vaqə olacağına həç bir şübhə olmayan) qiyamət qopacaqdır!
Və (göy) süst düşüb parçalanacaqdır!
Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Pəyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
O gün (ey insanlar!) siz (haqq-həsab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!
Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!"
Bundan belə o, xoş güzəran içində,
Yüksək bir Cənnətdə olacaqdır.
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
(Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!"
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi!
Hesabımın nə olduğunu bilməyəydim!
Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).
Mülküm (səltənətim) də məhv olub getdi!"
(Allah dərgahından bələ bir nida gələcəkdir: ) "Onu tutub qandallayın!
Sonra da Cəhənnəmə atın!
Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
Çünki o, böyük olan Allaha inanmırdı.
O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmir, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.
Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
İrindən başqa bir yeməyi də yoxdur.
Onu ancaq günahkarlar yeyər!"
(1-3, 13-37, “Haqq olan qiyamət” surəsi)
...Budur, artıq iki aydan bəri dünyanın gözlədiyi gün-21 dekabr qapımızın ağzındadır.
Çoxları 21 dekabrda heç bir şey baş verməyəcəyini, bu günün də yaşadığımız adi günlərdən biri olacağını desələr də, sosial şəbəkələrdə və mətbuatda bu mövzu gündəmdən düşməyib. Və müzakirələr zamanı məlum olub ki, cəmiyyət bu məsələ ilə bağlı üç yerə bölünüb. 21 dekabrda qiyamət qopacağına inananlara, inanmayanlara və bu məsələyə tərəddüdlə yanaşanlara.
Bəli, indi kimin haqlı olduğunun üzə şıxmasına cəmi bir neçə saat qalıb. Biz isə bu bir saatı da qənimət bilib, Qiyamət günü haqqında yazılanları bir daha nəzərdən keçirtdik.
1. Qiyamət gününə inanmayanlar haqda Quranda da surə var. «Kəhf» surəsində varlı bağ sahibi «Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!» deyir.
2. Başqa bir ayədə də qiyamət saatı ilə bağlı tərəddüd edən, şübhələnənlərdən bəhs edilib: «Allahın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!» deyildiyi zaman «Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!» deyə cavab verirdiniz!» («Casiyə» surəsi, 45/32).
3. Qiyamət gününü tamamilə inkar edənlər haqqında isə Quranda belə deyilir: «Onlar qiyamət saatını da yalan saydılar. Biz də qiyamət saatını yalan hesab edənlər üçün şiddətli bir atəş hazırladıq» («Furqan» surəsi, 25/11).
Quranda Qiyamət günü haqda başqa nələr var?
«Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...» («Həcc» surəsi, 22/7).
«Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət saatı mütləq gələcəkdir...» («Hicr» surəsi, 15/85).
«Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...» («Mumin» surəsi, 40/59).
Lakin Qiyamətin konkrət nə vaxt qopacağı haqda Quranda heç bir şey yoxdur.
Bununla belə, İslam alimləri həmin günlə bağlı müxtəlif fikirlər söyləyiblər. Bəribaşdan qeyd ədək ki, o fikirlərin bir çoxu məntiqsiz fikirlərdir. Digər tərəfdən isə Quranın özündə belə, bu gün haqqında işarə verilmədiyi halda kimlərinsə belə hökmlər verməsi düzgün sayıla bilməz.
- Əxlaqsızlıq, pozğunluq açıq olmadan, qonşular pisləşmədən, xainlər əmin, əminlər xain sayılmadan, qohumluq əlaqələrində soyuqluq olmadan qiyamət qopmaz! (İ.Ahməd)
- İnsanlarda paxıllıq artar və qiyamət pislərdən başqası üzərində qopmaz! (İ.Nəccar)
- And içirəm ki, paxıllıq, pozğunluq meydana çıxmadıqca, əminə xəyanət edilib, xainə güvənilmədikcə, yaxşılar həlak olub, pislər qalmadıqca qiyamət qopmaz! (Hakim)
- Yağışın bərəkəti qaldıqca qiyamət qopmaz! (Əbu Ya’la)
- Yer üzündə Allah deyən müsəlman qaldıqca qiyamət qopmaz! (Müslim)
- Əlm qalxmadıqca, zəlzələlər çoxalmadıqca qiyamət qopmaz! (Buxari)
- Yetmiş dənə “peyğəmbərəm” deyən yalançı çıxmadıqca qiyamət qopmaz! (Təbərani)
- Qiyamət qopmazdan 100 il əvvəl Yerdə Allaha ibadət edən qalmaz! (Hakim)
- Zəlzələ, fitnə, qatillik artmadıqca qiyamət qopmaz! (Buxari)
- Qardaşlar fərqli dinlərdən olmadıqca qiyamət qopmaz! (Dəyləmi)
- Pislər dünyaya hakim olmadıqca qiyamət qopmaz! (Tirmizi)
- Vəhşi həyvanlar insanlarla danımadıqca qiyamət qopmaz! (Tirmizi)
Xüsusilə də Buxarinin bu iki fikri mübahisə doğura bilər.
- Mal çoxalıb artmadıqca qiyamət qopmaz! Belə ki, zəkat vəriləcək kimsə tapılmaz! Birinə zəkat təklif edilərkən “Mənim buna ehtiyacım yoxdur” deyəcək! (Buxari)
- Müsəlmanlar Yəhudilərlə savaşmadıqca, daşlar belə “Ey müsəlman, arxamda gizlənən yəhudini öldür!” demədikcə qiyamət qopmaz! (Buxari)
Və ya Əbu Yəalanın “Məndən bir hədis söylənincə “Rəsulullah (s.ə.s) belə söyləməz, hədisi burax, Qurana bax!”deyərək məni yalanlayanlar çıxacaq!” fikri mübahisə doğura bilər. Çünki hazırda Peyğəmbərin adına istinad edilən, amma məntiqə uyğun gəlməyən hədislər də danışılır və islam alimləri özləri belə, bu hədislər üstündə mübahisə ədirlər.
İslam alimlərinin günümüzlə səsləşən və necə dəyərlər, ürəyimizdən xəbər vərən fikirləri də var. Məsələn;
- Kafirləri pisləmək üçün gələn ayələri müsəlmanları pisləmək üçün istifadə edəcəklər! (İbn Ömər)
- Məsçidlərdə mindən çox insan namaz qılacaq, içlərində mömin olan olmayacaq! (Dəyləmi)
- Həccə hökmdarlar gəzmək, varlılar ticarət, kasıblar dilənmək, dindarlar göstəriş üçün gedəcəklər! (Hatib)
- Çalğı hər yərdə çalınacaq, güvənlik işçiləri çoxalacaq! (Bəyhəki)
- Müxtəlif adlar altında şərablar çıxacaq, halal sayılacaq! (İmam Ahməd)
- İt saxlamaq övlad yetişdirməkdən daha cazibəli, maraqlı olacaq! (Hakim)
- Rüşvət hədiyyə adı altında veriləcək, gözdağı üçün günahsızlar öldürüləcək! (İmam Gazali)
....İslam peyğəmbərinin hədislərində xəbər verdiyi qiyamət əlamətlərindən biri "Günəşin qərbdən çıxması"dır. Səhihliyinə şübhə olmayan bu hədislərdə həmin əlamət baş vermədən qiyamətin qopmayacağı bildirilməkdədir.
Quranda qiyaməti tezləşdirən və ya şərtləndirən əməllər barədə yox, onun əlamətləri barədə ayələrə rast gəlirik.
"Göy yarılıb-parçalandığı zaman", "Dənizlər alovlandırıldığı zaman", "Dağlar kökündən sökülüb sovrulduğu zaman", "Günəş korlaşdırıldığı zaman"…
Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində bir neçə qiyamət əlaməti xəbər verilər. Bunlardan bəziləri Həzrəti İsanın yer üzünə ikinci dəfə gəlməsi və Dəccalı öldürməsi, Həzrəti Mehdinin ortaya çıxması və bütün dünyada İslam əxlaqını hakim etməsi, Günəşin qərbdən doğması, Dabbet-ül ərzin ortaya çıxmasıdır. Müharibələrin, anarxiyanın, kasıblığın, zinanın, fahişəliyin artması, təbii fəlakətlərin və zəlzələlərin çoxalması, Quran əxlaqının tərk edilməsi, saxta peyğəmbərlərin ortaya çıxması da Peyğəmbərimizin (s.ə.s.) xəbər verdiyi digər qiyamət əlamətlərindən bəziləridir.
Quranda Qiyamət surəsində də "Günəşlə ay birləşəcəyi (hər ikisinin Qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman –deyə bildirilir.
İslam alimləri Naziat surəsində göstərilən iki böyük sarsıntını ("O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək). Onun ardınca bir sarsıntı da olacaqdır!") Yer kürəsinə bir başqa ulduzun ya da meteoritin çarpması ilə baş verə biləcəyini ehtimal edirlər. Onların fikrincə, bu çarpma nəticəsində Yer öz oxu ətrafında əvvəlki sürəti ilə gedə bilməyəcək. Bunun nəticəsində gecə və gündüz dayanacaq, dünyanın bir tərəfi günlərlə qaranlıq içində qalacaq. Digər tərəfində isə gündüz olacaq. Dünyanın hər tərəfində zəlzələlər, şiddətli vulkanik partlamalar baş verəcək. Bu zaman Yerin nüvəsindəki maqma yer üzünə cıxmağa başlayacaq.
Ayədə bildirilən ikinci sarsıntıdan sonra isə, onların fikrincə, Yer kürəsi əks istiqamətdə dönməyə başlayacaq. Bunun nəticəsində də Günəş Şərqdən deyil, Qərbdən doğmağa başlayacaq. Bütün bunlar dünyanın nizamını və canlıların həyatlarını davam etdirmələri üçün lazım olan ekoloji sistemi alt-üst edəcək.
"O gün ürəklər qorxub titrəyəcək, Gözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir. (Naziat Surəsi, 8-9)
Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq. (Furqan Surəsi, 11) .
Qiyamətlə bağlı danışan islam alimləri onu 65 milyon il əvvəl Yer üzündə dinozavr dövrünə son qoymuş hadisə ilə müqayisə edirlər. Meksikada Yukatan körfəzinə düşən təqribən 100 km2-lik meteorit geniş miqyaslı dağılmaya səbəb olub. Bu versiyanı daha dəqiq şəkildə Nobel mükafatlı fizik Luis Alvarez və oğlu geoloq Valter Alvarez irəli sürüb. Alvarezlerin fikrincə, bu meteorit saatda 54.000 km sürətlə Meksikanın Yukatan yarımadası sahillərində Yer kürəsinə çırpılıb. Bunun nəticəsində 200.000 km³ maddə buxarlanıb, əriyib ya da yüzlərlə kilometr kənara sovrulub. Bu çarpma nəticəsində canlı növlərinin 70 faizindən çoxu yox olub və və 170 km diametrindəki, dünyanın ən böyük kraterlerinden biri olan Chicxulub krateri meydana gəlib. Çarpmanın 100 milyon meqaton TNT-ye ekvivalent bir enerji ortaya çıxardığı təxmin edilir. Çarpma nəticəsində yaranan toz təbəqəsi atmosferi örtmüş, dünya aylar boyu qaranlıqda qalmış, istilik suyun donma dərəcəsinə qədər düşmüş və turşu yağışları yaşanmışdır. Aylarla davam edən bu qaranlıq və soyuq dövrdə bitkilərin fotosintez edə bilməməsi qida zəncirini məhv edib və bu fəlakətlər zənciri də dinozavrların sonuna səbəb olub. Günəşin üzünü qalın toz təbəqəsi örtdüyündən, buz dövrü meydana gəlib. Dinozavrlar da məhz həmin dövrdə ölüblər.
İslam alimləri məhz bu hadisəyə əsaslanaraq, qiyamət günündə iki ardıcıl toqquşma nətiçəsində zəlzələlər, vulkan püskürmələri olacağını və Yerin qabığında çatlamalar meydana gələcəyini, maqmanın Yer üzünün hər yerindən fışqıracağını təxmin edirlər. Onlar “Zəlzələ” surəsində deyilən “Yer öz yükünü çıxardıb atacağı zaman” ifadəsinin də məhz maqmanın torpaq səthinə sıçrayacağını nəzərdə tutduğunu bildirirlər.
Biz hələ orta məktəbdən tanış olduğumuz “Yerin daxili quruluşu” bəhsini yada salsaq, Yerin nüvəsində temperaturun 500000 C olduğunu xatırlayarıq. Onun həmçinin yüksək təzyiqə malik olduğunu da yada salsaq, Yerin nüvəsində bəşəriyyət üçün necə böyük bir təhlükənin yatdığını anlayarıq.
İslam alimləri hesab edirlər ki, maqma ilə birlikdə daşınan, Yerin altında olan bir çox maddə, yüksək bir istiliklə birlikdə Yerin səthinə çıxacaq. Yerin altında olan neft, kömür kimi mədənlərlə birlikdə bütün qalıqlar və cəsədlər, yerin altında olan canlı-cansız hər şey çölə atılacaq.
“Və qəbirlərin içi deşilib xaricə atıldığı zaman; (artıq hər) nəfs əvvəldən təqdim etdiklərini və təxirə saldıqlarını bilib-öyrənmişdir” (İnfitar Surəsi, 4-5).
Hər hansı bir bölgədə vulkan partlaması olduğu zaman çoxlu toz və qatı hissəciklər atmosferin üst təbəqələrinə çıxar. Belə partlama əsnasında çox zaman bütün bölgəni küllərin örtdüyü, bu bölgənin toz içində qaldığı bilinməkdədir. “Və toz kimi səpələndiyi zaman”… (Vaqiə Surəsi, 6)
Daha başqa mənbələrdə alimlər dənizlərin həmin gün istidən qaynayacağı, göyün qırmızı rəngə boyanacağı kimi dəhşətlərdən bəhs edirlər.
Qeyd edək ki, dünya şöhrətli yazıçı və fizik Paul Davies “Son üç dəqiqə” adlı kitabında dünyaya çarpılacaq kometanın yaradacağı dəhşətlər barədə bəhs edərkən, eynilə Quranda göstərilən mənzərəni təsvir edib.
Hüseyn Alyarlı