Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yeni il bayramı ərəfəsində Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq evində olub. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Leyla Əliyevaya məlumat verilib ki, bina 1930-cu ildə tikilmiş və iki ildən sonra uşaq evi kimi fəaliyyətə başlayıbdır. Uşaq evi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə yenidən qurulub. Burada atılmış və imtina edilmiş 4 yaşadək uşaqlar yaşayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların yataq otaqlarına baxıb. Körpələrin sağlamlığı ilə maraqlanan Leyla Əliyevanın diqqətinə çatdırılıb ki, burada uşaqların yaşayışı üçün yaxşı şərait yaradılıbdır. Hazırda 42 azyaşlının böyüdüyü bu evdən ayrılan uşaqların əksəriyyəti övladlığa verilir.
Leyla Əliyeva uşaqların bayram şənliyinə qatıldı və onlara hədiyyələr təqdim edib.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evində də olub. Uşaq evinin sakinləri Leyla xanım Əliyevanı hərarətlə qarşılayıblar.
Uşaq evinin direktoru Məhbubə Hüseynova mərhum prezidenti Heydər Əliyevin adını daşıyan, onun ideyalarını və xeyirxah əməllərini yaşadan Fondun uşaqlara göstərdiyi qayğıdan danışıb.
Bildirilib ki, 85 uşağın yaşadığı bu müəssisəyə hər cür diqqət və qayğı göstərilir. Fondun təşəbbüsü ilə uşaq evi üçün Buzovna qəsəbəsində yay-sağlamlıq istirahət düşərgəsi tikilərək istifadəyə verilib.
Sonra Leyla Əliyeva uşaqların hazırladığı yeni il proqramına tamaşa edib. Bayram əhval-ruhiyyəsində olan balacalar yolka ətrafında dövrə vuraraq bir-birindən maraqlı mahnılar, şux rəqslər təqdim ediblər.
Heydər Əliyev Fondunun bayram hədiyyələri isə uşaqların sevincini daha da artırıb. Leyla Əliyeva uşaqların vəziyyəti ilə maraqlanıb. Qeyd olunub ki, burada uşaqların yaşayışı, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır.
Uşaqları Yeni il münasibətilə təbrik edən Leyla Əliyeva onlarla xatirə şəkli çəkdirdi.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evində Yeni il münasibətilə təşkil edilən bayram tədbirində iştirak edb. Uşaq evinin sakinləri Leyla Əliyevanı böyük sevinclə qarşılayıblar.
Vurğulandı ki, Heydər Əliyev Fondu digər uşaq və internat evləri kimi, bu müəssisəni də daim diqqətdə saxlayır. Uşaq evində 3 yaşdan 18 yaşadək 131 uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 78 pedaqoji və texniki işçi məşğul olur. Buranın sakinləri dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun qayğısını da daim üzərlərində hiss edirlər. Fondun dəstəyi ilə uşaq evi üçün 2006-cı ildə 200 nəfərlik müasir yeməkxana inşa olunub. Bundan başqa, Heydər Əliyev Fondu müxtəlif illərdə uşaq evinə 2 nəqliyyat vasitəsi, televizor, kompyuter və digər zəruri avadanlıq hədiyyə ediblər.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evinin sakinləri ölkədə keçirilən müxtəlif bayram tədbirlərində və şənliklərdə iştirak etmiş, eləcə də beynəlxalq yarış və müsabiqələrə qatılaraq yüksək nəticələr qazanıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Yeni il bayramı münasibətilə bu uşaq evinə gəlişi və balacalara bayram hədiyyələri verməsi Fondun gələcəyimiz olan uşaqlara göstərdiyi dəstəyin ardıcıl xarakter daşıdığını nümayiş etdirir.
Leyla Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin sakinləri ilə xatirə şəkli çəkdirib.
Modern.az