Modern.az

Unudulan deputatlar: Heydər Əliyevlə Həccə gedən, Rəsulzadəyə şeir yazan, böyrəkləri çıxarılan ŞAİR

Unudulan deputatlar: Heydər Əliyevlə Həccə gedən, Rəsulzadəyə şeir yazan, böyrəkləri çıxarılan ŞAİR

Reportaj

27 Yanvar 2022, 10:25

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat bu günlərdə - 21 yanvarda - doğum günü ilə xatırlanan Zəlimxan Yaqubdur. Yeri gəlmişən, şair yanvarda həm doğulub, həm də vəfat edib.

Bəlkə də kimlərsə Zəlimxan Yaqub haqqında “unudulan” ifadəsinin işlədilməsilə razılaşmasın. Haqlı ola bilərlər. Amma rubrikamız Zəlimxan müəllimin şair olaraq unudulduğunu iddia etmir, mərhum Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olaraq həmişə xatırlanır.

Biz onun sabiq deputat kimi insanların xatirindən çıxdığını iddia edə bilərik. Bəlkə də çoxları Zəlimxan Yaqubun vaxtilə deputat olduğunu xatırlamır, cavanlar isə yəqin ki, bu haqda heç bilmirlər.

Zəlimxan Yaqub ictimai xadim olaraq həm I çağırış (1995-2000), həm də II çağırış (2000-2005) Milli Məclisdə deputat olub.


Zəlimxan Yusif oğlu Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Borçalı mahalında - Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib.

1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. Onu təyinatla Gəncəyə göndərmək istəyiblər, amma getməyib. Çünki Bakıda qalmaq istəyirmiş. 

Bir neçə il işsiz qalandan sonra çox çətinliklə kitab pasajında işə düzəlib.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab"ın "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri işləyib. Daha sonra, 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

Zəlimxan Yaqub 1983-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. 1994-cü ildən isə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü olub.

2008-ci ilin avqustunda Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

Azərbaycanın "Şöhrət" və Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

Xalq şairi fenomenal yaddaşına görə qibtə olunacaq şəxsiyyət olub: o, nəinki şeirlər, hətta dastanlar, poemaları əzbər bilirdi. 

Zəlimxan müəllim 66 yaşında dünya ilə vidalaşanda bu titulları daşıyırdı: Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri...

Zəlimxan Yaqub bir sıra məşhur insanlara poemalar həsr edib. Onun “Əbədiyyət dastanı” poeması mərhum dövlət başçısı Heydər Əliyevə həsr olunub.

Zəlimxan Yaqub Heydər Əliyevin dəyər verdiyi ziyalılardan idi. Şübhəsiz ki, parlamanetə üzv seçilməsində də Heydər Əliyevin böyük dəstəyi olmuşdu.


O, Heydər Əliyevlə birgə müəqddəs Həcc ziyarətinə - Məkkəyə getmiş, həmçinin, Böyük Çin səddindəki gəzintidə də mərhum prezidenti müşayiət etmişdi.

Zəlimxan Yaqubun Gürcüstanın eks-prezidenti Eduard Şevarnadze ilə də yaxşı münasibəti vardı. Elə bu ölkənin "Şərəf" ordenini də ona Şevarnadze özü şəxsən təqdim etmişdi.

Xalq şairi hər iki çağırışda Milli Məclisə Bakı şəhərindəki 15 saylı Birinci Sabunçu seçki dairəsindən deputat seçilmişdi.

Zəlimxan müəllim deputat seçiləndə kimlərsə şairlə bağlı lətifəyə bənzər bir söhbət quraşdırıb ortaya atmışdı. Təxminən beləydi: guya özü ruhuna yaxın bölgədən - Gədəbəydən deputat seçilmək istəyirmiş qoymayıblar, deyiblər ki, namizədliyini Sabunçudan versin.

Sağlığında deyilənləri təkzib edən Xalq şairi bu söhbətin ortaya atılmasından incidiyini biruzə vermiş, haqqında hədyan yazılmasına etiraz etmiş, belə iddiaların əhvalına təsirsiz ötüşmədiyini bildirmişdi:

“Məni mübarizələr, nadan adamların böhtanı qocaltdı. Çox möhkəm, əzəmətli idim. Amma gördüyüm çətinliklər, nadanlarla, biganələrlə apardığım mübarizələr baha başa gəldi. İki çağırış deputat oldum, bəziləri elə bildi, yağ içində böyrək kimi üzürəm. Amma elə deyildi. Mənim varım gənc şairlərin, millətin varı idi. Həmişə imkansız, köməksiz adamlara əl tutmuşam, kömək olmuşam. Çünki o köməyi özüm görmüşəm. Amma yaman danışanlar, şər atanlar, yalan yazanlar…
...Mətbuatda biri yazırdı ki, göydələni var, o biri deyirdi şadlıq evi var. Deyirdim, əgər varsa, o şadlıq evi mənim başıma uçsun. Göydələn tikdirirəmsə, başıma uçsun..
...Yalan, böhtan yazırdılar. Yazılanlar mənə ağır gəlirdi, amma heç birinə cavab vermirdim...
Nə qədər fikir verməməyə çalışsam da, olmurdu, istər-istəməz adama ağır gəlirdi. Mən Heydər Əliyev kimi bir kişi ilə eyni dövrdə yaşamışam. Heydər Əliyevə nə desəydim, onu edərdi. Amma demədim...”.


Deputat seçiləndə kənardan bəziləri onu “Saray şairi” adlandırırdı. Özü isə xatircəm idi: “Mən deputat mandatına daha çox yaxşılıq etmək imkanı kimi baxıram”.

Zəlimxan Yaqub parlamentdə azsaylı bitərəf deputatlar sırasında yer alırdı. O, I çağırışda Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyasının, II çağırışda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olub.

Şair deputat kimi rəsmi nümayəndə heyətinin tərkibində Çin, Səudiyyə Ərəbistanı, Almaniya, ABŞ, İsveç, İsveçrə, Qırğızıstan, Türkiyə, Fransa və İraqa işgüzar səfərlər edib.

Sabiq deputat o zaman siyasi fəaliyyətini tənqid edənlərə belə cavab vermişdi:

“Siyasi mühitdə pak və bakirə hisslərimi, zərrə qədər də itirməmişəm və itirməyəcəm də. Bu, insanın özündən asılıdır. Siyasi burulğanlardan, tufanlardan asılı deyil ...”.

Yəqin ki, çoxları Zəlimxan Yaqubun Azərbaycan Xalq Cühmuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə şeir həsr etdiyini bilmir. Amma şairin “Kişi” adlı belə bir şeiri var.


Şair Rəsulzadənin Ankaradakı məzarını ziyarət zamanı ona belə bir xitab edir: “Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!”.

Z.Yaqubun Rəsulzadə haqqında yazıdığı şeirindən iki bəndi təqdim edirik:

Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi!

Əzilməz xalqın kökü, dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində,
İllər gəlib keçsə də, sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, Əmin, kişi!

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Daha öncə ürəyindən əməliyyat olunmuşdu, sonra böyrəkləri də cərrahi müdaxiləyə məruz qaldı. Həkimlər onun böyrəyinin birini Türkiyədə, digərini Almaniyada çıxarmışdılar. Bu xəstəlik onda aşkar olunandan sonra Xalq şairi dövlətin himayəsi, bahalı dərmanların köməyilə yeddi il yaşadı.

“Ürəyi başa düşmək olar, millətin dərdləri, insanın özünün qarşılaşdığı problemlər... Ancaq böyrəklərimin belə etibarsızlıq etməsini gözləmirdim... Qəflətən gəldi tutdu, qabağını ala bilmədilər nə Türkiyədə, nə Almaniyada. İnanmazdım ki, bu yaşımda sağlamlığımda belə agır problemlə üzləşə bilərəm. Düzdü, həyatda əzab-əziyyətim çox olub, ancaq fiziki baxımdan sağlam olmuşam” - Z.Yaqub Modern.az-a müsahibələrinin birində demişdi.

Hər iki böyrəyi olmayan şair ömrünün son illərində dializ qəbul etməklə tam iki ay hərəkətsiz qaldı.

Sabiq deputat, ictimai xadim, Xalq şairi Zəlimxan Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

Mərhum Birinci Fəxri xiyabanda dəfn olunub.


Zəlimxan Yaqubun 4 övladı var: iki oğlu, iki qızı.

Hazırda prokurorluq sistemində işləyən böyük oğlu Bəhlul Yaqubov atası ilə bağlı mətbuata çox xatirələr danışıb.

Deyir ki, bir dəfə atası ilə yol gedəndə Zəlimxan Yaqub Şıxovda maşını saxlatdırır ki, gəlin burda çimək.
Həmin vaxt Zəlimxan Yaqubu “Şıxov” çimərliyində görən iki nəfər mübahisə edir: biri deyir, bu, şair ola bilməz, o biri dirəşir ki, yox ee, özüdür ki var. Uzun mübahisədən sonra şairə yaxınlaşıb soruşmağa qərar verirlər:
- Siz Zəlimxan Yaqubun qardaşısınız?
Zəlimxan Yaqub sakitcə:
- Bəli, qardaşıyam.
Şairin “Şıxov”a gələ biləcəyinə inanmayan adam yoldaşına deyir:
- Gördün? Dedim axı o deyil. Zəlimxan Yaqubun “Şıxov”da nə işi var? İndi o süd gölündə-zadda üzür.


Zəlimxan Yaqub böyrəklərini itirəndə bəziləri iddia etmişdi ki, şair cavan vaxtı yaxşı çaxır içirmiş.

Oğlu isə bunu təkzib etmişdi: “Mənim atama Allah möhkəm fiziki güc vermişdi. Amma elə içən deyildi”. 

Zəlimxan Yaqub haqqında çox yazılıb. Onunla bağlı ən əhatəli əsərlərdən birini dostu Musa Nəbioğlu qələmə alıb.

M.Nəbioğlu uzun illər Zəlimxan müəllimin yanında - Aşıqlar Birliyinin katibi və “Ozan dünyası” jurnalının baş redaktoru kimi çalışıb. Eləcə də Zəlimxan Yaqubun kitablarının tərtibçisi və redaktoru olub, onun yaradıcılığını hərtərəfli araşdırıb.

 “Sözün Zəlimxan zirvəsi” adlı monoqrafiyasında Musa Nəbioğlu şair haqqında yazır:

“Zəlimxan Yaqubun yaradıcılığı o qədər zəngin və o qədər çoxşaxəlidir ki, onu tam tədqiqata cəlb etmək üçün cild-cild kitablar yazılmalıdır. Bunun üçün isə gərək şairin çoxşaxəli yaradıcılığını öyrənməklə yanaşı, həm də onun yetişdiyi mühiti yaxşı biləsən. Mənim Zəlimxan Yaqubun yaradıcılığına müraciət etməyimə məhz bu amillər səbəb oldu. Son illərdə Zəlimxan Yaqubun şəxsi arxivi ilə tanışlığım, onun şeirləri ilə yanaşı, məqalələri, müsahibə və çıxışlarından ibarət kitablarını nəşrə hazırlamağım bu böyük söz ustadının yaradıcılığı ilə daha yaxından tanış olmağıma imkan verdi. Onunla mütəmadi görüşlərim, söhbətlərim, bir şair və şəxsiyyət kimi keçdiyi ömür yoluna yaxından bələd olmağım da təbii ki, bu işdə mənə əlavə stimul verdi”...


Tədqiqatçı bildirir ki, Zəlimxan Yaqubun bir çox görkəmli ictimai-siyası xadimlər, tanınmış elm, ədəbiyyat, mədəniyyət və incəsənət adamları haqqında yazdığı əsərlər bizə yaxın tariximizi xatırlatmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin nkişafında böyük xidmətləri olmuş gəxsiyyətlərin gənclərə tanıdılması baxımından da əhəmiyyətlidir.

Zəlimxan Yaqub yaradıcılığı haqda məlumatı olmayanlar üçün yəqin o da maraqlı olar ki, şair dövrün bir sıra problemlərini bəzi şeirlərində qələmə alıb. Bəlkədə çoxları elə bilir ki, Zəlimxan Yaqub ancaq gözəlləmələr, vəsfnamələr müəllifidir. Amma şairin ictimai motivli şeirləri də az deyil.

Məsələn, onun “Kimdi səni bu qapıdan buraxan” şeirində zəmanəmizdə baş verən, ürək bulandıran, cəmiyyətdə kök salan süründürməçilikdən söz açılır. Aylarla bir nazirliyə ayaq döyən qocanın heç qapıdan içəri buraxılmadığını görən şair yazır:

Bu qapının düyməsi var, tilsimi var, zəngi var.
Bir deyil, beş deyil, yetmiş yeddi rəngi var.

Silahı var, polisi var, postu var,
Rüşvət adlı bir canciyər dostu var.
Bu qapının bu millətə qəsdi var,
Kimdi səni bu qapıdan buraxan?

Şeirdə Zəlimxan Yaqub dövlət idarələrindəki süründürməçiliyin, eybəcərliyin xalqa, millətə vurduğu zərbədən söz açır. Məmur özbaşınalığına, haqlının haqqının tapdanmasına dözə bilməyən şair “siyasət içində siyasət”lə yanaşı, “ticarət içində də siyasət”in getdiyi cəmiyyətdə naqisliklərə, eybəcərliklərə, ağsaqqal sözünün eşidilməməsinə dözə bilmir, vətəndaş kimi etiraz səsini ucaldır:

Z.Yaqub bəzi şeirlərində millətin halından xəbərsiz olanlardan, millətin adından danışmağa mənəvi haqqı olmayanlardan da bəhs edərək,  

Millətin adından danışan kəsin,
Dili uzun gərək, üzü ağ gərək – deyib.

Şair cəmiyyəti qanunsuzluq girdabından qurtarmaq üçün işlək qanunların hazırlanmalı olduğunu qeyd edib. Olub keçənləri göz önünə gətirərək,

Bəzən gözümüzün önündə haqlının haqqı tapdananda susmuşuq,
Gözümüzün qabağında öyülən nakəsə də əl çalmışıq, döyülən mərdə də” yazıb.


Ə.Qafarlı

***


Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!” 
Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…
Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI 
Unudulan deputatlar: “Uşaqlarımdan muğayat olun” deyib vəfat edən partiya sədri - FOTOLAR 
Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR
Unudulan deputatlar: Heydər Əliyev məktəbinin yetirməsi, eks-Baş prokurorun əmisi… - FOTOLAR 
Unudulan deputatlar: Hicablı parlamentari, hacı xanım... - FOTOLAR
Unudulan deputatlar: “Jurnalistlərin dostu” seçilən, Etibar Məmmədovun əvvəlcə müavini, sonra rəqibi olan, Milli Məclisdən gülməcələr yazan PROFESSOR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu