Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Akademiki sağdan-soldan topa tutanlar - vaxtilə özünün irəli çəkdiyi, vəzifə verdiyi, ətrafına yığdığı AMEA-nın institut direktorları, alimlər, deputatlar indi Mehdiyevə tutduğu postdan “get!” deyirlər.
Karyerasının sona yaxınlaşdığını hiss edən cənab Mehdiyev isə dirəşib, hələ ki bu çağırışları qulaqardına vurmaqla yola verir...
Keçmişdə “Boz kardinal, indi isə “5-ci kolonun ağsaqqalı” adlandırılan Ramiz Mehdiyev aprelin 17-də tamam olacaq 84 yaşını AMEA prezidenti kürsüsündə qeyd edə biləcəkmi?..
İctimaiyyət hazırkı proseslərin sonunu maraqla gözləyir...
Modern.az saytı Ramiz Mehdiyevin adının gündəmdə olmasını nəzərə alaraq, “Bir şəklin tarixçəsi” rubrikasında onunla bağlı maraqlı foto təqdim edir.
Fotoda diqqət çəkən xeyli tanınmış sima var: Ramiz Mehdiyev, Nəcməddin Sadıkov, Ramil Usubov, Şeyxülislam Allahşükür Paşazadə, Vaqif Mustafayev...
Zaman 90-cı illərin sonu... Məkan Bakının Nərimanov rayonundakı keçmiş Montin adına Mədəniyyət və İstirahət parkı....
Rəsmilər Milli Qəhrəman Samir Xasıyevin büstünün açılış mərasiminə toplaşıblar.
Fotoda əks olunanlardan ikisi son vaxtlar daha çox gündəmdə olur... Söhbət Ramiz Mehdiyevlə Nəcməddin Sadıkovdan gedir... Zaman o zaman idi ki, Mehdiyevin qılıncının dalı da-qabağı da kəsirdi... Elə Nəcməddin Sadıkovun da həmçinin... Biri siyasətdə söz sahibi idi, digəri Silahlı Qüvvələrdə... Hər ikisi kölgədə qalmaqla proseslərə dolayısı ilə təsir edib, hadisələri öz maraqlarına uyğun yönləndirirdi...
Fotoda Ramiz Mehdiyevin Nəcməddin Sadıkovla yanbayan dayanması təsadüfdü, yoxsa münasibətlərin yaxınlığından irəli gəlir, deyə bilmərik... Hər halda diqqətçəkən məqamdır...
Akademik Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri postunda çalışıb.
General-polkovnik Nəcməddin Sadıkov 1993-2021-ci illərdə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində xidmət edib.
A.Qorxmaz