Modern.az

Bakının məşhur qonaqları:Biz Azərbaycan mahnıları ilə böyümüşük” - Əfsanəvi “Yalla” qrupu - VİDEO

Bakının məşhur qonaqları: “Biz Azərbaycan mahnıları ilə böyümüşük” - Əfsanəvi “Yalla” qrupu - VİDEO

Reportaj

10 Fevral 2022, 15:31

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır.

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın yaddaşında silinməz izlər qoyub.

Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.


“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?..


Budəfəki yazımızda bir vaxtlar bütün keçmiş SSRİ məkanında məşhur olan Özbəkistanın “Yalla” qrupunun Bakı səfərindən yazırıq.

1970-ci ildə Daşkənd şəhərində Fərrux Zakirov tərəfindən yaradılmış “Yalla” vokal-instrumental ansamblı vaxtilə Azərbaycanda da çox populyar idi.


Bakıda böyük anşlaqla konsertlər verən Fərrux Zakirov və “Yalla” qrupunun repertuarında həmişə Azərbaycan milli musiqisinin nümunələri də yer alıb. Əksər mahnıları dillər əzbəri olan Fərrux Zakirov və “Yalla” Bakıya dəfələrlə səfər edib.

Yəqin ki, yaşlı və orta nəsildən olan Azərbaycan tamaşaçıları Fərrux Zakirov və “Yalla” qrupunu yaxşı xatırlayırlar.

“Uçkuduk”, “Çayxana”, “Şəhrisabz”, “Qız bola” kimi mahnıları ilə dillər əzbəri olan “Yalla” sovet dövrünün ən populyar qruplarından biri kimi xatırlanır.

Daşkənd Teatr İnstitutunda fəaliyyətə başlayan “Yalla”nın ilk böyük uğuru 1971-ci ildə “Alo, biz istedad axtarırıq” adlı Ümumittifaq müsabiqəsində olub. Ansamblın ifasında “Kızbola” və “Yallamaerm” mahnıları “Melodiya” Ümumittifaq firmasının qram-plastinkalarına yazılıb.

“Yalla”nın əsas uğurlarından biri elektrogitara və elektroorqanla bərabər, rübab, doyra və s. kimi Özbəkistanın milli musiqi alətlərindən istifadə etməsi, Şərq mahnı motivlərinin müasir işləmədə təqdimatıdır. Ansamblın əsas repertuarı özbək dilində olsa da, onun ifalarında rus və ingilis dilli mahnılara da geniş yer verilir.

“Yalla”nın əsas xüsusiyyətlərindən biri də odur ki, həmişə qastrolda olduğu zaman konsert verdiyi hər ölkənin dilində bir neçə mahnı ifa edir (Azərbaycan, Türkiyə, İsrail, İsveçrə, Şri-Lanka, Vyetnam, Almaniya və digər ölkələr).

“Yalla” 1973-cü ildə Berlində keçirilən X Ümumdünya Tələbə və Gənclər Festivalında uğurla iştirak edib və “Amiqa” firmasında alman dilində 15 mahnı yazdırıb.
Qrupun repertuarında xalq mahnıları və müasir müəlliflərin sözlərinə yazılmış mahnılarla yanaşı, Şərqin dahi şairləri Əlişir Nəvainin, Ömər Xəyyamın sözlərinə yazılmış nəğmələr də var.
 
“Yalla” qrupu iki dəfə dağılmaqla üzləşib. 1979-cu ildə ansamblı tərk edənlərin əvəzinə yeni üzvlər qoşulub. SSRİ-nin süqutu dönəmində də qrupda bir sıra dəyişikliklər baş verib. Qrupun bas-gitaraçısı Rüstəm İlyasov 15 illik fəaliyyətdən sonra 1994-cü ildə ABŞ-a mühacirət edib. Onun gedişindən sonra “Yalla” qrupu 1994-1999-cu illərdə yeni heyətlə fəaliyyət göstərib. Sonrakı illərdə də bəzi dəyişikliyə uğrayan qrupda indi 4 nəfər qalıb. “Yalla”nın köhnə üzvlərindən qalan yalnız onun rəhbəri Fərrux Zakirovdur. 

“Yalla”nın ən məşhur mahnısı “Uç kuduk” (“Üç quyu”) 1980-ci ildə yazılıb. Bütün keçmiş ittifaq ərazisində, o cümlədən də Azərbaycanda çox məşhurlaşan bu mahnı ansamblın simvoluna çevrilib.

Vaxtilə SSRİ məkanında populyar “İlin mahnısı” müsabiqəsinin 3 il dalbadal qalibi olan ansamblın 1982-ci ildə işıq üzü görən ilk albomu da məhz “Üçkuduk” mahnısının adı ilə adlandırılıb.

“Yalla” həm də teatrlaşdırılmış tamaşalarla çıxış edib.

2000-ci ildə qrupun lideri Fərrux Zakirov Özbəkistan Mədəniyyət nazirinin müavini təyin olunsa da, o, “Yalla”nı tərk etmədi. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Fərrux Zakirov Özbəkistanın mədəniyyət naziri işləyib. 


Yalla qrupunu "Asiyanın Bitlzı" da adlandırırlar.

Ansamblın qurucusu Fərrux Zakirov Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaq respublikalarının Xalq artistidir.

Fərrux Zakirov 1946-cı ildə Daşkənddə musiqiçi ailəsində dünyaya gəlib.

Onun atası Kərim Zakirov Özbəkistanın xalq artisti, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi olub. Anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı və Mukimi adına Musiqili Komediya və Dram Teatrının solisti olub.

Fərruxun böyük qardaşı Batır tanınmış musiqiçi, bacısı Nərgiz isə məşhur müğənni olub və vaxtilə “Yalla” qrupunda çıxış ediblər.

Bir neçə dəfə Bakıya qastrola gəlmiş əfsanəvi “Yalla” ansamlının paytaxtımıza sonuncu səfəri 10 sentyabr 2008-ci ildə baş tutub. O zaman qrup Bakıdakı “Yaşıl teatr”da anşlaqla keçən konsert proqramı ilə çıxış edib.

Həmin konsert qrupun solisti Fərrux Zakirovun tamaşaçıları Azərbaycan türkcəsində salamlaması ilə başlamışdı. O zaman “Yalla” konsert boyu repertuarında yer alan ən populyar mahnıları ifa etmişdi.

Bu konsertin pik nöqtəsi məşhur Azərbaycan mahnılarının ifası olmuşdu. Belə ki, ansamblın Rəşid Behbudovun repertuarından “Küçələrə su səpmişəm” xalq mahnısını, “Arşın mal alan” operettasından bir neçə ifanı səsləndirməsi bakılı tamaşaçıların alqışına səbəb olmuşdu.

Dəfələrlə Bakı haqqında düşüncələrini dilə gətirən Fərrux Zakirov paytaxtımızı çox sevdiyini deyir:
 


“Sonuncu səfərimiz zamanı Bakı şəhərinin tanınmayacaq qədər dəyişdiyinə şahid olduq. Azərbaycan ötən illər ərzində çox inkişaf edib və bu, bizi sevindirir”.

Həmişə Bakıda konsert verməkdən məmnunluq duyduğunu vurğulayan “Yalla”nın rəhbəri deyir ki, heç vaxt Azərbaycanda özlərini  yad yerdəki kimi hiss etməyiblər:

“Biz Azərbaycan mahnılarını dinləyərək böyümüşük və elə indi də repertuarımıza Azərbaycan mahnılarını daxil edirik. Azərbaycan musiqisi çox zəngin olduğu üçün hamını cəlb edir...

...Mən Azərbaycana həmişə sevgi ilə yanaşmışam, Bakıda həmişə özümü evimdəki kimi hiss etmişəm. İçərişəhərdə gəzməkdən zövq almışam. Buradakı qədim tikililər Özbəkistandakı tarixi yerləri xatırladır”.

Fərrux Zakirovun sözlərinə görə, onun bir sıra məşhur azərbaycanlılarla yaxşı dostluq əlaqələri var:

“Azərbaycanın Rusiyadakı səfiri, məşhur estrada müğənnisi Polad Bülbüloğlu ilə bizi uzun illərin dostluğu birləşdirir. Bizdən əvvəl atalarımız - SSRİ xalq artisti Murtuza Məmmədov – məşhur Bülbül və Özbəkistanın xalq artisti Kərim Zakirov dost olublar, bir yerdə təhsil alıblar. Bu dostluğu Poladla mən davam etdiririk.

Mən dahi Rəşid Behbudovu şəxsən tanıdığıma, onunla ünsiyyətdə olduğuma görə özümü çox xoşbəxt sanıram.

Bizim  mədəniyyətlərimiz, adət-ənənələrimiz bir-birinə çox yaxındır. Özbəkistanda Azərbaycan mahnıları çox populyardır”.

F.Zakirov Azərbaycanla bağlı xatirələrində mərhum dövlət başçısı Heydər Əliyevin adını xüsusi qeyd edir.

Onun sözlərinə görə, SSRİ dönəmində Bakıda verdikləri konsertdə Heydər Əliyev də tamaşaçı qismində iştirak etmiş və konsertdən sonra səhnə arxasına keçərək, qrupa xoş sözlər söyləmişdi.

F.Zakirovun sözlərinə görə, bu gün onun evində və “Yalla” qrupunun ofisində Bakını xatırladan çoxlu hədiyyələr – suvenirlər var.

İfalarını folklor, estrada və rok musiqisinin sintezi üzərində quran "Yalla" artıq 50 ildir ki, səhnədədir - nə yenidənqurma, nə də musiqi zövqünün dəyişməsi qrupun yaradıcılığına və uğuruna mane ola bilməyib.
 



A.Qorxmaz
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU