Modern.az

“Hərbçi sevgisi bir başqa olur…”  - Şəhid xanımlarının 14  fevral XATİRƏLƏRİ

“Hərbçi sevgisi bir başqa olur…”  - Şəhid xanımlarının 14  fevral XATİRƏLƏRİ

Reportaj

14 Fevral 2022, 13:00

Hər nə qədər sevginin günü yoxdur desək də, hər özəl hadisənin bir günü olur. Sevmək gözəl, sevilmək isə  əvəzsiz bir duyğudur...

 

Bu gün dünya ölkələrində 14 fevral Sevgililər günü kimi qeyd olunur. Bir-birilərinə qəlbən bağlanan cütlüklər Sevgililər gününü bayram ab-havasında keçirərək, unudulmaz anlara şahidlik edirlər. Əlbəttə, ölkəmizdə 14 fevrala münasibət birmənalı olmasa da, bu günü Sevgililər Günü kimi qeyd edənlər az deyil. 

 

14 fevral tarixini digər xanımlardan fərqli olaraq, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhramanlarımızın xanımları fərqli duyğularla xatırlayırlar. Onlar bir vaxtlar hədiyyə və sevgi dolu təbriklər gözlədikləri həyat yoldaşlarını indi xatirələrində canlandırır, o günlərin həsrətilə yaşayırlar.

 

Modern.az-ın əməkdaşı bir neçə şəhid xanımı ilə əlaqə saxlayaraq, onların 14 fevralla bağlı xatirələrini öyrənməyə çalışıb.

 

Şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva sonuncu dəfə qeyd etdikləri Sevgililər günündən qızı ilə həyat yoldaşının şəklinin xatirə qaldığını söyləyib:

 

“Ən son birgə qeyd etdiyimiz 14 fevraldan mənə qalan xatirə qızımızla Ruslanın şəkli oldu. Hər zaman diqqətcil, incəliklərə önəm verərdi. Bəzən işi ilə əlaqədar nəsə almağa imkanı olmasa da, ən azından hərbi hissənin  həyətindəki bağçadan kiçik bir çiçək dərib gətirərdi. O mənim üçün daha dəyərli idi, nəinki pul verib aldığı hədiyyə.

 

Mənim üçün nəsə etməyə çalışmağı dünyalar qədər dəyərli idi. Vaxtımız çox olanda özəl günlərimizi mütləq evdən kənarda qeyd edərdik. Sevgisini ifadə etmək üçün özəl günləri gözləmirdi. Münasibətimiz indiki sevgililər kimi olmayıb, telefon yox, yalnız məktubla bir-birimizlə əlaqə qurmuşuq. Məktublarımız, günlüyümüz hələ də durur”.

 

Sonuncu 14 fevral...

 

 

İlk dəfə 14 il əvvəl bu günü birgə qeyd ediblər...

 

 

Şəhid gizir Zeynal Zülfüqarlının xanımı Firuzə deyir ki, Sevgililər gününü bir dəfə qeyd edə biliblər:

 

“Bizim cəmi bir dəfə bu günü qeyd etmək şansımız oldu. Həmin gün Zeynal mənə gül və portağal almışdı. Zeynal işindən dolayı mənə zaman ayıra bilmirdi. Çox az müddət ailəli olduq, amma şanslıyam ki, Zeynal kimi sevdiyim, həyat yoldaşım var. Olub demirəm, var deyirəm, çünki bilirəm o hər zaman oğlumla mənim yanımdadır. Dərd ortaqlarımın, şəhid yoldaşlarının gözü yolda qaldı, yarlarımızı gözləyə-gözləyə qaldıq...

 

Özəl günlər gələndə özümü daha betər hiss edirəm. Kaş ki, bu yaşadıqlarımız bir yuxu olardı. Onsuz bu həyat məni çox sıxır”.

 

 

Qəhrəman mayor Rüfət Əsgərovun ömür-gün yoldaşı Arzu xanım söyləyir ki, şəhidimiz 14 fevralı deyil, digər özəl günləri qeyd edirmiş:

 

“Rüfət 14 fevralı Sevgililər günü kimi qəbul etmirdi. Başqa özəl günlərdə - 8 Martda, ad günümdə, toy günümüzdə həmişə mənə ətir və gül hədiyyə edərdi. Bilirdi ki, gülləri çox sevirəm. Mənim üçün ən çox hədiyyəsi də gül olub. Ümumiyyətlə, ciddi xarakterli olduğu üçün heç sevgisini belə dilə gətirmirdi. Son dəfə sentyabrın 5-də doğum günümdə hədiyyə almışdı. O ətri, aldığı bütün hədiyyələri görəndə Rüfəti xatırlayıram”.

 

 

Şəhid çavuş İbrahim Hüseynlinin həyat yoldaşı Sürfanə xanımın sözlərinə görə, onlar Sevgililər gününü ilk və son dəfə 2020-ci ildə keçiriblər:

 

“Yoldaşım hərbçi olduğu üçün 14 fevral tarixində bir-birimizin yanında ola bilmirdik. Çox təəssüf hissi ilə bunu qeyd edəcəyəm. 14 fevral 2020-ci il tarixində biz ilk və son dəfə Sevgililər gününü birgə qeyd etdik. Çünki artıq evli idik. Axşam saatları olduğu üçün işdən sonra şam yeməyinə çıxdıq. 7 il müddətində mənim yanımda olmasa belə, təbriklərini gec də olsa çatdırırdı. Yadımdadır, 3 ilimizin tamamında gümüş boyunbağı hazırlatdırmışdı. Adlarımızın baş hərflərini yazdırmışdı. Özəl olaraq həmin tarixi əbədiləşdirmək kimi bir şəraitimiz olmamışdı. Çünki ildə cəmi 30 gün bir-birimizi doğru-düzgün görə bilirdik. Bu da məzuniyyət müddətində olurdu.

 

Həmişə deyirdi ki, bizim Sevgililər günümüz 26 oktyabrdadır. Çünki biz həmin gün tanış olmuşduq. Bu yolu birgə addımlamağa söz verdiyimiz üçün əsl sevgililər günü bizim üçün 26 oktyabr tarixidir. Sevginin günü olmaz. Sevildiyini hiss etdiyin hər gün sənin üçün Sevgililər günüdür, bu mənim düşüncəmdir. İbrahimin mənim yanımda olduğu hər dəqiqə mənim üçün Sevgililər günü kimi xoş təsir bağışlayırdı. Hədiyyə etmək üçün ətri çox sevirdi. Bütün qadınlara həmişə sevib-sevilməyi arzu edirəm. Hərbçi sevgisi bir başqa olur. Məsafəli, amma möhkəm iradə ve səbr tələb edən sevgidir bu..”.

 

İlk və son dəfə qeyd edilən həmin gün...

 

 

Şəhidin xanımına ilk hədiyyəsi..

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!