Modern.az

Bakının Sevgililər Günü - REPORTAJ

Bakının Sevgililər Günü - REPORTAJ

14 Fevral 2022, 13:32

Sevgi - əsrlərdir dastanların, şeirlərin, filmlərin mövzusu olan, insan övladına bəxş edilmiş ən ali hiss...

 

Əslində sevgi məhfumu genişdir. Vətənə, ailəyə, özünə, amma biz 14 fevral “Sevgililər günü”nə özəl olaraq öz yarına aşiq olanların sevgisindən söz açacağıq.

 

Paytaxt Bakıda bu günü özəl olaraq qeyd edənlərlə rastlaşmaq ümidilə insanlar arasında “Tarqovı” deyilən əraziyə yollandıq. Burada ayın tarixindən asılı olmayaraq, əl-ələ, qol-qola gəzən cütlüklərlə rastlaşmaq olar. Çox gəzmədik.

 

Budur, qarşımıza çıxan ilk cütlüyə yaxınlaşırıq. Cütlüyün rayonların birindən məhz bu günə özəl olaraq Bakıya gəldiklərini biləndə təəccübümüzü saxlaya bilmədik. Elə bu anda xanımın əlindəki güldən bərk-bərk yapışması da diqqətimizdən yayınmadı. Günün özəlliyi və mahiyyətini soruşduqda, xanımın öz sevgilisinə aman verməyib “bir yerdə bütün günlər özəldir bizə” cavabı soyuq havada isti kofe təsiri bağışladı.

 

Onların fotolarını çəkmək istəyərkən razılıq vermədilər. Deyəsən, evdən gizlin gəliblər. Amma buna baxmayaraq, cütlüyün xoş anlarını belə ölümsüzləşdirdik.

 

 

Yolumuza davam edəndə qarşımıza bayaqkı cütlüyün əlindəki güllərdən bir qucaq tutan azyaşlı oğlanla qarşılaşdıq. Yəqin az əvvəl söhbətə tutduğumuz cütlük də bu balacanın təklifini geri çevirməmişdi. Balaca ümid ilə yoldan keçənlərə gül təklif edirdi. Soyuqdan oğlanın yanaqları da əlində tutduğu gülün rəngi ilə həmrəng olmuşdu. Onu işindən ayırıb söhbətə tutduq. İşinin, necə deyərlər “alver”in necə getdiyilə maraqlandıq. Balaca kəkələyərək “Heç yaxşı deyil, mağazalardan alırlar deyə, məndən alan yoxdur”.

 

 

 

Elə bu cavab bizi yolumuzun üstündəki gül mağazasına dönməyə vadar etdi.

 

Görək, doğrudanmı insanlar gülləri daha çox mağazalardan alır?

 

Balacanın iddia etdiyinin əksinə, bu gül dükanında necə deyərlər, səssizlikdən qulaq tutulurdu. Balaca oğlan boşuna heyfislənirmiş. Rəngbərəng çiçəklər satıcıya, satıcı da onlara baxırdı.

 

“14 fevraldır, vəziyyət nə yerdədir?” soruşanda satıcı əllərini geniş açıb “gördüyünüz kimi” dedi. Alış-verişin olmamasının səbəbini soruşduqda satıcı bunu müharibə və karantinlə əlaqələndirdi. Deyir ötən illərdə belə passivlik olmazdı.

 

“Bazar olsun deyib” mağazadan ayrıldıq.

 

 

Elə çox da uzaqlaşmamışdıq ki, bizə tərəf yaxınlaşan bir ailəni gördük. Anında ağlıma “görəsən, evlilik sevgini öldürümü?” sualı gəldi. Heç sözü uzatmadan birbaşa sualımı verdim. Elə bəy də konkret cavab verdi: “Biz elə sevgiliyik də, evlənsək belə, heç nə dəyişməyib. Əksinə sevgimiz daha da güclənib”.

 

 

Bu gənc ailəyə xoşbəxtlik arzulayıb, yolumuza davam edirdik ki, cüt geyinən sevgililərlə rastlaşdıq.

 

Elə təzəcə Sevgililər günü deyirdik ki, gənc oğlan “nə? Sevgililər günü?” deyərək təəccübünü gizlədə bilmədi. Hə, yaman yerdə axşamladıq. Çətinə düşən oğlanı vəziyyətdən elə sevgilisi çıxardı:

 

“Əsas mənim ad günümü unutmasın, Sevgililər gününü qeyd etməsək də olar”.

 

 

Bu cavaba, elə ümumi vəziyyətə gülüşüb, sağollaşdıq...

 

Gəzə-gəzə gəlib Dənizkənarı bulvara çatıdıq. Bura həm sevgililərin, həm də yarından ayrı düşənlərin ən çox gəldiyi yerdir. Elə fotodakı bu gənc kimi.

 

 

 

Tənha oturmuşdu. Dənizə doğru baxır, hey köks ötürürdü. Kənardan onu müşahidə etməklə iş çıxmaz. Yaxınlaşıb, görək, nədir bu oğlanın dərdi? Hal-əhval edəndən sonra “belə bir gündə niyə təksən? Sevgilin yoxdur?” deyə soruşanda “var idi, daha yoxdur, yox kimi bir şeydir” cavabını alıb, bir xeyli susduq. Sonra heç nə soruşmadım, bu gənc özü başladı danışmağa:

 

“Təkəm. Amma istəmirəm sevgilim olsun, güvəndiyim bir dost belə mənə bəsdir”.

 

 

Onun bu sözləri nə qədər kədərlə deyilsə də, cümlələrin fonunda ümid işartıları aydın sezilirdi. Ona xoşbəxt gələcək diləyib, söhbətimizi və reportajımızı yekunlaşdırdıq...

 

Günü bu cümlələrlə təsvir etmək istəyirəm: Bütün xəstəliklər sevgisizlikdən, şəfa isə hər zaman sevgidən gəlir.

 

Sevgililər gününüz mübarək!

 

 

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər