Modern.az

Yaddan çıxmış sənətkarlar: Həyat yoldaşına görə səhnədən uzaqlaşan, Azərbaycandan köçən Əməkdar artist - FOTOLAR

Yaddan çıxmış sənətkarlar: Həyat yoldaşına görə səhnədən uzaqlaşan, Azərbaycandan köçən Əməkdar artist - FOTOLAR

Reportaj

22 Fevral 2022, 09:36

O, Azərbaycan teatr səhnəsinin istedadlı aktrisalarından idi. Hətta “Əməkdar artist” fəxri adına layiq görülmüşdü. Bəlkə də şəxsi həyatı ilə bağlı səhnədən uzaqlaşmasaydı, gələcəkdə Xalq artisti də olacaqdı...

80-ci illərin televiziya tamaşalarını izləmiş yaşlı və orta nəsil yəqin ki, onu unutmayıb. Söhbət Əməkdar artist Hicran Mehbalıyevadan gedir. Tamaşaçıların yaddaşında istedadlı, gənc və gözəl aktrisa kimi qalan Hicran xanım həm də məlahətli səsə sahib idi. Bir sıra televiziya tamaşalarında, televerilişlərdə səslənən mahnıların da ifaçısıydı...

Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə aktrisa Hicran Mehbalıyevanı sizə xatırladır...

Onu unutmayanlar üçün maraqlıdır, Hicran Mehbalıyeva indi haralardadı... Bəzən sosial şəbəkələrdəki mədəniyyət səhifələrində də bu barədə cavabsız suallar yazılır, onu arayıb-axtaranlar olur...


Gələn ay – martın 11-də Hicran Mehbalıyevanın 68 yaşı tamam olacaq. Yəqin ki, aktrisanı unutmayanlardan heç kim onu bu yaşda təsəvvür edə bilmir. Çünki səhnədən erkən gedən sənətçinin yaşlanması digər həmkarlarından fərqli olaraq gözümüzün önündə baş verməyib. Bu səbəbdən də onu 68 yaşda təsəvvür etmək bir qədər çətindir...
 

Hicran Paşa qızı Mehbalıyeva 11 mart 1954-cü il tarixində dünyaya gəlib. 1973–1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1977–1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib.

Sonralar Akademik Milli Dram Teatrına dəvət olunan Hicran Mehbalıyeva sənətdən gedənə kimi burada çalışıb.

Hicran xanım “Azdrama”da çalışmaqla yanaşı, AzTV-nin bir sıra əyləncəli verilişlərində, Yeni il gecələri üçün hazırlanan “Mavi işıq” proqramlarında iştirak edub. Həm aktrisa, həm də mahnı ifaçısı kimi.

O, “Xoşbəxtlik qayğıları”, “Evləri köndələn yar”, “İşgüzar səfər”, “Qonşu qonşu olsa” televiziya tamaşalarında, “Bədbəxtliyin astanasında” filmində müxtəlif rollarda oynayıb, yaddaqalan obrazlar yaradıb.


Aktrisalıq keyfiyyətləri ilə yanaşı, müğənnilik bacarığına da malik olan Hicran xanım vaxtilə çox pupulyar olan "Bənövşə" uşaq xorunun yüzlərlə məşhur yetirmələrindən biri idi.


Onun Xalq artisti, mərhum Yaşa Nuri ilə birgə ifa etdiyi “Neyləsin bu yollar...” mahnısı 80-ci illərin sonunda böyük tamaçı rəğbəti qazanmışdı. Onlardan sonra həmin mahnını çoxları duet şəklində ifa etdi, amma Hicran Mehbalıyevlə Yaşar Nurinin bu bəstəyə vurduğu möhür yaddaşlardan silinmədi..

“Evləri köndələn yar” teletamaşasında səsələnən “Görüş yeri” mahnısının ifaçısı da Hicran Mehbalıyevadır.

Bundan başqa, Hicran Mehbalıyevanın görkəmli bəstəkar Emin Sabitoğlu ilə birgə ifa etdiyi "Səhnədə işıqlar yananda" mahnısı da 80-ci illəri xatırladan və yaddan çıxmayan musiqilər sırasında yer alır.

Sənət yoldaşları deyirlər ki, o, dahi şair Hüseyn Cavid dramaturgiyasında qadın obrazlarının ən gözəl ifaçısı hesab olunurdu. Hicran Mehbalıyevanı xatırlayan sənət adamlarının sözlərinə görə, onun yaradıcılığına Hüseyn Cavid dramaturgiyasının təsiri çox böyük olub. Elə aktrisa kimi püxtələşməsinə də həmçinin...

1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar, dahi şairin "Afət" əsəri səhnələşdirilir. Əsərə quruluşçu rejissor Oruc Qurbanov səhnə həyatı verir. Afət rolunu oynamaq isə Hicran Mehbalıyevaya tapşırılır. 

Hicran xanım “Afət” tamaşasında yaratdığı obrazla aktrisa kimi özünün daxili aləminin zənginliyini, heç bir çəçrçivəyə sığmayan peşəkarlığını ustalıqla nümayiş etdirir. Bu ifa aktrisaya yanaşmanı dəyişir, Azərbaycan teatrında öz dəsti-xətti ilə seçilən yeni nəfəsə diqqəti cəlb edib.

Məhz bu tamaşada oynadığı roldan sonra - 1 dekabr 1982-ci il tarixində Hicran Mehbalıyevaya “Azərbaycan SSR-nin Əməkdar artisti” fəxri adı verilir.


Ardınca isə onu Akademik Milli Dram Teatrına işə dəvət edirlər.

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur Hicran Mehbalıyevanın Sumqayıtdan Bakıya dəvət olunmağını belə xatırlayır:

"Məlik Dadaşov Akademik Milli Dram Teatrında studiya yaratmaq istəyirdi. Orada Şıxəli Qurbanovun "Sənsiz" tamaşası hazırlanırdı. Mən, xalq artisti Valeh Kərimov, Səmayə Sadıqova, Hicran Mehbaliyeva həmin tamaşaya dəvət olunmuşduq. Biz demək olar ki, hər gün Məlik Dadaşovla görüşürdük. Məlik Dadaşovla səhnədə olduğu kimi həyatda da maraqlı insan idi”.

Hicran Mehbalıyevanın sənətdən gedişi səssiz baş verdi... 90-cı illərdə yaşanan qarışıqlıq sənət aləmindən da yan keçmirdi. Bu qarışıqlıqda səhnədən çəkilənlər də oldu, teatr, kino aləmindəki çətinliklərə dözən, öz fəaliyyətini davam etdirənlər də...

Hicran Mehbalıyeva o illərdə sənəti vaxtından əvvəl tərk edənlərdən oldu... Deyilənə görə, Əməkdar artistin səhnə həyatına davam etməsini həyat yoldaşı istəməyib. Daha sonra onlar Azərbaycanı tərk ediblər...
 


Hicran Mehbalıyevanın oynadığı "Qonşu qonşu olsa" tamaşasının ssenari müəllifi və bəstəkarı, Əməkdar incəsənt xadimi Ruhəngiz Qasımova aktrisanın hazırda Rsiyada yaşadığını bildirib:

“Hicran Mehbalıyevanın həyat yoldaşı biznesmen idi, 90-cı illərdə bəziləri Azərbaycanı tərk edəndə onlar da Moskvaya köçüb getdilər. Yaxşı aktrisa idi, həm də göyçək idi. İstedadı, bacarığı da öz yerində...”.

Bəstəkar aktrisa haqqında başqa məlumata malik olmadığını bildirib.

Hicran Mehbalıyevanın digər sənət yoldaşlarının da bildikləri yeganə məlumat onun hazırda Rusiyada yaşaması barədədir. Təəssüf ki, biz də aktrisanın sonrakı işi-gücü, övladları barədə hər hansı başqa məlumat öyrənə bilmədik...
 

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar