Modern.az

Ailə cinayətlərinin QORXUNC SƏBƏBLƏRİ: Xəyanət, mənəvi aclıq, yoxsa pandemiya?

Ailə cinayətlərinin QORXUNC SƏBƏBLƏRİ: Xəyanət, mənəvi aclıq, yoxsa pandemiya?

18 Fevral 2022, 10:40

Son vaxtlar rastımıza çıxan bəzi xəbərlərin başlıqlarına nəzər salaq: “Əri ilə birlikdə ögey anasını öldürdü”, “Tovuzda oğul atasını güllələdi”, “Şəmkirdə kişi arvadını və qızını qətlə yetirdi”, “Arvadını öldürdü, qonşusunu güllələdi” və s.

Bu başlıqdakı xəbərələr son bir ayda yaşanan ailədaxili cinayətlətin sadəcə bir qismidir. Necə də vahimə doğurur, elə deyilmi? Düzdür, belə qətllər həmişə olub, indi də var. Amma etiraf etməliyik ki, artıq belə hadisələrin sayı xeyli artıb. Dəhşətli qətllər ailələrdə böyük faciələrə gətirib çıxarır. 

 

Cinayət hadisələrini araşdırarkən, müxtəlif səbəblərə rast gəlmək olar. Söhbət ailələrdən gedirsə, belə xoşagəlməz halların qarşısı necə almaq barədə düşünməliyik. Əks halda daha dəhşətli hadisələrlə üz-üzə qala bilərik.

Ailədaxili cinayətlər niyə artır?

 

Empatiya problemi...

 

Bu barədə Modern.az-a danışan psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, ailədaxili qətllərin artmasının səbəblərindən biri şəxsin özünün problemini ailəyə əks etdirməsidir:

 

“Pandemiyanın yaratdığı şərait psixohəssas insanlara təsir edib. Bu dönəmdən sonra belə insanlarda panik atak, ölüm fobiyaları, ağır depressiyalar, aqresiyalar və bu kimi müxtəlif xüsusiyyətlər özünü göstərməyə başladı. Bunun nəticəsidir ki, insanlarda empatiya problemi var. Empatiya bacarığı olmadıqda insanlar bir-birini dinləmir, bu isə insanı mənəvi aclığa gətirib çıxarır. Mənəvi ac insan ətrafını nifrətlə görməyə başlayır, özünə və kənardakılara qarşı çox amansız olur. Hətta bu aclıq insanda qətl törətməyə qədər gətirib çıxara bilər”.

 

 

Psixoloqun sözlərinə görə, ailədaxili qətllərlə bağlı, xüsusən uşaqlara qarşı cinayətlər və təcavüz hallarına qarşı çox amansız addımlar atılmalı, qanunlar sərtləşdirilməlidir:

 

“Eyni zamanda güclü maarifləndirmə işləri aparılmalı, sosial şəbəkələrdən bu istiqamətdə düzgün istifadə olunmalıdır. Onu da qeyd edim ki, TV-dəki görüntülər insanların psixologiyasına təsir edir. Necə ki, tütün və spirtli içki məhsulları blurla gizlədilir, titrlarda onların zərərlərindən bəhs olunur, eləcə də şiddət, cinayət və zorakılıq görüntülərində də bu üsul tətbiq olunmalıdır. Əks halda bunlar təlqin xarakteri daşıya bilər. Deyə bilərəm ki, şiddətin, cinayətin azalması öncə bir-birimizi dinləməkdən başlayır. Gəlin, bir-birimizi dinləyək”.

 

 

Artıq qadınların səbr kasası dolub...

 

Psixoterapevt Elmir Əkbər belə halların artmasının səbəblərindən biri kimi pandemiyanın süni dustaqxana xarakteri daşıyaraq insanların psixologiyasına ağır zərbə vurduğunu söyləyib:

 

“Ölkəmizdə belə halların artmasının digər bir səbəbi əsəb-sinir sisteminin pandemiya sayəsinda pozulmasının nəticəsidir. Artıq qadınların da səbr kasası dolub, əsəb kontrolu problemi yaşayırlar və haqsızlıqları götürmürlər. Həyat yoldaşının, qayınananın, qayınatanın zorakılığı onları bu addımı atmağa təşviq edə bilər”.

 

“Ailədaxili qətl baş verib” deyərkən ağıllara ilk növbədə kişilər tərəfindən törədilməsi ehtimal olunan cinayətlər gəlir. Lakin son vaxtlar ailə daxilində törədilmiş cinayət hadisələrində təkcə kişilərin deyil, qadınların da iştirak etməsi barədə müxtəlif məlumatlara rast gəlmək olar.

 

 

Öldürülən qadına vurulan  “əxlaqsız” damğası...

 

Təmiz Dünya  Qadınlara Yardım İctimai Birliyinin Sədri Mehriban Zeynalova düşünür ki, cinsi mənsubiyyətindən asılı olmayaraq, heç kimin cinayət törətməsinə haqq qazandırmaq olmaz:

 

“Əvvəllər öldürülən qadına "əxlaqsız" damğası vurulurdu, indi isə öldürən şəxsə “psixoloji problemi var” deyirlər. Əgər onun həqiqətən belə çətinliyi varsa, onun yeri sağlamlıq mərkəzidir. Buna nəzarət mexanizmi olmalıdır. Belə bir ifadə var: “münaqişəli ailə..” Zorakılıq halları müşahidə edilən və münaqişəli ailə kateqoriyaları ayrı olmaldı. Zorakılıq daha ciddi, davamlı və təqib edilməli məsələdir. Bunları eyniləşdirmək düzgün deyil. Hər bir halda, cinsindən asılı olmayaraq, cinayət törətmiş şəxs ədalət qarşısında cavab verməlidir.

 

Qadınların özünümüdafiə mexanizminə ehtiyacı olanda, cinayət baş verə bilər. Amma, bu, ona əsas vermir ki, qadın kimisə öldürsün. İndi hər kəsin əlində mobil telefon və sosial şəbəkələrdən istifadə etmək fürsəti var. Onlardan istifadə edərək problemlərini işıqlandıra, səslərini duyura bilərlər. Heç bir halda həm qadın, həm kişi üçün cinayət törətmək bəraətverici hal deyil”.

 

Bəs qanunlar? Onlar nə deyir? Təbii ki, cinayət törətmiş şəxs cəzasını çəkməlidir. Lakin cinayət hadisələrinin adi hal alması cəza tədbirlərinin sərtləşdirilməsi məsələsini gündəmə gətirir.

 

Mehriban Zeynalova hesab edir ki, qanunvericilikdə qadınların təhlükəsizliyini təmin edən maddələr kifayət qədər deyil:

 

“Ailədaxili qətllər əvvəllər də olub və davam edir. Qanunvericilikdə qadınların təhlükəsizliyini təmin edən maddələr kifayət qədər deyil. “Ərimdən ayrılmayım, bəlkə düzələr”  kimi mental fikirlər, uşaqlarını atasız böyütmək istəməmə, övladları ilə təhdid edilmə, ağsaqqalın qadınların yerinə söz verməyi, qohumların vasitəçiliyi, yerlərdə sosial işçilərin olmaması və s. kimi hallar qadınların zorakılığa məruz qaldığı evdən ayrılmağa, sığınacaqlara müraciət etməyinə mane olur.

 

Eyni zamanda, sığınacaqlara müraciət edən bəzi qadınlar reabilitasiya prosesindən sonra reinteqrasiya mərhələsinə uyğunlaşmaqda çətinlik çəkirlər: “Uşağa baxmaq üçün yetərincə qazanmıram", "mən işləyəndə ona kim baxacaq" tipli fikirlərə görə yenidən ailələrinə geri dönməyi qərara alırlar. Məişət zorakılığı ilə bağlı qurumlararası əlaqə zəifdir, nəzarət  və istiqamətləndirmə mexanizmi yoxdur, əgər hər hansı zorakılıq izi yoxdursa, məsələ təqib olunmur. Deyilənə görə, bu maddələrlə bağlı təkliflər var, amma heç kim tələsmir.  Bunlar qadınların təhlükəsizliyini təmin etmək üçün vacibdir, amma hələ ki vahid formalaşdırılmış norma yoxdur”.

 

Qanunvericilik təkmilləşdirilməlidir...

 

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin Baş Məsləhətçisi, Məişət Zorakılığının qarşısının alınması üzrə sektorun əməkdaşı Tural Hüseynzadə də bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb:

 

“Məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun 2010-cu ildə qəbul olunub, o gündən bəri heç bir dəyişiklik əlavə edilməyib. Hazırda bizim Milli Fəaliyyət Planımız var və onun əsas bəndlərindən biri də qanunvericiliyin təkmilləşdirilməsidir. Məqsəd bu tipli hallar baş verdikdə profilaktik tədbirlərin həyata keçirilməsidir. Məişət zorakılığının qarşısının alınması ilə bağlı qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur. Artıq Komitə müvafiq dəyişiklikləri hazırlayıb, lazımi qurumlarla danışılıb və proses razılaşdırılma mərhələsindədir. Ümid edirəm ki, yaxın zamanda bununla bağlı xəbər eşidəcəyik. Ən vacib olan məsələ belə hadisələrin baş verməzdən öncə qarşısının alınmasıdır”.

 

Bir çox cinayətlərin acı səbəbləri üzə çıxdı, qanunlardan danışdıq,  geridə nə qalır? Daha doğrusu kim qalır? Bu hadisələrin fonunda günahsız və heç nədən xəbəri olmayan məsum uşaqlar...

 

 

Bəs ailəsiz böyüməkdə, kimsəsiz qalmaqda, travma almaqda onların günahı nədir? Baxın, bu suallar sanki qara dəliyə tuşlanır. Biz sadəcə soruşuruq, cavabını isə geri ala bilmirik. Eynilə qara dəliyə gedənin geri dönmədiyi kimi...

 

Tural Hüseynzadə qeyd edib ki, belə hallar olduqda Komitənin məqsədi birbaşa uşaqların gələcək taleyi ilə bağlı olur:

 

“Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məqsədi və siyasəti ailədaxili zorakılıqların cinayət xarakteri almamışdan öncəki mərhələdə aşkar edib, qarşısını almaqdır. Əməldə cinayət tərkibi varsa, Komitə məsələ ilə bağlı hər hansı istintaq orqanının fəaliyyətinə təsir edə bilmir. Amma, baş vermiş hadisədən sonra azyaşlı hər iki valideynindən və ya ailə himayəsindən məhrum olduqda, onunla bağlı Komitə tərəfindən profilaktik tədbirlər görülür. Bizim İcra hakimiyyətlərində monitorinq qruplarımız var. Həmin qruplarda psixoloqlar, sosial işçilər fəaliyyət göstərir. Komitə ailə daxilində cinayət hadisəsi baş verdiyi təqdirdə həmin an uşaqla psixoloqun görüşünü təşkil edir. Əgər müəyyən olunursa ki, bu uşaqların reabilitasiyaya ehtiyacı var, biz onları müvafiq proqram üzrə cəlb edirik. Cinayət zamanı valideynlərdən biri ölərsə, digəri cəzaçəkmə müəssisəsinə yerləşdirilərsə, biz uşağı himayəyə götürə biləcək psixoloji vəziyyəti sağlam olan yaxın qohumları ilə əlaqəyə keçirik. Yox, əgər uşağın belə yaxınları yoxdursa, yenə həmin kriteriyalar üzrə bilavasitə qohumlarını araşdırırıq və azyaşlını onlara yönləndiririk. Hər iki ehtimal da özünü doğrultmadıqda dövlət uşağı öz himayəsinə götürür. Biz təbii ki, qətlin səbəbini aydınlaşdırırıq, amma, bu nəticədə heç nəyi dəyişmir, artıq ailədə faciə baş verib. Biz uşaqla maraqlanırıq, onun gələcəkdə cəmiyyətə, həyata adaptasiyası ilə məşğul oluruq”.

 

Müsahiblərimizin ailə cinayətlərinin qarşısını almaq və üzləşdiyimiz problemlərin həlli ilə bağlı fikirlərindən belə qənaətə gəlmək olar ki, artıq ciddi addım atmaq zamanıdır. Bunun üçün ilk növbədə maarifləndirmə işlərinin aparılması, qanunvericiliyin sərtləşdirilməsi və ya yenidən təkmilləşdirilməsi, psixoloji təlimlər, xüsusi seanslar və digər zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

 

Gəlin, razılaşaq ki, ailə məcburiyyət olmadan, hər iki tərəfin istəyi nəzərə alınaraq qurulmalıdır. Məcburiyyət qarşısında evlənməyə vadar edilən cütlüklərin çoxu ən “yaxşı” halda boşanmalara gedir, bunu bacarmayanda isə ağır cinayətlər qapını döyür. Bunun baş verməsini istəmiriksə, həyatımız barədə düşünərkən, yüz ölçüb, bir biçməliyik.  

 

Fatma Abdulla

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi