Azərbaycanda hansı siyasi partiya sədri ən bahalı avtomobilə sahibdir?
Müsavat Partiyasının başqanı İsa Qəmbərin əyləşdiyi avtomobil yanvarın 13-də Lənkəranda hücuma məruz qaldı. İsa Qəmbərə məxsus “Mercedes-S-Klass” markalı avtomobilə bu olay nəticəsinzə ziyan dəydi, onun şüşələri sındırıldı, qapısı əzildi...
Bu hadisədən sonra əməkdaşımız partiya sədrlərinin əyləşdiyi avtomobillərlə bağlı araşdırma aparmağa çalışıb.
Maraqlıdır, digər partiya sədrləri hansı markadan olan avtomobildən istifadə edirlər? Onlar maşını özləri idarə edir yoxsa sürücüləri var?
Modern.az saytı üzdə olan siyasi partiya liderlərinə məxsus avtomobillərin siyahısını təqdim edir.
Müsavat Partiyasının mətbuat xidmətindən bildirildi ki, İsa Qəmbərə məxsus “Mersedes S Klass” avtomobilini başqanın sürücüsü idarə edir.
AXCP sədrinin müavini, Fuad Qəhrəmanlı bildirdi ki, bu partiyanın rəhbəri Əli Kərimli bir müddət öncə “Nissan Maxsima”ya malik idi. Hazırda isə Əli bəyin “Mitsubuşi” markalı avtomobili və şəxsi sürücüsü var.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirdi ki, şəxsi sürücüsü var. Onun avtomobilinin markası isə “QAZ-31”dir.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Toyota Kamry” markalı avtomobilə malikdir. Maşını onun sürücüsü idarə edir. Zəruri hallarda isə sükan arxasına ADİP sədrinin özü keçir.
Ümid Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, partiya sədri, millət vəkili İqbal Ağazadə “BMV 740” markalı avtomobilin sahibidir. O, sürücü və şəxsi mühafizə xidmətindən istifadə edir. Maşını özünün də idarə etdiyi zamanlar olur.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa “Hunday Santa Fe” markalı avtomobilini özü idarə edir. Fazil Mustafa beş ildir ki, həmin maşını istifadə edir.
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının “Leksus 470” markalı avtomobili var və maşını onun şəxsi sürücüsü idarə edir. Bəzən maşını Sabir bəyin özünün də idarə etdiyi vaxtlar olur.
ADP pəhbəri Sərdar Cəlaloğlu “Toyota Prado” markalı avtomobilə sahibdir və maşını özü idarə edir.
BAXCP sədri Qüdrət Həsənquliyevin “Mersedes” (xalq arasında “Çeşka” kimi tanınır) avtomobili var. Sükan arxasında şəxsi sürücüsü oturur.
AMİP sədri Yusif Bağırzadə “Toyota” markalı avtomobilini özü idarə edir.
ASDP sədri Araz Əlizadə bildirdi ki, şəxsi sürücüsü yoxdur və 2008-ci ildən “Nissan X Treyl” markalı avtomobili var.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “UAZ” markalı avtomobil sürür.
Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, deputat Əli Əhmədov da bahalı “Mercedes-S-Klass” markalı avtomobildən istifadə edir. Əli müəllimin şəxsi sürücüsü də var.
Aqşin Kərimov