Modern.az

Qətliamdan öncə Xocalıda olan jurnalist: “Bir ay qabaq xəbərdarlıq etmişdim” - 30 il əvvəl yazılan REPORTAJ

Qətliamdan öncə Xocalıda olan jurnalist: “Bir ay qabaq xəbərdarlıq etmişdim” - 30 il əvvəl yazılan REPORTAJ

26 Fevral 2022, 09:16

Faiq Sadıqov: Ölüsünü  tapanlar da  dirisini  tapanlar  qədər  sevinirdilər...”

30 il əvvəl baş vermiş və bütövlükdə  Qarabağın itirilməsinin başlanğıcını qoyan  Xocalı qətliamı nədən baş verdi, günahkarlar kimdir, faciənin qarşısını almaq olardımı? Bütün bu suallara cavab tapmaq üçün 30 ildə saysız-hesabsız məqalə, kitab yazılıb, təhlillər aparılıb, mülahizələr irəli sürülüb, faktlar araşdırılıb. Qan yaddaşımızda dərin izlər qoymuş faciəyə aparan yol, başvermə səbəbləri, dəhşətləri, düşmənə layiqli cavab verə bilməməyimizin səbəbləri həmin dövrdə birinci Qarabağ müharibəsinin əvvəlindən sonunadək cəbhə müxbiri işlədiyim "Ədalət" qəzetində dərc olunmuş materillarda aydınlığı, tutarlı faktlarla tam əksini tapmışdı. İndiki nəsildə Xocalı müsibətinin baş vermə səbəbləri və nəticələri barədə aydın təsəvvür olsun deyə 30 il əvvəl "Ədalət" qəzetində dərc edilmiş həmin materilların  bir qismini yenidən oxuculara təqdim edirəm.


***

XOCALIDA BİR GÜN

Qarabağın qapısı  Yevlaxdan, qədim  Bərdədən, məğrur Ağdamdan  keçən  yollarda  sıxlıqdır. Yol  kənarlarında  qışın soyuq-sazağına   baxmayaraq üzüm  bağlarında, pambıq  və  taxıl  sahələrində  yorulmadan çalışan   adamlar  diqqəti  cəlb edir. Elə ki, Ağdamdan  keçirsən  Əsgəran   ərazisinə burada  mənzərə  tamamilə  başqalaşır. Yurdumuzun  füsunkar  guşəsi olan bu yerlər ermənilərin  nadanlığı  ucbatından  miskin  görkəm  almışdır. Kəndləri bir-birinə birləşdirən yollar   zirehli  maşınların, tırtılların altında  çat-çat  olub. Ətrafda  istehkamlar, zirehli  geyimli  əsgərlər  və hər an açılmağa hazır olan  avtomat silahlar... Mühasirədə olan kəndlərimizə   getmək üçün  kimdənsə icazə  almalısan, kimsə  pasportunu  yoxlamalıdır.


Yollar  qüssəlidir. Adət   etdiyimiz Qarabağ   şadyanalığından  əsər-əlamət  qalmayıb. Oğuz  elinin qeyrət yeri, qəhrəmanlıq  rəmzi olan  Əsgəran qalası yetim kimi  görünür. Novruz  tonqalının  işığına, istisinə  həsrətdi  bu yerlər. Yol  kənarından ermənilərin  kin-küdurət  dolu   baxışları, bəd  nəzərləri  müşayiət edir bizi. Qarabağ  faciəsinin  ilk  qurbanlarını məhz   burda vermişik. Nə  bu acı tarix, nə  ölümsaçan güllələr, nə də ki ermənilərin  bəd nəzəri  bizi yolumuzdan döndərə bilməz.   Çünki bu yoldan  Salatın  keçib... Bu  yol Xocalıya  gedir, tarixin  müxtəlif  dövrlərində  dəfələrlə  erməni fitnə- fəsadına  məruz  qalan Xocalıya...  İndi  Xocalı  yenidən  tikilməkdə olan böyük  bir  şəhəri  xatırladır. Bütün Azərbaycan  tikir  Xocalını.


Bizimlə bərabər Xocalıya  avtomobil  karvanı  daxil  olur. Tikinti  materialları ilə  dolu maşın  karvanını  gətirənlərlə  tanış  oluruq. Onlar “Kəndtikinti”  Birliyinin Masallıdakı tikinti  təşkilatlarının   nümayəndələridirlər. 9  saatlıq  yolun  yorğunluğu, Əsgəranda ermənilər  tərəfindən  daş-qalaq olunmaları onların  işgüzar ovqatına  qətiyyən  təsir  etməyib. Yataq  dəstlərini özləri  ilə gətirmiş inşaatçıların yerləşdirilməsi  üçün  Şəhər  Sovetində  operativ  tədbirlər  görülür. Masallı  inşaatçıları R.Hüseynov, M.Fəttayev, Ə. Abbasov, A. Məmmədov  və başqaları günü  sabahdan  nəzərdə tutulmuş 100  mənzilin  inşasına  başlayacaqlar.


Şəhər  Sovetinin  verdiyi  məlumata  görə, Xocalıya  Xankəndindən  qovulmuş 5000  nəfərdən  çox  azərbaycanlı  köçüb.       Tikinti  materiallarının  əldə edilməsi  və  daşınmasındakı  çətinliklərə  baxmayaraq  respublikanın  müxtəlif  şəhər  və  rayonlarından   gəlmiş  inşşatçıların fədakarlığına  həsəd  aparırsan. Yeni binaların  yanından  ötüb  Xocalı  milisinə  gəlirik.  2 mərtəbəli  yaraşıqlı  bu  bina  3 ay  müddətinə  tikilib.  İş  icraçısı  A. Azadov bildirdi  ki,   binanın  qısa müddətdə  istifadəyə  verilməsində  milis  işçilərinin  köməyini  qeyd  etməmək  ədalətsizlik  olar. S. Mədətov, İ. Hümbətov, İ. Abışov, Ş. Muradov, H.Hüseynov  asayişin  keşiyində  durmaqla  yanaşı inşaatçılarla çiyin-çiyinə çalışıblar. Respublika daxili işlər  nazirinin  müavini  N. Talıbov  tikintiyə şəxsən nəzarət  və  kömək  edib, çox  zaman inşşatçılar  və milis  əməkdaşları ilə birlikdə buradakı  vaqonda  gecələyib.


Şəhər  milisinin  rəisi  S. Məmmədov  bildirdi  ki, ermənilərin  yaratdığı  problemlərlə  bağlı  əməliyyat  şəraitinin  çətinliyinə  baxmayaraq  əməkdaşlar  asayişin qorunması  üçün  xüsusi  fədakarlıq  göstərirlər.


Ürəyinin hökmü  ilə Bakıdan  Xocalıya  işləməyə  gəlmiş  leytenant Hüseyn  Əliyev  söhbətə  qoşulur. Əməkdaşların  bir  hissəsinin mənzilsiz olduqlarından  milis  şöbəsinin yeni inzibati  binasının  hələ  boya qoxusu  çəkilməyən soyuq  otaqlarında  gecələmələrindən   danışdı. Bu  fədakar  milis  işçiləri  bəzən  həftələrlə, aylarla  ev, ailə  üzü  görmürlər. Lakin  bu onları  narahat etmir. İstəkləri  odur ki, Qarabağın  taleyi  bu torpağın  əzəli  sahiblərinin  xeyrinə  həll  olunsun .


Post-patrul  xidməti  bölməsinin rəhbəri, milis  əlaçısı, baş  serjant Ə. Quliyev  bölmənin  Əsgəran rayon DİŞ-nin  tabeliyindən  çıxarılmasının  vaxtı  çatdığını  bildirdi. O, əmək  haqqının , texniki  vasitələrin  alınması üçün  Əsgərana  gedən əməkdaşların çox  böyük çətinliklər  və təhlükələrlə  üzləşdiyini  söylədi .


Xocalınınn milis  işçiləri ilə  söhbətimiz  uzun  çəkmir. Aeroporta  tələsirik. Əslində  aeroport  Xocalının bir addımlığındadır. Xankəndini isə  aeroportdan  12-13 kilometr  məsafə ayırır. Bəs nəyə  görə  Qarabağın  hava  qapısına Xocalı  yox, Stepanakert  aeroportu deyilir? Dünyanın böyük  şəhərlərdə də aeroportlar ən  yaxın yaşayış məntəqələrinin (istər şəhər olsun,istər kənd)  adı ilə  adlandırılır. Bu da erməni  fitnəkarlığının   növbəti nümunələrindən biridir.


Nə isə... Üzərində üçrəngli, ay-ulduzlu bayrağımız  dalğalanan  aeroporta  daxil oluruq. Uzun müddət  baxımsızlıq  üzündən  bura  öz  görkəmini dəyişmişdir. Ara qarışana  qədər  hər  gün əsasən  Yerevana 15-16 reys edən  bədxah ermənilər aeroporta  yağı  malı kimi  baxıblar.  İndi  burada  təmir işlərinə  başlanıb. Aviatorlarla  tanış oluruq. Yevlax  mülki  hava  dəstəsinin   işçiləri  Y. Əmirov, N.Rüstəmov, F. Səmədov hər  gün Yevlaxdan  gəlib  aeroportun  hərəkət  və  təsərrüfat  işlərini  görürlər. Həmin  gün  dəstənin  komandiri  N. Cumayev  də  buraya  gəlmişdi. Hava limanının fəaliyyəti, kəm-kəsirləri  aradan  qaldırmaq  üçün  görüləsi  tədbirlər operativ müzakirə olunurdu...


Təyyarələrdə  uçuş  qaydalarına  erməni  mətbuatının  “Əsədovun  dəstəsi”  adlandırdığı  respublika  DİN-nin  Xüsusi  təyinatlı  Milis  Dəstəsi  nəzarət  edir. Hər  dəqiqə  düşmən  fitnəkarlığının  və  təxribatının qurbanı ola  bilən bu  qoçaq  oğlanların  hərəkətlərinə  kənardan  baxanda  qibtə etməyə  bilmirsən. Onların fəaliyyəti  barədə elə  bu  gün  təyyarə ilə  Yerevandan   gətirilmiş  “Qolos Armenii” (Ermənistan KP  MK-nın  orqanı) qəzetində  “Tərs  mütənasiblik” başlıqlı  yazı  verilib. “Erebuni” aeroportu sərnişindaşıma  idarəsinin  rəisi  S.Vanyan  bu gün  Yerevandan  Xocalıya  və  əks  istiqamətə uçan  reyslərin  6-7-yə  enməsinin  günahını  “silahlanmış  milis  işçiləri”ndə  görür. Sərnişinlərin  yüklərinin  yoxlanmasını  isə  təhqir  hesab edir. Görəsən   hava  nəqliyyatından  istifadə  qaydalarına   əməl olunması  haqqında  dünya  miqyasında  uçuşların  təhlükəsizliyini  təmin  etmək  məqsədilə  tətbiq  edilən  yüklərin  yoxlanması  nə  vaxtdan  təhqir  hesab  edilir?.. Bəlkə, beynəlxalq  qayda  və  qanunların  ermənilərə  dəxli yoxdur?..


Vanyan  reyslərin  azalmasının  digər  səbəbini  yoxlamaların  pilotlara  psixi  təsiri  və  bunun  da  uçuşların  təhlükəsizliyinə  mənfi  təsiri ilə  izah edir. Əslində  real  vəziyyət   belə  deyildi. Nə  qədər ki,  aeroporta XTMD  nəzarət  etmirdi, Yerevandan  əlinə  bir  süngü, bir  silah   keçən  erməni  otururdu  təyyarəyə  və  rahatca  gəlib  çıxırdı  Xankəndinə.


Qəzetin  “milis  forması  geyindirib  Bakıdan, Sumqayıtdan, Gəncədən gətirilmiş qaçaqlar“  adlandırdığı XTMD-nin  qanunauyğun  hərəkətləri  Qarabağda  əmin-amanlıq  və  qayda-qanun  yaranmasını  istəməyən  erməniləri  narahat  etməsi  təbiidir.  Bunun  təsdiqini  görmək üçün   bir  neçə  saat  aeroportun  komendantı  Əlif  Hacıyevin yanında  olmaq  bizə  kifayət  etdi. Hələ  nəzarətin  belə  gücləndiyi bir  zamanda  Yerevandan  gələn  sərnişinlərdən  nələr  tapılmırdı. Əlbəttə  nəzarətin  sərtliyindən  qorxan  ermənilər  təyyarə ilə  silah-sursat  gətirə bilmirdilər. Lakin  onlardan  müsadirə  edilmiş  çoxlu  sayda  kitablar, şəkillər, plakatlar  münaqişənin  qızışmasında  odlu  silah  qədər  gücə malikdir.


Aeroportun  keçid  qapısında  dayanmışıq. Pasportların  əksəriyyətində  DQMV-nin  Azərbaycana  məxsus  olması  barədə  heç  bir  qeyd  yoxdur. Pasport  qaydalarını  pozduqlarına   görə  həmin  sərnişinlər  bütün  etirazlara  baxmayaraq  uçuşdan  qalmalı  olurlar. Şübhəli  şəxslər  komendaturada  dinlənilir. Bu söhbətlərin  bəzisində  iştirak  edirik. Yerevanın  restoran  işçisi   Ema  Matevosyan  öz  pasportunu  itirdiyini  bəhanə  edib, qeyri-qanuni  olaraq  rəfiqəsinin  paspotundan  istifadə  etdiyinə  görə  təyyarəyə  buraxılmır.


İqtisadçı S. Badunts  özünü dövlət  təhlükəsizliyi  orqanının  əməkdaşı   kimi qələmə  verib, uzun müddət  dələduzluq  etmiş  yaxın  qohumu  ilə  əlaqədə  olmasında  şübhəli  bilindiyi   və  saxta  xarici  pasportu   necə  ələ  keçirdiyi  barədə  izahat  verməli olduğu üçün  Yerevana, oradan isə  Almaniya  Federativ  Respublikasına  səfəri  “təxirə salınır”...


Sonra  nəqliyyat  milisinin  əməliyyat  müvəkkili   Kamil  Məmmədovun  otağındakı  seyfdəki   “eksponatlarla”  tanış  oluruq. Qeyri- qanuni yolla  gətirilmiş əşyalardan, sənədlərdən  və  kitablardan  ibarət  “sərgini“  xatırladan  bu  seyf  erməni  millətçilərinin Qarabağı  Azərbaycandan  qoparmaq  üçün  hər  şeyə  əl  atdıqlarını  sübut edir. K.Məmmədov  gündəlik  çətinlik  barədə  danışanda  Yerevandan  gələn  təyyarələrin   müəyyən  olunmuş  qrafiki  qəsdən  pozmalarını  xüsusi  qeyd etdi. Məsələ  burasındadır  ki, bir də  görürsən  10-15  dəqiqə  ərzində aeroporta Yerevandan gələn 5-6 təyyarə  enir. Bu da  yoxlamaların  geçikdirilməsinə səbəb olur  və bundan istifadə edən  provakatorlar  asayişi qoruyanlarla  sərnişinlər  arasında  süni  narazılıq  yaradır. Digər  tərəfdən  yaranmış  gərginlikdən  istifadə edib  qeyri-qanuni  yüklərin  keçirilməsinə  səy  göstərənlər də var. Lakin  bu erməni  bicliyi  keçmir. XTMD  üzvlərinin  çevikliyi   nəticəsində  bütün  qeyri-qanuni  hərəkətlərin  qarşısı  alınır.


Qarabağ  torpağına   əmin-amanlıq  gətirənlərin  ilk  cığırdaşları  olan XTMD  barədə erməni  mətbuatı  az qala  hər  gün  yazır. Budur, dəstənin  rəhbəri  Vaqif  Əsgərov  Yerevandan  təzə  gətirilmiş  qəzetlərdən birini  bizə  göstərir. Qəzet  yazır: “İndi  Azərbaycanın  daxili  işlər  naziri  Əsədovun   əmriylə   DQMV-nin Azərbaycan  kəndlərində  qeydiyyata  düşmüş, təpədən-dırnağa  qədər   silahlanmış  600  nəfərdən  ibarət  XTMD  var. Azərbaycan  DİN-in  planına   yaxın  gələcəkdə  yaşayış  məntəqələrinə  daha  5  min  nəfərə  qədər  qeydiyyata  salmaq  daxildir”.


Düşmənin  təbliğat  maşınının  “faşist”, ”cəllad”  adlandırdığı  Əlif  Haçıyev  bütün gərginliyə  baxmayaraq   sakit  və  təmkinli  görünür. Özü  haqqında  məlumatı  çox  “xəsisliklə”  verir. Öyrənirik  ki, onun bütün  taleyi Qarabağla  bağlı  olub.  Xocalıda  doğulub  boya- başa  çatıb. Sərhəd  qoşunlarında  xidmət  edib. Leninqrad  Ali  Milis   Məktəbində  oxuyub. 1985-ci  ildə  Qarabağda ermənilərin  özbaşınalığına  qarşı  gördüyü  işlərdən  narahat  olan  erməni  paqon  yoldaşları   tərəfindən  təşkil olunmuş   böhtan   və fitnəkarlıq  nəticəsində  Əlif  DQMV  məhkəməsi  tərəfindən  10  il  müddətinə  azadlıqdan   məhkum edilib. Sibirin sərt  soyuğu, ağır  məhbus  həyatı  onun əzmini  qıra  bilməyib. 4 il,  4  aydan  sonra  SSRİ  Prokurorluğunun  protestinə  əsasən  işə   yenidən  baxılaraq  ona  bəraət  verilib. Budur,  Əlif  yenə  də  Qarabağdadır...


... Hava qaranlıqlaşmaqdadır. Sonuncu  təyyarələrin  təkərləri  yerdən  üzülür. Fürsət  tapıb   dəstənin  üzvləri  ilə  tanış  oluruq – T. Şirinov, S. Ağayev ,Ə. Əliyev, F. Aslanov, M. Mahmudov, A. Quliyev  və  başqaları . Respublikamızın  müxtəlif   guşələrini  təmsil  edən   bu  qeyrətli  oğlanların  Qarabağ  üçün  gördükləri   işlərin,  indiki  ölçüylə  götürsək, misli-bərabəri  yoxdur. Şimaldan  əsən  soyuq mart  küləkləri,  qar, çovğun  və erməni  fitnəkarlığı   onları  qətiyyən  qorxutmur. Onları  mətbəxlərinin  kasıblığı  da  düşündürmür. Amma  bizim  hamımızı  düşündürməlidir. Onlar  xahiş  etmişdilər  ki,  bu  haqda  yazmayım. Amma  gizlədə  bilmərəm – dəstə  üzvlərinin  ərzaqla  təchizatı  onların  xidmətlərinə  layiq  səviyyədə  deyil . Əlbəttə  respublikamızda  onların  hesabına vəsait  keçirənlər var. Amma  bu  igidlərin pul  xərcləməyə  nə  əlləri  çatan  yer  var, nə  də vaxtları...


Bu  günlərdə  onlara  bayram  sovqatı  göndərmək  arzusunda  olanlara  bildirmək  istəyirik ki, hər  gün  Xocalıya  uçan  Yevlax  aviatorlarına   müraciət  etmək  olar. Redaksiyamız  ədəbiyyat , incəsənət   xadimlərini , bədii  özfəaliyyət   kollektivlərini  Xocalı  aeroportunda  keşik  çəkən  mərd  oğlanlarla  görüşdürməyə  də  hazırdır.


21-28  mart  1991-ci il.


***

Xüsusi müxbir Faiq Sadıqov Qarabağdan xəbər xerir.


Son  4  ildə  ermənilərin  Şuşaya  ən  böyük  basqını  olmuşdur. Təxminən 10  nəfər  həlak  olmuş, 35  nəfər  yaralanmış, xeyli adam  adam  itkin  düşmüşdür.                        


***


Bir  gün  əvvəl  isə  ermənilər   ağır  tanklarla  Malıbəyli  kəndinə  hücum  ediblər. Xocalıda  da vəziyyət  ağır  olaraq  qalır. Şəhər  neçə  müddətdir  ki,  mühasirədədir. Respublikanın  rəhbərliyi  tezliklə  Əsgəran  yolunu  açmasa   xocalıların taleyinin  necə   olacağını  bilmək  üçün  peyğəmbər  olmaq  lazım  deyil!


28  yanvar  1992-ci il.

***

XOCALI FACİƏSİ
 



Ölən  kimdi, qalan  kim?… Məlum  deyil. Xocalı  faciəsi  barədə mətbuatımız, radio  və  televiziyamız  demək  olar  ki,  heç  nə  demədi. Elə  bil  jurnalist  həmkarlarımızın dili-ağzı  bağlanmışdı. Elə  bil  qələmlər  tilsimə düşmüşdü. Biz  də  gecikmişik. Amma  gec  də olsa, həqiqəti – əsl  həqiqəti xalqa   çatdırmaq  lazımdır. Qarabağın  başı  üzərini  qara  buludlar  alandan faciələr  içindəyik. Amma  onların  heç  biri  Xocalı  müsibəti  ilə  müqayisə  oluna  bilməz...


Bu  faciəni  bütün detalları  ilə yazmağa  qələm  acizdir.  Ağdam  rayon  xəstəxanasının  qarşısındakı  mənzərəni  tarix  görməyib – bu  sözləri  bütün  məsuliyyəti ilə  deyirəm!  İnsanların  ah-naləsi  ərşə  dirənib . Bu sazaqlı  gündə  qocaların, qadınların  uşaqların  ayaqlarının  yalınlığı, paltarlarının  nazikliyi, günlərdi  ac  qalmaları  yadlarına  düşmür. İtənlərini soraqlayırlar. Sel  kimi  axan  göz  yaşları  içində  faciə   gecəsi  şəhid   şəhərdə  olmuş  doğmalarının, əzizlərinin  ölüsündən, ya  dirisindən  xəbər  gözləyirlər. Nə qədər məşəqqətli və əzablı olsa da onları dinləyib itirdikləri doğmalarının adını bir-bir dəftərçəmə qeyd edirəm...

Bakı  Pedoqoji  Universitetinin  tələbəsi Mehriban  Məmmədovanın  ağlamaqdan  gözlərində  yaş  donub.  Üç  gündür  atası  Məmmədin, əmisi  Cəmilin, əmisi oğlu  Kamilin  yolunu  gözləyir. Binəva  qız  bu  gündən  sonra  ata  ocağı  deyib,  hansı  ünvana  üz  tutacaq?


18  yaşlı  Dürdanə  Cabbarovanı, 25  yaşlı  Səidə  Məmmədovanı, 5 yaşlı  Siracı ilə  birlikdə  quldurların  sürüyüb  apardığını  gözləri  ilə  görən  olub ...


Zahid balasını  və  ömür-gün  yoldaşı  Yelmarı  itirmiş Qənirə  ana  ağı  deyir... Düşmən  caynağından təsadüfən  çıxmış Baxşeyiş  İsmayılov   deyir  ki,  onun  həmyerlilərindən 150  nəfərin  Dəhraz  kəndindəki  toyuq  fermasında  girov  saxlandığını dəqiq bilir .


Həsənova  Tofiqə  öldürülüb. 2 aylıq  körpəsi  bir  gecə inləyə-inləyə anasının  ağuşunda  qalıb.  Sonra  üstünə  qar  yağıb.   Xəstəxanaya gətirilsə  də  keçinib...


Ömrünün  ixtiyar  çağını  yaşayan  Qaryağdı  Quliyev  quldurlar  şəhərə  basqın  edərkən   9  nəfər  ailə  üzvü  ilə  birlikdə   Abdal  Gülablıya  üz  tutub . Yolda  qardaşının  ayaqları  tutulub. Ailə üzvlərini  meşəyə  ötürüb, qardaşını  çiyninə  alıb. Səhər  Ağdama  gəlib  çıxıb. Ailəsi  isə həmin  gecə  Harov  və  Dəhraz   erməniləri  ilə  qarşılaşıb...  və indi  hardadırlar, bir  Allah  bilir ...


Bakıdan  gəlmiş  Bəkir  Məmmədov  bircə  qardaşı  Vaqifin  öldüyünü  bilir. Qalan 30  nəfər   qohum-əqrəbasından  birini  də  tapmır ...


Araz  və  Mikayıl  Səlimov  qardaşlarını  analarının  gözü  qarşısında  güllələyiblər...


Tələbə  Almaz  Həsənovanı  heç  kim ovuda  bilmir. Şahidlərin  dediyinə  görə  onun  atası, Şəhər  Sovetinin  katibi  Şöhrət  Həsənov  Xocalını  sonuncular  arasında  tərk  edib. Qadın  və  uşaqları  meşəyə  qədər  müdafiə  edib.  Son  gülləsinə  qədər  döyüşüb, yaralanıb və orada  qalıb...


Emin  Cəfərovun  babası  Məhəmməd  və nənəsi  Bağdad  öldürülüb, atası  Cəfər  itib...


Şahin  Cəfərov:  “Meyitlərimiz  şumun   ortasında  qaldı!..”


Bütün  varlığı  ilı  Qarabağa   bağlı  oğlanlar – Əlif Hacıyev  və  Əbülfət  Əliyev  həlak olub...


Çoxlu  qadın  və  qız  girov  götürülüb.  Aparıldıqları  istiqamət  məlum  deyil. Onlrdan  2-si  qayıdıb – Elza  Həmidova  və Nəsimə  Həbibullina. Sonuncu  milliyyətcə  tatardı.  Güclə  danışa  bilir: Yaqubun  oğlu  Canpolad  da  həlak  olub... Eldar  İsbəndiyarov   anasının  qucağında  canını  tapşırıb... Eldar  Abdullayev  və Əsgər  Əliyev  də  öldürülüblər...
 



...Və   “ermənilərin  Xocalıya  hücumu  zamanı  vur-tut  2  nəfərin  həlak  olduğu, şəhərin   isə dərhal  erməni  quldurlarından  təmizləndiyi”   barədə  ilkin  məlumat  verən  rəsmilərə  xatırlatmaq istəyirəm  ki, bunlar  hələlik  adları  məlum  olan  şəhidlərdir. Amma  inanmaq  istəməsək  də  acı  həqiqət etiraf  olunmalıdır – onların  sayı  çoxdur ! Lap  çoxdur !!!


Sevinc  və  Elnarə  Aslanovalar .

Sabir , Zemfira  və Sadiq  Xudayarovlar .

Qulu , İqbal , Qəim  Aslanovlar .

Sevindik, Reyhan , Elşad ,Tünzalə , Təranə  , Yeganə ,  Kamilə , Mehdi, Ələddin  Paşayevlər.

Sara , Şəhla , Rəvanə ,  Nuranə  , Şükür , Paket , Nəbi , Rövşən , Sevinc  Paşayevlər.

Azər , Ceyhun , Niyaməddin , Afiqə  Məmmədovlar .

Adil , Natiq , Nazim  Rəşidovlar .

Vidadi  Əliyevin  qaynatasının 6  nəfər  ailə  üzvü .

Əşrəf , Gümüş Sehranə , Zəminə , Əminə  Vəliyevlər.

Zərəfşan  və  Vüqar  Hüseynovlar.

Tamara  və  Mübariz  Orucovlar .

Elxan , Cəlalə , Günay  Qəhrəmanovlar .

Səadət  və Qədir  Zeynalovlar .

Kamilə  ,  Azad  , Vüqar  Nəsibovlar .

Şahlar , Afət , Kamal  Vəliyevlər.

Zəhra  və  Məhəmməd  Salahovlar .

Fatma  və  Novruz  Zamanovlar .

Əli  və  Hidayət  Eyvazovlar .

Vaqif , Güllü , Sadiq  Ağalarovlar .

Xasay  Xəlilov  qohumları Qaçay  və  Zərifə  ilə  birlikdə.

Əsgər , Bilman , Nərmin ,  Ramil  Ələkbərovlar .

Zöhrə  və Zakir  Quliyevlər .

Bəsti , Reyhan , Hümbət  Abdullayevlər .

David  və  Şahin  Haqverdiyevlər .

Kifayət  və  Mübariz  Həmidovlar .

Qədim , Mələk , Qaraş , Elbrus , Səfurə  Abbasovlar .

Hüseyn  , Zinyət  , Rəşid  Hüseynovlar .

Canan ,  Gülayə  , Aybəniz , Leyla  , Xaqani  Orucovlar .

Samuran , Fruz , Soltan , Firəngül   Kərikovlar .

Əli , Ziba , Vüqar , Etibar , Adilə ,  Nəcəfovlar .

Mobil  və  Etibar  Abışovlar .

Tofiq  , Nübar  , Rafiq  Süleymanovlar .

Hümbət  ,  Bəsti  , Raqiyyə  İsbəndiyarovlar .

Ağayar  , Sona ,  Malik  Imanovlar .

Bəsrə  və  Vaqif Məhərrəmovlar .

Səlim , Məhluqə , Ramin , Teymur ,  İntiqam  Musayevlər.

Həsən , Fitat ,  Gülçöhrə , Elgün  Həsənovlar .

Nazir  və Telmar   Əbdülovlar .

Sadiq  və  Sahid  Həsənovlar .

Elxan , Günüay , Vüqar Rəcəbovlar.

Cəmil , Lalə ,  Məmməd  Məmmədovlar .

Yaşar , Faiq , Namiq , Sirac  Əlməmmədovlar.

Həsən , Göyçək , Xədicə , Təzəgül  Həsənovlar .

Səmən , Vüsalə , Xəyalə Abdullayevalar .

Kamran , Matan Zakir , Elşad , Əlyar  Usubovlar .

Aydın , Mehman , Mahirə , İradə , Salman, Usubəli  Narxanım  Əliyevlər .

Suğra  və Həmayıl  Abbasovalar .

Sürəyya  və  Süleyman  Abdullayevlər .

Əli , Zaur , Niftalı  Nəbiyevlər .

Tofiq , Eldar , Telman Zeynalovlar .

Mehriban , Növrəstə , Rəcəb ,Şəbnəm , Məzhər Hüseynovlar .

Məhəmməd, Aydın , Şeyda ,Füzuli  Məmmədovlar .

Zair , Nazilə , Ağasif  Vəliyevlər.

Sürəyya  və  Nüseyn  Əliyevlər .

Tofiq , Məxmər , Mirsiyab , Minəş , Bakir  Hüseynovlar .

Məhbubə  Abışova – 2 uşağı  ilə  birlikdə.

Sara  Quliyeva  - 4 uşağı  ilə  birlikdə .

Sevil  Əbdülova  - 3 uşağı  ilə  birlikdə .


Muradxan Əliyev , Azad Cabbarov , Abbasəli Sevdimalıyev, Səlim Həşimov, Şiraslan Nəcəfov , Zülfü  Süleymanov , Gülalı  Mehrəliyev ,  Əzizağa Mahmudov , Abbas  Novruzov , Natiq  Quliyev , Nadir  Hümbətov ,  Kamal  Xudayarov , Dilarə  Nurəliyeva , Məmməd  Nağıyev , Razəndə Namazova , Yaqut  Əliyeva , Cəlalət Həsənova , Davud  Haqverdiyev , Səidə Məmmədova ,Ruslan Orucov ,Lətafət  Həsənova , Əli cavadov , Arif  Əliyev , Asif  Cəfərov , Elmira  Məmmədova , Vəlyəddin  Abbasov , Cəfər Cəfərov , Əhliman  Mahmudov , Zakir  Əliyev, Vaqif  Məmmədov , Əliş Quliyev , Mərizə  Məmmədaova , Çiçək  Sadıqova ...


Mən  bu  siyahını  tutanda   faciədən 3 gün keçirdi. Faciənin  ağlasığmazlığı  bu  siyahının  hələ  uzanacağına  şübhə  yeri  qoymurdu. Yalnız  Ağdamdakı özünümüdafiə  qüvvələrinin gücü  ilə  müəyyən  işlər  görülsə də meyitlərin götürülməsi  itkinlərin axtarılması üçün  dövlət  səviyyəsində tutarlı  bir  tədbir  görülməsi hiss olunmur... İçindən korun-korun yanıb , tüstüsü  təpəsindən  çıxan bu millət kimsəsiz  görünür .  Ümidi  Allaha  qalıb. Elə bil ,  Tanrı da görmür  bu  xalqın müsibətini...


Deyəsən , Qarabağda tökülən  qanlar yerdə qalacaq , axı!..


3 mart  1992-ci il .


***

İndiyədək Xocalıda əsir düşənlərin 851 nəfərini geri almaq mümkün olmuşdur. Təxminən 500 nəfərə yaxın Xocalı sakini hələ də ermənilərin əsirliyindədir.

13  mart  1992-ci il .


***

Əsrin  faciəsindən 1 il ötdü...


XOCALI “DÜYÜNÜ"
 



XOCALI ... Qarabağın  azərbaycanlılar  yaşayan  bütün yaşayış məntəqələri kimi uzun illər  diqqətdən  kənarda  qalmış  bir  qəsəbə... Erməni  xəyanəti  bütün çılpaqlığı ilə özünü  biruzə  verdikdən  sonra respublika  rəhbərliyinin gecdən də  gec ayılıb  Xankəndi  ilə Əsgəran  arasınad qala-şəhərə çevirmək  istədiyi Xocalıya  Azərbaycanın müxtəlif  yerlərindən inşaatçılar gəlir,  külli  miqdarda inşaat materialları  gətirilirdi.  Xocalı az  vaxtda  öz  görkəmini  dəyişmişdi. Xocalıda təzə  sakinlər  görünməyə  başlamışdı. O vaxt  bu  şəhərə  təkcə  Xankəndindən  5  min qaçqın gəlmişdi . Üçcə  il  əvvəl  buraxılmış “Azərbaycanın fiziki  xəritəsi”nə adı belə  düşməyən bu  şəhərin strateji  əhəmiyyətini  Bakı  duymuşdu. Amma  gec idi. Çox gec idi... Qəribədi , Xocalı  tikilirdi , amma onun müdafiəsi  unudulmuşdu. Şəhərin  müqəddəratı bir Allahın , bir də xocalıların  öz  ümidinə  qalmışdı.  Faciə  ərəfəsində  dəfələrlə  bu  şəhərdə  olmuşduq  və  dəfələrlə bu  şəhərin başı üzərini qara  buludlar aldığı  barədə  qəzetimizdə  xəbərdarlıq  etmişdik. Fəqət ...
 

... Erməni  bizi  dişinə  vurub sınayırdı. Birinci  sınaq  düz 4 il əvvəl – ilk  şəhidlərimiz  Bəxtiyar  və Əli  qətlə  yetiriləndən  başladı. Ağsaqqal və ağbirçəklər  araya girdilər , dəli-dolu  cavanlarımızın qabağına  durub intiqam almağa   qoymadılar . İki  günahsız  gəncin nahaq qanı  töküldüyü  halda bizi  intiqam almaqdan  çəkindirdilər. Ermənilərin  ilk  “manevri”  onlar üçün uğurlu  oldu  və  bu hadisə  onları  daha da  quduzlaşdırdı. Qərbi  azərbaycanlı  soydaşlarımız  bir  göz  qırpımında dədə-baba torpaqlarından  qovuldular.  Onlara  sakitcə, heç  nə  olmamış  kimi  Qarabağdan uzaq  kənd  və  şəhərlərimizdə, tarla düşərgələrində  dam  və  tövlələrdə  sığınacaq verdik. Düşmənin bu barbarlıq   əməlinə tutarlı  cavab  vermək  əvəzinə  rəhbərlərimizin  ürəyindən  hələ  respublikamızda  yaşayan  erməni  uşaqlarının  başını  sığallamaq keçdi. Erməninin ayağı  daha da  yer  aldı. Sayseçmə  oğullarımızın oturduğu vertolyotu  partladanda  da  erməni əmin idi ki, bu  ağır  cinayətə görə onu  heç kim  cəzalandırmayacaq. Elə,  belə də oldu. Vertolyotun qara qutusunu  öz əlimizlə Moskvaya  verib bu  faciəyə  də bir  yekə  nöqtə  qoyduq.


“İradəmizə”, “dözümümzə”, “hünərimizə”  tam  bələd olan  erməni əmin-arxayın öz  planlarını  davam etdirdi. Qarabağı  oda qalanmağa başladılar. Meşəli, Cəmilli, Kərkicahan  işğal  olundu. 
1992-ci ilin  əvvəlində  vəziyyət  sondərəcə mürəkkəbləşdi.

O  günləri  doğma  ocaqlarından  didərgin  düşmüş  qarabağlıların  pənah  yeri olan  Ağdamda  keçirirdim. Prezidentin Qarabağ  üzrə nümayəndəliyinin  qərargahında qəribə  mənzərələrlə  üzləşirdim. Ratsiyada Malıbəyli, Quşçular  imdad  diləyirdi. Quş  tüfəngi  ilə  zirehli tankların  qabağında durmuş kəndsakinləriqadınları  və  uşaqları  kəndlərdən  çıxarmaq  üçün  vertolyot istəyirdilər . Prezidentin  nümayəndəsi  Musa  Məmmədovu  tapmaq  mümkün  deyildi . Onun  keçmiş  rayon  partiya  komitələrinin  birinci  katibləri – Elman Tağiyev, Əhəd  Kərimov  və  başqalarından  ibarət   “cərimə  batalyonu”na bənzəyən komandası  aciz  qalmışdı.


Qeyrət  qalası  sandığımız  Şuşanın  da vəziyyəti  ağır  idi. Həmin  günlərdə  biz  qəzetimizdə  belə  bir  xəbər verdik : “...Ermənilərin  Şuşaya ən  böyük həmləsi olub. 10  nəfər  ölüb, 35 nəfər  yaralanıb”.


Sanki  bu  xəbər  prezident  binasının divarlarına  dəyib  geri  qayıtdı.
 



Malıbəyli  ilə  Quşçular viranə  qoyuldu.


Ermənilərin  Əsgəran qalsının  nəhəng  darvazasını  beton  plitələrlə hördüklərini  qəzetimizdə  xəbər  verdik. Kimin  vecinə  idi?!


Lap  axırda  – qəzetimizin 28  yanvar 1992-ci  il  tarixli  7-ci  sayında bu həyəcanlı  xəbəri  dərc  etdik: “Xocalıda  vəziyyət  gərgin  olaraq  qalır. Şəhər  neçə  müddətdir  ki,  mühasirədədir. Respublika  rəhbərliyi  tezliklə  Əsgəran  yolunun açılması  ilə  bağlı  tədbir  görməsə, xocalıların  vəziyyətinin necə   olacağını  bilmək  üçün Peyğəmbərlik  etmək  lazım deyil “.


Amma əfsuslar  olsun  ki,  respublika rəhbərliyində  bu  harayı  eşidən,  bu  həqiqəti  dərk  edən  də tapılmadı.


Təpərimizi, tərpənişimizi tamamilə  ələkdən keçirən  məkrli düşmən  daha da quduzlaşdı .


... Bu da fevralın  25-i  axşam. Qışın  sərt  soyuğu  Xocalı  üzərinə hüznlü  bir duman  çökdürmüşdü. Şəhərdə  işıq  yanmırdı.Güllə  və  mərmilərin  işıqları qəflətən  şəhəri  süd  rənginə  boyadı. Rus və erməni  hərbi birləşmələri şəhəri oda qalamağa başladı. Xocalı  müdafiəçiləri  son  güllələrinədək  vuruşurdular. Fəqət  güclər  nisbəti  ağlagəlməz  dərəcədə qeyri-bərabər idi. Xocalı  düşmən  tanklarının  tırtılları  altında  fəryad  qoparırdı. Yerdən  və  göydən  əli  üzülmüş binəva  insanlar hansı  səmtə, kimin  üstünə  qaçdıqlarını  bilmirdilər. Öz  torpağında, öz yuvasında  ölümə  məhkum  olunmuş adamların  ah-naləsi  ərşə  bülənd  olmuşdu . Sanki  bu  nalə  Tanrıya  da  çatmırdı .


Bakı  isə  oturub dünyanın  informasiya  vasitələrindən Xocalıda  baş  verənlər  barədə məlumat  gözləyirdi. Bədəni  düşmən  gülləsindən şan-şan  olub meyitləri meşələrdə, düzənlərdə  üşüyən  körpələrin, düşmən  tərəfindən  hər  cür  həqarətə məruz  qalan qızların, qadınların, gözləri  şıxarılmış  kişilərin  taleyindən yalnız  bir  neçə  gün  sonra  xəbər  tutdu Bakı, Azərbaycan...


Təsadüfən  canını qurtarıb  o  soyuqlu-sazaqlı  günlərdə Ağdama  gəlib çıxmış  miskin görkəmli  adamlarla  üz-üzə  dayanmaq  nə qədər  ağır, nə  qədər  dəhşətli  idi. Həmin  günlərdə  girovların  və  meyitlərin  alınmasına yeganə  can yandıran  Allahverdi  Bağırov  oldu. İkrahla və  qəzəblə  xatırlayıram ki, meyitləri  və  girovları  almaq  üçün  dövlət  səviyyəsində  heç  bir  iş  görülmədi


Həmin günlər Ağdam rayon  xəstəxanası  qarşısındakı  mənzərəni  Kərbəla  müsibəti  ilə  müqayisə etmək  olardı. O günlərdə dəftərçəmə  köçürdüyüm   qeydlərə hər dəfə , ürək  ağrısı , qəhərdən boğula – boğula  baxıram . Buraya  toplaşmış  adamlar sutkalarla  gözlərini  məchulluğa  dikib  itkinlərinin ya ölüsünü , ya da  dirisini gözləyirdilər. Paradoksa  bax – ölüsünü  tapanlar da  dirisini  tapanlar  qədər  sevinirdilər... Tək-tək  gələnlərdən  isə ancaq acı  xəbərlər  eşidilirdi .


... 18 yaşlı  Dürdanəni  və 25  yaşlı Səidəni 5 yaşlı  körpəsi ilə birlikdə  quldurlar  apardılar .


... 150 nəfər Dəhraz  kəndindəki  toyuq  fermasında  əsir  saxlanılır .


... Tofiqə  öldürülüb . 2 yaşlı körpəsi bir sutka inləyə -inləyə anasının sinəsində  qalıb, sonra isə  donub.


... Qaryağdı kişi  9  nəfər ailə  üzvü  ilə birlikdə Abdal  Gülablıya  tərəf  üz tutub .Yolda  qardaşının ayaqları  tutulub .Ailəsini  ötürüb ş gecə  meşədə qalmalın  olub.Sonra  qardaşını  çiyninə  alıb Ağdama gəlib .Amma ailəsi  gəlib çıxmayıb.


... Bakıdan gəlmiş B . Məmmədov  bircə  onu  bilir ki, qardaşı  Vaqif  öldürülüb . Qalan  30  nəfər  qohum - əqrəbasından  heç bir  soraq  yoxdur.


... Eminin babası Məhəmməd, nənəsi  Bağdad gözləri qarşısında qətlə  yetirilib, atası  Сəfər  itib ...


Düşmən  çox  zalım  imiş. Erməni  həmin  gün Allahın insanlara  bəxş  etdiyi  bütün hisslərdən  məhrum  olmuş, zatı  bilinməyən  bir  məxluq  olduğunu bir  daha  sübut  etdi.


Qarı  düşmənin  caynağından qurtulub  qar üstündə  ayaqyalın addımlayan iki  gənc  qadının  biri  qəşş edib  gülürdü . Hamı  bu  meydan üçün  yadlaşmış qəhqəhə  gələn  tərəfə  baxdı . Milliyyətcə  tatar  olan Nəsimə  hərdən  gülüşünə  ara  verib  qəribə  şeylər  danışırdı. Və  qəfildən  o, bütün  vücudu  ilə dəyişib  qadına  xas  olmayan  nərə  çəkib, acı  fəryad  qopardı .


Nəsimə  həmin  gecə yüzlərlə  həmşəhərlisi kimi üzü  Şelliyə  tərəf qaçmağa başlayıb. Düşmən  onu haqlayanda  körpəsi  Sarvanını  itirib. Onu  30  nəfər  əsirlə  birlikdə Əsgəranın  milis  şöbəsinə  aparıb, dözülməz  işgəncə  veriblər. Nəsimənin  vəziyyəti  ağırlaşıb. Qatillər  onu  “sağaltmaq”   üçün  damarına iynə  vurublar. Qadın  huşunu  itirib. Ayılanda  görüb  ki, onu Elza  adlı bir  həmyerlisi  ilə  buraxırlar ki, gedin  sizi  meyitlərimizlə  dəyişirik. Nəsimə əsirlikdəki yerlilərindən və  həyat  yoldaşı Elxandan  ayrılmaq  istəməyəndə  quldurlar avtomatın  qundağını  işə  salıb  və  hər  iki qadını saçlarından  tutub sürüyə - süryə bayıra atıblar.


Xocalının ümidi, pənahı – ömrü  boyu  erməni  hiyləsinin  qurbanı  olmuş Əlif  Hacıyev  və  silahdaşları, son gülləsinə, son nəfəslərinə  qədər düşmənə müqavimət  göstərmişdi .


Xocalı soyqırımının  bütün  dəhşətlərini yazmağa  qələm  acizdir. O gün, o saat  olmur  ki, Xocalı müsibəti Xocalı  qurbanları göz  önünə  gəlməsin.Xocalı  ürəklərimizdə  düyünlənmiş  bir yaradır.


Yadımda qalan ibir  epizodu  xatırlayanda bu yara daha çox  qövr  edir.


Bir  milis  əməkdaşı  danışırdı ki, “həmin  günlər  postda  durmuşduq. Ermənilər işgəncə verdikləri   bir  Xocalı  qadınını qışqırğını, fəryadını   ratsiya ilə  bizə  eşitdirirdi . Qadın  bizdən  imdad diləyirdi...”.


İndiyədək  cəsarətin  çatıb qələmə  ala bilmədiyim bu  sətirləri  oxuyanlar  arasında  məni  qınayanlar  da  tapılacaq . Amma  həqiqəti  gizlətmək olmaz. Azərbaycan  qadınının ismət və  ləyaqətinin ayaqlar  altında tapdanmasını açıq  yazmağa məcbur oldum. Ona  görə  məcbur oldum ki, hələ  də Xocalı dəhşətini  duymayanlara  düşmənimizin  kim olduğunu  göstərim. İntiqam  zamanının   yetişdiyini  anladım. Çünki  hələ də  ermənilərin  əlində oyuncağa  çevrilmiş, istədikləri  kimi rəftar  etdikləri  Xocalı qız-gılinləri  var ...


Danılması  mümkün  olmayan  bu acı  həqiqətləri  oxucuya  çatdırmaqda daha  bir   məqsədim  var. Xocalı faciəsini  təhqiq  edən deputat  istintaq  komissiyasının   fəaliyyəti  Milli  Məclisdə  müzakirə  olunanda  və hər dəfə  bu  müzakirənin  gedişinə  baxanda  həmin  məclisi boş və  mənasız, baş  qatmaq  üçün  yaradılmış  bir  toplantıya  bənzədirəm.


Xocalı  faciəsinin  günühkarları  axtarılır...


Mən  bilmirəm, bu “çanaq kimin  başında çatlayacaq”. Amma   ürəyimə  damıb  ki, araya  bir  şeytan  girib və  bu  şeytan hər  an  millət vəkillərimizin diqqətini  əsl  faciəyə  yönəltmələrinə  məharətlə  mane olur..


Lap  tutaq ki, faciənin  beş-üç  nəfər  günahkarı  tapıldı – asdılar  onları, boyunlarını  vurdular, güllələdilər. O zaman erməni  Xocalını qaytarıb  verəcəkmi?  O zaman  zindanlarda zillət  çəkən əsirlərimiz  qaytarılacaqmı? Xocalı  şəhidləri  diriləcəkmi?


Yox! Bunların  heç  biri baş  verməyəcək. Günahsız  insanların  qanına  boyanmış  Xocalı  düşmən  tapdağında inləyir. İntiqam barədə müzakirə  aparmaq vaxtıdır  – İ N T İ  Q A M !!!


Şuşanın , Laçının düşmənə təslim  edilməsinin təqsirkarları  axtarılır. Burada bir məntiq var – Qarabağın  incilərinin düşmənə  verilməsində  əli  olanların  mövcudluğunu  bilən   varsa, deməli  onu, yaxud  onları  tanıyanlar da var. Bəs, onlar  nə üçün susurlar? Niyə  gizlədirik ki, xalq haqlı  olaraq    həmin  dövrlərin  ictimai-siyasi  hadisələrini analiz  edib  Xocalı, Laçın, Şuşa  və  digər  yaşayış  məntəqələrimizin  düşmənə  təslim  edilməsini  siyasi oyunların  nəticələri  kimi  qiymətləndirir.  Xalq  həmin  oyunların  oyunçuları arasında istər  keçmiş  rəhbərlərin, istər  indiki  iqtidarın   və siyasi partiyaların nümayəndələrini  olduğuna  qəti  şübhə  etmir. Bu mənada  Milli  Məclisimizdəki  millət  vəkillərini  də, iqtidarda  olanları  da,  müxalifəti  də  mən  göz-gözə  yatmış  qurdlara  oxşadıram.


Beləliklə  hər bir  kəndimiz, hər  bir  şəhərimiz  işğal  olunduqca  yeni  istintaq komissiyaları  yaradılacaq. Hər  uğursuz  əməliyyatın günahkarı axtarılacaq. Milli  Məclis  mübahisə  edəcək, disskusiya  açacaq. Küçədə,  dükanda, bazarda  ağzımız  köpüklənə-köpüklənə  hərəmiz  bir  mülahizə  yürüdəcəyik. Heç  nəyə  gücü çatmayan  hərbi  komissarlıqlar gecələr  evlərə  girib, yaşına, hərbi  peşəsinə, sağlamlığına  ailə  vəziyyətinə  baxmadan  “əsgərləri” avtobusa  doldurub  cəbhəyə  yollayacaq, sovet  ordusunda  “stroybatda”, “kuxnada“  xidmət  etmək  alnına yazılmış oğlanlarımız  ilk dəfə  avtomatı  əlinə  alıb  ən müasir  silahlarla yaraqlanmış  düşmənlə  çarpışmaya  girəcək, hər  əməliyyatdan sonra  şəhər  və  kəndlərimizdə  çoxlu  yas  çadırları  qurulacaq. düşmən  isə  addım-addım  torpaqlarımıza  yiyələnəcək.


Vətən müharibəsində qələbə  çalmaq  üçün ən düzgün yol bütün ölkədə müharibə  vəziyyəti  elan etmək, qələbəyədək bütün  siyasi  tədbirləri  dayandırmaq,  partiyaların fəaliyyətini  dondurmaq, bütün diqqətimiz, gücümüzü, varımızı, yoxumuzu müharibəyə  həsr  etməliyik. İndiki  vətənpərvərliyimiz igidliyimiz  özümüzə  də  saxta  görünmürmü?..   Ölkənin müdafiəsinə cavabdeh şəxs deyirdi  ki,  Şuşa  getsə təpəmə  güllə  çaxacam. Bəs nə oldu?! Şuşanı verməklə bütün millətin ürəyinə güllə çaxdı, özü isə sudan quru çıxdı.


Boş yerə  hay-küydən əməli işə  keçmək  lazımdır. Yoxsa  uduzacağıq – itirdiklərimiz  artacaq, onları  geri  almaq müşkülə  çevriləcək.


Bunu əsrin ən böyük faciəsi  olan  Xocalı qurbanlarının, torpaqlarımızın  azad  edilməsi uğrunda   canından  keçmiş  şəhidlərin  ruhu tələb edir. Son və qəti  döyüşümüzü  düşmən  əsirliyində olan  soydaşlarımız  həsrətlə  gözləyirlər.  Dədə  Ələsgərin  uyuduğu  torpağı, suyu, havası  murdar  nəfəslərlə  zəhərlənmiş Zəngəzur  mahalı  gözləyir ...



Faiq SADIQOV,
27  fevral, 1993-cü  il.


Qeyd: Faiq Sadıqov 66 illik ömrünün 44 ilini jurnalistikaya həsr edib. Uzun illər Azərbaycan radio və televiziyasında (AzTV) çalışıb. 1-ci Qarabağ müharibəsinin əvvəlindən sonunadək  könüllü olaraq "Ədalət" qəzetinin cəbhə müxbiri kimi ən qaynar nöqtələrdən operativ xəbərlər verib, müharibə ilə bağlı maraqlı publisistik yazılarla çıxış edib. Müxtəlif vaxtlarda "Qızıl qələm", "Zərdabi", "Dan ulduzu" ədəbi mükafatları ilə təltif olunub. 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən "Əməkdar Jurnalist" fəxri adına layiq görülüb. Hazırda təqaüddədir və müstəqil jurnalist kimi Heydər Əliyev irsini araşdırmaqla məşğuldur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır