Modern.az

Uşaqlıqda fağır, pota bir oğlan olan Murad Dadaşov məktəb xatirələrini Modern.az-a danışdı

Uşaqlıqda fağır, pota bir oğlan olan Murad Dadaşov məktəb xatirələrini Modern.az-a danışdı

19 Yanvar 2013, 15:18

“Anam çantama elə böyük buterbrod qoyurdu ki, sanki məni müharibəyə göndərir”

Həyatımızda elə ilklər var ki, bunlar sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Kiminin ilki ona sonralar xoş anlar, kiminin ki, isə məyus edəcək təəssürat qoyur. Amma fərqi yoxdur bu ilkdir və şüuraltımız qollarını açaraq onu möhkəmcə qucaqlayıb saxlayır. O günə kimi ki döyünən ürəyimiz bir gün dayanır.

Bəlkə də az insan tapılar ki, məktəbdə birinci sinfin ilk günlərini, qayğısız, xoşbəxt və dəcəl vaxtlarını xatırlamasın.

Modern. az-ın “İlk dərs günləri” adlı rubrikasının budəfəki qonağı şoumen Murad Dadaşovdur. Məktəbdə dərdi-səri qızlara vurulmaq olan Murad Dadaşov, görək ilk dərs günlərini necə xatırlayır:

– Mən birinci sinfə 1985-ci ildə 160 nömrəli məktəbdə getmişəm. Sinfimizdə 40 nəfər şagird var idi. 40 nəfərin içərində sizin bəndəniz Murad Dadaşov fağır, pota, balaca bir oğlan idi. Bütün şagirdlər kimi birinci, ikinci sinfi yaxşı oxumuşam. Sonradan qiymətlərim yavaş-yavaş zəifləyib.

İndi çox adam mənim haqımda deyir ki, Murad məktəbdə dəcəl, od-alov idi. Amma məni tanıyanlar bilirlər ki, uşaqlıqda çox sakit, fağır bir şagird idim. Deyim ki, məktəbin 5-6-cı sinifdən fərqlənməyə başladım.

Birinci müəllimim milliyyətcə ukraynalı olan Aleksandra Sergeyevna idi. Bu insanın mənim həyatımda çox mühüm bir rolu olub. Bu xanım eyni zamanda anamla nənəmlə də rəfiqə idi. Mən həmişə üzərimdə onun qayğısını hiss edirdim. Nənəm Gəncədə yaşayırdı və Bakıya gələndə Aleksandra Sergeyevna ilə mütləq görüşüb danışardı və ya yay aylarında onu mütləq Gəncəyə dəvət edirdi. Maraqlısı isə onda idi ki, nənəm rus dilini, müəlliməm isə Azərbaycan dilini bilmirdi. Amma bunlar saatlarla oturub danışırdılar. İndiyə qədər başa düşə bilmirəm ki, bunlar necə danışırdılar.

İbtidai sinif dostlarımdan indiyə qədər münasibətdə olduğum insanlar var. Düzdür, indi həyatımız bir az dəyişib, tez-tez görüşə bilmirik. Mən onlar üçün eyni Muradam və bundan da fəxr duyuram. Məktəb dostlarım yeganə insanlardılar ki, zəng edib ürəklərindəki bütün sözləri deyiblər və mən bundan zərrə qədər də inciməmişəm.

İlk dərs günlərində mənim qarşıma iki şərt qoyuldu: “Murad Dadaşov, dərsdə oxumaq olmaz”. Çünki mahnı oxumağı çox sevirdim. İkinci şərt “Dərsə gətirdiyin yemək özündən balaca olmalıdır. Ən azı çantaya yerləşməlidir”. Anam evdən o qədər böyük buterbrod qoyurdu ki, elə bil məni müharibəyə göndərir. İndiyə kimi kimdəsə buterbrod görəndə o illər yadıma düşür .

Mən məktəbin birinci sinfinin birinci günündən qızlara vurulmağa başlamışam. Uşaqlıq şəkillərimə baxsanız görərsiniz ki, mənim məktəb vaxtı yeganə dərdim-sərim qızlara aşiq olmaq idi. Bütün günü onun həvəsində idim ki, o qız , bu qız necə oldu. Məktəb illərindən bu barədə bir az ayıq uşaq idim.

Hamımızın məktəbli geyimi eyni forma idi . Sadəcə mənim oktyabrist nişanım sinif yoldaşlarımınkından fərqlənirdi. Hamı da Lenin baba yaşlı idi. Məndəkində isə Leninin uşaqlıq şəkli idi. Əvvəlcə narahat idim ki, niyə məndə başqa cürdür. Sonra başa düşdüm ki, ən qəşəngi elə məndə idi. Axırda elə onu da bir qıza bağışladım, dedim, bu da məndən sənə hədiyyə.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI