Modern.az

Kevorkovun “siqnal”ına Kremlin laqeydliyi və Sumqayıtda erməni-daşnak TƏXRİBATLARI

Kevorkovun “siqnal”ına Kremlin laqeydliyi və Sumqayıtda erməni-daşnak TƏXRİBATLARI

Reportaj

1 Mart 2022, 09:21

Sumqayıt hadisələrinin Stepanakert-Yerevan detonatoru


Dekabr, 1987-ci il.  Dağlıq Qarabağ səmasından başlanan ideoloji müharibə


 - Bax, görürsünüz, bu vərəqələri? – deyə Dağlıq Qarabağ Muxtar Vilayətinin o zamankı partiya rəhbəri Boris Kevorkov Stepanakertdən (çox acı və ağrılı səslənsə də, nə qədər ki Dağlıq Qarabağa tam sahib ola bilməmişik, o şəhər hələ Xankəndi deyil. Bayrağımız orada dalğalananda  - bax, onda Xankəndi olacaq!!.) Bakıya, əməkdaşı olduğum “Vışka” qəzetinə göndərilmiş bir təxribat xarakterli məktubu ona təqdim etməyimə əsəbi reaksiya verərək, iş stolunun altındakı dəmir seyfdən çıxartdığı bir top vərəqəni hirslə masasının üstünə atdı. – Sizin redaktor elə bilir ki, mənim heç nədən xəbərim yoxdur? O bilirmi ki, xaricdən, daha çox Livandan və Suriyadan gələrək, Yerevanda cəmləşən daşnaklar artıq neçə müddətdir ki, vertolyotla Dağlıq Qarabağ üzərində uçaraq, Stepanakertə və bütün erməni kəndlərinə bu cür təxribatçılıq vərəqələri yayırlar? Özü də ayda bir-neçə dəfə! Məqsədləri vilayətin Azərbaycan­dan ayrılıb Ermənistana verilməsi üçün erməni əhalini ayağa qaldırmaqdır. Vilayətə gələn təxribatçı emissarları qovub çıxarda bilsək də, birbaşa Yerevandan uçub gələrək, göydən yerə minlərlə, on minlərlə vərəqələr yağdıran vertolyotlarla bacara bilmirik, buna imkanımız yoxdur. Onlar – göydə, biz isə – yerdə. Bunun qarşısını almaq üçün nə Bakı, nə də Moskva heç bir tədbir görmək istəmir (söhbət  respublikanın o zamankı qətiyyətsiz, inert rəhbəri K.Bağırovun dövründən gedir – R.O.). Bu vərəqələrdə hətta məni erməni xalqının düşməni elan edərək, öldürəcəkləri ilə də hədələyirlər.


Vərəqələrə göz gəzdirdim: "Kevorkov, rədd ol Dağlıq Qarabağdan! Sən erməni deyilsən, satqınsan!", "Boris, sən ermənilərin düşmənisən. Səni dar ağacından asacağıq", "Kevorkov, sənin arvad-uşağını..." və s. hədə-qorxu, təhqir dolu vərəqələr...


…Redaksiyanın tapşırığı ilə qəzetin Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri kimi 1987-ci ilin dekabrında növbəti  ezamiyyətim zamanı vilayətin rəhbəri Kevorkova təqdim etdiyim, guya erməninin yox, Vaqif Əliyev imzalı bir azərbaycanlının yazdığı məktub (rusca yazılmışdı!..) cəmi bir cümlədən ibarət idi: “Biz perestroykaya yalnız o zaman inanarıq ki, Dağlıq Qarabağ Sovet Ermənistanına verilmiş olsun”.


Hiyləgərliyə bir bax: sadəcə Ermənistana yox, “Sovet Ermənistanına”! Çox zaman qəbul etmək istəmədikləri “Sovet” sözünü məhz bu məqamda kara gələn hesab edib, “yerində” işlətməklə daşnaklar özlərinin guya Sovet sisteminə böyük rəğbət, məhəbbət bəslədiklərini, sadiqliklərini, Moskvanın, sosializm quruluşunun qızğın tərəfdarı olduqlarını, Dağlıq Qarabağın isə “sadəcə” Sovet Ermənistanının tərkibində olmasını “qəlbən” istədiklərini diqqətə çatdırmağa çalışırdılar. Özü də guya bunu daha çox "arzulayan" azərbaycanlı idi...


Haşiyə çıxaraq, həqiqət naminə etiraf etməliyəm ki, o zaman Azərbaycan KP MK-nın büro üzvü olan B.Kevorkov “Vışka”nın xüsusi müxbirinin fəaliyyətinə nəinki heç bir maneə törətmir, hansısa bir təsir göstərmirdi, əksinə - formal da olsa, köməklik göstərməyə çalışırdı. Ciddi görkəmli, bir qədər də zəhmli olmasına baxmayaraq, lazım olduğu hallarda qəzetin müxbirini qəbul edib, diqqətlə dinləyir və müzakirə olunan məsələlərlə bağlı “qulbeçələr”inə müvafiq tapşırıqlar verirdi, Şuşaya və digər yerlərə getmək üçün mənə xüsusi maşın da ayırırdı.


…Növbəti görüşdə redaksiyaya vilayətlə bağlı daxil olmuş bir-neçə sosial-məişət məzmunlu şikayət məktubuna digər iki katib və şöbə müdirləri ilə baxdıqdan sonra, kəskin reaksiya doğura biləcək, “ağrılı yer”ə toxunan məktubu redaktorumuzun tapşırığı ilə şəxsən B.Kevorkovun özünün tanış olması üçün həmin gün ona sonda, "bu məktub şəxsən sizin üçündür" deyə təqdim etmişdim. Vilayətdən belə məzmunda bir məktub göndərildiyinə inanmayacağını, bunu qətiyyətlə inkar edəcəyini düşündüyüm halda, onun bu cür ideoloji təxribatın təsdiqi olaraq, yaranmış vəziyyət barədə gözləmədiyim faktları açması mənə məsələnin nə dərəcədə ciddi olduğunu anlatmış və Qarabağla, Şuşa ilə bağlı narahatlığımı artırmışdı.


B.Kevorkov bir cümləlik məktubu oxuyub, yanına çağırdıqlarına kabineti tərk etmək göstərişini verərək, ikilikdə qalanda bunu gizlətməyib, əsəbi şəkildə demişdi ki, Ermənistanda Qarabağla əlaqədar fitnəkar iddia və hərəkatlar hələ əvvəlki illərdə də  müşahidə edilirdi.


- Bu barədə mən vaxtilə L.Brejnevə də ətraflı məlumat vermiş və narahatçılığımı catdırmışdım. O isə gülümsünərək bildirmişdi ki, “bizim Sovetlər ölkəmizdə qardaşlıq hökm sürür, bu sarsılmaz dostluğu, qardaşlığı pozmağa heç kəs cəsarət etməz”. Eyni fikirləri mənə indi Kamran Bağırov da söyləyir, ancaq situasiya getdikcə ciddi xarakter alır və belə getsə, hər şey nəzarətdən çıxacaq, qarşısıalınmaz olacaq.


B.Kevorkov bunu 1987-ci ilin dekabrının ortalarında demişdi. Təbii ki, yaxın müddətdə hadisələrin necə cərəyan edəcəyini həmin vaxt nə mən təsəvvür edə bilərdim, nə də - yəqin ki o. Lakin zamanın nikbinlik vəd etmədiyini hər halda az-çox başa düşür, hiss edirdik. Və heç iki ay ötmədi ki, Stepanakertdə daşnak separatizmi baş qaldırdı və onun davamı olaraq Sumqayıtda qabaqcadan hazırlanılmış erməni-daşnak ssenarisi üzrə təxribatlar törədildi.


B.Kevorkovun daşnaklarla nəinki əlbir, heç həmfikir də olmadığını vilayətdə etirazların başlandığı ilk günlərdəcə onun vəzifədən qovularaq, yerinə qatı daşnak olan Q.Poqosyanın təyin edilməsi, eləcə də bir-çox erməni mənbələri birmənalı şəkildə təsdiq edir.



Mən – DTK əməkdaşı rolunda, DTK zabiti isə...


Tanışlıq xarakteri daşıyan ilk görüşümüz zamanı B.Kevorkov vilayət mərkəzi haqqında daha geniş məlumat almaq üçün mənə Stepanakert şəhər partiya komitəsinin 1-ci katibi ilə də görüşməyi məsləhət görmüş və elə mənim yanımda ona zəng edib, “Vışka” qəzeti tərəfindən Dağlıq Qarabağ üzrə xüsusi müxbir təyin edildiyini bildirərək, məni qəbul etməsini tapşırmışdı. Vilayətin “ağası”nın şəxsi tapşırığına baxmayaraq, Zaven Movsesyan öz “boss”undan fərqli olaraq məni açıq-aşkar könülsüz, murdar  erməni, qatı daşnak kimi şübhə dolu nəzərlərlə qarşıladı.


Həmin anda yadıma düşdü ki, Azərbaycan ab-havasının qətiyyən duyulmadığı, nəinki ticarət obyektlərinin, hətta rəsmi dövlət idarələrinin giriş lövhələrinin və bütün digər tərtibatlarının ermənicə yazıldığı Stepanakertə həmin ilk gəlişim zamanı vilayət partiya komitəsində cəmi iki azərbaycanlıdan biri olan, o zaman oranın inzibati orqanlar şöbəsinin müdiri vəzifəsində çalışan, xalqımızın vətənpərvər, qeyrətli oğlu Vaqif Cəfərov tanışlığımızın elə ilk günündəcə mənə ermənilərlə münasibətdə ehtiyatlı, ayıq-sayıq olmağı məsləhət görmüşdü. “Ətrafdakıların çoxu bizə düşmən olan daşnaklardır, bizi hər addımda izləyirlər”, - demişdi.


Həmin daşnaklardan biri olduğu duyulan Z.Movsesyanla etika xatirinə rəsmi, lakin soyuqluğu açıq-aşkar hiss olunan tanışlıqdan sonra onun verdiyi ilk sual bu oldu:


- Maraqlıdır, nəyə görə 50 il idi ki “Vışka”nın Dağlıq Qarabağ üzrə müxbiri yox idi və birdən 1987-ci ildə redaksiya bura xüsusi müxbir təyin etmək qərarına gəldi?


Təbii ki, mən o dövrün ruhuna uyğun olaraq cavab verdim ki, redaksiyamız burda özünün müxbir postunu vilayətin ictimai və sosial-iqtisadi həyatını daha dolğun və operativ işıqlandırmaq məqsədi ilə yaradır. Bu niyə sual doğurmalıdır  ki? Ancaq bu cavabdan sonra da o "qırışmal"ın qırışığı açılmadı, bədbəxt bir hadisə baş veribmiş kimi yenə də qaşqabaqlı idi. Yalnız iki ay  ötdükdən – Stepanakert ixtişaşları başlandıqdan sonra Zavenin məni soyuq qarşılamasının əsl səbəbini anladım. Sən demə, o düşünürmüş ki, Bakı Daglıq Qarabağda onların – daşnakların hazırladıqları planlardan duyuq düşüb və guya orada vəziyyətə gizli nəzarət etmək məqsədi ilə məni “50 ildən sonra” vilayətə xüsusi müxbir adı altında məhz DTK-nın əməkdaşı kimi göndərib... Ancaq kaş ki, Azərbaycanın o zamankı DTK-sı həqiqətən ora öz peşəkar agentlərini, əməkdaşlarını vaxtında göndərəydi və onlar xalqımızın mənafeyi naminə nə isə eləyə biləydilər.


Bu gün də fikrən o günlərə qayıdarkən heç cür başa düşmək olmur ki, əsas və başlıca vəzifəsi Dövlət təhlükəsizliyini təmin etmək olan, böyük və güclü saydığımız o zamankı Komitə - Azərbaycan DTK-sı niyə respublikamızın, Qarabağımızın təhlükəsizliyini təmin edə bilmədi? Axı, həmin Komitə heç yerli-köklü olmasaydı belə, Qarabağda vəziyyət elə həmin şəkildə də davam edəcəkdi. Əgər belə olacaqdısa, onda o zamankı DTK həmin kritik dövrdə bizə hansı xidməti ilə lazım idi?.. 


Heç Qarabağda demirəm, “Vışka” qəzetinin özündə belə ermənilər Bakıdan rədd olub gedəndən xeyli sonra da keçmiş ərinin Stadnik familiyası altında gizlənən, tipik erməni olduğu zahirən də açıq-aydın görünən hiyləgər bir qadın əməkdaş Bakıda qalmaqda davam edirdi və bu barədə şəxsən mənim DTK-ya “siqnal” verməyimə baxmayaq, bizim o vaxtkı kəşfiyyat orqanımız heç bir “kəşfiyyat” aparmamışdı. Erməni V.Stadnikin respublikadakı ictimai-siyasi vəziyyət barədə informasiyaların cəmləşdiyi redaksiyada gizli agent kimi qalması barədə yüksək rütbəli DTK zabitinə məlumat verib, onun barəsində tədbir görülməsi üçün bir-neçə dəfə şəxsən müraciət etsəm də, həmin zabit məsələni həftələrlə, aylarla uzadır, mənim telefon zənglərimi isə hərdən cavabsız qoyur, ya da “narahat olmayın, izləyirik, məşğuluq...” deyə tələm-tələsik cavab verməklə kifayətlənirdi. Əslində az-çox hörmət bəslədiyim və etibar edib, güvəndiyim həmin DTK zabiti özünün dediyi kimi, vəziyyəti “izuçat” eləyənə (öyrənənə) qədər günlər, aylar ötdü və həmin qadın agent yəqin ki o dövrdə ermənilər üçün lazım olan əsas materialları Yerevana və Stepanakertə ötürərək, bir-neçə vaxtdan sonra Bakıdan sakitcə, heç bir maneəsiz köçüb gedə bilmişdi...



Erməni təxribatlarının Sumqayıt ssenarisinin “səhnələşdirilməsi”  


27-28 fevral 1988-ci il.  Fevralın əvvəllərindən etibarən Ermənista­nın müxtəlif rayonlarında malı-mülkü talanıb-yandırılan, dədə-baba yurdlarından qovularaq, güclə qaçıb canını qurtaran həmvətənlərimizin Azərbaycana, xüsusilə də Sumqayıta axını güclənmişdi. Əslində bu axın hələ xeyli əvvəl başlamışdı. Şəhər miqyasında bu bütünlükdə aydın hiss olunmasa da, 4 N-li mənzil-istismar idarəsinin o zamankı rəisi, milliyyətcə osetin olan, “jek” müdirləri içərisində özünün prinsipiallığı, az-çox obyektivliyi, düzlüyü və savadlı olması ilə seçilən Mədinə xanım Meyburaşvili narahatlığını gizlətməyərək bir dəfə demişdi ki, “Qafan və Qacarandan Sumqayıta gəlib, ev alanlar çoxalıb. Deyəsən, ermənilər orada onları dinc yaşamağa qoymurlar.” Osetin qadın bundan narahatlıq keçirsə də, məsələdən xəbərdar olan bir-çox vəzifəli azərbaycanlılarımız bunun elə də fərqinə varmırdılar.


Bir vaxtlar xarici qüvvələrin və bolşevik Rusiyasının təzyiqi ilə bugünü düşünmədən “səxavətlə” ermənilərə pay verdiyimiz qədim yurd yerlərimiz olan Göyçə və Zəngəzurdan Sumqayıta pənah gətirən həmvətənlərimizlə gəlib çatan sarsıdıcı, müdhiş  xəbərlər, Əskərana etiraz nümayişi zamanı ermənilərin silahsız ağdamlılara atəş açaraq, iki gənci qətlə yetirməsi zamanın ədalətsizliklərinə və haqsızlıqlarına qarşı heç zaman laqeyd olmayan sumqayıtlıların üsyankar ruhunu daha da coşdurmuş, alovlandırmışdı.


...Fevralın 27-də "Vışka" qəzetinin Sumqayıtın Mərkəzi poçt binasında yerləşən müxbir məntəqəsində qəzet üçün yazı hazırlayarkən qarşı tərəfdəki küçədən adamların hay-küylü səslərini eşidib, əsəbiləşdim ki, camaatımız yenə də kartof-soğan növbəsində bir-birini didib-dağıdır. Səs-küyün azalmaq əvəzinə getdikcə artdığını görüb, növbə davası döyən “alıcılar”in ünvanına deyinərək, ayağa qalxıb, pəncərəyə yaxınlaşarkən tamam başqa bir mənzərə ilə üzləşdim: gənclərdən ibarət böyük, izdihamlı bir dəstə “Qarabağ bizimdir!”, “Ermənilərə ar olsun!”, “Ermənilər, Qarabağdan rədd olun!” kimi şüarlar səsləndirərək, əllərində irili-kiçikli bayraqlarla küçə boyu sürətlə irəliləyirdilər.  Gənclərimizin öz coşqunluğu ilə ürəkləri riqqətə gətirən vətənpərvərlik, qeyrət hissinin təsirindən həmin anda yazacağım yazını, bütün hər şeyi unudub, cəld küçəyə qaçdım. Döyüşə hazır imiş kimi inqilabi ruhla, əzmlə, vüqarla addımlayan cavanlar maşın yolu ilə sürətlə, qışqıra-qışqıra irəliləyir, mən isə səki ilə onların yanınca gedərək, fəxrlə, qürur hissi ilə onlara baxırdım. Gənc “üsyançılar” heç kəsə və heç nəyə məhəl qoymadan və toxunmadan küçə boyu qaçışırdı və mən onlarla güclə ayaqlaşa bilirdim. İlk anlarda elə düşünürdüm ki, onlar bu yürüşləri ilə bütün sumqayıtlıların diqqətini ermənilərin Qarabağ iddialarına yönəltmək, buna qarşı barışmazlıq nümayiş etdirməyə çagırış məqsədi güdürlər. Təbii ki, bu, başa düşülən, bütünlüklə qəbul ediləcək bir niyyət kimi əhəmiyyətli idi.


Çox da böyük olmayan bir şəhərdə yaşasaq da, “üsyançı” gənclərin çoxunu üzdən tanıya bilmədiyimdən “papaq altında oğullar varmış” düşünərək, onların yanınca, üsyançı cərgələrinə qoşulmadan, yalnız kənardan seyr etməklə getməkdə davam edirdim. Küçə boyunca orda-burda hay-haraya yığışanlar gənclərin yürüşünü alqışlayaraq, onları salamlayırdı. Getdikcə dəstəyə qoşulanların da sayı artırdı.


Nümayişçilər “Dostluq” (hansı dostluq?..) küçəsindən “Sülh” küçəsinə kimi sülh şəraitində yürüsələr də, məhz  bu küçədən başlayaraq “sülh” pozulmağa başladı. Həmin küçələrin kəsişməsində qarşı tərəfdən peyda olan 10-12 nəfərlik bir dəstə işıqforun işarəsi ilə dayanmış avtobusun qapı-pəncərəsini döyəcləməyə başlayaraq, sürücüdən qapıları açmağı, sərnişinlərdən isə onlara qoşulmağı tələb etməyə başladılar. Əksəriyyəti qadın və uşaqlar olan sərnişinlərdən bir-çoxu nə baş verdiyini anlamayaraq, qorxu içərisində avtobusdan düşüb qaçsalar da, bəziləri maşını tərk etmək istəmir, Sumqayıtda əvvəllər heç zaman üzləşmədikləri belə bir zorakılığı qəbul etməyərək etiraz edirdilər. Belə olduqda “nümayişçilər” maşına doluşaraq, içəridəkilərə güc tətbiq etməyə başladılar.


Avtobusdakı münaqişə davam etdiyi müddətdə nümayiş dəstəsinin bir qrupu 20 ildən artıq “zavmaq” işləyən Səməd adlı hampanın “Sputnik” kimi tanınan ərzaq mağazasına doluşmuşdular. Onun başına yığdığı, əksəriyyəti erməni olan satıcı qadınlar uzun illər idi ki alıcılara çəkidə və qiymətdə həyasızcasına, “məharətlə” kəf gəlməyi bacardığından mağazanın işi “xod” gedirdi (1985-ci ildə qəzetimizin xətti iə keçirilən “fəhlə reydi” zamanı Səmədin “sağ əli” olan erməni qadının məsuliyyətə cəlb olunmasına, 3 il azadlıqdan məhrum edilməsinə nail olsam da, heç 6 ay keçməmiş ermənipərəst müdir xeyli “maya qoyaraq”, həmin “əvəzedilməz” işçisini həbsdən azad etdirib, yenidən “iş başına” qaytara bilmışdı).


Bir qədər sonra dəstə mağazadan hay-küylə çıxaraq, “Qarabağ!-Qarabağ!” qışqıra-qışqıra “Sülh” küçəsi ilə mərkəzi bazara tərəf qaçmağa başladı... Tramvay yolu ilə irəliləyib, Nizami küçəsi ilə üzüyuxarı gedərkən qarşılarına çıxan qəzet köşklərinin ermənilərin olduğunu düşünərək, daş-kəsəklə vurub dağıtmaq istəsələr də, ətrafdakı adamlar buna imkan vermədilər. Şəhər partiya komitəsinin yaxınlığındakı qəzet köşkünə çatarkən isə orda bir erməni qadının işlədiyini bilərək, köşkün pəncərələrini sındırdılar. Satıcı içəridə deyildi...


Sonra nümayişçilər hay-harayla şəhər partiya komitəsinin qarşısındakı keçmiş Lenin meydanına toplaşdılar, sanki kimisə gözləyirdilər – yəqin ki, şəhər rəhbərliyini. Kiminsə onların qarşısına çıxaraq, nəsə bir söz deməsini, daha çox Dağlıq Qarabağ məsələsinə aydınlıq verilməsini istəyirdilər. Ətrafda isə heç kəs, hətta hər səsə-küyə, dava-dalaşa müntəzir olan milis işçiləri də gözə dəymirdi. Vəziyyəti belə görüb, partiya komitəsinin binasına yaxınlaşaraq, içəri keçib, ordakılardan heç olmasa bir-iki nəfərin izdiham qarşısına çıxıb, hissləri qaynayıb-coşan gənclərə müraciətlə bir-iki söz deməsini xahiş etmək istədim. Qapılar bağlı idi. İçəridə olan erməni milis işçisi (o, neçə illər idi orda işləyirdi. Guya ora "yarayan" bir nəfər azərbaycanlı yox idi) əllərinin çarpaz işarəsi ilə “olmaz!” işarəsi verdi və daha bir işarə ilə bunun “yuxarıdakıların” tapşırığı olduğunu bildirdi. Nə qədər təkid etsəm də, nəinki qapını açmadı, hətta durduğu yerdə - gendə dayanaraq, heç qapıya yaxın da gəlmədi.

 

Edik  Qriqoryan və “qara plaşlılar” – təlimatçı emissarlar...


Belə olduqda “Qarabağ!, Qarabağ!” deyə gur-gur guruldayan meydanı sakitləşdirmək üçün geriyə qayıdaraq, yanında Leninin böyük heykəlinin ucaldığı tribunaya qalxmaqdan başqa çarəm qalmadı – gənclərin Göyçə, Zəngəzur, Qarabağ nigarançılıqlarına biganə qalmaq olmazdı. “Əziz həmvətənlərimiz” müraciəti ilə meydana toplaşanları salamladım və özümü təqdim etdim. Biləndə ki, qarşılarındakı respublika qəzetlərindən birinin müxbiridir və deyəndə ki, “mən də sizinləyəm!”, hay-küy dolu sevinclə qışqırışaraq, əl çaldılar. Meydanda 300-400 adam olardı. Nədənsə diqqətimi izdihamın sağ tərəfində bir-neçə yerdə qara plaşlı, gödəkçəli 4-5 nəfər cəlb etdi. Onların kim olduqları sonradan məlum olmuşdu – sən demə, onlar daşnak emissarları, Sumqayıt təxribatlarının təşkilatçıları imişlər...    


Meydana müraciətlə Qarabağın əzəli və müqəddəs Azərbaycan torpağı olduğu, o yerlərin Azərbaycana M.P.Vaqif, X.Natəvan, Üzeyir Hacıbəyov, Bülbül kimi görkəmli şairlər, bəstəkarlar, müğənnilər və digər sənətkarlar bəxş etdiyi, Şuşanın, Xankəndinin qədim, şanlı tarixi haqda və s. az-çox bildiklərim barədə pafosla danışaraq, eyni zamanda onlara vətənpərvər duyğularına görə təşəkkür edərək, müəyyən ünsiyyət qura bilsəm də, təmkinli olmağa çağırdıqda - “Sumqayıt bizim hər birimizin doğma şəhəridir, gəlin heç nəyi sındırmayaq, dağıtmayaq, ağılla, düşüncə ilə hərəkət edək” kimi fikirlər səsləndirdikdə izdiham qışqırışaraq, məni “hoydu-hoydu”ya götürürdü. Belə olanda yenə “valı onlar istəyən tərəfə” çevirməli olurdum.


Nə partiya, nə də İcraiyyə komitəsindən bir nəfər də olsa, çıxaraq toplaşanlara müəyyən məsləhət, istiqamət vermək istəyində olan yox idi. Bilirdim ki, bacarıqlı təşkilatçı, az bir zamanda şəhər sakinlərinin böyük hörmət-nüfuzunu qazanmış birinci katib Cahangir Müslümzadə həmin günlər məzuniyyətdə, respublikadan kənarda idi. O, şəhərdə olmadığı üçün isə kimsə məsuliyyəti öz üzərinə götürüb, coşub-daşan meydan qarşısına çıxmaq istəmirdi. Qəribə idi ki, toplaşanlardan da kimsə tribunaya qalxıb söz demək fikrində deyildi.


Meydandan hərdən “Paşa” sözünü eşıdir, lakin bu adın sahibinin hansısa bir azərbaycanlı olduğunu zənn edərək, yüzlərlə adamın içərisində niyə məhz bu adın səslənməsinə əhəmiyyət vermirdim. Həm də ki, həmin anlarda diqqət kiməsə yox, bütün meydana yönəlməliydi. Ancaq, sən demə, “dirijor” elə həmin Paşa imiş - əsl adı sonralar bəlli olan Eduard Qriqoryan. Bəs niyə onu ermənilərin bu adı adətən qısaldımış şəkildə deməyi xoşladığı Edik kimi yox, Paşa deyə çağırırdılar?  Yəqin ona görə ki, Sumqayıtda böyüyüb, Azərbaycan dilini mükəmməl bilən Edik üçün başına yığdığı dəstəni özünün azərbaycanlı olduğuna inandırmaq istəyi ilə Paşa daha münasib, başaldadıcı bir ad idi. Türkcə “general” mənasında olan bu təxəllüsü isə Edik, şübhəsiz ki, özü üçün heç də təsadüfi seçməmişdi - əvvəla, şəhərin cavanları onu azərbaycanlı kimi qəbul edəcəkdi, digər tərəfdən isə o özünü əsl paşa - “general” kimi hiss edərək, ətrafına daha çox “əsgərlər” toplamağa həvəsli olacaqdı.


Düzdür, bu fikirləri uzun illər ötdükdən sonra, az-çox analiz əsasında söyləmək mümkün idi, ancaq o zaman - tribunada olarkən əsas məqsəd meydanda qaynayıb-coşan cavanların vətən sevgisini alqışlamaqla yanaşı, onların təhlükəli, bəd əməllərdən çəkinmələrinə nail olmaq idi. Meydandakılar isə uzun-uzadı çıxışlara qulaq asmaq ovqatında deyildi. Odur ki, 5-10 dəqiqə də meydanda dayanıb, mənim “moizələrimə” qulaq asdıqdan sonra da şəhər rəhbərlərindən heç kəsin onların qarşısına çıxmaq niyyətində olmadığını yəqin edərək, yenidən burulub mərkəzi poçta tərəf yürüş etməyə başladılar.  


Təxminən 30-40 dəqiqədən sonra yürüşçülər şəhərin küçələrində növbəti dövrəni başa vurub, yenə də mərkəzi meydana toplaşmışdılar və hər yerdən “Qarabağ!” nidaları yüksəlirdi. Ətrafa xeyli adam toplaşmaqda idi. “Yaşıl bina” yenə də meydanın üzünə bağlı idi. Sağa-sola göz gəzdirib, şəhər rəhbərliyindən heç kəsi görmədikdə yenə izdihamın önünə çıxmalı oldum.


...Birdən meydanın sol tərəfində qara rəngli bir “QAZ-31” peyda olaraq, partiya komitəsinin binası qarşısına dönüb dayandı. Hamının diqqəti ora tərəf yönəldi. Maşından düşən şəxsin böyük hörmət bəslədiyim Mərkəzi Komitə katibi, vətənpərvər, müdrik bir insan olan Həsən Həsənovun olduğunu görüb, onu qarşılamaq üçün cəld tribunadan düşdüm. Azərbaycanın tanınmış, xalq tərəfindən xüsusi rəğbət bəslənilən bu nüfuzlu dövlət xadimi ilə səmimiyyətlə görüşüb, özümü təqdim etdim. İlk sualı bu oldu: “Bəs rəhbərlik hanı?”. Binanı göstərib dedim: “İçəridədirlər, qapı isə bağlıdır”.


Onun böyük dünya görüşünə, yüksək erudisiyaya, həm də gözəl natiqlik məharətinə malik müdrik bir adam olduğunu bildiyimdən, xahiş etdim ki, tribunadan meydandakılara müraciət edərək, öz sözünü desin, onları sakitliyə çağırsın. O, bir anlığa ayaq saxlayıb, partiya komitəsinin binasına tərəf nəzər yetirdi, sonra nə isə fikirləşərək, tribunaya tərəf addımladı.  Onu “üsyançılara” illərlə tanıdığım kimi – xalqını, yurdunu sevən vətənpərvər bir insan olaraq təqdim edərək bildirdim ki, Həsən müəllim bir vaxtlar Sumqayıtın, daha sonra isə Gəncənin (o zaman hələ Kirovabad adlanırdı) rəhbəri olub, ancaq bir çox katiblərdən fərqli olaraq həmişə təmiz adı ilə seçilib, elin-obanın dərin hörmət-nüfuzunu qazanıb, hətta Gəncənin milli memarlıq üslubu ilə abadlaşdırılması işində qırmızı kərpicə üstünlük verdiyindən xalq arasında ona “kərpic Həsən” ləqəbi verilib. Bunu dediyimlə meydanda ucadan alqış sədaları qopdu. Həsən müəllimin odlu-alovlu, məzmunlu və maraqlı çıxışı meydan tərəfindən sükutla, diqqətlə dinlənildi, dəfələrlə alqışlarla qarşılandı. O, gəncləri və meydana axışan digər şəhər sakinlərini əsası olmayan, yersiz şayiələrə, təxribatlara uymamağa, səbrli, təmkinli olmağa çağıraraq bildirdi ki, o da  xalqla birdir, həmrəydir. Həsən müəllim mitinq iştirakçılarına heç bir təxribata uymamağı, şəhərdə sakitliyi və dincliyi qorumağı tövsiyə edərək, onların alqışları altında tribunadan endi.


Mərkəzi Komitə katibinin gəlməsindən xəbər tutan şəhər rəhbərləri də artıq tribunanın yanında dayanmışdılar. Onlar Həsən müəllimlə görüşüb, vəziyyəti birlikdə müzakirə etmək və məsləhətlərini, tapşırıqlarını öyrənib-bilmək üçün onu partiya komitəsinin binasına dəvət etdilər (bütün bu deyilənləri, heç şübhəsiz ki, Həsən müəllim özü də yaxşı xatırlayır).


Meydanda mitinqə toplaşanlar arasında isə şəhərin idarə və müəssisə rəhbərlərinin, ziyalıların, o cümlədən müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin və s. sıraları get-gedə genişlənməkdə idi. Şəhərin adlı-sanlı həkimi kimi sumqayıtlılar arasında böyük nüfuz qazanmış Cəfər Quliyevin, məktəb direktoru Əvəz Mahmudun, o zaman Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası olan Xalq artisti Afaq Bəşirqızının və digər ziyalıların bir-birinin ardınca davam edən çıxışları diqqətlə qarşılanırdı.


Mədəniyyət sarayının damından Lenin meydanındakı hərəkatı “elə-belə” çəkən erməni fotoqrafı və 50 milyonluq bir xalqa vurulmuş ağır zərbə...


İzdihamın genişləndiyi, mitinqin gücləndiyi bir vaxtda qarşıdaki S.Vurğun adına Mədəniyyət sarayının girişində də mitinqi izləyənlər çoxalmışdı. Birdən bir nəfərin sarayın damına qalxaraq, oradan fotoaparatla meydandakı hərəkatın gedişini çəkdiyi diqqəti cəlb etdi. İzdihamın içərisindən bunu görən bir-neçə gənc cəld onun dalınca dama qalxıb, yerə düşürərək, “qorkom”un içərisinə apardılar. Məlum oldu ki, “tökülüb-itən”, pinti üst-başından fəhlə olduğu aşkar hiss edilən 55-60 yaşlı həmin adam ermənidir. 2-ci mərtəbəyə qalxan pilləkənin üstünə oturdulmuş vəziyyətdə ondan sorğu-sual olundu ki,  dama qalxıb oradan meydanı, mitinqi nə məqsədlə çəkir? Yazıq görkəmlə: “elə-belə, özüm üçün” dedi. Hansı mədsədlə “özü üçün” sualı ətrafdakıları maraqlandırarkən birdən şəhər İcraiyyə Komitəsinin sədri Təvəkgül Məmmədov ona yaxınlaşdı və... ermənini tanıdı. Adıyla müraciət edib soruşdu ki, “sənin o damda nə ölümün vardı?”.  O da and-aman elədi ki, vallah, elə-belə çəkirdim, bağışlayın, qələt eləmişəm, bir də eləmərəm. Təvəkgül Məmmədov ermənini sorğu-sual edənlərə üzünü tutub dedi ki, mən onu çoxdan tanıyıram, yazığın biridir, ziyansız adamdır, bir qələtdir eləyib, buraxın getsin...

   
Meydanı “elə-belə” çəkən o “yazıq” ermənini buraxdılar, getdi. Səhərisi gün isə  Ermənistan və Qərb mətbuatı Sumqayıt meydanındakı mitinqi və bütünlükdə hərəkatı əks etdirən operativ şəkillərlə dolu idi. Ancaq nə o vaxt, nə də sonralar o “həvəskar” fotoqrafı itirib-axtaran olmadı... Bu da bizim o günlərdəki “sayıqlığımızın”, burnumuzun ucundan o yanı görməməyimizin, ürəyi yumşaqlığımızın acıdan da acı,  xalqımızın adına silinməz ləkə vurmuş nəticəsi. Kiminsə “agentura çəkilişində” yaxalanmış ermənini tanıyaraq və ona müsəlman sadəlövhlüyü ilə inanaraq, heç bir ciddi yoxlama aparmadan, heç olmasa, aparatdakı lenti çıxarıb götürmədən azad etməsinin nəticəsi... Yalnız bir nəfərin ucbatından 50 milyonluq bir xalqa vurulmuş ağır bir zərbə...  


Respublika radiosundan səhər tezdən səsləndirilən, dünya əhalisinin yüzlərlə ermənipərəst radio və televiziya kanallarından aldığı gözlənilməz xəbər


Fevralın 29-da səhər tezdən respulika radiosundan eşitdiyim xəbərə inana bilmirdim – doğrudanmı gecə 26 erməninin ölümü ilə nəticələnən ixtişaşlar, qanlı cinayətlər baş vermişdi? Axı, necə ola bilərdi ki, bizim sumqayıtlı cavanlarımız bu cür hərəkətlərə yol verməli olmuşdular? Özü də beynəlmiləlçiliyi ilə bütün SSRİ-də rəğbət doğuran, yaxşı adla tanınan bir şəhərdə - Sumqayıtda. Bunun özülündə hansı faktorların, hansı qüvvələrin, hətta hansı ermənipərəst ölkələrin dayandığını mənim sumqayıtlı dostlarım - respublikamızın görkəmli rejissoru, həyatdan vaxtsız getmiş Davud İmanov və Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədov gərgin jurnalist əməyi və axtarışları sayəsində yaratdıqları iki seriyalı “Sumqayıtın əks-sədası” filmində yüksək peşəkarlıqla göstərdiklərindən bu barədə deyilmiş acı, məlum həqiqətlər barədə təkrar nəsə demək fikrində deyiləm. Onların topladıqları saysız-hesabsız inkaredilməz faktlarla təsdiq olunduğu, sumqayıtlı ermənilərin özlərinin də etiraf etdikləri kimi, Sumqayıtda həmin hadisələr “Krunk“ və digər erməni terror təşkilatlarının plan və ssenariləri əsasında, “Daşnaksutyun” partiyasının ümumi rəhbərliyi altında törədilmişdi.


Erməni ixtişaşçılarının Sumqayıtda soyuq silah kimi işlətdikləri “nizə”lərin Boru-prokat zavodunda düzəldilib, oradan çıxarılması necə mümkün olmuşdu?



Bunu nə ilə izah etmək olardı ki, respublikanın ən iri müəssisəsi olan Boru-prokat zavodunun ötən əsrin 70-ci illərində külli miqdarda yeyinti-dağıntıya, dövlət malını mənimsəməyə, oğurluğa görə 10-12 illik həbs cəzası verilmiş kommersiya üzrə direktor müavini Robert Ambarsumov, təchizat şöbəsinin müdiri Mişa Ayrapetov (o, birbaşa R.Ambarsumovun tabeliyində idi və müəssisəyə daxil olan texniki, qeyri-texniki materiallar onun sərəncamında idi və onları sexlərə elə-belə, özünün ayrıca "payı", “şirinliyi” olmadan buraxmırdı) və onların digər oğru erməni həmkarları bir-neçə aydan sonra bəraət (?) alaraq azadlığa buraxılmış, hətta onlara işləmədikləri, həbsdə olduqları ayların maaşları da verilmişdi. Bütün vücudu ilə insanlığın ən pis karikaturası olan –  yöndəmsiz şəkildə kök, axcaq olduğundan ördək kimi yana basa-basa yeriyən, gözü və çənəsi formasını itirərək çəpləşmiş, sir-sifətindən zəhrimar yağan, 11-12 kassirindən cəmi bir nəfəri rus, biri isə azərbaycanlı olan, sex və idarələrə maaş paylanan zaman 10 minə yaxın işçinin hər birinin “səxavət” göstərərək verdiyi və ya götürmədiyi “qalıq pulun” hesabına hər ay 20-25 min manat qazanan 70 yaşlı iyrənc Emma Qriqoryevnanın (familiyası yadımda deyil), görəsən, hansı məziyyətləri və ya “gözəlliyi” o zamankı direktor üçün (onun arvadı erməni idi!) orta və ya ali təhsilli Azərbaycan xanımından üstün və “əvəzedilməz” idi? Hələ əlvan metaltökmə sexinin adicə fəhləsi olan, “uçenik” kimi ona təhkim edilən azərbaycanlı uşaqlar sonradan onun “çörəyinə” bais olmasınlar, əməllərini bilməsinlər deyə «bacarıqsızdırıar, tənbəldirlər” bəhanəsi ilə qəsdən yüksək maaşlı işdən, özündən uzaqlaşdıran Vartazaryan nədən elə etibar və ixtiyar sahibi olmuşdu ki, sexlərdən hər ay ona ərinti üçün təhvil verilən tonlarla bürünc detalları külçəyə çevirdikdən sonra ən azı üçdə birini zavoddan çıxan qatarlarla Ermənistana göndərirdi? Çox qiymətli olan həmin bürünc külçələrdən isə erməni dığalarına - bütün Türk dünyasının ən qatı düşmənləri olmuş Andranikə, Şaumyana, Mikoyana və başqa “yan”lara yəqin ki Yerevanda heykəllər də ucaldılmışdı...  


Əlbəttə ki, fəhləsindən tutmuş direktor müavininə kimi erməni bandasının kök saldığı, keçid-buraxılış məntəqələrinin ciddi mühafizə olunmadığı, başlı-başına buraxıldığı, bütün hallarda ambarsumovların hökmünün böyük rol oynadığı bir müəssisədə Edik Qriqoryanın gizli olaraq hazırlatdığı istənilən miqdarda ucu şiş nizələr, xəncər-bıçaq düzəltdirmək də, onları zavoddan çıxarmaq da heç bir çətinlık törətməzdi, necə ki əslində də mümkün olmuşdu.

***

Çox illərdən sonra bütün bu faktları analiz edərək, ermənilərlə razılaşmamaq olmur: Sumqayıt hadisələrini biz törətmişik – var-dövlət düşkünü olan bəzi rüşvətxor, vətəninə, xalqına nankorluq və xəyanət göstərərək,  işvəli-nazlı erməni xanımlarının hər əmrinə müntəzir quluna çevrilərək, özləri də bilmədən “Böyük Ermənistan” maraqlarına xidmət edən bir para vəzifə sahiblərimizin yaxından köməkliyi, yardımı ilə...

 

Rəhman Orxan,
respublikanın Əməkdar jurnalisti,
1987-89-cu illərdə "Vışka" qəzetinin
Dağlıq Qarabağ üzrə xüsusi müxbiri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!