Modern.az

İlk buraxılış imtahanı necə keçdi - REPORTAJ

İlk buraxılış imtahanı necə keçdi - REPORTAJ

Reportaj

5 Mart 2022, 18:00

Bu gün Azərbaycanda ilin ilk buraxılış imtahanı keçirildi. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Ağdaş, Balakən, Biləsuvar, Göyçay, İmişli, Qax, Qazax, Qusar, Yevlax rayonlarında, Lənkəran və Şirvan şəhərlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil olundu. İlk dəfə mart ayına təyin olunan imtahanlarda ümumilikdə 23 minə yaxın şagirdin iştirakı gözlənilirdi. 

 

Modern.az-ın əməkdaşları şagird və valideynlərin ilk buraxılış imtahanları ilə bağlı təəssüratlarını öyrənmək üçün Bakı şəhərində yerləşən 225 saylı orta məktəbdə olublar.

 

Artıq imtahanlara start verilib. Məktəbin ətrafında toplaşan valideynlər və şagirdlərin yaxınları həyəcanla gözləyir, imtahanın necə keçəcəyi ilə bağlı fikir mübadiləsi aparırlar...

 

 

Övladının imtahandan çıxmasını gözləyən Xəlifəyeva Lamiyə nəticələrin yaxşı olacağını inandığını deyir:

 

“Valideyn olaraq həyəcanlıyam. Övladımın yaxşı oxuduğunu bildiyim üçün əminəm ki, nəticəsi yaxşı olacaq. İmtahan verən bütün uşaqlara uğurlar arzulayıram. Övladım  4-cü qrup üzrə ali məktəbə hazırlaşır, həkim olmaq istəyir. Valideyn üçün qürurludur ki, övladı yüksək bal toplasın, ali məktəbə qəbul olsun. Ali məktəbə qəbul olmasalar da, yenidən cəhd etsinlər”.

 

 

Məktəbin ətrafında həyəcanlı baxışlarla dayanan Fəxrəddin Nağıyev isə nəvəsini gözləyiridi. Nəvənin övladdan əziz olduğunu söyləyən Fəxrəddin dayı heç vaxt belə fərqli hisslər yaşamadığını bildirib:

 

“Nəvəm bütün abituriyentlər kimi həm məktəb dərslərində iştirak edib, həm də hazırlıq kurslarına gedib. O mənim üçün çox əzizdir, hətta öz şəxsi işimdən belə ərizəylə ayrılmışam ki, nəvəmin qulluğunda durum. Hər zaman dəstək olmuşam, ona güvəndiyimi demişəm. Dünən axşam da dedim ki, sən mənə birinci nəvə kimi əzizsən, ali məktəbə qəbul olsan bizi sevindirərsən, əgər qəbul olmasan da, yenindən imtahan verərsən. İmtahan verən uşaqlar mütəmadi olaraq sınaqlarda iştirak etdikləri üçün az həyəcanlı olurlar. Bizim dövrümzdə fərqli idi. İmtahan verən ilk nəvəmdir, ancaq illər əvvəl övladlarım da imtahan verib. Hər biri ali məktəbə qəbul olub, nəvəmin də qəbul olacağına çox inanıram”.

 

 

Paytaxt sakini Zərifə Nəviyeva da nəvəsinin xoş xəbərini almaq üçün məktəbə üz tutub. Onun sözlərinə görə, nəvəsi imtahana yaxşı hazırlaşıb və yüksək nəticə qazanacağına söz verib:

 

“Allah bütün balaların zehnini açıq etsin, hamıya uğurlar arzulayıram. Hazırlıqlara gedib, çalışqan uşaqdır. Sınaq imtahanlarında yüksək nəticə toplayıb. İnanırıq ki, yenə yüksək nəticə toplayıb, bizi sevindirəcək. Riyaziyyatı yaxşı bildiyi üçün maliyyə ixtisası üzrə ali təhsil almaq istəyir”.

 

 

Şəhid Hikmət Səfərovun həyat yoldaşı Gülnarə Səfərova da həyəcanlı valideynlər sırasında idi:

 

“İndi binanın qarşısında duranda böyük oğlumun imtahandan çıxma anları gəlir gözümün qarşısına. Oğlum içərdən çıxanda Hikmət onu ağlıyaraq bağrına basmışdı. Övladlarını çox sevirdi, daima yüksək yerlərdə görmək istəyirdi. Səhər oğlum dedi ki, “ana, gedək atamın məzarını ziyarət edim, sonra imtahana gedim”.

 

Mən icazə vermədim, çünki psixoloji olaraq ona təsir edəcəyini düşündüm. Anar dərslərinə çox yaxşı hazırlaşan şagird olub, ancaq atasının vəfatı onu çox sarsıtdı. Demək olar ki, son aylarda imtahana daha çox diqqətlə çalışmağa başladı”.

 

 

Nəhayət, 3 saatlıq imtahan yekunlaşır. Şagirdlər məktəb binasını tərk etməyə başlayırlar. 

 

Buraxılış imtahanı verən Hüseynzadə Məhəmmədəli sualların elə də çətin olmadığını bildirdi:

 

“Suallar mənim üçün çox rahat idi. Düşünürəm ki, çalışan hər abituriyent yüksək nəticə göstərəcək. Hər zaman nəzərimdə aşağı bal tuturam ki, yüksək olanda çox sevinim”.

 

 

Şəhid övladı Anar Səfərovun sözlərinə görə, imtahan həyəcanlı olsa da, yaxşı keçib:

 

“Suallar arasında çətin olanı da var idi, asan da. Sınaq imtahanlarına nəzərən daha asan idi. Yüksək nəticə göstərəcəyimə inanıram, yəqin ki, balım 200-dən yuxarı olar”.

 

Məktəbin digər şagiri Məmməzadə Aysel isə 150 baldan yuxarı nəticə gözlədiyini vurğuladı:

 

“Çətin suallar çox deyildi. Çalışan hər bir tələbə yüksək nəticə göstərəcək”.

 

 

Sonda Asəf Qurbanovun da imtahanla bağlı təəssüratlarını öyrəndik: “Riyaziyyatı zəif yazdığım üçün biraz məyus oldum. Digər fənləri isə normal yazdım. İmtahan balım 100-dən yuxarı olmayacaq”.

 

Qeyd edək ki, bu gün keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 1-dək elan olunacaq.

 

Fotolar: Fatma Abdulla

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?