“Fred Asif”in oğlu: “Məmurlar bir saatlığa yalandan Mili Qəhrəmanlara diqqət göstərirlər”
Modern. az “Milli Qəhrəman övladları” layihəsini davam etdirir. Müsahibimiz Azərbaycanın Milli Qəhrəmanı, xalq arasında “Fred Asif” kimi tanınan Asif Məhərrəmovun oğlu Azər Məhərrəmovdur. O, qol güləşi üzrə bir dəfə dünya, 5 dəfə Avropa çempionu olub. Rusiyada yaşayan Azərin Azərbaycana yenicə gəlməsini eşidib fürsəti əldən vermədik.
– 10 ildən çoxdur ki, Rusiyada yaşayırsan. Vətənə nə zaman qayıtmağı düşünürsən?
– Burada şəraitim, işim olsa, Rusiyada yaşayan kimdir!? Vətəndən kənarda nə qədər yaxşı yaşasan da, yenə də ikinci, üçüncü şəxs olacaqsan. 10 ildən çox olar ki, Rusiyada yaşayıram. İldə iki dəfə Azərbaycana gəlirəm. Rusiyada idmanla məşğulam. Orada idmançıların dolanışığı üçün kommersiya yerləri yaradıblar. Belə ki, idmançılara yay kafeləri və ya çayxanalar verirlər ki, idmanla məşğul olmaqla, həm də pul qazansın.
2014-cü ildə Azərbaycanda Avropa çempionatı keçiriləcək. Orda Azərbaycanı təmsil edəcəyəm.
– Rusiyada Milli Qəhrəmanın övladı olduğunu bilirlərmi?
– Ətrafımda olan yaxınlar bilir.
– Müqayisə aparmaq üçün kifayət qədər vaxtın olub. Qonşu ölkədə Milli qəhrəmanlara münasibəti necə qiymətləndirirsən?
– Rusiyada nəinki Milli qəhrəmanlara, müharibə veteranlarına da böyük hörmət göstərirlər. Onların təqaüdləri, maaşları həm yüksəkdir, həm də daim vəziyyətləri yoxlanılır. İş yerləri, dolanışığı, ev məsələləri tez həll edilir. Belə şeylər onlarda çox güclüdür. Yaşadığım bölgə Azərbaycandan çox böyükdür. Bununla yanaşı hamıya diqqət göstərilir. Onlarda hərbçilər millət vəkillərindən yaxşı yaşayırlar .
– Rusiyalı dostların irad tuturlarmı ki, Milli Qəhrəmanın övladı niyə öz ölkəsində iş tapa bilmir?
– Təbii ki, çoxu onu deyir. Deyirlər ki, Azərbaycan gözəl bir yerdir. Niyə orada yaşamıram. Onlar bilirlər ki, nəinki atam, bütün nəslimiz müharibədə iştirak edib, canını qoyub. Amma nə deyəsən, kimə şikayət edəsən. Öz millətimdən şikayət etməyəcəyəm ki!
Kim istəyər ki, bir övlad ola, o da dünyanın o başında yaşaya!? Düzdür, dayılarım, xalam uşaqlarının hamısı orada yaşayır. Amma nə qədər orada yaxşı yaşasan da, insanın ailəsi daim tikan üstündə olur. Gecə evə zəng gələn kimi narahat olurlar ki, birdən Azərə nə isə olar.
– Azərbaycanda harasa iş üçün müraciət etdinizmi?
– İstəyirdim ki, Dövlət Mühafizə Xidmətinə düzəlim. Baxdılar, yoxladılar, sonra dedilər ki, bəs sən əsgərlikdə olmamısan. Dedim ki, mən də atamın yanında müharibədə olmuşam, silahlardan istifadə etməyi bacarıram. Nə edim ki, atam Milli Qəhrəman, anam isə əlil olduğu üçün məni əsgərə aparmayıblar. Bu mənim günahım deyil ki!.. Məsələ elə də qaldı...
Bu gün müğənni Faiq Ağayev 1500 manat, amma Milli Qəhrəmanın həyat yoldaşı 600 manat təqaüd alır. Belə baxanda anama verilən məbləğ böyük görünə bilər. Amma bir dəfə həkimə get, onda görərsən ki, 600 manat nə puldur ki!..
Xüsusi günlərdə məmurlar bir saatlığa yalandan Mili qəhrəmanlara diqqət göstərirlər, vəssalam. Sonra yaddan çıxdın. Əmim Ədalət Məhərrəmovun televiziyalara müraciət edib ki, ayda bir saat vaxt verin ki, Milli qəhrəmanlara həsr edək. Müraciəti indiyədək cavabsız qalıb.
Azərbaycanda Milli Qəhrəmanın lazımi statusu yoxdur. Qanun var , amma o, status deyil.
– Bütün bunlara baxmayaraq, Milli Qəhrəmanın oğlu olmaqdan qürur duyursan....
– Milli Qəhrəmanın oğlu olduğuma görə təbii ki, fəxr edirəm. Nəinki mən, bütün ağdamlılar fəxr edir. Döyüşən bütün Milli qəhrəmanlarımızla fəxr edirəm. Çünki belə oğlanlar bir də dünyaya gəlməyə bilər. Adi küçəyə çıxsaq, görərik ki, millət indi cırlaşır, balacalaşır. Həm bu, həm də o biri mənada.
Yenə nə zamansa müharibə başlasa, Milli qəhrəmanların genlərindən olan qohumları, övladları vuruşacaq. Biri var ürəklə döyüşəsən, biri də var ki, səni irəli itələyələr. Amma könüllü döyüşənlər ürəklə döyüşürdülər. Orada canla başla döyüşən oğlanlarla fəxr edirik.
O torpaq qanla alınanda yenə də biz orada olacağıq. Birinci gedənlərində arasında biz olmalıyıq ki, bizim də arxamızca gəlsinlər.
– Bəs Azərbaycanda sadə vətəndaşların Milli qəhrəmanlarımıza münasibətini, vətənpərvərlik hisslərini necə qiymətləndirirsən?
– Bu dəqiqə hamı yerindən duran fikirləşir ki, gedib uşaqlarıma bir tikə çörəkpulu qazanım.
Birdən görürsən ki, kimsə həyətini süpürüb yarpağını yandırıb. Onun iyi gələndə hardasa torpağımızı, onun iyini xatırlayıram. Amma ağdamlı olsam da, burada böyümüş uşaq o iyi ala bilməz. Yəni insanlarımız yavaş-yavaş dəyişir.
Rusiyada yaşayan, qəribçilikdə olan azərbaycanlıların çoxunun fikri yenə də Qarabağdadır. Bu qəribçilikdə yaşamaqdan irəli gəlir.
– Milli Qəhrəman oğlu olmağın məsuliyyəti sənə ağır olmadı ki?
– Çətindir. Əgər məsuliyyəti hiss etməsəydik bəziləri kimi nəyəsə göz yumardıq, nədənsə istifadə edərdik. Bizim də hər şeyimiz olardı. Amma o məsuliyyəti hiss etdiyim üçün biz onu etməmişik.
On ildən çoxdur ki, atamın adına verilən küçədə yerləşən parkda onun büstünü qoymaq üçün müraciət edirik, amma cavab ala bilmirik. Rəhmətliyə Milli Qəhrəman adı veriləndə o qəbul etmədi. Dedi, Qnə qədər Xocalı, Şuşa işğal altındadır, qəbul etmərəm”. Xəstəxanada ona fərmanı verəndə cırdı tulladı. Dedi, “bu dəmir-dümür ilə camaatı aldatmayın, torpağı alın. Mən onu heç vaxt döşümə vura bilmərəm”. Vurmadı da. Onun bir vəsiyyəti var idi ki, “sizi and verirəm Allaha, adımı qoruyun. Mənim varım-dövlətim bircə adımdır”.
Şahanə Rəhimli