Modern.az

Qeyri-adi Novruz adəti: Hamı məzarlığa gedir... - REPORTAJ

Qeyri-adi Novruz adəti: Hamı məzarlığa gedir... - REPORTAJ

Reportaj

8 Mart 2022, 21:54

Bahar bayramına kimi bizi 4 çərşənbə qarşılayır. Bu gün onlardan üçüncüsü - Yel çərşənbəsidir. Bu çərşənbə hər bölgədə fərqli qeyd olunur. Elə Şabran camaatı da Yel çərşənbəsini öz adət-ənənələrinə uyğun şəkildə keçirir.

 

Modern.az-ın əməkdaşı Şabranda qeyd olunan çərşənbə ənənələrini oxucular üçün qələmə alıb.

 

Çərşənbə səhəri təmizlik işləri ilə açılır. Əsən yel yenicə boy atan bənövşələri bir-birinə daha da doğmalaşdırır. Arılar tər sarı çiçəklərin şirəsini çəkmək üçün növbəyə dayanırlar. Sarı çiçəklər isə sanki günəşin doğuşunu gözləyirlər, deyəsən, küləkdən qorxub açılmaq fikrində deyillər.

 

Çərşənbə axşamına hazırlıq işləri davam edir. Budur, axşam qalanmasını gözləyən tonqal da hazırdır.

 

Axşam düşür, günün əsas hissəsi indi başlayır. Kəndlərdə canlanma müşahidə olunur. Sakinlər hava qaralmamış əllərində məşəllər tutaraq məzarlığa yollanırlar.

 

Kənardan qəribə görünsə də, Padar kəndinin illədir unudulmayan spesifik adətləri var. Bunlardan biri də odur ki, insanlar Novruz çərşənbələrində dünyadan köç etmiş yaxınlarını ziyarət etmək üçün onların məzarları üstündə məşəllər yandırır, xatirələrini yad edirlər.

 

Daha sonra kənd məscidini ziyarət edib, ibadət ocağının həyətində özləri ilə gətirdikləri məşəlləri alovlandırırlar.

 

Hava qaralana yaxın hər kəs öz evinə, ocağının başına dönür.

 

Padar kəndində Novruz çərşənbələri bir-birindən maraqlı və fərqli olur. Demək olar ki, bütün həyətlərdə hazırlanan tonqallar hava qaralanda yandırılır, ailələr tonqal ətrafına yığışaraq, öz dualarını ocağa danışırlar.

 

Bu adətlərin atəşpərəstlikdən qaldığı deyilir. Lakin insanlar rituallara toxunmadan əcdadlarının miras qoyduğu adət-ənənələrini günümüzədək davam etdirirlər.

 

Bu gün də hər şey öz axarı ilə davam edir. Nəhayət, hamı süfrə başına toplaşaraq baharın nəfəsini gətirən yel çərşənbəsini qeyd edir, yaxınlar, qohumlar bir-birilərini ziyarət edərək, arzu-istəklərini çatdırırlar.

 

Elmar Hüseynov

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir