Modern.az

Novruz bazarlığı - 27 manatlıq ləpə, 100 manatlıq səməni - REPORTAJ

Novruz bazarlığı - 27 manatlıq ləpə, 100 manatlıq səməni - REPORTAJ

Reportaj

14 Mart 2022, 10:42

Qönçələyən çiçəklərdən, yaşıllaşan torpaqdan artıq bahar qoxusu gəlir. Qoy elə bu bahar bütün arzuları çin etsin. Hər il ümid etdiyimiz kimi ağrılar, acılar bütün problemlər köhnə ildə qalsın.

 

Bahar bayramı - Novruz bayramına artıq sayılı günlər qalıb. Sabah isə ilin sonuncu çərşənbəsi - Torpaq çərşənbəsidir. Adətə görə ölkəmizdə İlaxır çərşənbə daha təntənəli şəkildə qeyd edilir.

 

Bayrama sayılı günlər qala Modern.az-ın əməkdaşı paytaxtın məşhur "Yaşıl bazar"ına yollanıb.

 

Alanların, satanların fikirlərini öyrənib.

 

Bazara təzəcə girmişdik ki, vəziyyətin nə yerdə olduğunu gördük. Rəngarəng meyvələrlə dolu piştaxtalar elə bir-birinə baxırdı. Alıcı qıtlığı o həddə idi ki, 1 saat ərzində Teymur əmi bir kilo alma belə sata bilmədi.

 

Bazarın girişində Novruzun rəmzi olan bəzəkli səmənilər diqqətimizi çəkdi. Bəzədilmiş iri bir səməninin qiyməti 100 manat idi. Amma ümumi qiymət 5-100 manat aralığında dəyişirdi.

 

Alıcılıq qabiliyyətinin zəifliyini görüb yaxınlaşdıq satıcılara.

 

 

Ayaz Abdullayev deyir ki, ötən illərdə bayramqabağı daha çox qazanc əldə edirdilər:

 

"Bayramla əlaqəli heç bir qiymət dəyişikliyi yoxdu. Bir-iki ay əvvəl də gəlib maraqlansaydınız görərdiniz ki, eyni qiymətlərdi. Ancaq ötən illərə nisbətən qiymət dəyişikliyi var. Bayramla əlaqəli ərik qurusunun qiyməti artıb. Səbəb isə həmin məhsulun ölkədə az olmasıdır. Hazırda ən çox alınan çərəz qoz ləpəsidir, qiyməti 8 manatdan başlayır, 20 manata qədər qalxır".

 

 

Digər satıcı Əlizadə Murad isə söyləyir ki, bayram ərəfəsi olduğu üçün çərəzləri yaxşı satılır:

 

"Bayramla əlaqəli qiymət artımı var, ancaq çox da baha satmırıq. Müştərilərin də cibini nəzərə almaq lazımdır. Ən çox satılan çərəzlər qoz və fındıqdı. Təmizlənməmiş Ordubad qozlarının qiyməti 12- 15 manat aralığında dəyişir. Qoz ləpəsinin qiyməti isə 17 manatdan başlayır. Zaqatala fındığını ləpə şəklində 14-15 manata satırıq. Qabıqlı şəkildə isə 9 manata satılır. Ağ kişmiş 10-12 manat, qara kişmiş isə 12-13 manatdır. Ən çox qiyməti qalxan çərəz isə keşyudur - 27 manata satırıq".

 

Tək-tük olan alıcılara yaxınlaşıb qiymətlərin vəziyyətindən razı, ya narazı olduqlarını soruşduq.

 

 

Rafiq Əhmədov deyir ki, bayram indi daha zəif qeyd olunur:

 

"Bu da insanların büdcəsinə bağlı olan bir məsələdir. Qiymətlər normaldır. Bazara quru meyvələr, çərəz almaq üçün gəlmişdim. Qoz ləpəsini 13 manata, fındıq ləpəsini isə 12 manata aldım. Normal büdcəsi olan insanlar bazardan əli dolu gedə bilərlər".

 

 

Bazarlıq edən başqa bir şəxsə Kamil Səlimova yaxınlaşdıq.

 

Kamil dayı deyir ki, qiymətlərdən razı deyil, ancaq satıcıları da günahlandırmır:

 

"Qiymətlərin baha olmasında satıcının günahı yoxdu, onun da övladı var, 5 manat qazanmalıdır ki, uşağının yanına axşam üzüağ getsin. Əvvəlki illərdə bayram daha təntənəli qeyd olunardı. İndi isə büdcə ilə əlaqəli zəif keçirilir. Əvvəl alardım 2 kiloqram qoz ləpəsi indi alıram 1 kiloqram. Kişmişi 1 kiloqram alırdımsa, indi 400 qram alıram".

 

Bazara gəlib meyvələrin qiymətini soruşmadan getmək olmazdı. Təzə, iri meyvələrlə bəzədilmiş bir piştaxtanın sahibinə yaxınlaşdıq.

 

 

Piştaxtanın sahibi Azər Baxşıyev deyir ki, alıcılıq qabiliyətindən heç razı deyil:

 

"İlbəil hər şey zəifləyir. Bayramla əlaqəli olmasa da, qiymətlər dəyişib. Ən çox da xaricdən gələn malların qiyməti dəyişib. Xaricdən gələn "Golden" ananasın böyüyü 15 manat, kiçiyi isə 7 manatadır. Almanı 6 manata, armudu 7 manata, naringini 3-4 manata, portağalı 3-4 manata satırıq. Bazarda meyvələrin ümumi qiyməti belədir, maksimum bir manat fərqlə satıla bilər".

 

Satıcıları da, alıcıları da qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, bazarı tərk etdik...

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi