Modern.az

Saxta ətirlər: Çindən gələn “fransız qoxusu“ - ARAŞDIRMA

Saxta ətirlər: Çindən gələn “fransız qoxusu“ - ARAŞDIRMA

29 Yanvar 2013, 10:56

Alıcını adıyla aldadan “məşhur brendlər”

Vüktor Hüqo deyib ki, “ətir cənnətdən bir nəfəsdir”. Bu “cənnət nəfəsi”ndən özünü məhrum etmək istəməyənlər ətirə bol-bol pul xərcləsələr də əksər hallarda həm pullarından, həm də canlarından olurlar. Çünki indi hamı ucuzluğuna həvəslənib saxta ətir alır. Satışda isə istənilən məşhur brendin məhsullarına rast gəlmək olar. Qiymətlər isə olduqca ucuzdur. Ancaq bu sözləri həmin məhsulların keyfiyyəti və görünüşü haqda demək qeyri-mümkündür. Çox vaxt alıcılara orijinal ətir adı ilə təqdim olunan bu məhsullar alıcı sarıdan heç də korluq çəkmir. Bu qənaətə məsələ ilə bağlı apardığımız araşdırma zamanı gəldik.

Modern.az saxta ətir bazarını araşdırıb.

Gördüklərimizə keçməzdən öncə qeyd edək ki, orijinal ətirlərin üzərində xüsusi ştrix-kodu olur. Məsələn, fransız ətirlərinin kodu 3-lə başlayır. Almaniyanın ştrix - kodu 440, İspaniyanın - 84, İtaliyanın - 80-83, Fransanın - 30-37, ABŞ-ın - 00-09. Qablarının üzərində bu kodları olmayan ətirlər saxtadır. 
Ancaq yerli ətir bazarındakı ətirlərin qablarında nəinki ştrix – kodu, bəzilərinin hətta qabının özü də yoxdur. Öyrəndik ki, bazarda “Fransız ətirləri” adı altında 2 manata da ətir olmaq mümkündür. “Kenzo”, “Nivea”, “Chanel”, “Koko-Chanel”, “Dolche-Gabbana”, “Dupond”, “She”, “Chastity” və bir çox məşhur firmanın ətirlərini metrostansiyalarda, yeraltı keçidlərdə də satılır.
Müasir ətirlərin “əcdadı” bu gül yağları hesab edilsə də, indiki ətirlərlə onların arasında, demək olar ki, heç bir bağ yoxdur. Öncəliklə, qədim insanlar bu ətirləri təbii yollarla – müxtəlif güllərin, çiçəklərin yağından, ətirli ağacların kömüründən, yeyilən bitkilərin meyvəsindən əldə edirdilər. Müasir ətirlər isə demək olar ki, yüzdə faiz süni kimyəvi qarışıqlardır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun bildirdiyinə görə, məhsulun qiymətinin ucuz olması onun keyfiyyətinin xəbərçisidir. Amma buna baxmayaraq, yüksək qiymətə satılan keyfiyyətsiz məhsullar da az deyil. Ölkəyə belə saxta malların daxil olmasının səbəbini ölkədə istehlakçı siyasətinin bərbad vəziyyətdə olması ilə izah edən E. Hüseynov belə halların geridə qalmış ölkələrdə özünü daha çox büruzə verdiyini bildirdi: “İstehlakçılarımız şüurlu surətdə özlərini aldadırlar. Amma bu o demək deyil ki, bahalı və prestijli mağazalardan alınan ətirlərin hamısı orijinaldır. Ölkədə hər bir ətrin saxta variantı mövcuddur. Orijinal malın ölkəyə daxil olduqdan 1 həftə sonra saxta versiyası meydana çıxır. Orijinal ətirlərin saxta versiyası əsasən Çindən gətirilir”.

Ümumdünya Ticarət Təşkilatının istehlakçı siyasətindən narazı olduğunu bildirən E. Hüseynov hesab edir ki, dünya kosmetika bazarlarında saxta malların tüğyan etməsinin səbəbi də məhz təşkilatın fəaliyyətinin keyfiyyətsizliyidir.

Bir zamanlar insanlar arasında belə bir düşüncə formalaşmışdı ki, məhsulların ştrix kodları onların keyfiyyətli olmasına dəlalət edir. E. Hüseyovun fikrincə, məhsulların ştrix kodlarının onların keyfiyyətinə heç bir aidiyyatı yoxdur. Onun sözlərinə görə, məhsulların üzərinə saxta ştrix kodlar da vurula bilər: “Ərzaq məhsulları kimi, kosmetik məhsulların da son istifadə tarixinin önəmli olduğunu bildirən qurum sədri istehlakçılara aldıqları məhsulların tarixinə də diqqət yetirməyi məsləhət gördü. Onu da deyim ki, orijinal ətirlərin xüsusi ştrix-kodu olur. Məsələn, fransız ətirlərinin kodu 3-lə başlayır. Digər ətir istehsalçılarının ştrix-kodları belədir: Almaniya - 440, İspaniya - 84, İtaliya - 80-83, Fransa - 30-37, ABŞ, Kanada - 00-09. Bu cür kodları olmayan ətirlər saxtadır”.   

E. Hüseynov bu məhsulların üzərində istehsal tarixi və yararlılıq müddətinin qeyd olunmadığını da dedi: “Bu da onların standartlara cavab vermədiyinin və saxta olmasının göstəricisidir. Qeyri-sanitar şəraitdə saxlanılan bu vasitələrin təxminən 50 faizi tələblərə cavab vermir. Hətta ən prestijli, bahalı dükanlarda da saxta ətriyyat məmulatlarına rast gəlmək olar”.
AİB sədri Eyyub Hüseynov isə qiymətin məhsulların keyfiyyətindən xəbər verən amil olduğunu deyir: “Ucuz məhsullar kustar üsulla hazırlanır, ya da vaxtı keçmiş olur. Ümumiyyətlə dünyada müasir parfümeriyanın 10%-i saxtadır. Saxta ətirlər Çin, Dubay, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Ukrayna və digər ölkələrdə istehsal edilir. Saxta parfümeriyanın böyük hissəsi isə Çində istehsal olunur. Keyfiyyətli məhsulu saxtadan ayırmaq üçün məhsulun qiymətinə və qablaşdırılmasına diqqət vermək lazımdır. Orijinal ətir bahalı və keyfiyyətli qutularda qablaşdırılır. Onun üzərindəki yazılar daha dəqiq olur, qutu səliqəli sellofan paketlərə bükülür. Onların üzərində istehsalçı ölkənin, şirkətin adı, keyfiyyət göstəriciləri və istehsal tarixi qeyd olunur.  Üzərində istehsal tarixi və yararlılıq müddətinin olmayan məhsulları almaq məsləhət deyil. Bu məhsulun saxta olmasının göstəricisidir”.

“Fransız ətirləri” adı altında satılan bu ətirlərin qiyməti 2 manatdan 10 manatadəkdir. Bəzi mağazalarda isə daha ucuz ətir almaq mümkündür. Bu məlumat təəccüb doğursa da, paytaxtın ətir bazarında keçirdiyimiz müşahidələr zamanı buna şahid olduq. Belə ki, hazırda ən məşhur – “Kenzo”, “Nivea”, “Chanel”, “Koko-Chanel”, “Dolche-Gabbana”, “Dupond”, “She”, “Chastity” və bir çox məşhur firmanın ətirlərinə rast gəldik.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirdi ki, kosmetik vasitələr və onların keyfiyyəti və insan orqanizminə təhlükəli olma səviyyəsi ilə bağlı Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti mütəmadi dövlət nəzarəti tədbirləri həyata keçirir. Onun sözlərinə gör, qanunvericiliyə əsasən həm istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunda, həm də Nazirlər Kabinetinin müvafiq qərarlarında kosmetik vasitələr məcburi sertifikatlaşdırılmış məhsullar siyahısına daxildir. Ona görə də hər bir idxalçı ətirləri ölkəyə gətirərkən müəyyən prosedurdan keçməlidir. Komitə sözçüsünün dediyinə görə, hazırda Azərbaycanda 30 çeşiddə ətirlərə sertifikat verilib: “13 idxalçı firmanın gətirdiyi ətirlərə 30 ədəd sertifikat verilib. Sertifikatlaşdırma orqanı bu sahədə həm “Astest”,  həm də “Ekotest" MMC akkreditasiya olunub. Ətirlər onların müvafiq laboratoriyalarında yoxlanılır”. Saxta ətirlərlə mübarizəyə gəldikdə isə Komitə rəsmisi bildirdi ki, ötən il ərzində Dövlət Nəzarəti xidməti tərəfindən 20-dək idxalçı firmada dövlət nəzarəti aparılıb. Onlardan 6 müəssisədə nöqsanlar aşkar olunub. 6 müəssisənin 5-ə iradnamə verilərək vaxt verilib ki, həmin nöqsanları aradan qaldırılsın: “Bir müəssisə isə məhsulların satışının qadağan edilməsi üçün tələbnamə verilib. İki inzibati xəta haqqında protokol imzalayıb. Nöqsanlar isə məcburi sertifikatlaşdırılmalı olan məhsullar sırasına daxil olmasına baxmayaq sertifikatdan yayınan, markalanmanın düzgün aparılmaması, onların hansı ölkədə istehsal olunması haqqında məlumatın olmaması kimi hallar olub. İdxal müəssisələrinin bəzilərində saxlanma temperaturuna düzgün riayət edilməyib. Bu da məhsulun tərkibinə təsir göstərib. Laborator müayinələri zamanı həmin məhsulların keyfiyyətli və təhlükəsiz olması barədə rəy verilməyib. Bütün bu faktlar toplandıqdan sonra həmin müəssisəyə iradnamə və tələbnamə verilib. Nəzarət tədbirləri bu il də davam etdirilir”. 

Mütəxəssislər onu da bildirir ki, keyfiyyətsiz ətirlər insan orqanizmi üçün zərərlidir. Onların hazırlanması zamanı istifadə olunan metil spirti dəridə qızartı, şişkinlik və digər dəri xəstəlikləri, hətta dəri xərçəng də yarada bilər. 

Gültəkin Ələsgər
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI