Modern.az

Kənddə bayram bir başqa olur... - REPORTAJ

Kənddə bayram bir başqa olur... - REPORTAJ

21 Mart 2022, 01:33

Saf su, isti od, sərin meh, bərəkətli torpaq çərşənbələri bizi bu günə - Novruza gətirdi. Həftələrdir xalqımızın gözlədiyi bayram yetişdi. Novruz illərdir xalqımızın sevimli bayramı kimi qeyd edilərək günümüzə kimi öz təravətini qoruyub saxlayıb.

 

Baharın gəlişi münasibətilə tonqallar qalanır, məşəllər alovlandırılır, növbənöv şirniyyat və milli yeməklər hazırlanır. Bir sözlə, xalqımız bayrama xüsusi bir hazırlıq görür.

 

Novruz bütün ölkə üzrə təmtəraqla keçirilir və bəzi bölgələrimizin spesifik adət-ənənələri bu bayrama xüsusi gözəllik qatır. Baharın gəlişini özlərinə məxsus şəkildə qeyd edən rayonlarımızdan biri də Şabrandır.

 

Modern.az müxtəlif bayram adət-ənənələri ilə seçilən Şabranın Padar kəndindən hazırladığı Novruz reportajını oxuculara təqdim edir:

 

...Hava çox soyuqdur. Necə deyərlər bahar bir az sərt gəlib. Elə bil, qışdan ayrılmaq ona çətindir. Amma Novruzun gətirdiyi səmimilik soyuq havada belə münasibətləri soyuda bilmir.

 

Axşama hazırlaşan kənd sakinləri küçələrə axışaraq, bir-birilərini təbrik edib bayramlaşırlar. Əvvəlki günlərdən fərqli olaraq, bu gün kənddə çox adam gözə dəyir. Paytaxtda yaşayan padarlılar bayramı burada qeyd etmək üçün öz doğma kəndlərinə təşrif buyurublar.

 

Sakinlərin bayram təəssüratlarını öyrənmək üçün onlara yaxınlaşıb, həmsöhbət oluruq...

 

Deyirlər, bayramlar daha əvvəlki kimi deyil. Doğrudanmı əvvəllər bayramlar başqa idi?

 

Sualımızı ilk olaraq kənd sakini Fikrət Paşayevə ünvanlayırıq. Əllərini ovuşduraraq isinməyə çalışan Fikrət dayının sözlərinə görə, əvvəllər Novruz bayramında belə soyuq olmayıb:

 

“İllərdir bu kənddəyəm, birinci dəfədir belə soyuq görürəm, heç Yeni il bayramında hava belə deyildi. Novruzda həmişə o qədər isti olurdu ki, elə bil yaydır”.

 

Digər həmsöhbətimiz Zakir Musayev isə bildirir ki, əvvəllər Novruzda yumurta döyüşdürmək bayramın ən maraqlı hissəsi idi, indi tamamilə fərqlidir:

 

“İndi də yumurta döyüşdürürlər, amma qabaq belə deyildi axı. Əvvəllər biz yumurta döyüşdürməyə, Novruz üçün yumurta toplamağa yanvar ayından başlayırdıq. Novruz döyüşlərinə xüsusi hazırlaşırdıq”.

 

Hər iki həmsöhbətimiz “bu günümüzə də şükür” deyərək, kəndin bayram adətlərindən birini yerinə yetirmək üçün yol alırlar. Onlardan hara tələsdiklərini soruşanda, qəbiristanlığa getdiklərini söylədilər.

 

Bayramda qəbiristanlıq?

 

Qəribə görünsə də, bayram günü məzarlığı ziyarət etmək Padar kəndinin illərdir unudulmayan adətlərindəndir.

 

Axşama doğru insanlar əllərində məşəllər və boxçalarla kənd qəbiristanlığa doğru yol alırlar. Biz də onlara qoşulub, bu adətin sirrlərini öyrənməyə çalışdıq.

 

“Bizdə adətdir, hər bayram vəfat edən yaxınlarımızın məzarlarını ziyarət edib, qəbirləri üstündə məşəl yandırırıq”, - sakinlər deyirlər.

 

Məzarlığa gedənlərin əllərindəki boxça da diqqətimizi çəkdi və onun içərisində nə olduğunu Pərvanə adlı kənd sakinindən soruşduq.

 

Onun sözlərinə görə, əllərindəki boxçalar dünyadan köçən doğmaları üçün hazırladıqları bayram payıdır.

 

Artıq hava qaralır. Məzarlıqda məşəllər yandırılır, səməni və şirniyyatlar qəbirlərin üzərinə düzülür…

 

Həqiqətən də maraqlı adətdir. Kimi yaxınının məzarını ziyarət edərək, ruhuna dualar oxuyur, digərləri də bayram nemətlərini qəbirlərin yanına qoyur.

 

Beləcə, ziyarətdən sonra bayram tonqalını yandırmağa gedirik.

 

Nəhayət, tonqallara od vurulur. Hamı bir nəfər kimi tonqalın ətrafına yığışaraq, sevinclə bayramı qeyd edir. Bu arada Novruzun unudulmaz adətlərindən olan yumurta döyüşdürməyi də unutmadıq.

 

Artıq bayram süfrəsi bizi gözləyir. Masanın üzərinə qoyulan rəngəbərəng yumurtalar, ailə üzlərinin sayı qədər xonçanın kənarına düzülən şamlar, bir-birindən dadlı şirniyyatlar göz oxşayır.

 

Yenicə bayram plovundan dadırdıq ki, qapı döyülür. Yox, bu qohum, dost gəlişi deyil və məlum olur ki, papaqatdıya çıxan uşaqlar bizdən öz paylarını almağa gəliblər. Papaqları sovqatlarla doldurub, “gözəgörünməz” qonaqlarımızı əlidolu yola salırıq.

 

Onu da bildirim ki, Padar kəndində Novruz iki gün qeyd olunur. Martın 20-si hamı öz ailəsilə bayram sevincini yaşayır, sabahı gün qohum-əqrəbaların ziyarətinə gedilir.

 

Beləliklə, artıq qışa əlvida deyib, baharı qarşılayırıq. Yaz fəsli ölkəmizə qədəm qoyur. Yeni fəslin ilk anlarında reportajımızı yekunlaşdıraraq, bir daha oxucularımızı təbrik edir, hər kəsə bol ruzi-bərəkət, cansağlığı və firəvan günlər diləyirik. Arzu edirik ki, növbəti bayramlarımızı pandemiyasız, əvvəlki kimi ürəkdən qeyd edək.

 

Bayramınız mübarək olsun!

 

Hazırladı: Elmar Hüseynov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!