Modern.az

Ayaz Mütəllibov, xanımı, oğlanları və nəvələri - FOTOLAR

Ayaz Mütəllibov, xanımı, oğlanları və nəvələri - FOTOLAR

28 Mart 2022, 15:32

Ötən gecə 84 yaşında vəfat edən mərhum eks-prezident Ayaz Mütəllibovun cənazəsi bu gün Bakıdakı I Fəxri xiyabanda torpağa tapşırıldı.

Ayaz Mütəllibovun adı Azərbaycan Respublikasının ilk prezidenti kimi tarixə yazılıb.

Mərhumun siyasi fəaliyyəti dövründə övladları arxa planda olsa da, yəqin ki, ictimaiyyət ali hakimyyəti təmsil etmiş digər şəxslər kimi onun da davamçıları ilə maraqlanır.
 

Modern.az-ın məlumatına görə,  Ayaz Mütəllibov 1956-cı ildə dostunun ad günündə gələcək həyat yoldaşı Ədilə xanımla tanış olub. Onların evliliyindən iki övladları dünyaya gəlib – Azad və Zaur Mütəllibovlar.

1992-ci ildə ataları ilə birgə Moskvaya gedən oğlanları bir müddət orada yaşadıqdan sonra Bakıya qayıdıblar.


Ayaz Mütəllibovun böyük oğlu Azad Mütəllibov 1962-ci ildə anadan olmuşdu.

Azad Mütəllibov 2011-ci il avqustun 8-də 49 yaşında vəfat edib. Mərhum Azad Mütəllibov xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, Yasamal qəbiristanlığında babasının yanında dəfn olunub. Mərhum iş adamı kimi fəaliyyət göstərirdi.


Mərhum eks-prezidentin həyat yoldaşı Ədilə Mütəllibova 1938-ci ildə doğulmuşdu. İxtisasca həkim olan Ədilə xanım 2019-cu il iyulun 5-də 81 yaşında vəfat edib. Ədilə Mütəllibova Yasamal rayonundakı qəbiristanlıqda, oğlu Azadın məzarının yanında dəfn olunub.

Ayaz Mütəllibov 1938-ci ildə Bakıda doğulub. İndiki Azərbaycan Neft və Sənaye Universitetini bitirib. Bakı Soyuducular Zavodunun, “Bakelektromaş” İstehsalat Birliyinin direktoru, Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi, yerli sənaye naziri, Dövlət Plan Komitəsinin sədri, Nazirlər Sovetinin sədr müavini vəzifələrini tutub.
1988-ci ildən Nazirlər Sovetinin sədri olan Ayaz Mütəllibov 1990-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, həmin il və 1991-ci ildə Azərbaycan prezidenti seçilib.


1992-ci ildə prezident postundan istefa verən Ayaz Mütəllibov həmin ilin may ayından həyat yoldaşı Ədilə Mütəllibova ilə birgə Rusiyanın paytaxtı Moskvada yaşayıb.

2011-ci ilin avqust ayında Ayaz Mütəllibov oğlu Azad Mütəllibov vəfat edərkən Azərbaycana gələrək, onun hüzr mərasimində iştirak edib.

2012-ci ilin iyul ayında isə Ayaz Mütəllibov həyat yoldaşı ilə birgə həmişəlik vətənə dönərək, Bakıda yaşamağa başlayıb. Ayaz Mütəllibovun Azərbaycana qayıdışı 2012-ci ildə qəbul edilmiş “Eks-prezidentlər haqqında” Qanuna əsasən mümkün olmuşdu.


İndi Ayaz Mütəllibovun soyunu ikinci oğlu Zaur Mütəllibov davam etdirir.

Zaur Mütəllibov 1970-ci ildə doğulub. O da bizneslə məşğul olur.

Mərhum eks-prezident Ayaz Mütəllibovun Tahir və Mədinə adında iki nəvəsi də var.



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır