Modern.az

Ukrayna kəşfiyyatı “Buça qətliamı”nı törədən rusların SİYAHISINI açıqladı

Ukrayna kəşfiyyatı “Buça qətliamı”nı törədən rusların SİYAHISINI açıqladı

4 Aprel 2022, 15:00

Ukrayna kəşfiyyatı Kiyev vilayətinin Buça şəhərində Ukrayna xalqına qarşı hərbi cinayətlər törətmiş Rusiyanın 64-cü motoatıcı briqadasının əsgərlərinin siyahısını əldə edib və ictimaiyyətə açıqlayıb.


Modern.az xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.


"Hər bir ukraynalı onların adlarını bilməlidir! Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Buça şəhərində Ukrayna xalqına qarşı hərbi cinayətlər törətmiş 64-cü motoatıcı briqadanın hərbçilərinin siyahısını əldə edib", - Baş Kəşfiyyat İdarəsi bildirib.

Ukrayna Müdafiə Nazirliyi əmin edir ki, bütün hərbi cinayətkarlar Ukraynanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cavab verəcəklər.


Daha əvvəl xəbər verildiyi kimi, aprelin 2-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bütün Kiyev vilayətinin rus işğalçılarından tam azad edildiyi barədə məlumat yayıb.


Bundan sonra rusların Buça şəhərindəki qeyri-insani hərəkətləri, vəhşilikləri haqqında məlumatlar ortaya çıxıb. Məlum olub ki, rusiyalı hərbçilər Buçada dinc insanları öldürüb, zorlayıb, təhqir edib, işgəncə veriblər.

Buçada təmizləmə zamanı ukraynalı müdafiəçilər zorakı ölüm əlamətləri olan 280-dən çox mülki vətəndaşın cəsədi olan kütləvi məzarlıq tapıblar.

İşğalçıların yandırmağa vaxt tapmadığı yol kənarlarında güllələnmiş qadınların cəsədləri də diqqət çəkib.


Buçadan yayılan görüntülər qanları damarlarda dondurur, rus ordusunun hərbi caniliyini və insanlığa qarşı cinayətlərini bütün çılpaqlığı ilə ortaya qoyur.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Facebook-dakı hesabında yazıb ki, XXI əsrdə belə bir vəhşiliyi təsəvvür etmək mümkün deyildi:

"Lakin bütün bunlar bizim gözlərimiz qarşısında baş verir. Rusiya İŞİD-dən pisdir”.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi isə Buçadan çəkilmiş görüntülərin guya “radikalların təxribatı və montajı” olduğunu iddia edərək, onları rədd edib.

Buçada Ukrayna xalqına qarşı vəhşiliklər törədən rus işğalçılarının siyahısı ilə bu linkdən tanış olmaq mümkündür.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər