Modern.az

Putinlə Zelenski arasında vasitəçilik edən OLİQARX

Putinlə Zelenski arasında vasitəçilik edən OLİQARX

Reportaj

5 Aprel 2022, 14:34

Məşhur oliqarx Roman Abramoviçin bir neçə raundu geridə qalan Rusiya-Ukrayna danışıqlarında vasitəçi qismində çıxış etməsi dünya mediasının diqqətindən kənarda qalmayıb.

Modern.az-ın məlumatına görə, xarici KİV-lər Abramoviçin bu məsələdəki rolunu müxtəlif aspektlərdən şərh edirlər.

Media yazır ki, R.Abramoviç Türkiyə, Rusiya Federasiyası və Ukrayna arasında vasitəçi kimi hərəkət edir, prezidentlər Zelenski ilə Putinin görüşünün təşkilinə çalışır.
 

İddialara görə, Ukrayna prezidenti Zelenski bir müddət əvvəl Abramoviç vasitəsilə Putinə sülh şərtləri olan nota göndərib. Buna Rusiya prezidenti belə cavab verib: “Ona de ki, onları məhv edəcəm!”.


Maraqlıdır ki, oliqarxın Moskva ilə Kiyev arasında vasitəçilik etməsinə hər iki tərəfdən müsbət yanaşırlar.

Roman Abramoviçin rusiyalı oliqarxlar arasında xüsusi yeri var. O 1990-cı illərin əvvəllərində varlandıqdan və oliqarxa çevrildikdən sonra Londonda qərar tutdu, ingilislərin rəğbətini qazanmaq üçün məşhur futbol klubu “Çelsi”ni satın aldı. Bu klubun əsas uğurları da Abramoviçin gəlişindən sonra başladı.

Rusiya-Ukrayna müharibəsinin başlanması Roman Abramoviçi ən çox müzakirə olunan şəxslərdən birinə çevirdi. Onunla bağlı ən çox müzakirə edilən mövzu isə iş adamının prezident Vladimir  Putinə yaxınlığıdır.


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı oliqarx Roman Abramoviçin Rusiya-Ukrayna danışıqlarında oynadığı rolla bağlı sualı cavablandırarkən deyib:
 

"Roman Abramoviç Rusiya və Ukrayna tərəfləri arasında müəyyən təmasların təmin edilməsində iştirak edir".
 


O qeyd edib ki, Abramoviç Rusiya nümayəndə heyətinin rəsmi üzvü deyil. Peskovun sözlərinə görə, oliqarxın bu prosesdə iştirakı danışıqlar prosesinin hər iki tərəfi tərəfindən razılaşdırılıb.
 

Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü, Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə, milyarder Roman Abramoviç Rusiya-Ukrayna danışıqlarında vasitəçi və moderator kimi iştirak edir:

“O, nümayəndə heyətləri arasında son dərəcə effektiv vasitəçidir. Abramoviç prosesi qismən mülayimləşdirir, tərəflər arasında anlaşılmazlıq olanda müdaxilə edir”.

Rusiya Federasiyası ilə danışıqlar aparan Ukrayna nümayəndə heyətinin rəhbəri, deputat David Araxamiya da iş adamı Roman Abramoviçin bu prosesdəki rolunu yüksək qiymətləndirib.

Onun sözlərinə görə, rusiyalı iş adamı danışıqlarda əlavə kommunikasiya kanalı rolunu oynayıb:

"Abramoviç diplomatik deyil, normal dildə müzakirə aparmağa kömək edən qeyri-rəsmi ünsiyyət kanalı rolunu oynayır. Beynəlxalq mətbuat sayəsində bu kanal məşhurlaşıb. O, danışıqlarda neytral tərəf olmağa çalışır".

Yeri gəlmişkən, Rusiya və Türkiyə arasında sülh yaratmağa çalışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Abramoviçin bu məsələdəki rolundan razılıq edib:

“Əgər Rusiya və prezident Vladimir Putin nümayəndə heyətinin tərkibinə Roman Abramoviçi daxil edibsə, deməli, ona etibar edir və inanırlar”.
  


Rusiyalı iş adamı martın 31-də Rusiya və Ukrayna nümayən heyətləri arasında İstanbulda keçirilən danışıqlarda iştirak edərkən, Türkiyə liderilə də görüşüb.
 

Azərbaycanlı siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Rusiya prezidenti Vladimir Putin vaxtilə Abramoviçi Londona elə-belə buraxmamışdı.

“O, Abramoviçi bir ara Rusiyanın ən ağır bölgələrindən – Çukotkaya qubernator təyin etdi. Putinin məqsədi o idi ki, Abramoviç yığdıqlarının bir hissəsini Rusiyanın soyuq bölgəsi üçün də xərcləsin. Abramoviç simiclik etmədi, bölgəyə xeyli yatırım qoydu. Çukotkaya kifayət qədər pul xərclədikdən sonra Putindən onu buraxmasını istədi. Putin də ona mane olmadı və Abramoviç bir daha dəbdəbəli Londondan soyuq Çukotkaya getmədi”.
 

Siyasi təhlilçi deyir ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə start verəndə Roman Abramoviçin də ağır günləri başladı.

“O, tələm-təsik “Çelsi” ilə vidalaşdı, onun Qərbdəki bank hesabları donduruldu, bahalı gəmisi sanksiya altına düşdü. Abramoviç bu ağır vəziyyətdə ağlını işə saldı və topladığı pulları və mülkləri itirməmək üçün Kiyevlə Moskvaya vasitəçiliyini təklif etdi. Bu təklif Ukrayna prezidenti Volodimir Zelenskinin xoşuna gəldi və təsadüfi deyil ki, o Abramoviç üçün Qərbə ağız açdı ki, ona qarşı sanksiyalar tətbiq olunmasın.
Putin də Abramoviçin vasitəçiliyinə etiraz etmədi. Kiyevlə danışıqlar aparmaq üçün Putinə rəsmi kanallarla yanaşı, qeyri-rəsmi kanallar da lazımdır və Abramoviç həmin funksiyasını yerinə yetirməyə başladı.

Roman Abramoviç İstanbuldakı danışıqlarda müşahidəçi kimi iştirak edib. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın əlini sıxan Abramoviç ona minnətdarlığını bildirib. Türkiyə mediası günlərdir bu haqda yazır, reportajlar yayımlayırdı. Rusiya ilə Ukrayna arasında hər hansı razılaşma əldə olunarsa, bunda Abramoviçin də kiçik rolu olacaq. Abramoviç düşünür ki, bəlkə onun bu roluna görə Qərb ondan əl çəkər və o banklardakı hesablarını, London və digər şəhərlərdəki mülklərini geri qaytara bilər...”.


Ukrayna KİV-ləri daha əvvəl xəbər vermişdilər ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Co Baydendən Roman Abramoviçə qarşı sanksiya tətbiq olunmamasını xahiş edib, çünki o, Kiyev və Moskva arasında sülh danışıqlarına töhfə verə bilər.


Amma Qərb digər rus oliqarxlar kimi, Abramoviçə qarşı sanksiyalardan vaz keçmədi. Mart ayında Britaniya hökuməti Abramoviçin Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrini əsas gətirərək, onun aktivlərini dondurdu.

O, "Çelsi" klubunun idarəçiliyindəki səlahiyyətlərindən də məhrum edildi.

Abramoviçin Qərbdə üzərinə həbs qoyulan mülkləri arasında Londonun qərbindəki "Kensington Palace Gardens"də dəyəri 150 milyon funt sterlinqdən çox olduğu deyilən dəbdəbəli malikanə, Çelsidə bir mənzil, ABŞ-ın Kolorado ştatında ferma və Fransa Rivyerasında yay iqamətgahı olduğu bildirilir.

Onun həbs olunan "Solaris" və "Eclipse" adlı yaxtaları ən böyük yaxtalardan sayılır.

Abramoviçin şəxsi təyyarəsi də var.

Bloomberg agentliyinin məlumatına görə, hazırda Rusiya milyarderləri arasında 9-cu yerdə gedən Roman Abramoviç Ukrayna ilə müharibə başlayandan sonra sanksiyaların tətbiqi nəticəsində 3,6 milyard dollar sərvət itirib. İndi onun varidatı  14,4 milyard dollar təşkil edir.

Roman Abramoviç 3 yaşında yetim qalıb, amma sonralar tədricən dünyanın ən varlı adamlarından birinə çevrilib. İndi Rusiya Prezidenti Vladimir Putinlə yaxınlığına görə həm işlərini, həm şöhrətini itirir.


Roman Abramoviç 1966-cı ildə Rusiyanın Saratov şəhərində anadan olub. Onun 1 yaşı olanda anası zəhərlənmədən ölüb. İki il sonra isə atası inşaat qəzasında həlak olub.


3 yaşından yetim qalan Roman Abramoviç qohumlarının himayəsində böyüyüb.

Roman Abramoviçin iş həyatı orduda xidmət etdikdən sonra başlayıb. O, əvvəlcə Moskvada plastik oyuncaqlar satıb. Daha sonra ətir və dezodorant satışına keçib və 80-ci illərin sonlarında keçmiş SSRİ Prezidenti Mixail Qorbaçovun aşkarlıq siyasətindən - sahibkarlığa yaşıl işıq yandırmasından yararlanaraq varlanıb.

R.Abramoviç Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetini bitirib.

1995-ci ildə 29 yaşlı Roman Abramoviç "Sibneft" şirkətini təxminən 250 milyon dollara satın alıb. Bəzi iddialara görə, bu alış-veriş saxta bir hərracda təşkil olunub və Roman Abramoviç kimlərəsə külli miqdarda rüşvət verib.
R.Abramoviç 10 il sonra "Sibneft" şirkətini Rusiya hökumətinə 13 milyard dollara sataraq, daha da varlanıb.

BBC-nin məlumatına görə, Rusiyanın keçmiş Prezidenti Boris Yeltsinin yaxın adamlarından olmuş Roman Abramoviç postsovet dövründə Moskvanın siyasi səhnəsində özünə yer edə bilib. Hətta bir müddət Kremldəki mənzillərdən birində yaşayıb.

Deyilənlərə görə, 1999-cu ildə Yeltsin istefa verəndə baş nazir və keçmiş KQB agenti Vladimir Putinin onun yerinə gətirliməsi ideyasını dəstəkləyənlər arasında Abramoviç də olub.

Putinin prezidentliyinin ilk illərində Abramoviç Çukotkanın qubernatoru vəzifəsində çalışıb.

O, 2000-ci ildə Rusiyanın şimal-şərqindəki kasıb Çukotka vilayətinin qubernatoru seçilib. Şəxsi vəsaitlərindən sosial xidmətlərə ianələr verdiyi üçün xalqın sevgisini qazanıb, amma 2008-ci ildə istefa verib.

Abramoviç bütün bu müddət ərzində iş adamı statusunu da qoruyub; rəsm əsərləri, evlər və avtomobillər alıb.


2003-cü ildə o, Qərbi Londonun ən böyük futbol klubu "Çelsi”ni 140 milyon funt-sterlinqə satın alıb. Bununla da o, futbol dünyasının məşhur simalarından birinə çevrilib.

Abramoviçin vaxtında "Çelsi”yə Premyer Liqanın beş, Çempionlar Liqasının iki və Britaniya Federasiyanın beş kubokunu qazandırıb.
 


Roman Abramoviç üç dəfə evlənib.


Onun birinci həyat yoldaşı əslən Həştərxandan Olqa Lısova olub.


İkinci həyat yoldaşı - İrina Malandina keçmiş stüardessa idi. Abramoviçin İrina ilə evliliyindən beş övladı var: Anna (30 yanvar 1992), Arkadi (14 sentyabr 1993), Sofiya (3 aprel 1995), Arina (2001) və İlya (18 fevral 2003).


Abramoviç İrina Malandina ilə 2007-ci ilin martında Çukotkada boşanıb. Keçmiş ər-arvad əmlak bölgüsü və beş övladının kiminlə qalacağı barədə razılığa gəliblər.


Üçüncü həyat yoldaşı, Roman Abramoviçin 2005-ci ildə tanış olduğu yəhudi əsilli rusiyalı sahibkar Aleksandr Jukovun qızı Daria Jukovadır. Roman Abramoviçin bu evlilikdən iki övladı var: oğlu Alexander (5 dekabr 2009) və qızı Leya (8 aprel 2013).

2017-ci ilin avqustunda cütlük "ayrılıqlarını" elan edib.

 
A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!