Modern.az

Rusiyanın “teatr” dediyi Buça qətliamı - FOTOREPORTAJ

Rusiyanın “teatr” dediyi Buça qətliamı - FOTOREPORTAJ

Reportaj

5 Aprel 2022, 15:56

Ukraynanın “qəhrəman şəhəri” Buçada yüzlərlə dinc sakinin Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi dünyanı silkələməkdə davam edir. Dünya ölkələrinin Buçada baş verənləri lənətlədiyi bir məqamda Rusiya tərəfi israrla qətliam törətmədiklərini, yaşanan hadisələrin guya Moskvaya qarşı təxribat olduğunu bildirir.

Modern.az xəbər verir ki, müharibə dövründə Rusiya hərbi qüvvələrinin Belarusdan Kiyevə qədər irəliləməsinə mane olan Buça şəhəri kütləvi atəşə və yerli əhali qəddar rəftara məruz qalıb.

Məlumat üçün bildirək ki, yaşayış məntəqəsi 1898-ci ildə Kiyev-Kovel dəmir yolunun Buça çayı sahilində yaranıb. Buça müasir İrpin şəhərindəki kimi Kiyev-Kovel dəmir yolunun qatar dayanacağı olub.

İkinci Dünya Müharibəsi zamanı, 1943-cü ilin dekabrında Kiyevin nasist qüvvələrindən azad edilməsindən əvvəl Buçada general Vatutinin komandanlıq etdiyi birinci Ukrayna cəbhəsinin qərargahı yerləşib.

Buçaya 9 fevral 2006-cı ildə şəhər statusu verilib. Əvvəllər isə Buça İrpin şəhər bələdiyyəsinin tərkibində yer alıb.

Bir neçə gün öncə Ukrayna ordusu paytaxt Kiyevin də daxil olduğu bölgənin rus hərbi qüvvələrindən tamamilə təmizləndiyini açıqlayıb. Ukrayna qoşunları paytaxtın ətrafındakı 30 şəhər və kəndə nəzarəti bərpa edib. Rus hərbçilərin geri çəkildikcə geridə qoyduqları izlər görənləri dəhşətə gətirib.

Rusiyanın Ukraynaya qarşı başlatdığı amansız müharibə Buça şəhərindən də yan ötməyib. Sən demə, nəinki yan ötməyib, elə ən böyük faciə burada yaşanıb.

Buçadakı meyitlərlə dolu küçənin fotosu beynəlxalq xəbər agentlikləri tərəfindən yayılıb və çox böyük səs-küyə səbəb olub. Şəhərdə silahlı toqquşmalar bir aydan çox davam edib.

Küçədə aşkarlanan meyitlərə baxış keçirilərkən, məlum olub ki, ölənlərin çoxunun qollarına ağ sarğı bağlanılıb, bu da mülki insanların silahsız olduğunu göstərir.

İnternetdə yayılan görüntülərdə 13,7 metr uzunluğunda xəndək əks olunub. Qeyd edilir ki, təkcə kilsənin ərazisində 67 meyit basdırılıb. Meyitlərin şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb.

İrpin yaxınlığındakı Buça şəhərinə daxil olan ukraynalı əsgərlər və jurnalistlər küçələrdə gördükləri mənzərədən şoka düşüblər. Şəhərin küçələri yanmış avtomobillərlə yanaşı, insan meyitləri ilə dolu olub, yerli hakimiyyət orqanlarının məlumatına görə, həlak olanlardan bəziləri azyaşlı və qadınlardır.

Rus əsgərləri tərəfindən öldürülən mülki şəxslərin əksəriyyətinin əlləri arxadan bağlanıb. Bu isə onu deməyə əsas verir ki, rus hərbçilər günahsız insanlara qəddarlıq göstərərək, onları amansızlıqla qətlə yetirib.

Ukraynadakı müharibəni işıqlandıran Associated Press (AP) və Agence France-Presse (AFP) agentlikləri Buça küçələrində lentə aldıqları görüntüləri tirajlayaraq, şəhərdə hərbi cinayətlərin törədildiyini bildiriblər.

AFP müxbirinin verdiyi məlumata görə, o, Buçanın yalnız bir küçəsində ən azı 20 meyit görüb. Digər bir xəbərdə deyilir ki, üç ukraynalı velosiped sürərkən ruslar tərəfindən güllələnib.

Cəsədlər çürüməyə başladığI anda Buça meri Anatoli Fedoruk küçələrdəki bütün qurbanların güllələnməsi barədə məlumat paylaşıb. A. Fedoruk həmçinin bildirib ki, rus işğalçıları 280 Buça sakinini qətlə yetirərək kütləvi məzarlıqda basdırıblar.

Müharibə dövründə şəhəri tərk edən Buça sakinləri evlərinə dönərkən, küçələrdə insan meyitləri ilə rastlaşıblar. Onlar gördükləri mənzərədən dəhşətə gəliblər.

Türkiyənin “Milliyet” nəşrində yer alan xəbərə görə, Rusiya hərbçiləri Ukrayna ordusu tərəfindən öldürülən xidmət yoldaşlarını zirehli texnika və tankların yanında qoyaraq ərazidən uzaqlaşıblar.

Bölgəyə gedən jurnalistlər arasında olan BBC-nin əməkdaşı Jeremy Bowen deyir ki, mülki əhalinin öldürüldüyü Buçada müharibə cinayətlərinə dair dəlillər getdikcə artmaqdadır.

Qeyd edək ki, BMT baş katibi, ABŞ, Avropa ölkələri Buçada törədilən kütləvi qətliamı kəskin pisləyiblər və Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyi tələb ediblər.

Qətliam şəhəri - ilk reaksiya Almaniyadan gəlib

Buçadakı görüntülərə ilk reaksiya Almaniyadan gəlib. Almaniyanın xarici işlər naziri Annalena Baerbok Twitter hesabında paylaşdığı tvitlərdə Buçadan çəkilmiş fotoların dözülməz olduğunu vurğulayıb.

Tüğyan edən şiddətin günahsız ailələri məhv etdiyini bildirən A. Baerbok vəhşiliyin həddi-hüdudu olmadığını qeyd edib. Buçada baş verənlərin hərbi cinayət kimi qiymətləndirilməsinin lazım olduğunu vurğulayan Almaniya xarici işlər naziri Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini və Ukraynaya özünü müdafiə etmək üçün verilən dəstəyin artırılacağını diqqətə çatdırıb.

Avropa Birliyi Buçadakı hadisələri qətliam kimi qiymətləndirir

İnternet platformalarında yayılmış fotolara Avropa Birliyi administratorlarından da reaksiya gecikməyib. Belə ki, onlar öz Twitter hesablarında “Buça qətliamı” etiketindən istifadə edərək, Rusiya hərbçilərinin günahsız insanları qətlə yetirməsini lənətləyiblər.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Twitter hesabında rus qoşunlarının geri çəkildiyi yerlərdən çəkilmiş görüntüləri “sözlə təsvir edilə bilməyən dəhşət” kimi qiymətləndirib. Təcili olaraq ciddi araşdırmaya ehtiyac olduğunu qeyd edən Leyen, “müharibə cinayətləri” törədənlərin məsuliyyətə cəlb ediləcəyini yazıb.

Dünyadan Buçaya uzanan etirazlar

Almaniya kanslerinin müavini Robert Habek “Bild” qəzetinə müsahibəsində deyib ki, “bu dəhşətli hərbi cinayət cavabsız qala bilməz”.

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian, rus əsgərlərinin törətdiyi cinayəti pislədiyini diqqətə çatdırıb.

ABŞ dövlət katibi Entoni Blinken Buça küçələrindəki cəsədlərin fotolarını “mədəyə vurulan yumruğa” bənzədib və deyib ki, Rusiya Ukraynadakı strateji məğlubiyyətinin acısını çəkir.

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada müharibəyə son qoymağın Putinin üzərinə düşən vəzifə olduğunu vurğulayaraq, Kiyev ətrafındakı rus işğalçılarının əslində geri çəkilmədiyini, mövqelərini dəyişərək yenidən hücuma keçəcəklərini bəyan edib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə Rusiya hərbçilərinin Buçada qəsdən qətliam törətdiklərini söyləyib və G7 (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə, ABŞ) ölkələrini Rusiyaya qarşı dağıdıcı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Bütün bu hadisələrdən və beynəlxalq reaksiyalardan sonra Rusiya rəsmiləri təmkinlə Buça sakinlərinin qətlə yetirilməsi barədə məlumatları təkzib edərək, çıxış yolunu məsuliyyəti öz üzərlərindən atmaqda görürlər.

Belə ki, Rusiya Müdafiə Nazirliyi məsuliyyəti üzərinə götürməyib, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını hadisə ilə bağlı təcili iclasa çağırıb və iddia edib ki, "cəsədlər martın 30-da bütün rus qoşunları ərazidən tamamilə çıxarıldıqdan sonra küçələrə atılıb"

Hazırladı: Fatma Abdulla

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu