Modern.az

İlk dəfə: 5500 manata satılan “Sahil”, müştəri tapmayan “Sultan” - REPORTAJ

İlk dəfə: 5500 manata satılan “Sahil”, müştəri tapmayan “Sultan” - REPORTAJ

15 Aprel 2022, 18:13

Azərbaycanda ilk dəfə Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarıldı. Bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində hərrac təşkil olundu.

 

Modern.az xəbər verir ki, hərrac iştirakçılarına 3 Qarabağ atı - "Sahil", "Zilaxar" və "Sultan" təklif edildi. Adları çəkilən atlar müvafiq olaraq 5 min, 7 min və 30 min manata satışa çıxarıldı.

 

İlk olaraq "Sahil"in satışı təşkil olundu. Qiymət başlanğıc olaraq 5 min manat müəyyən edilsə də, Tərtərdən olan sahibkar Habil İbrahimov Qarabağ atını 5500 manata satın aldı.

 

Habil İbrahimov Qarabağ atına marağı olduğunu söylədi: "Təsərrüfatımda at var, ancaq Qarabağ atı yox idi. Bu gün məşhur Qarabağ atının birinə sahib olduğum üçün qürur duyuram. "Sahil"i də digər atlarla birgə saxlayacağam".

 

Daha sonra "Zilaxar"ın da yeni sahibi məlum oldu. Bu Qarabağ atı 7500 manata satıldı. "Zilaxar"ın sahibi at həvəskarı Orxan Qardaşxanovdur.

 

O, "Zilaxar"ı almaq üçün Bakıdan gəldiyini bildirdi: "5 ildir ki, at həvəskarıyam. Hazırda at təsərrüfatım yoxdur, ancaq "Zilaxar" minlərlə at dəyərindədir". 

 

Qiyməti 30 min manat müəyyən edilən "Sultan" isə bu dəfə alıcısız qaldı.

 

Tədbirdən sonra Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov jurnalistlərə açıqlama verərək, bu cür auksionların davam edəcəyini diqqətə çatdırdı: 

 

“Bu gün kompleksə 6 at gətirilmişdi. Onlardan 3-ü auksiona çıxarıldı, 2-si satıldı, 30 min manata olan "Sultan" satılmadı. Auksion elan olunanda həm qonaq kimi, həm də iştirakçı kimi çoxsaylı müraciətlər var idi. Auksionda həm də başqa damazlıq heyvanlar satıla bilər".

 

V.Hüseynovun sözlərinə görə, damazlıq heyvan almaq istəyənlər Qobustan Heyvandarlıq Kompleksinə gələ bilərlər:

 

"Damazlıq heyvan alanlara dövlət tərəfindən dəstək göstərilir. Alınan heyvanların qiymətinin 60 faizi dövlət tərəfindən ödənilir. Xaricdən gətirilən damazlıq heyvanlar da burada saxlanılır. Gələcəkdə Dilboz atları satışa çıxarılacaq". 

 

4-cü nəsil məşqçi Tağıyev Sərxan isə hesab edir ki, Qarabağ atları həvəskarlar üçün deyil: 

 

"Onları həvəskar insanların minməsi üçün cıdırdan ayırmalıyıq. Avropanın bir çox ölkələrində İsveçrədə, Almaniyada, Kanadada Qarabağ atlarını sevənlər var. Bu gün hərraca qoyulmuş "Sultan"ın anası "Sürməli" keçən il Almaniyaya göndərilmişdi. Qarabağ atları min illər boyu öz cinsini qoruyub saxlayıb. Hazırda bu atların anası Ağcabədidə fəaliyyət göstərən Ağdam Atçılıq Zavodunda saxlanılır. Onlardan aktiv şəkildə balalar alınır. Balaların qızılı sarı rəngdə olmasına çalışırq." 

 

Bundan əlavə, Sərxan Tağıyev Ağdamda Atçılıq Zavodunun tikintisi üzrə işlər getdiyini vurğuladı: 

 

"Zavod əvvəllər olduğu kimi Eyvazxanlı kəndində inşa ediləcək. Şuşada, Ağdamda, Füzulidə böyük tədbirlər təşkil olunacaq və Qarabağ atlarını o tədbirlərdə görəcəksiniz".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür