Modern.az

Süd rəngli lampalar: həm cana ziyandır, həm də... - ARAŞDIRMA

Süd rəngli lampalar: həm cana ziyandır, həm də... - ARAŞDIRMA

13 Fevral 2013, 11:11

Avropa Birliyi ölkələrində o artıq qadağan edilib...

Son dövrlər mənzillərin, ofislərin işıqlandırılması üçün süd rəngli lampalara maraq artmaqdadır. Əgər əvvəllər adi şəffaf şüşəli - sarı rəngli işıq saçan lampalar alınırdısa, son vaxtlar rəngli lampalara üstünlük verənlərin sayı artıb. Bir çox hallarda isə insanlar enerjiyə qənaət etmək məqsədilə rəngli lampalara üz tuturlar. Halbuki, dünyanın bir çox ölkələrində rəngli lampaların satışına qadağa qoyulub. 100 vatt gücü olan lampalara qadağa tətbiq edilməsinin səbəbi onların insan səhhəti üçün təhlükə mənbəyi olmasıdır.

Bəs Azərbaycan ərazində də geniş istifadə edilən bu lampaların zərərindən xəbəri olan varmı və bizdə qadağa mümkündürmü?

Modern.az məsələ ilə əlaqəli qurumların münasibətinə keçməzdən öncə yolumuzu paytaxt mağazalarından salıb həmin lampaların satış səviyyəsi ilə maraqlandıq.

Mağazalar və məişət avadanlıqları bazarı ağzına kimi bu lampalarla dolu olsa da,  satıcılar onun zərərindən xəbərsizdirlər. Onlar bizimlə söhbətində bildirdilər ki, lampaların zərəri ilə bağlı heç bir məlumata malik deyillər:
“Son dövrlər süd rəngli lampaların alıcısı digər lampalara nisbətən daha çoxdur. Əgər əvvəllər satışdan adi lampalar alınırdısa, son vaxtlar rəngli lampalara üstünlük verənlərin sayı artıb. Bir çox hallarda isə insanlar enerjiyə qənaət etmək məqsədilə həmin lampaları alırlar. Həmçinin bu lampaların bəziləri adilərə  nisbətən qiymətcə ucuz olması da alıcını cəlb edir”.

Reyd zamanı öyrəndik ki, satışda rəngli lampaların müxtəlif çeşidləri var. Satıcılar rəngli lampaların adət etdiyimiz lampalardan digər bir fərqini isə onların daha gec sınması ilə əlaqələndirdilər:
“Sözügedən lampalar daha uzun müddətli istifadə üçün yararlıdırlar və yaxşı işıq verir. Bəziləri də var ki, otağa alaqaranlıq rəng gətirir. İş otaqlarının işıqlandırılmasında istifadə edilən “neon” lampaları isə təkrar bərpa etmək də mümkündür. Ona görə də, onların alıcısı başının üstündədir”.

Həkimlər isə süd rəngli lampaları bağlı həyəcan təbili çalırlar. Onların dediyinə görə, müasir enerji lampaları insan səhhəti üçün təhlükə mənbəyidir. Bu lampalar təbii işıq rənginə yaxınlaşdırılıb. Ancaq onu istifadə edənlər lampaların insan orqanizminə vura biləcəyi zərəri nəzərə almırlar. Belə ki, əgər insan daim həmin lampanın işıqlandırdığı otaqda olarsa, onun orqanizmində hormonal dəyişikliklər baş verə bilər. Bununla belə həmin lampalardan istifadə düzgün olmadıqda, insanda ürək və qan-damar xəstəlikləri, şəkərli diabet, osteoporoz və immun sisteminin problemləri ortaya çıxa bilər. Ən acınacaqlısı isə odur ki, sözügedən lampalardan mütəmadi istifadə döş və prostat vəzinin xərçənginə də yol aça bilər. Problem isə ondadır ki, sözügedən lampaların hazırlanmasında civədən istifadə olunur. Ətrafa ultrabənövşəyi işıq salan bu lampalar həm də ekoloji baxımdan ətraf mühit üçün zərərlidir. Onu da deyim ki, bu gün demək olar ki, bütün yeni təmir olunun obyektlərdə müasir lampaların bir növü olan “neon” lampalarından istifadə edilir. Ancaq əhali onun nə dərəcədə zərərli olmasından xəbərsizdir. Həmin lampalara üstünlük verilməsinin bir səbəbi də onun tərkibində olan civənin köməkliyi ilə elektrik enerjisi olmadan belə onun ətrafa işıq saçmasıdır. Bir neçə saat enerjisiz işıq vermək qabiliyyətində olan bu cihazlardan yataq otaqlarında da istifadə edilir. Bununla belə, azyaşlı uşaqların olduğu otaqlarda da onların gözlərinə işıq düşməsin deyə, süd rəngli lampalar taxılır. Ancaq əhali son dərəcədə ehtiyatlı olmalı və gün ərzində daha çox olduqları otaqlarda bu lampalardan istifadə etməkdən çəkinməlidirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə rəngli lampaların zərəri ilə bağlı onlara  heç bir məlumat daxil olmadığını dedi: “Ən azı ona görə ki, istehlakçıların onun zərərindən xəbəri yoxdur. Həmin lampaların bir necə dövlətdə istifadəsinə qadağa qoyulduğunu eşitmişəm. Süd rəngli bu lampaların tərkibindəki civə insan üçün təhlükə mənbəyidir. Bu məsələ istiqamətində hələ iş aparmamaşıq. Ancaq bir şeyi deyə bilərəm ki, əgər mütəxəssislər tərəfindən bu məsələ öz təsdiqini tapıbsa, onda insanlar üçün hansı problemləri yarada biləcəyini təsəvvür etmək çətin deyil”.

Avropa Birliyi ölkələrində ötən il sentyabrın 1-dən közərmə (spirallı) lampalarının istehsalı, idxalı və satışına qadağa qoyulub. Bu yenilik yavaş-yavaş Azərbaycanda da tətbiq edilə bilər.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə deyir ki, qeyri-qanuni idxal olunan və bazarlara kütləvi şəkildə yol tapan rəngli lampaların satışı həyata keçirilir. Onun sözlərinə görə, bu sahəyə nəzarət olunur və Komitə tərəfindən fakt aşkar olunduqda protokol tərtib edilir:
“İndiyədək Qaradağ rayonundakı topdansatış mərkəzlərində və paytaxtın Nəsimi rayonu ərazisində “neon” lampalarının satışında nöqsanlar aşkar olunub və tərəfimizdən aktlaşdırılıb. Həmin lampalar müvəqqəti olaraq satışdan çıxarılıb. Qoyulan vaxt ərzində həmin məhsulun sertifikatlaşdırılması həyata keçiriləndən sonra onların satışına icazə verilir. Lakin həmin lampaların istismar müddəti bitdikdən sonra onun tullanmasında diqqətli olmaq lazımdır. Müəyyən radiasiya fonunun yaranmaması üçün tullantıların daşınmasına düzgün riayət olunmalıdır”.

Gültəkin ƏLƏSGƏR  

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI