Modern.az

Cehiz apardığı arıların hesabına seçilən bal markası yaratdı - REPORTAJ

Cehiz apardığı arıların hesabına seçilən bal markası yaratdı - REPORTAJ

Reportaj

28 Aprel 2023, 10:56

Aprelin 22-24-də bir qrup jurnalist üçün ölkəmizin cənub bölgəsinə mediatur təşkil olunub.  “Konstitusiya” Araşdırmalar Fondunun “AgriVision” layihəsi çərçivəsində keçirilən tur zamanı media təmsilçiləri Lənkəran, Masallı və Lerik rayonunun turistik məkanlarını ziyarət ediblər. Jurnalistlər həmçinin, Ərkivan qəsəbəsində yerləşən “Obal” arıçılıq məkanına da baş çəkiblər.


Masallı rayonunda yarım əsrdən çoxdur arıçılıqla məşğul olan Quliyevlər ailəsinin məhsulları bu sahədə öz keyfiyyəti ilə seçilir. Arılarını daim cənub zonasının təravətli, çiçəkli çəmənliklərində saxlayan “Obal” nəticədə 100 faiz xalis bal əldə edir.


Qurumun məhsulları sadəcə bal ilə də məhdudlaşmır. Burada mum, güləm, arı südü, çiçək tozu, cökə, akasiya və meşə balı istehsal olunur. Sahibkar Qönçə Quliyevanın dediyinə görə, o, arıları cehizlik olaraq gətirib:


““Gəlin köçdüyüm zaman atam bu arıları mənə ayaqaçdıya vermişdi. Bu bizdə nəsildən-nəslə ötürülən bir ənənədir - qızlarımız ailə qurandan sonra arıçılıqla məşğul olurlar. Mən atamın 56 ildir gördüyü işi həvəslə davam etdirirəm və biliklərimi övladlarıma da ötürürəm. İlk dəfə atamın verdiyi 2 pətəklə işə başladım. 40 il ərzində pətəklərin sayını 200-ə çatdırmışıq”.
 


Azərbaycanda keçirilən bal yarmarkalarının aktiv iştirakçısı olan Qönçə Quliyeva yaxın zamanda xarici bazara çıxmaq istədiklərini də vurğulayıb:


“Artıq 22 ildir yarmarkalarda aktiv iştirak edirəm. Balımızın və arı ailələrinin miqdarı artdığı üçün xaricə çıxmaq fikrimiz var. İlk hədəfimiz qonşu ölkələrdir. Canlı ana arı, arı ailəsinin pöhrəsi də satışa çıxarılır”.


Quliyevlər ailəsinin məqsədi arıçılıq təsərrüfatını həm də aqroturizm məkanına çevirməkdir. Hazırda burada turistlərin qəbulu üçün  iki qonaq evi də fəaliyyət göstərir.


“Obal”da turistləri xüsusi qonaqpərvərliklə qarsalayırlar. Burada bal istehsalı prosesini izləmək, həm də göldən balıq tutmaq, ağaclardan meyvələr toplamaq mümkündür. Ərazidə 1000 meyvə ağacı (alma, feyxoa, qoz, limon) və 200 arı evi var. Bir sözlə, “Obal” mərkəzi hər kəsə əsl kənd həyatı təcrübəsini yaşatmağa hazırdır.


Fidan Əli

Bakı-Masallı-Bakı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır