Modern.az

Ukraynanın birinci xanımının müharibə günləri - İki aydır ərinin üzünü görmür

Ukraynanın birinci xanımının müharibə günləri - İki aydır ərinin üzünü görmür

Reportaj

29 Aprel 2022, 16:32

Ukrayna mətbuatı ölkənin birinci xanımı Yelena Zelenskayanın Rusiya ilə aparılan müharibə günlərindəki fəaliyyətindən yazıb.

Modern.az xəbər verir ki, Yelena Zelenskayanın soydaşlarını xilas etmək, onları Avropa İttifaqı  ölkələrində yerləşdirmək istiqamətində çalışdığı bildirilir. Birinci ledi ölkədəki müharibə haqqında həqiqəti dünyaya yaymaqla da məşğuldur.


Yelelena Zelenskaya sosial şəbəkələrdəki səhifələrdə ukraynalılar üçün faydalı təşəbbüslər və imkanlar haqda, məsələn, Polşada və ya digər ölkələrdə universitetlərə necə daxil olmaq barədə fəal təbliğat da aparır. Həmçinin, Ukraynanın birinci xanımı beynəlxalq media ilə əlaqə saxlayır ki, dünyada mümkün qədər çox insan Ukraynada həqiqətən nə baş verdiyini bilsin.


Yelena Zelenskaya ötən gün Polşanın “Reçpospolita” qəzetinə müsahibə verib. O, gün ərzindəki planlarından, uşaqları və əri ilə münasibətindən, işindən danışıb.


“Təbii ki, müharibə hər şeyi, o cümlədən həyatımızı tamamilə dəyişdi”,- deyən Zelenskaya fevralın 24-dən bəri ərinin üzünü görmür. Onun yalnız televiziyada Ukrayna prezidentinin müraciətlərinə və videolarına baxmaq imkanı var.


“Uşaqlar mənim yanımdadır, amma təbii ki, gündəlik iş rejimimiz xeyli dəyişib. Həftəsonları və ya boş vaxtlar üçün heç bir plan qurmuruq. İşdə istirahət saatları və müharibədə istirahət günləri yoxdur. Çox vaxt həftənin hansı günü olduğunu belə bilmirsən. Bu günlərdə yalnız dayanmadan çalışmalısan”, - deyə Zelenskaya qeyd edib.



O, hələ də öz ofisində işləyir. Birinci xanımlarla, ayrı-ayrı ölkələrin hökumətləri, fəallar və könüllülərlə xəstələrin və yetimlərin xaricə təxliyəsi üçün əlaqə saxlayır və təşkilati məsələlərə rəhbərlik edir.


Belə ki, Yelena Zelenskayanın sayəsində Ukraynadan olan xərçəng xəstəliyinə tutulmuş uşaqlar Avropa İttifaqı ölkələrində müalicə olunmaq imkanı əldə edirlər. Həmçinin, onun himayəsi ilə xaricdə ukraynalı gənclər üçün Ukrayna dilində kitabların nəşri həyata keçirilib. Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi ölkəyə təxliyə edilmiş ukraynalı uşaqlar üçün 80 min kitabın nəşri üçün artıq vəsait ayırıb. Onlar çap olunacaq və “Sərhədsiz kitablar” layihəsi çərçivəsində toplanmış 40 min digər nəşrlə birlikdə Polşa Kitab İnstitutu tərəfindən paylanacaq.


“İndi yaşayışım belədir. Bundan əlavə, informasiya sahəsində çalışıram. Müraciətlər edir, müsahibələr verirəm, Ukraynadakı həqiqətləri dünyaya yayıram. Mən Ukrayna ordusunun azad etdiyi ərazilərdəki uşaq evlərinə kömək etməyə başlamışam - onların yeməkdən tutmuş müxtəlif avadanlıqlara qədər hər şeyə ehtiyacı var”, - birinci ledi bildirib.



Jurnalistin Avropa liderlərinin xanımlarından hansının ona ilk zəng etdiyini soruşduqda, Yelena Zelenskaya belə cavab verib:


“Müharibənin ilk günündə mən qadın həmkarlarımdan deyil, yaxın dostlarımdan bir neçə mesaj aldım. Sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin həyat yoldaşı Amelidən, Litvanın birinci xanımı Diana Nausedienėdən, Latviyanın birinci xanımı Andra Levitedən ilk dəstək və həmrəylik gördüm”.


“Reçpospolita” qəzetinin müxbiri Ukrayna prezidenti Volodomir Zelenskinin müharibə zamanı necə dəyişdiyini də birinci ledidən soruşub.

Yelena Zelenskaya deyib ki, bu sualı tez-tez eşidir və təəccüblənir. Çünki müharibə ərini - prezidenti dəyişməyib. Zelenskayanın sözlərinə görə, Volodimir həmişə güvənə biləcəyiniz, sizi heç vaxt ruhdan salmayacaq, sona qədər möhkəm saxlayacaq insan olub, indi də belədir.


“Sadəcə, indi bütün dünya əvvəllər hamıya məlum olmayanları gördü”, - Yelena Zelenskaya qeyd edib.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?