Modern.az

Bir şəklin tarixçəsi: Heydər Əliyevi müşayiət edən jurnalistlər sensasiyalı xəbəri niyə yazmadılar...

Bir şəklin tarixçəsi: Heydər Əliyevi müşayiət edən jurnalistlər sensasiyalı xəbəri niyə yazmadılar...

Reportaj

10 May 2022, 15:42

Bu gün Azərbaycanın görkəmli siyasi xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.

Azərbaycana iki dönəm rəhbərlik etmiş mərhum Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

Modern.az saytının “Bir şəklin tarixçəsi” silsiləsindən təqdim etdiyi bu fotoşəkildə Heydər Əliyev onu səfərdə müşayiət edən jurnalistlərlə görüntülənib.

Şəklin tarixçəsini vaxtilə mərhum prezidenti bir sıra səfərlərdə müşayiət etmiş jurnalist, hazırda Ankarada yaşayan İlhamə Qasımlı danışıb.

İlhamə Qasımlı Heydər Əliyevin fəaliyyətini izləyən daimi jurnalist heyətində səkkiz il təmsil olunub - 1995-ci ildən onun vəfat etdiyi 2003-cü ilə qədər.

Vaxtilə Prezident Aparatında akkreditasiyalı jurnalist kimi fəaliyyət göstərmiş həmkarımız "Eksklüziv" informasiya agentliyində, “Səhər”, “7 gün”, “525-ci qəzet”də çalışıb.

Zaman 2002-ci ilin avqustu, məkan Naxçıvan… İlhamə Qasımlının xatirələri:

“2002-ci ilin avqustunda prezident Heydər Əliyev Naxçıvana növbəti səfərini etmişdi. Görənlər bilir ki, Naxçıvanın yayı dəhşətli isti olur.

Heydər Əliyevin səfər proqramı son dərəcə sıx keçirdi: fasiləsiz olaraq bir görüşdən digərinə, az qala, qaçırdıq. Tədbirlərin demək olar ki, hamısı açıq havada keçirilirdi. Dəhşətli istidə belə bir ağır səfər proqramı ilə çalışmaq bizi əldən salmışdı.

Hərbi hissədə keçirilən görüşün sonunda məlumat aldıq ki, Heydər Əliyevin səhhəti pisləşib.
 

Xəbəri ilk aldığımız zaman bu pisləşmənin ağır dərəcədə olduğunu zənn etmişdik. Çünki düşündük ki, prezidentlə müqayisədə çox gənc olan biz jurnalistlər əldən düşmüşüksə, yəqin onun durumu daha pis olar.

 
Uzaqdan da olsa, prezidentin bu halını müşahidə edə bildik: hərbi qərargahdakı istirahət otağında dəmir çarpayıda oturaq, amma ayağını uzatmış vəziyyətdə idi. Amma onun bu halı çox uzun çəkmədi.
 

Peşəkar baxımdan jurnalistlərin gözünün önündə sensasiya sayıla biləcək xəbər var idi.

Amma oradakı jurnalistlərlə bundan xəbər hazırlamamağı qərara aldıq. Çünki Heydər Əliyevin yaşı ilə müqayisədə belə bir nəticə cüzi sayıla biləcək durum idi. Hətta biz gənclərlə müqayisədə durumu daha yaxşı idi. Digər tərəfdən, onsuz da fasilə çox uzun çəkmədi. Ən önəmlisi isə o anda düşündük ki, sağlığını düşünmədən sıx qrafiklə çalışan prezidentin "səhhətinin pisləşdiyi" barədə hazırlayacağımız xəbər ajiotaj yaranmasına səbəb ola bilər.


Naxçıvan səfərlərində Heydər Əliyevi ancaq prezident kimi görmürdük. Burada o, həm də özünü evində hiss edirdi. Məsələn, Gəncədə, Lənkəranda və digər bölgələrdə rəsmi çərçivədə davranırdı. Amma Naxçıvanda olarkən, anidən bizə yaxınlaşar, "necədir, Naxçıvan xoşunuza gəlirmi, yeriniz rahatdırmı" kimi suallarla ərkyana söhbətlər edərdi”.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi