Macarıstanın ilk xanım prezidenti - Avropa homoseksuallarını qəzəbləndirən Katalin Novak 

Macarıstanın ilk xanım prezidenti - Avropa homoseksuallarını qəzəbləndirən Katalin Novak 

Reportaj

18 May 2022, 17:22

Macarıstanda yeni prezident dönəmi başlayıb. Ölkənin qarşıdakı 5 il müddətinə prezidenti seçilmiş Katalin Novak bir neçə gün öncə səlahiyyətlərinin icrasına başlayıb.

Modern.az xəbər verir ki, Katalin Novakın adı ilk qadın dövlət başçısı kimi Macarıstanın tarixinə düşüb.

45 yaşlı Novak 199 yerlik Macarıstan parlamentində 137 deputatın səsini almaqla prezident seçilib.

Katalin Novak 6 sentyabr 1977-ci ildə Macarıstanın cənubundakı Seqed şəhərində anadan olub.

2001-ci ildə Budapeşt İqtisadiyyat və Dövlət İdarəçilik Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili alıb. 2004-cü ildə Seqed Universitetinin Hüquq fakültəsini bitirib. Sonra Paris Vest - Nanterre-la-Defense Universitetində hüquq təhsilinə yiyələnib. O, həmçinin Paris Siyasi Araşdırmalar İnstitutunda təhsil alıb.
 


O, karyerasını Xarici İşlər Nazirliyində qurmağa başlayıb.

2001-2003-cü illərdə Macarıstan Xarici İşlər Nazirliyinin müxtəlif şöbələrində çalışıb.


Katalin Novak 2003-cü ildən sonra 7 il işləməyib, evdar qadın kimi uşaqlarına baxıb.


2010-2012-ci illərdə Xarici İşlər Nazirliyində məsləhətçi olub.


2012-2014-cü illərdə İnsan Resursları Nazirliyinin Aparat rəhbəri işləyib.


2013-2014-cü illərdə Xarici İşlər Nazirliyində Frankofoniya məsələləri üzrə səlahiyyətli şəxs olub.


2014-2020-ci illərdə İnsan Resursları Nazirliyinin ailə və gənclər üzrə katib olub.
 


2016-2017-ci illərdə həmin nazirlikdə beynəlxalq məsələlər üzrə katib postunu tutub.


2017-2021-ci illərdə Fides partiyasının vitse-prezidenti olub.


2018-ci ildə sağçı Fides partiyasından Macarıstan Milli Assambleyasına (parlament) deputat seçilib.


2020-2021-ci illərdə o, ailə məsələləri üzrə nazir işləyib.


Onun təşəbbüsü ilə ailələrə dəstək proqramı qəbul edilib: bu proqrama hamiləlik müavinəti, ev təmiri üçün müavinət, dörd uşaqlı anaların gəlir vergisindən azad edilməsi və s. daxildir.

Katalin Novak Macarıstanda uşaqlar arasında homoseksuallığın təbliğatının qadağan edilməsi haqqında qanunu (2021-ci ilin iyununda qəbul edilib) müdafiə etməklə LGBT icmasının narazılığına səbəb olub. O, Macarıstanda yalnız iki cinsin - kişi və qadının yaşadığını bildirib. Bu bəyanat liberal Avropa dairələrində qəzəb dalğasına səbəb olub.
 

O, “The Family-Friendly Turn” (2010-2018), “Family-Friendly Decade” (2010-2020) jurnallarının redaktoru işləyib.
 


2018-ci ildə “Qadınlar Macarıstan Naminə Klubu” və “Qadınlar Macarıstan Milləti Uğrunda” hərəkatını yaradıb və ona rəhbərlik edib. 2019-cu ildən Macarıstan və Beynəlxalq Qadın Demokratik Birliklərinin vitse-prezidentidir. İştirakçıları ənənəvi ailə dəyərlərinin təbliğini müdafiə edən Ümumdünya Ailələr Konqresinin işində daim iştirak edir.

Katalin Novak bir müddət öncə, Macarıstanın ictimai həyatında ən nüfuzlu qadın seçilmişdi.


O, Macarıstanın ən gənc prezidenti kimi də tarixə düşüb.

Katalin Novak Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləyərək, onları “əsassız və izaholunmaz” adlandırıb və Macarıstanın Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanmasına çağırdığını vurğulayıb.

Macarıstanın yeni prezidenti ana dili ilə yanaşı, ingilis, fransız, alman və ispan dillərində danışa bilir.

O, qaçış və xizək sürməyi, teatr, kino, stolüstü oyunları sevir.


Xanım dövlət başçısının ev heyvanlarına xüsusi sevgisi də var, o, bir neçə il əvvəl sığınacaqdan bir it götürüb saxlayır.

Katalin Novak evlidir. Əri İştvan Veres Macarıstan Milli Bankının əməkdaşıdır.

Xanım prezidentin üç övladı var: Oğlanları Adam (2004), Tamas (2006) və qızı Kata (2008).
 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynada son vəziyyə - Azərbaycanlı polkovnik danışır